Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yuqoslaviya Federativ Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyətli səfiri Darko Tanaskoviçi qəbul edərkən söhbətindən - Prezident iqamətgahı, 19 fevral 1999-cu il


Darko Tanaskoviç: Cənab Prezident, fövqəladə və səlahiyyətli səfir kimi öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram və Yuqoslaviya Prezidenti cənab Slobodan Miloşeviçin səmimi salamlarını və xoş arzularını Sizə çatdırmaq istəyirəm.

Heydər Əliyev: Cənab Darko Tanaskoviç, Sizi Azərbaycan Respublikasında Yuqoslaviyanın fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edirəm və gələcək işlərinizdə uğurlar arzulayıram. Mən Yuqoslaviya Federativ Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələri yüksək qiymətləndirirəm və Prezident cənab Slobodan Miloşeviçin salamlarını məmnuniyyətlə qəbul edirəm. Rica edirəm ki, mənim salamlarımı və xoş arzularımı ona çatdırasınız.

Biz Federativ Respublikanın həyatının gərgin vaxtında Yuqoslaviya dövlətinin və hökumətinin apardığı işləri diqqətlə izləyirik. Arzu edirik ki, siz öz ölkənizin ərazi bütövlüyünü təmin edəsiniz, ölkənizin həyatındakı çətinliklərdən uğurla çıxa biləsiniz.

Ölkəmizin ərazi bütövlüyü pozulduğuna, Ermənistan təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna görə biz belə problemi başqa ölkələrdən bəlkə də daha çox hiss edirik. Biz öz ölkəmizin torpaqlarının işğalçı Ermənistan silahlı qüvvələrindən azad olunmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çalışırıq və işğal olunmuş torpaqlarımızdan zorla çıxarılmış bir milyondan artıq azərbaycanlının öz yerinə-yurduna qaytarılmasına çalışırıq. Buna görə də biz Yuqoslaviyanın indiki vəziyyətini daha yaxşı dərk edə bilirik.

Mən Azərbaycanın arzu və istəyini bir daha bildirmək istəyirəm. Biz arzu edirik ki, Yuqoslaviya Federativ Respublikasında problemlərə son qoyulsun, sülh və əmin-amanlıq bərpa olunsun və ölkənizin ərazi bütövlüyü bərpa edilsin.

Siz Azərbaycan ilə Yuqoslaviya Federativ Respublikası arasında əlaqələrin inkişaf etdirilməsinə böyük xidmət göstərə bilərsiniz. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, hökuməti və dövlət orqanları bu fəaliyyətinizdə sizə hər cür yardım edəcəkdir.
Sizi bu münasibətlə bir daha təbrik edirəm.

Darko Tanaskoviç: Biz Kosovoya ən yüksək muxtariyyət verməyə razıyıq, lakin ölkəmizin ərazisində digər bir dövlətin yaradılmasına qətiyyən yol verə bilmərik.

Heydər Əliyev: Mən əminəm ki, bu problem sülh yolu ilə həll ediləcəkdir. Biz oradakı vəziyyət və aparılan danışıqlar barədə məlumatları mətbuatdan daim izləyirik. Çünki bu, böyük bir problemdir. Dünyanın böyük dövlətləri bu münaqişənin həll edilməsinə cəlb olunublar.

Biz bu barədə məlumatları ona görə diqqətlə izləyirik ki, Ermənistan-Azərbaycan münaqişəsi 10 ildən artıqdır davam edir və indiyədək aradan qaldırılmayıbdır. Kosovo probleminin düzgün yolla aradan qaldırılması dünyanın bir sıra ölkələrindəki belə münaqişələrin həlli üçün yol açar. Biz inarırıq ki, Yuqoslaviya Federativ Respublikasının ərazi bütövlüyü təmin olunacaqdır.

Biz belə problemlərlə tanışıq. Çünki Ermənistan da Dağlıq Qarabağa müstəqillik tələb edir. Biz dəfələrlə demişik ki, bir dövlətin içərisində başqa bir dövlət ola bilməz. Dünyada iki erməni dövləti ola bilməz. Bir erməni dövləti var, ikinci bir erməni dövləti yaratmaq olmaz. Ona görə də biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və ola da bilmərik. Bu bizim tam və açıq mövqeyimizdir. Ancaq biz Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa yüksək dərəcəli özünüidarəetmə hüququ verməyə hazırıq.

Yuqoslaviya ilə Azərbaycanın bu sahədə qarşılaşdığı problem bir-birinə bənzəyir. Çünki Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək, Kosovo isə formal dövlət yaratmaq istəyir. Yəni burada Dağlıq Qarabağın, orada isə Kosovonun müstəqilliyi məsələsi ortaya atılıbdır.

Biz Yuqoslaviyanın problemlərinin doğru-düzgün, ədalətli həll olunmasına tərəfdarıq və onu izləyirik. İnanırıq ki, Kosovoya heç vaxt müstəqillik verilməyəcəkdir. Bu, ümumiyyətlə, mümkün olan iş deyildir. İndiyədək belə iş olmamışdır. Məsələn, Rusiya ilə Çeçenistan neçə illər müharibə etdilər, nə qədər qanlar töküldü, 100 mindən artıq çeçen həlak oldu. Biz hələ bu müharibədə Rusiyadan nə qədər adamın həlak olduğunu bilmirik. Amma Rusiya Çeçenistana müstəqillik vermədi və verməyəcəkdir.

Ona görə də dünyada belə məsələlərə yol vermək olmaz. Bu bütün dünya üçün təhlükə yaradar. Çünki dünyanın bir çox ölkələrində belə problem vardır.

Kosovo tərəfində duran adamlar düşünməlidirlər ki, bu problem onların da başına gələ bilər. Məsələn, vaxtilə Rusiyada bəzi adamlar Ermənistana çox yardım etdilər və Dağlıq Qarabağ probleminin həll olunmasının qarşısını aldılar. Amma sonra Rusiyanın özü də belə bir problemlə qarşılaşdı, Çeçenistan müstəqillik tələb etdi. Təkcə Çeçenistan deyil, Rusiyanın tərkibində olan digər respublikalarda da belə fikirlər vardır. Əgər onlarin birinə müstəqillik verilsə, digərləri də qalxacaqlar.

"Azərbaycan" qəzeti, 20 fevral 1999-cu il

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa

Əlavə sənədlər

Azərbaycan - Avropa