Türkiyənin Milli Bayramı şərəfinə bu ölkənin səfirliyinin təşkil etdiyi rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 30 oktyabr 2000-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Sizi, qardaş türk xalqını Türkiyə Cümhuriyyətinin 77-ci ildönümü münasibətilə, həm Türkiyə üçün, həm də bizim üçün çox böyük əhəmiyyəti olan bayram münasibətilə ürəkdən təbrik edirəm, türk xalqına səadət, tərəqqi, sülh və əmin-amanlıq arzulayıram.

Türk xalqının böyük, çoxəsrlik tarixi vardır. Bu tarixin də çox əhəmiyyətli mərhələləri var. Amma XX əsrdə türk xalqı üçün ən böyük hadisə 1923-cü ildə böyük Mustafa Kamal Atatürkün iradəsi, siyasi müdrikliyi, qəhrəmanlığı ilə yaranan Türkiyə Cümhuriyyəti olmuşdur. Bəşər tarixində Türkiyə Cümhuriyyətinin yaranması və onun 77 il yaşaması böyük bir hadisədir. Böyük Mustafa Kamal Atatürkü biz bu gün minnətdarlıq hissi ilə xatırlayırıq. Türk xalqı kimi, Azərbaycan xalqı da ona daim minnətdar olacaqdır. Böyük Atatürk Türkiyə Cümhuriyyətini yaratdı, onu yaşatdı, inkişaf etdirdi və etibarlı əllərə verdi. Türkiyə Cümhuriyyəti böyük Atatürkdən sonra onun ideyalarına, qoyduğu yola, yaratdığı cümhuriyyətə sadiq qalmışdır və heç şübhə yoxdur ki, daim sadiq olacaqdır.

Türkiyə Cümhuriyyətinin tarixində bəzi mərhələlərdə mürəkkəb proseslər olmuşdur. Amma türk xalqı, qəhrəman türk ordusu bütün bu proseslərin qarşısını almış, Türkiyə Cümhuriyyəti yaşamış, yaşayır və yaşayacaqdır.

Türkiyə Cümhuriyyəti indi dünyanın ən böyük, iqtisadi cəhətdən inkişaf etmiş, demokratik dəyərlərlə yaşayan ölkələrindən biridir. Türkiyə Cümhuriyyəti dünya birliyində öz yerini tutmuşdur və dünyada gedən proseslərə bilavasitə təsir etmək gücünə və imkanına malikdir.

Bizim üçün Türkiyə Cümhuriyyəti, türk xalqı qardaşdır, dostdur və bizi birləşdirən tellər qədim tarixi ilə bərabər, müasir dövrdə də sarsılmazdır, qırılmazdır.

Azərbaycan dövlət müstəqilliyini bəyan edəndə dünyada ölkəmizin müstəqilliyini tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti olmuşdur. Biz bu günlərdə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının 9-cu ildönümünü bayram etdik. Ötən 9 il ərzində Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ölkəmizin daxili, çətin proseslərdən uğurla keçməsində, respublikamızın iqtisadiyyatının inkişaf etməsində, dövlətimizin dünya birliyində özünəlayiq yer tutmasında Türkiyə Cümhuriyyəti həmişə Azərbaycanın yanında olmuş, ölkəmizə qardaşlıq yardımını göstərmişdir və bu gün də göstərir.

Azərbaycanın düçar olduğu Ermənistan təcavüzü və erməni silahlı qüvvələrinin müxtəlif səbəblərdən respublikamızın ərazisinin 20 faizini işğal etməsi və bu işğal nəticəsində bir milyondan çox vətəndaşımızın qaçqın və köçkün olması, çadırlarda yaşaması bizi incidən, narahat edən qədər Türkiyəni, türk xalqını da incidir, narahat edir. Biz bu çətinlikləri bir yerdə keçiririk. Ermənistanın təcavüzünün qarşısının alınmasında, bu münaqişənin sülh yolu ilə həll olunmasında biz daim Türkiyə Cümhuriyyətinin, türk xalqının dəstəyini hiss edirik.

Türkiyə Cümhuriyyəti bəyan edibdir ki, əgər Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmasa, Türkiyə ilə heç bir əlaqə qura bilməz. Bunu dünya dövlətləri içərisində yalnız Türkiyə Cümhuriyyəti elan edibdir. Biz bunu yüksək qiymətləndiririk. Amma bizə göstərilən dəstək dostluq, qardaşlıq münasibəti təkcə bununla bitmir. Biz bir çox sahələrdə əməkdaşlıq edirik. Bütün beynəlxalq təşkilatlarda biz bir yerdəyik, eyni mövqedən çıxış edirik. Mövqelərimiz isə sülh, ədalət, müstəqillikdir.

Türkiyə Cümhuriyyətinin ən böyük nailiyyəti ondan ibarətdir ki, o, 77 il yaşayaraq, bir çox düşmən qüvvələrlə dəfələrlə rastlaşaraq öz müstəqilliyini qorumuş, saxlamış, möhkəmləndirmiş, güclü ordu yaratmışdır və indi Türkiyə Cümhuriyyəti yenilməz bir qaladır. Bu, bizdə iftixar hissi doğurur. Çünki Türkiyə bizim ən yaxın dostumuz, qardaşımızdır. Qardaşın, dostun nailiyyətini həmişə dost, qardaş qiymətləndirə bilər. Biz bunu yüksək qiymətləndiririk.

Burada hörmətli səfir keçən il bu bayramın keçirilməməsinin səbəblərini qeyd etdi və Türkiyə baş vermiş zəlzələ haqqında danışdı. Mən təşəkkür edirəm ki, o günlər siz, yəni bütün türk xalqı, Türkiyə Cümhuriyyəti Azərbaycanın Türkiyə ilə nə qədər dost, qardaş olduğunu bir daha müşahidə etdiniz. Biz o yardımları etdik. Neftayırma zavodunda böyük yanğını söndürdük. Əlimizdən gələn nə mümkündürsə, etdik. Hətta burada çox gözəl xatırlandı ki, sadə insanlar Türkiyə Cümhuriyyətinin səfirliyinin qarşısında hərə öz yardımını təklif edirdi. Amma eyni zamanda bu, tamamilə təbii bir haldır. Çünki bizim münasibətlərimiz elədir ki, başqa cür ola da bilməz.

Mən zəlzələdən bir müddət sonra Türkiyəyə getdim. Zəlzələ baş vermiş o yerləri əziz dostum və qardaşım Süleyman Dəmirəl ilə bərabər gəzdim. Zəlzələdən zərər çəkmiş insanlarla görüşdüm, onlara ruh verdim. Bizim onlarla bir yerdə olduğumuzu bildirdim. Oraya yenə müəyyən yardımlar apardım. Orada gördüm ki, türk insanı nə qədər dözümlüdür, mətindir, hər cür fəlakətin içindən qəhrəmanlıqla çıxan bir insandır, xalqdır.

Türkiyə Cümhuriyyəti böyük bir iqtisadi potensiala malikdir. Təbiidir ki, həmin o vurulan yaraları Avropa Birliyinin, başqa ölkələrin yardımı ilə qısa müddətdə sağaltdı və bəlkə də indi o zəlzələdən az iz qalıbdır.

Bizim münasibətlərimizdə çox əhəmiyyətli cəhətlər vardır. Onların hamısını burada deməyə ehtiyac yoxdur. Çünki bunu Azərbaycanda da, Türkiyədə də bilirlər. Ancaq Azərbaycan Xəzər dənizinin, bu hövzənin neft və qaz yataqlarının, bütün enerji resurslarının işlənilməsi və dünyaya açılması tədbirlərini başlayanda, yəni ölkəmizin neft strategiyasını həyata keçirəndə yenə də biz Türkiyə Cümhuriyyəti ilə bir yerdə idik. O illər xatirimdədir. Hələ 1993-cü ildə, biz sadəcə bəzi müqavilələri bağlamağa hazırlaşanda mən hörmətli Süleyman Dəmirəllə, Türkiyənin 9-cu cümhur başkanı ilə dəfələrlə danışıqlar aparırdım, məsləhətləşirdik. İlk müqaviləni 1994-cü il sentyabrın 20-də imzalayanda biz bir yerdə idik.

Xatirimdədir, o vaxt Türkiyə baş nazirinin müavini, vaxtilə kənd təsərrüfatı naziri işləmiş mənim çox yaxın dostum Nəcməddin Cöhəri idi. Mən Naxçıvanda işləyəndə hörmətli Süleyman Dəmirəl Naxçıvana yardım edirdi. Biz orada bir "Həsrət körpüsü", "Ümid körpüsü" tikdik. O vaxt Naxçıvan blokadada idi. İndi də həmin vəziyyətdədir, amma o vaxt bu bölgə çox çətin vəziyyətdə yaşayırdı. Hökumət qərar qəbul etmişdi və hörmətli Nəcməddin Cöhəri Türkiyənin kənd təsərrüfatı naziri kimi daim bizə yardım göstərirdi. Sonra isə mən Azərbaycanın prezidenti olanda, 1994-cü ildə hazırlanan müqavilədə onun da imzası var, o da bu müqavilədə iştirak edibdir. Bu işləri o vaxtdan biz bir yerdə görürük.

Burada hörmətli səfir Bakı-Ceyhan neft kəmərini xatırladı. Bakı-Ceyhan kəməri həqiqətən bir əfsanədir, əsrlər boyu yaşayacaqdır. Bunun təməlini biz 1994-cü ildə qoyduq. Ancaq nə qədər bunun əleyhinə çıxanlar, bizə təzyiq göstərənlər, mane olmaq istəyənlər vardı. Ona görə də bu layihənin reallaşacağına çox şübhələr yaranmışdı: olacaq, ya olmayacaq? Nə vaxt Türkiyəyə gəlirdimsə, - bunu bir neçə dəfə demişəm, - bütün qəzetçilər, jurnalistlər bir sual verirdilər. Bakı-Ceyhan kəməri olacaq, ya olmayacaq? Mən onlara deyirdim ki, Bakı-Ceyhan kəməri olacaqdır və siz də bunu görəcəksiniz.

Ondan sonra, 1998-ci ildə Türkiyə Cümhuriyyətinin 75-ci ildönümünü qeyd edəndə biz ilk dəfə Bakı-Ceyhan kəməri haqqında Ankara bəyannaməsini imzaladıq. Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Süleyman Dəmirəl, Gürcüstanın, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın prezidentləri o bəyannaməni imzaladılar. Amma yenə də bizə mane olurdular. Yenə də çətinliklər vardı. Ondan sonra biz işləri sürətləndirdik. Ötən ilin noyabr ayında İstanbulda ATƏT-in zirvə görüşündə son saziş imzaladıq. Bakı-Ceyhan layihəsi barədə sazişi biz imzaladıq. Amma eyni zamanda Amerika Birləşmiş Ştatlarının prezidenti hörmətli cənab Bill Klinton da bu sazişə imzasını qoydu. Bu da son deyildi, bundan sonra yeni problemlər yarandı. Bu problemlər kommersiya problemləri idi, bir sıra başqa problemlər idi. Bunları da həll etdik.

Bu günlərdə mən Amerika Birləşmiş Ştatlarının prezidenti hörmətli cənab Bill Klintondan bu münasibətlə təbrik məktubu aldım. Çox məmnunam ki, bizim gördüyümüz işləri o, yüksək qiymətləndirir. Xüsusən onu da unutmayıbdır ki, Bakı-Ceyhan neft kəmərini reallaşdırmaq üçün mən bu ilin martında Gürcüstana, Tbilisiyə getdim və orada bəyan etdim ki, Bakı-Ceyhan neft kəmərindən Azərbaycana çatan tarifləri Gürcüstana hədiyyə verirəm. Ona görə ki, Gürcüstanın buna ehtiyacı vardır. Əgər bunu mən etməsəydim, bu müqaviləni, son qərarı qəbul etmək mümkün deyildi. Yəni görürsünüzmü, biz nə qədər çətinliklərdən keçdik. Bu sazişi oktyabrın 17-də Azərbaycanda imzaladıq, oktyabrın 18-də Tbilisidə, oktyabrın 19-da isə Ankarada imzaladıq. Bu problem artıq qurtarmışdır. Güman edirəm ki, mənə bu barədə daha sual verən olmayacaqdır.

Mən iftixar hissi keçirirəm ki, biz - müstəqil Azərbaycan Respublikası bütün təzyiqlərə, maneələrə sinə gərdik, tutduğumuz yolla getdik, vədimizi yerinə yetirdik və Xəzər dənizi bölgəsi, həmin bu Bakı-Ceyhan kəmərinin keçəcəyi ölkələr üçün, Azərbaycan üçün böyük tarixi əhəmiyyətə malik olan bir iş gördük. Gələcək nəsillər bunu daha da yüksək qiymətləndirəcək və bizim nəsillərə minnətdarlıqlarını bildirəcəklər.

Böyük Mustafa Kamal Atatürkün dediyi "Yurdda sülh, cahanda sülh!" sözləri Azərbaycan üçün də müqəddəs bir şüardır. Biz də istəyirik ki, yurdda, cahanda sülh olsun. Biz bunu daha çox istəyirik, ona görə ki, ölkəmiz Ermənistanın təcavüzündən hələ xilas ola bilməmişdir. Ancaq mən bu gün bəyan edirəm ki, apardığımız sülh danışıqları və Türkiyə Cümhuriyyətinin bu sahədə bizimlə bərabər fəaliyyəti, ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransanın nümayəndələri və bu dövlətlərin başçıları, başqa beynəlxalq təşkilatların iştirakı ilə biz bunu həll edəcək və buna nail olacağıq. Azərbaycanın işğal olunmuş torpaqları azad ediləcəkdir. Ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz yerlərinə qayıdacaqlar.

Mən bu gün Türkiyə Cümhuriyyətinin 77-ci ildönümü ilə bağlı keçirilən bayramda bütün bu illər ərzində, Azərbaycan müstəqillik əldə etdiyi andan bu günə qədər türk xalqının, Türkiyə Cümhuriyyətinin bizimlə bərabər olduğunu qeyd etdim. Ancaq bu bayram günü təkcə Bakı-Ceyhan layihəsində deyil, bütün sahələrdə Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti hörmətli Süleyman Dəmirəlin xidmətlərini xüsusi qeyd edirəm. Yeni seçilmiş prezident hörmətli Əhməd Necdət Sezər xarici ölkələrə ilk səfərini Azərbaycana etdi. Bu, Mustafa Kamal Atatürk ideyalarına sadiqliyin nümunəsidir. Türkiyə ilə Azərbaycan arasında olan dostluğun doğrudan da, nə qədər yüksək səviyyədə olmasını göstərir. Yeni seçilmiş prezidentlə də indi bizim yaxın dostuq və qardaşlıq əlaqəmiz vardır. Hörmətli baş nazir Bülənd Ecevitlə və digər hökumət başçıları və üzvləri ilə də biz daim təmasdayıq və bərabər işləyirik.

Nəhayət, bu bayram günü mən böyük minnətdarlıq hissi ilə xatırlayıram ki, Türkiyə Cümhuriyyətinin Atatürk Beynəlxalq Sülh Mükafatını almaq mənə nəsib oldu. Ankarada bütün hökumət və məclis üzvlərinin, ordu generallarının iştirakı ilə keçirilmiş böyük bir mərasimdə hörmətli Süleyman Dəmirəl bu mükafatı mənə təqdim edərkən dediyim sözləri bir də təkrar etmək istəyirəm. Mən həyatımda çox mükafatlar almışam. Həm keçmiş Sovetlər İttifaqının ordenlərini, medallarını və müxtəlif mükafatlarını, həm də bir çox başqa ölkələrin orden və medallarını almışam. Belə mükafatlarım çoxdur. Təbiidir ki, mən bununla fəxr edirəm. Amma məni ən çox sevindirən və məndə ən böyük iftixar hissi doğuran Mustafa Kamal Atatürk Sülh Mükafatını almağım olmuşdur.

Bunların hamısı bizim son illər, tarixi nöqteyi-nəzərdən qısa zamanda birgə əldə etdiyimiz nailiyyətlərdir. İqtisadi əlaqələrimiz də çox genişdir. Bu barədə hörmətli səfir danışdı. Ancaq bundan da geniş, indikindən də yaxşı olmalıdır. Bunu da biz edəcəyik. Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə, ölkəmizdə islahatlar həyata keçirildikcə, respublikamızda özəlləşdirmə prosesi getdikcə geniş sahibkarlıq, sahibkarlar təbəqəsi yarandıqca, bu iqtisadi əlaqələrdə yeni-yeni uğurlar olacaqdır. Mən buna əminəm. Yəni bu barədə bizim hələ görüləsi çox böyük işlərimiz vardır.

Bu bayram günündə mən qardaş türk xalqına uğurlar arzulayıram. Sizi, qardaş türk xalqını, Türkiyə Cümhuriyyətini bu bayram münasibətilə bir daha təbrik edirəm və hamınıza da cansağlığı, səadət və bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 1 noyabr 2000-ci il.