Azərbaycanda Amerika Ticarət Palatasının açılışı mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - "Hyatt-Recensi-Naxçıvan" mehmanxanası, 13 dekabr 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən sizin hamınızı ürəkdən salаmlayıram və "Azərbaycana xoş gəlmisiniz" deyirəm, Amerika Birləşmiş Ştatları Ticarət Palatasının Azərbaycanda mütəşəkkil işə başlaması Amerika-Azərbaycan əlaqələri tarixində əlamətdar bir hadisədir.

Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə edəndən sonra dünyanın bütün ölkələri ilə iqtisadi əməkdaşlığa cəhd göstərir və Amerika Birləşmiş Ştatları bu arada xüsusi yer tutur. Son illər Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əməkdaşlıq müvəffəqiyyətlə inkişaf edir. Biz Azərbaycanda buna yüksək qiymət veririk və bu əlaqələrin bundan sonra da inkişafı üçün əlimizdən gələni etməyə çalışacağıq. Bu əməkdaşlıq müstəqil Azərbaycan Respublikasının iqtisadiyyat sahəsində strateji siyasətinə tam uyğun olan bir əməkdaşlıqdır.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkədə demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaq və respublikanın iqtisadiyyatında islahatlar aparmaq, öz iqtisadiyyatını dünya iqtisadiyyatına bağlamaq prinsiplərini əsas götürmüşdür. Respublikanın sosial-iqtisadi vəziyyətini inkişaf etdirmək üçün biz xarici ölkələrlə və dünyanın bütün şirkətləri ilə sıx əməkdaşlıq etməyi, Azərbaycan ilə xarici ölkələr, şirkətlər arasında müştərək iş görməyi iqtisadiyyat sahəsində əsas istiqamətlərdən biri hesab edirik. Bunlar Azərbaycanda iqtisadiyyatın bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirilməsi və respublikamıza xarici sərmayənin müntəzəm gətirilməsi üçün görülən əsas işlərdir.

Bilirsiniz ki, Azərbaycan böyük təbii sərvətlərə malikdir. Ölkəmizin böyük sənaye, kənd təsərrüfatı potensialı var. Respublikamız öz coğrafi vəziyyətinə görə də Dünya Birliyi ilə iqtisadi əməkdaşlıq etmək üçün böyük imkanlara malikdir. Dünya təcrübəsi bunu artıq dəfələrlə sübut edib ki, heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz. Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətdir və ümumiyyətlə, dünyada iqtisadiyyatı daha da yüksəltmək üçün bu, yeganə bir yoldur.

Biz dövlət müstəqilliyi əldə edəndən sonra bu təcrübəni əsas tutaraq Azərbaycana xarici sərmayənin davamlı olaraq gəlməsi üçün və respublikamızın iqtisadiyyatını dünya iqtisadiyyatına bağlamaq üçün cəhdlər göstərmişik və göstəririk. Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarının şirkətləri arasında müştərək iş görmək sahəsində son illər əldə edilmiş nailiyyətlər bu işlərimizin əyani nümunəsidir.

Məlumdur ki, Amerika Birləşmiş Ştatlarının şirkətlərini, eləcə də digər ölkələrin şirkətlərini Azərbaycana cəlb edən amillərdən biri və əsası ölkəmizin neft və qaz yataqlarıdır. Azərbaycan Respublikasının ərazisində, Xəzər dənizinin Azərbaycan sektorunda ölkəmizə məxsus zəngin neft və qaz yataqlarının olması artıq bütün dünyaya məlumdur. Azərbaycan qədim və böyük neft ölkəsidir. Respublikamızın bu sahədə nailiyyətləri də bütün dünyaya məlumdur. Ancaq daha indi biz Azərbaycanın neft və qaz sənayesinin yeni bir dövrünü, mərhələsini yaşayırıq. Bu mərhələ Azərbaycanın neft və qaz yataqlarının dünyanın böyük neft şirkətləri ilə müştərək işlənməsi ilə bağlıdır.

Bildiyiniz kimi, iki il bundan əvvəl - 1994-cü ilin sentyabrında biz ilk böyük müqavilə imzalamışıq. Bu müqavilə "Əsrin müqaviləsi" kimi dünya tarixinə daxil olubdur. Həmin müqavilə Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici ölkələrin neft şirkətlərinin təşkil etdiyi konsorsium arasında imzalanmış bir müqavilədir. Bu konsorsiumun tərkibində isə Amerika Birləşmiş Ştatlarına mənsub olan neft şirkətləri daha çox yer tuturlar. Böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu müqavilənin keçən iki il müddətində nəticələri müsbətdir və müqavilədə nəzərdə tutulan proqram ardıcıl surətdə, vaxtlı-vaxtında həyata keçirilir. Əgər iki il bundan əvvəl, müqavilə imzalanarkən bəziləri buna şübhə ilə yanaşırdılarsa, bir çoxları isə bu müqavilənin müsbət nəticələr verməsini arzu edirdilərsə, indi bu nəticələr reallığa çevrilibdir. Şübhə edənlər isə, güman edirəm, artıq öz şübhələrindən geri çəkilməlidirlər.

Bilirsiniz ki, bundan sonra əlavə iki böyük neft müqaviləsi də imzalanıbdır. Bir il bundan əvvəl imzalanmış neft müqaviləsində yenə də Amerika Birləşmiş Ştatlarının şirkətləri iştirak edirlər. Sabah Bakıda yeni bir neft müqaviləsi imzalanacaqdır və bu müqavilənin əsas iştirakçıları yenə də Amerika Birləşmiş Ştatlarının neft şirkətləridir.

Bu müqavilələr və onların əməli surətdə həyata keçirilməsi Amerika Birləşmiş Ştatlarının nəinki neft şirkətlərinin, eyni zamanda bir çox başqa şirkətlərin Azərbaycana gəlməsini təmin edibdir. Mən məmnuniyyət hissi ilə qeyd edirəm ki, Azərbaycanda təkcə neft şirkətlərinin yox, Amerika Birləşmiş Ştatlarının başqa sahələrdə fəaliyyət göstərən bir çox şirkətlərinin ofisləri artıq açılıbdır. Bunlar hamısı Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın gözəl nəticələridir, bizim əldə etdiyimiz böyük potensialdır.

Bu nəticələrin, potensialın əhəmiyyəti ondan ibarətdir ki, bunlar gələcəkdə daha da gözəl nəticələr verəcəkdir. Məhz bunlara görə də Amerika Birləşmiş Ştatlarının Azərbaycanda Ticarət Palatasının fəaliyyətə başlaması, onun bugünkü açılış mərasimi, hesab edirəm ki, çox əsaslıdır və gələcək üçün yeni bir mərhələdir. Biz indiyə qədər də Amerika Birləşmiş Ştatlarının nəinki şirkətlərinin, Amerikanı təmsil edən, Azərbaycana gələn hər bir şəxsin ölkəmizdə öz işlərini görməsi üçün əlimizdən gələn köməyi etmişik və imkanlar yaratmışıq. Ancaq indi, Amerika Birləşmiş Ştatlarının Ticarət Palatası Azərbaycanda mütəşəkkil fəaliyyət göstərməyə başladıqdan sonra hesab edirəm ki, biz bu işləri daha da müvəffəqiyyətlə həyata keçirəcəyik.

Mən bilirəm ki, Amerika Birləşmiş Ştatlarının Ticarət Palatası ABŞ-ın respublikamızdakı bütün şirkətlərinin və burada olan bütün iş adamlarının fəaliyyətini tənzimləmək, onlara kömək etmək, istiqamət vermək, onlara müəyyən proqnozlar vermək üçün yaradılıbdır. Mən bu təşəbbüsü bəyənirəm və yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Ticarət Palatası sərbəst və çox müvəffəqiyyətli fəaliyyət göstərəcəkdir.

Əmin ola bilərsiniz ki, Amerika Birləşmiş Ştatları Ticarət Palatasının ölkəmizdə uğurlu fəaliyyət göstərməsi üçün Azərbaycanın dövləti, hökuməti və bütün dövlət orqanları tərəfindən kömək göstəriləcəkdir. Bu, nə qədər sizin üçün lazımdırsa, o qədər də bizim üçün lazımdır. Biz bunda çox maraqlıyıq. Çünki yenə də qeyd edirəm, biz Amerika Birləşmiş Ştatları şirkətlərinin Azərbaycana daha da çox gəlməsini istəyirik.

Biz Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərini, iqtisadi islahatları, özəlləşdirmə proqramını həyata keçirərək, şübhəsiz ki, bu yolla gedirik və gedəcəyik. Siz də, Azərbaycan ictimaiyyəti də bunu görürsünüz ki, son vaxtlar iqtisadi islahatların özəlləşdirmə proqramının həyata keçirilməsi artıq öz müsbət nəticələrini verir. Xarici ölkələrin şirkətlərinin ofisləri, onların burada yaratdıqları birgə müəssisələr, özəl müəssisələr, böyük və yaraşıqlı mağazalar Azərbaycanın, xüsusən Bakının mənzərəsini xeyli dəyişdiribdir. Bunlar hamısı bizdə məmnuniyyət hissi doğurur.

Bu gün sizə bildirmək istəyirəm ki, biz iqtisadi islahatlar yolu ilə davamlı surətdə gedirik və bundan sonra da gedəcəyik. Biz özəlləşdirmə proqramını sürətlə həyata keçiririk, bu sahədə çox ciddi addımlar atırıq. Məsələn, Azərbaycanda uzun müddət fəaliyyət göstərən Taxıl Məhsulları Dövlət Şirkətini iki gün bundan əvvəl ləğv etdim və bu şirkətə mənsub olan bütün müəssisələrin, təşkilatların özəlləşdirilməsi üçün onları Dövlət Əmlak Komitəsinə verdim.

Bu, ayrı-ayrı müəssisələrin özəlləşdirilməsi kimi yox, böyük bir dövlət strukturu sisteminin hamısının birlikdə özəlləşdirilməsi üçün həyata keçirilən tədbirdir. Amerika Birləşmiş Ştatlarından olan qonaqlarımız üçün bəlkə də bu adi bir hadisədir. Ancaq bu, bizim üçün heç də adi deyil. Çünki uzun illər dövlət tərkibində olan böyük təşkilatların birdən-birə ləğv olunması və onların özəlləşdirilməsi üçün qərar qəbul edilməsi, bilin ki, çox böyük cəsarət tələb edir və biz bunu cəsarətlə həyata keçiririk. Bu tədbirləri həyata keçirmək üçün ölkəmizə xarici sərmayənin gəlməsi, Amerika Birləşmiş Ştatlarının şirkətləri ilə əməkdaşlıq lazımdır.

Amerika Birləşmiş Ştatlarının şirkətləri Azərbaycanda özəlləşdirmə prosesində iştirak etməyə, bizim iqtisadi həyatımızda, bazar iqtisadiyyatı prosesinin həyata keçirilməsində özlərinə məxsus yer tutmağa çalışmalıdırlar. Mən sizi buna dəvət edirəm.

Sizin üçün və Amerika Birləşmiş Ştatlarında olan bütün partnyorlarınız üçün bir daha bəyan edirəm ki, Azərbaycan Respublikasının dövləti və onun prezidenti ölkəmizin iqtisadiyyatını bazar iqtisadiyyatı, iqtisadi islahatları həyata keçirmək, özəlləşdirmə yolu ilə bundan sonra da əzmlə inkişaf etdirəcəkdir. Ona görə də mən həmişə xarici şirkətlərə, o cümlədən Amerika şirkətlərinə deyirəm ki, gecikməyin. Azərbaycana nə qədər tez gəlsəniz, o qədər də yaxşı yer tutacaqsınız.

Siz bilməlisiniz ki, Azərbaycanda səmərəli iş görmək üçün yaxşı ictimai-siyasi mühit yaranmışdır. Biz xarici sərmayənin Azərbaycana gəlməsi üçün bir neçə çox əlverişli qanunlar qəbul etmişik. Belə qanunları bundan sonra da qəbul edəcəyik. Əgər bu gün bu işlərin görülməsinə hər hansı bir sahədə maneçilik göstərən ünsürlər varsa, biz mütləq onları aradan qaldıracağıq. Əgər hər hansı bir qanunun hər hansı bir hissəsi bu işlərin müvəffəqiyyətlə həyata keçirilməsinə mane olursa, biz bu qanunları da dəyişdirəcək, qanunlar da qəbul edəcəyik. Buna əmin ola bilərsiniz.

Biz bütün bu tədbirləri həyata keçirmək üçün Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı və Avropa Birliyi ilə çox əməkdaşlıq edirik. Mən bu əməkdaşlıqdan məmnun olduğumu bildirirəm və hesab edirəm ki, bu əməkdaşlıq Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi, ölkəmizin iqtisadiyyatının yüksəlməsi üçün çox yaxşı bir vasitədir.

Mən bugünkü görüşdən bir daha məmnun olduğumu bildirmək istəyirəm. Sizin hamınıza və Amerika Birləşmiş Ştatlarının bütün iş adamlarına, şirkətlərinə uğurlar arzulayıram. Ümidvar olduğumu bildirmək istəyirəm ki, indiyədək əldə etdiyimiz nailiyyətlər əsasında Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq bundan sonra daha da sürətlə inkişaf edəcəkdir.

Amerika Birləşmiş Ştatlarının prezidenti, hörmətli cənab Bill Klinton ilə mənim əvvəllər olmuş görüşlərimdə, vitse-prezident Albert Qor ilə bir neçə gün bundan əvvəl Lissabonda keçirdiyimiz görüşdə, danışıqlarda biz Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etməsi barədə fikir mübadiləsi aparmışıq, eyni mövqedə olmuşuq. Mən Azərbaycanın bu sahədəki mövqelərini onlara açıq-aydın bildirmişəm.

Amerika Birləşmiş Ştatlarının dövlət orqanları, onun prezidenti ilə Azərbaycanın prezidenti arasında yaranmış bu dostluq, əməkdaşlıq əlaqələrini mən yüksək qiymətləndirirəm və əmin ola bilərsiniz ki, Azərbaycan bu dostluq, əməkdaşlıq əlaqələrinə həmişə sadiq olacaqdır.

Azərbaycanda Amerika Birləşmiş Ştatlarının Ticarət Palatasının bugünkü açılış mərasimi münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sizin hamınıza işinizdə müvəffəqiyyətlər, həyatınızda xoşbəxtlik, cansağlığı arzu edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 14 avqust 1996-cı il.