Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rumıniya Prezidenti İon İliyesku ilə təkbətək görüşü - İstanbul, Azərbaycan prezidentinin iqamətgahı - «Çırağan» hoteli, 25 iyun 2002-ci il


Bir-birini səmimiyyətlə qarşılayan prezidentlər QDİƏT-in zirvə görüşü gedişində görüşməklərindən məmnun qaldıqlarını bildirdilər.

Region ölkələrinin iqtisadi əməkdaşlığının genişlənməsində QDİƏT-in rolunu müsbət dəyərləndirən dövlət başçıları ölkələrimiz arasında birbaşa qarşılıqlı əlaqələrin inkişafı sahəsində görülən işlərdən razılıqla söhbət açdılar.

Müstəqillik yoluna qədəm qoymuş Azərbaycanda həyata keçirilən dəyişikliklərdən, islahatlardan bəhs edən Heydər Əliyev bunların müsbət nəticələr verdiyini vurğuladı.

Ölkəmizin ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Prezident Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları nəticəsində başlanmış bu münaqişənin uzun müddət davam etdiyini, respublikamızın ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyondan çox soydaşımızın yerindən-yurdundan didərgin düşərək indiyədək çadır şəhərciklərində ağır və dözülməz şəraitdə yaşadığını bildirdi.

Münaqişənin aradan qaldırılması üçün danışıqlar prosesindən bəhs edən Heydər Əliyev Ermənistan və Azərbaycan prezidentlərinin birbaşa görüşlərindən, ATƏT-in Minsk qrupu çərçivəsində göstərilən səylərdən söhbət açdı və Azərbaycanın münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğuladı.

Görüşdə Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya nəqli üçün həyata keçirilməkdə olan Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi–Ərzurum qaz kəməri layihələri barədə ölkələrimizi maraqlandıran bir sıra məsələlər müzakirə edildi, iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi oldu.

Azərbaycan Prezidenti Heydər Əliyev Rumıniya Prezidenti İon İliyeskunu ölkəmizə rəsmi səfərə dəvət etdiyini bir daha təsdiqlədi. Prezident İon İliyesku bu ilin oktyabr ayında Azərbaycana səfərə gələcəyini bildirdi.

Dostluq və səmimilik şəraitində keçən görüş zamanı hər iki ölkə üçün maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti Heydər Əliyev görüşdən sonra səfərdə onu müşayiət edən Azərbaycan jurnalistləri ilə səmimi söhbət etdi, onları maraqlandıran suallara cavab verdi. 

AzərTAc