Azərbaycan Respulikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası hökuməti sədrinin müavini, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Rusiya tərəfdən sədri Viktor Xristenkonun başçılıq etdiyi heyəti ilə görüşü - Prezident sarayı, 10 aprel 2002-ci il


Viktor Xristenko İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş altıncı iclasının nəticələri barədə dövlətimizin başçısına məlumat verərək dedi ki, son il yarım Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərdə ən fəal dövrdür. İndiki iclas Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci ilin yanvarında Rusiya Federasiyasına dövlət səfəri zamanı əldə olunmuş razılaşmaların müəyyən dərəcədə davamıdır.

Viktor Xristenko bu ilin ilk aylarında əmtəə dövriyyəsinin ötən ildəkinə nisbətən 1,5 dəfə artmasını iqtisadi əməkdaşlığın yaxşılaşmasının müsbət amili adlandıraraq bildirdi ki, hökumətlərarası komissiyanın vəzifəsi bu nəticələri uzunmuddətli etməkdir.

Rusiya nümayəndə heyətinin səfəri zamanı Xəzər dənizinin dibinin bölünməsi haqqında sazişin Azərbaycan Prezidenti Heydər Əliyevin iyunda Sankt-Peterburqa səfərinin gedişində imzalanmağa hazırlanması üçün zəmin yaradılmış, humanitar sahə ilə bağlı sənədlər müzakirə edilmişdir.

Rusiya hökuməti sədrinin müavininin fikrincə, bu, ikitərəfli əlaqələrin inkişafı işinə yaxşı töhfə olacaqdır.

Viktor Xristenko Azərbaycan–Rusiya münasibətlərinə və Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 10-cu ildönümünə yetirdiyi diqqətə görə Prezident Heydər Əliyevə təşəkkürünü bildirdi.

Prezident Heydər Əliyev Azərbaycan–Rusiya münasibətlərinin səviyyəsindən danışarkən dedi ki, Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə rəsmi səfərindən sonra bu əlaqələrin yaxşılaşması və genişlənməsi prosesi başlanmışdır. Odur ki, Azərbaycan prezidentinin 2002-ci ilin yanvarında Rusiyaya dövlət səfəri bunun davamı olmuşdur və dövlətimizin başçısının vurğuladığı kimi, bu səfər çox uğurla keçmişdir. Azərbaycan rəhbəri həmin səfər zamanı göstərilmiş qonaqpərvərliyə, habelə məsələlərin dostcasına, birgə müzakirəsinə görə bir daha təşəkkürünü bildirdi.

Prezident Heydər Əliyev komissiyanın Bakı iclası zamanı imzalanmış sənədləri, o cümlədən 2010-cu ilədək dövrdə uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqavilənin həyata keçirilməsinə dair tədbirlər proqramını, habelə Xəzər dənizinin təkinin bölünməsi haqqında saziş hazırlanarkən əsas götürüləcək protokolu yüksək qiymətləndirdi.

Respublika Baş nazirinin birinci müavini, hökumətlərarasi komissiyanin Azərbaycan tərəfdən sədri Abbas Abbasov qəbulda çıxış edərək dedi ki, komissiyanın iclasında Azərbaycan fermerlərinin kənd təsərrüfati məhsullarının Rusiya bazarlarına göndərilməsi məsələləri müzakirə olundu. Azərbaycan tərəfi Rusiya Federasiyasının subyektləri ilə birbaşa əlaqələr yaratmağa imkan tapdı və respublikamızın nümayəndə heyəti Saratov vilayətinin rəhbərliyi ilə danışıqlar aparmaq üçün aprelin 11-də oraya yola düşür. Dağıstan Baş nazirinin də iştirak etdiyi iclasda iqtisadi strukturların işi, sərhədyanı ticarətin inkişafı üçün sərhəddə əlverişli şərait yaradılması arzusu ifadə olundu.

Azərbaycan tərəfi Rusiya tərəfinə belə bir xahişlə müraciət etdi ki, onlar ölkəmizdən kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına daşınması üçün yeni şərtlər haqqında sənədlər paketinin azərbaycanlı həmkarları ilə birgə üc ay müddətində hazırlanması barədə özlərinin müvafiq idarələrinə tapşırıq versinlər. Abbas Abbasovun dediyinə görə, Rusiya nümayəndə heyəti bu təklifi müsbət qarşılamışdır.

Prezident Heydər Əliyev vurğuladı ki, Azərbaycanda torpaq kəndlilərin mülkiyyətinə veriləndən sonra kənd təsərrüfatı məhsullarının istehsalı axır illərdə xeyli artmışdır. Daxili bazarın tələbatı tam ödənilir və bəzi kənd təsərrüfatı məhsulları artıq qalır ki, onları da Rusiya bazarlarında satmaq olar. Əvvəllər, SSRİ dövründə Azərbaycan Rusiya Federasiyası şəhərlərinin faraş kənd təsərrüfatı məhsulları ilə əsas təchizatçısı idi.

Viktor Xristenko dedi ki, komissiyanın iclasında meyvə və tərəvəz aparan avtomaşınların Azərbaycan–Rusiya sərhədində ləngiməsi ilə bağlı məsələlərin həllinə dair tədbirlər müzakirə edilmişdir. Azərbaycandan kənd təsərrüfatı məhsulları aparan avtomaşınların sərhəddən buraxılmasını asanlaşdırmaq üçün cari ilin dördüncü rübündə yeni buraxılış məntəqəsi açmaq nəzərdə tutulur və o, gündə 500 yük maşınına xidmət etməyə imkan verəcəkdir. 2003-cü və 2004-cü illərdə isə daha iki buraxılış məntəqəsi açılacaqdır. Müvafiq rüsumların rəsmiləşdirilməsi, ödənilməsi prosedurunu sadələşdirmək üçün də tədbirlər görüləcəkdir.