"Qurtuluş" qazma qurğusunun istismara buraxılması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi. 29 avqust 2000-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Əziz neftçilər!

Bu gün biz Azərbaycanın həyatında yeni bir əlamətdar tarixi hadisə münasibətilə bu təntənəli mərasimə toplaşmışıq. Dünyanın böyük neft şirkətləri ilə Azərbaycanın əməkdaşlığı uğurla həyata keçirilir. Biz son illər çoxlu nailiyyətlər əldə etmişik və bu gün bu istiqamətdə yeni bir addım atılır, yeni qazma qurğusu istismara verilir.

Bildiyiniz kimi, burada da deyildi ki, bu qazma qurğusunun tikilməsində, quraşdırılmasında, yaranmasında bir çox xarici ölkələrin neft şirkətləri və Azərbaycan Dövlət Neft Şirkəti müştərək iş görmüş, bu qazma qurğusunu istismar üçün bizə təqdim etmişlər. Bu qazma qurğusunun yaranmasında xarici şirkətlərin mütəxəssisləri ilə bərabər Azərbaycan neftçiləri, mühəndisləri, mütəxəssisləri, fəhlələri fəal iştirak etmişlər.

Mən bu əlamətdar hadisə münasibətilə sizi təbrik edirəm. Bu qurğunun yaradılmasını və istismara verilməsini təmin edən, bizimlə bərabər işləyən xarici ölkələrin şirkətlərini təbrik edirəm!

Azərbaycanın neftçilərini, xüsusən bu qurğunun yaranmasında zəhmət çəkmiş, fəal iştirak etmiş mütəxəssislərimizi, mühəndislərimizi, bütün neftçilərimizi təbrik edirəm və onlara səmimi qəlbdən təşəkkür edirəm!

Bu əlamətdar hadisə münasibətilə bütün Azərbaycan xalqını, vətəndaşlarını təbrik edirəm!

"Qurtuluş" qazma qurğusu haqqında geniş məruzə ilə çıxış edən Natiq Əliyev və qonaqlarımız bizə ətraflı məlumat verdilər. Bu məlumatlar bizim hamımızı həqiqətən heyran edir.

Bu qazma qurğusunun yaranmasının, bu gün istismara verilməsinin Azərbaycan üçün, xalqımız, millətimiz üçün əhəmiyyəti nədən ibarətdir?

Birincisi, bu onu göstərir ki, müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyası uğurla həyata keçirilir.

İkincisi, bu onu göstərir ki, Azərbaycana xarici sərmayənin gəlməsi davam edir. Burada deyildiyi kimi, bu qurğunun yaranması üçün 175 milyon dollar vəsait sərf olunubdur. Bu, Azərbaycan üçün yeni sərmayədir, yeni yatırımdır.

Bu onu göstərir və bütün dünyaya nümayiş etdirir ki, Azərbaycan xalqı, neftçiləri, mühəndisləri, mütəxəssisləri, fəhlələri nə qədər yüksək səviyyədədirlər və nə qədər böyük işlər görməyə qadirdirlər.

Bu onu göstərir ki, Azərbaycana dünyada ən müasir, ən yüksək səviyyəli olan texnika, texnologiya gəlir, bu da Azərbaycanın həm neft sənayesini inkişaf etdirmək, həm də Azərbaycan mütəxəssislərinin, neftçilərinin, mühəndislərinin səviyyəsini qaldırmaq üçün çox böyük əhəmiyyət daşıyır.

Bu onu göstərir ki, bu qurğunun tikilməsi ilə ölkəmizdə mindən artıq azərbaycanlı yeni iş yeri qazanıbdır, yüksək məvacib alıb, öz rifah halını yaxşılaşdırıbdır. Burada deyildiyi kimi, Azərbaycan bu qurğunun tikilməsindən 28 milyon dollarlıq vergi və başqa vəsaitlər üzrə fayda götürübdür.

Azərbaycanın yeni neft strategiyasının əməli nəticələri, qələbələri budur! Bizim uğurla getdiyimiz yolun nəticələri budur!

Xatirinizdədir ki, 1994-cü ildə Azərbaycanın ağır vəziyyətində, ölkəmiz həm sosial-iqtisadi çətinliklər içərisində yaşadığı, həm də respublikamızda ictimai-siyasi sabitlik lazımi səviyyədə olmadığı bir zamanda biz dünyanın böyük neft şirkətlərini Azərbaycana cəlb etdik. Onlar Azərbaycan dövlətinə inandılar və ölkəmizə böyük sərmayələr qoymaq barədə qərar qəbul etdilər. Birgə işlərimiz nəticəsində 1994-cü ilin sentyabrında Azərbaycan dünyanın 11 böyük neft şirkəti ilə müqavilə imzaladı. Bu müqavilə o qədər nəhəng xarakter daşıyırdı ki, ona "Əsrin müqaviləsi" adı verildi.

"Əsrin müqaviləsi" dünyada böyük əks-səda doğurdu. Bu hadisə Azərbaycan xalqını, bizim dostlarımızı sevindirdi, xalqımızda böyük ümidlər yaratdı. Xatirinizdədir ki, eyni zamanda, bu müqaviləyə inanmayanlar, onun həyata keçirilməsinə mane olmaq istəyən qüvvələr də az deyildi. Ancaq həyat və ötən illər sübut etdi ki, Azərbaycan dövləti doğru, düz yol ilə gedibdir və 1994-cü ildə Azərbaycanla müştərək iş görməyə başlayan dünyanın böyük dövlətləri, neft şirkətləri artıq bunun əməli nəticəsini görürlər.

Biz qısa bir zamanda əməli nəticələr əldə etdik. 1997-ci ildə "Çıraq" neft yatağından neft hasil etdik və onu dünya bazarlarına ixrac etməyə başladıq. Bu neft Bakı-Novorossiysk kəməri ilə ixrac edilməyə başladı. Ondan sonra biz qısa bir zamanda Bakı-Supsa neft kəmərini tikdik, 1999-cu ilin aprel ayında onu təntənəli surətdə açdıq və Azərbaycandakı yataqlardan hasil olunan neft bu neft kəməri ilə indi dünya bazarlarına çıxarılır.

Biz Xəzər dənizindəki "Şahdəniz" yatağında böyük, nəhəng qaz ehtiyatlarını aşkar etdik, neft ölkəsi kimi tanınan Azərbaycanın bundan sonra həm də qaz ölkəsi olduğunu və xarici bazarlara qaz çıxarmağa yeni imkanlarımız yarandığını bütün dünyaya bəyan etdik və bu barədə də lazımi əməli işlər görürük. "Əsrin müqaviləsi"ndən sonra ötən illər ərzində 19 müqavilə imzalanıbdır. Bu müqavilələrdə xarici ölkələrin 30-a qədər neft şirkəti iştirak edir. Bunların hamısı gələcəkdə Azərbaycanın nə qədər böyük miqdarda neft və qaz hasil edib dünya bazarlarına çıxaracağına əyani sübutdur.

Hasil olan böyük nefti dünya bazarlarına çıxarmaq üçün ötən beş il müddətində biz Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin tikilməsi problemləri ilə məşğul idik. Bildiyiniz kimi, keçən ilin noyabr ayında ATƏT-in İstanbul zirvə görüşündə Türkiyə, Azərbaycan, Gürcüstan və Qazaxıstan prezidentləri Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında müqaviləni imzaladılar və bu böyük layihəyə Amerika Birləşmiş Ştatlarının prezidenti də öz imzasını qoydu. Beləliklə də biz böyük neftin dünya bazarlarına çıxarılması üçün əsas neft kəmərinin yaranmasına nail olduq.

İndi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Azərbaycan Dövlət Neft Şirkəti, Türkiyənin, Gürcüstanın neft şirkətləri ilə bərabər Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına başlamaq üçün lazımi tədbirlər görürlər. Bu tədbirləri tezliklə hazırlayıb işə başlamaq lazımdır.

Təəssüf ki, indi biz yeni problemlərlə rastlaşmışıq. Bəziləri Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin həyata keçirilməsinə yenidən mane olmaq istəyirlər. Bəziləri belə fikirlər söyləyirlər ki, Azərbaycanda o qədər neft yoxdur və bu kəmərin tikilməsinə ehtiyac yoxdur.

Təbiidir ki, bu qüvvələrin, dairələrin bəziləri, ola bilər, bunu anlamırlar, bəziləri isə Xəzər dənizi kimi böyük enerji ehtiyatlarına malik olan hövzədən Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına müxtəlif səbəblərdən mane olmaq istəyirlər. Ancaq onlar heç bir şey edə bilməyəcəklər. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi hazırlanmalıdır, bu barədə müqavilə imzalanıbdır və bu kəmərin inşasına başlanmalıdır. Həmin kəmər inşa ediləcək, bu iş vaxtında həyata keçiriləcək və heç kəs ona mane ola bilməyəcəkdir. Bugünkü bu hadisə, bu təntənəli mərasim mənim indicə dediklərimə əyani sübutdur.

Bilirsiniz ki, son bir neçə ildə Xəzər dənizinin Azərbaycan sektorunda kəşfiyyat işləri aparmaq, quyuların qazılmasını təmin etmək üçün iki nəhəng qazma qurğusu - "Dədə Qorqud" və "İstiqlal" yarımdalma qazma qurğuları hazırlanıb işə salınıbdır. İndi onlar öz vəzifələrini yerinə yetirirlər.

Bu gün biz yeni bir qazma qurğusunun tikilməsi, hazırlanması və istismara verilməsinin şahidiyik. Hələ bundan sonra da belə qazma qurğuları yaranacaqdır. Çünki Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan zəngin neft və qaz yataqları və ümumiyyətlə, Xəzər bölgəsindəki enerji ehtiyatları belə qazma qurğularının çox olmasını tələb edir ki, qazma, kəşfiyyat işləri aparılsın, neft və qazın hasilatına başlansın. Əgər bu belə olmasaydı, bu cür qazma qurğusunun yaranmasına 175 milyon dollar vəsait qoyulmasına nə ehtiyac var idi?!

Mənim bu dediklərim həmin o bədxahlara, Azərbaycana düşmən gözü ilə baxanlara, ölkəmizə paxıllıq edənlərə və ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə inteqrasiya olunmasına maneçilik törədənlərə cavabdır.

Bu sahədə bu günə qədər gördüyümüz işlər və bundan sonra, gələcəkdə görəcəyimiz işlər Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsinə, müstəqil bir dövlət kimi ölkəmizin çiçəklənməsinə gedən yolları təmin edir.

Azərbaycan xalqının tam əksəriyyəti bizim gördüyümüz bu işlərə yüksək qiymət verir, ona böyük ümidlər bəsləyir və bütün bu nailiyyətlərimizə, o cümlədən bugünkü nailiyyətimizə də sevinir. Qoy istəyənlər sevinsinlər, istəməyənlər kor olsunlar!

Biz birinci yarımdalma qazma qurğusuna "Dədə Qorqud" adı verdik. Bunun çox böyük tarixi, milli əhəmiyyəti vardır. Dədə Qorqud bizim ulu babamızdır. Həmin qazma qurğusu ilə Xəzər dənizində yeni neft yataqlarının istifadəyə verilməsini təmin etmək, Azərbaycan xalqının rifahını qaldırmaq bizim məhz Dədə Qorqud kimi ulu babamızın ruhunu şad edəcəkdir. Ona görə də biz ona "Dədə Qorqud" adı verdik.

Biz ikinci qazma qurğusuna "İstiqlal" adını verdik. Nə üçün? Çünki əgər biz istiqlaliyyətimizi, müstəqilliyimizi əldə etməsəydik, millətimiz azad olmasaydı, Azərbaycan dövlət müstəqilliyini əldə edib dünya birliyində bərabər hüquqlu dövlətlərdən biri olmasaydı, biz bu böyük neft strategiyası planını və başqa işləri həyata keçirə bilməzdik. İstiqlaliyyət, müstəqillik bizim üçün, xalqımız üçün bu gün də, gələcəkdə də ən əziz bir anlayışdır. Buna görə də biz həmin qazma qurğusuna "İstiqlal" adı vermişik.

Bu gün istismara verdiyimiz yeni qurğuya isə "Qurtuluş" adı verilmişdir. Bunun da böyük əhəmiyyəti vardır. Nə üçün "Qurtuluş"? Çünki qurtuluş Azərbaycan xalqının əsarətdən, müstəmləkəçilikdən qurtulması deməkdir. Qurlutuş Azərbaycan xalqının azadlığa çıxması deməkdir. Qurtuluş son illərdə Azərbaycan xalqının başına gəlmiş bəlalardan çıxması deməkdir. Qurtuluş 1993-cü ildə Azərbaycanda yaranmış vətəndaş müharibəsindən qurtulmaq deməkdir. Qurtuluş Azərbaycan parçalandığı zaman onun parçalanmasının qarşısını almaq deməkdir. Qurtuluş Azərbaycanın müstəqilliyi, azadlığı deməkdir. Ona görə də bu qurğu "Qurtuluş" adını daşıyır.

Mən "Qurtuluş" qazma qurğusuna və onu idarə edəcək, orada çalışan insanlara uğurlar arzulayıram və əmin olduğumu bildirmək istəyirəm ki, "Qurtuluş" qazma qurğusu Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata keçirilməsində öz xidmətlərini göstərəcək, yeni neft quyularının qazılmasında, neftin və qazın hasil olunmasında şücaətlə çalışacaq və öz nailiyyətləri ilə bizi sevindirəcəkdir.

Əziz dostlar!

Bugünkü hadisə bizim hamımızı sevindirir. Çünki yeni bir qələbənin, nailiyyətin şahidiyik. Bir də ona görə sevinirəm ki, çox hörmət etdiyim, mənim üçün çox əziz olan Azərbaycan neftçiləri ilə yenidən görüşmək imkanı əldə etdim.

Yaşasın Azərbaycan neftçiləri!

Yaşasın müstəqil Azərbaycan!

"Qurtuluş" qazma qurğusuna uğurlar, uğurlar, uğurlar olsun!

Sağ olun.

"Azərbaycan" qəzeti, 30 avqust 2000-ci il

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış