Azəbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniyanın yenidən birləşməsi günü münasibətilə AFR-in Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - "Sinema klub", 3 oktyabr 1995-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Sizi böyük bayram - Almaniyanın yenidən birləşməsi günü münasibətilə təbrik edirəm, alman xalqına xoşbəxtlik və səadət arzulayıram. Alman xalqının böyük və şərəfli keçmişi vardır. Onun tarixində böyük nailiyyətləri, olubdur. Son beş ildə isə bu xalqın həyatında baş verən dəyişikliklər yeni Almaniyanın yaradılması deməkdir. XX əsrdə Almaniya iki dəfə: həm Birinci dünya müharibəsində, həm də İkinci dünya müharibəsində məğlubiyyətə uğrayıbdır. İkinci dünya müharibəsinin sona çatması və faşizm üzərində qələbə nəticəsində Almaniya parçalanmış, 45 il bu vəziyyətdə yaşamışdır.

Alman xalqının iradəsi və dünyada gedən tarixi, ictimai-siyasi proseslər nəticəsində beş il öncə Almaniyanın parçalanmış vəziyyətdə qalmasına son qoyuldu. Bu, XX əsrin sonunda Almaniyanın həyatında əlamətdar bir hadisə kimi dünya tarixinə daxil olubdur. Almaniya birləşib və indi dünyanın güclü və hörmətli dövlətlərindən birinə çevrilibdir.

Azərbaycan xalqı Almaniyanın yenidən birləşməsini böyük məmnuniyyətlə və ruh yüksəkliyi ilə qarşıladı. Əgər o dövrü yada salsaq, həmin günlərdə Azərbaycan xalqı da öz milli azadlığı və müstəqilliyi uğrunda, birləşmək uğrunda mübarizə aparırdı. Ona görə də o tarixi hadisə Azərbaycanda çox böyük əks səda vermişdir.

Almaniya birləşdikdən sonra AFR-də gedən iqtisadi, ictimai-siyasi proseslər onu göstərir ki, nəhayət, bu ədalətli hadisə baş vermiş və alman xalqı birləşib müstəqil, böyük bir dövlətdə istəklərinə uyğun olaraq həyatını qurur, beynəlxalq aləmdə layiqli yer tutur və dünya proseslərinə öz təsirini göstərir. Mən alman xalqını bu beş il müddətində əldə etdiyi nailiyyətlər münasibətilə təbrik edirəm və ümidvar olduğumuzu bildirmək istəyirəm ki, Almaniya daim vahid olacaqdır. Almaniya bundan sonra dünyada sülhün bərqərar edilməsinin təminatçılarından biri olacaqdır. Avropada heç vaxt yenidən müharibə baş verməyəcəkdir və Almaniya Federativ Respublikası bunun təminatçısı olacaqdır.

Azərbaycan xalqı ilə alman xalqı arasında böyük tarixi əlaqələr var. Keçmişdə Azərbaycanda çoxlu alman yaşamışdır. Xalqımızın həyatında onların rolu olubdur. Almanların keçmişdə Azərbaycanda yaşamalarının izləri indi də durur. Bu izlər və bəzi abidələr bizim tərəfdən qorunub saxlanılır.

Yaşadığımız XX əsrdə də alman və Azərbaycan xalqları arasında iqtisadi və digər əlaqələr mövcud olubdur. Almaniyanın neft şirkətləri əsrin əvvəllərində Azərbaycanda neft hasilatında iştirak ediblər. İkinci dünya müharibəsindən sonra həm Şərqi, həm də Qərbi Almaniya ilə Azərbaycan arasında geniş iqtisadi, mədəni, elmi əlaqələr olubdur. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra birləşmiş Almaniya ilə ikitərəfli əlaqələr qurubdur. Biz bu əlaqələrin bütün sahələrdə inkişafına böyük diqqət yetiririk və əməkdaşlığımızın genişləndirilməsi üçün öz tərəfimizdən lazımi səylər göstəririk. Hesab edirəm ki, AFR ilə Azərbaycan Respublikası arasında, əlaqələrin inkişaf etdirilməsinin böyük perspektivləri vardır. İmkanlar çoxdur və biz arzu edirik ki, bu imkanlardan Almaniya Federativ Respublikasının şirkətləri, iş adamları, iqtisadi strukturları səmərəli istifadə etsinlər.

Biz bu sahədə öz tərəfimizdən lazımi səylər göstəririk. Şübhəsiz ki, ikitərəfli səylər gələcəkdə əlaqələrimizin genişlənməsinin əsasını yaradacaqdır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının düşdüyü indiki vəziyyətdə onun problemlərinin beynəlxalq aləmdə həll olunmasında ədalətli mövqe tutur. AFR-in ədalətli mövqeyi Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısının alınmasına kömək edir. Almaniyanın verdiyi bəyanatlar - Azərbaycanın dövlət müstəqilliyini dəstəkləməsi, respublikamızın ərazi bütövlüyünün təmin olunmasına dair onun mtisbət bəyanatları yə Ermənistan ilə Azərbaycan arasında hərbi münaqişənin sülh yolu ilə sona çatması üçün Minsk qrupunda, beynəlxalq təşkilatlarda Almaniya Federativ Respublikasının iştirakı bizim üçün gərəkli köməkdir. Bu barədə biz Almaniyanın dövlət və hökumət başçıları ilə, şəxsən kansler Helmut Kol və prezident Roman Hersoq ilə, habelə digər rəsmi şəxslərlə görüşlərimizdə çox səmərəli danışıqlar aparmışıq. Həmin danışıqların məzmunundan və mənasından razı olduğumu bu gün bir daha bildirmək istəyirəm.

Hesab edirəm ki, biz bazar iqtisadiyyatı yolu ilə getdiyimiz üçün və ölkəmizin iqtisadiyyatı dünyaya açıq olduğu üçün Azərbaycan Almaniyanın şirkətləri və iş adamlarının diqqətini daha çox cəlb edəcəkdır. Güman edirəm ki, yaxın vaxtlarda Almaniyadan bura iş adamları gələcəkdir və biz daha geniş iqtisadi əlaqələr quracağıq.

Almaniya 45 il parçalanmış vəziyyətdə yaşayıb. Ərazi bütövlüyünün pozulmasının, ölkənin parçalanmasının xalqlar üçün nə qədər əzab-əziyyətli olduğunu alman xalqı öz həyatında hiss edibdir. Ona görə də güman edirəm ki, Azərbaycanın parçalanmasından çəkdiyimiz əzab-əziyyətləri, ərazi bütövlüyümüzün pozulmasını, torpaqlarımızın bir qisminin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasını Almaniyada hər bir alman, öz həyatını təhlil edən insan başqalarına nisbətən daha yaxşı anlayar və daha tez dərk edə bilər. Ona görə də biz respublikamızın ərazi bütövlüyünü bərpa etmək üçün, müharibə vəziyyətindən çıxmaq üçün Almaniya Federativ Respublikasına ümidlər bəsləyirik və güman edirik ki, Almaniya beynəlxalq təşkilatlarda daim bizim haqq-ədalət işimizi müdafiə edəcəkdir.

Bu gün istər Almaniyada, istərsə də ondan kənarda yaşayan hər bir alman öz ölkəsinin, xalqının birləşməsini bayram edir və sevinc içərisindədir. Biz də bu sevinci burada sizinlə bölüşdürürük. Ümidvaram ki, vaxt gələcək, Azərbaycan xalqı da öz ərazi bütövlüyünü bərpa etməsinin sevincini hiss edəcək və alman dostları ilə birlikdə həmin sevinci bölüşəcək və bayram edəcəkdir.

Bir daha sizi, alman xalqını və Almaniyanın bütün vətəndaşlarını bu böyük bayram münasibətilə təbrik edirəm. Alman xalqına, Almaniya Federativ Respublikasına səadət və xoşbəxtlik arzu edirəm. Cənab səfir, sizin istək və arzularınızı nəzərə alaraq mən bu badəni alman xalqının, Almaniya Federativ Respublikasının şərəfinə, Almaniya və Azərbaycan xalqlarının dostluğu şərəfinə qaldırıram.