Hörmətli cənab Prezident!
Əziz dostum və qardaşım!
60 illik yubileyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Siz bütün ömrünüz boyu vətənə, xalqa sədaqətlə xidmət etmisiniz. Bu gün qardaş Türkiyənin dövlət başçısı kimi, ölkənizin çiçəklənməsi və tərəqqisi yolunda məqsədyönlü və ardıcıl səylər göstərirsiniz.
Qədim tarixi köklər ilə bir-birinə bağlı olan qardaş xalqlarımız arasında əbədi və sarsılmaz dostluğun, sıx əməkdaşlığın, ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi sahəsində xidmətləriniz böyükdür və çox dəyərlidir. Aramızda yaranmış dostluq münasibətlərini əziz tutur və yüksək qiymətləndirirəm.
Bir daha Sizi təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, dost və qardaş Türkiyənin rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti