"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasının vitse - kansleri, xarici işlər naziri Yoşka Fişeri, Bundestaqın sədr müavini Antye Follmeri və onları müşayiət edən nümayəndə heyətini qəbul edərkən söhbətindən" (Prezident sarayı, 21 may 2001) sənədinə tarixi arayış


Hələ XIX əsrin ortalarında Azərbaycan ərazisində alman mühacirlərinin koloniyaları mövcud olub. Almaniyanın "Simens" şirkəti çar Rusiyası dövründə Azərbaycanda mis çıxarılması ilə məşğul olub. Almanlar həmçinin Azərbaycanda şərabçılıq sənayesinin inkişafını təşkil ediblər.

Almaniya 12 yanvar 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb. Azərbaycanla Almaniya arasında diplomatik münasibətlər isə 1992-ci ilin 20 fevralında qurulub.

Müstəqillik dövründə Azərbaycanın dövlət rəhbərlərinin Almaniya Federativ Respublikasına, qarşı tərəfin yüksək vəzifəli şəxslərinin Azərbaycana səfərləri qarşılıqlı münasibətlərin inkişafına xidmət edib.

22 dekabr 1995-ci ildə Almaniyanın Xarici işlər naziri K.Kinkel Azərbaycanda səfərdə olub. Səfər müddətində iki dövlət arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

1-4 iyul 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev Almaniyaya rəsmi səfər edib, Prezident R.Hersoq, kansler H.Koll, xarici işlər naziri K.Kinkel, Bundestaqın sədr müavini A.Folmer və başqa dövlət nümayəndələri ilə görüşlər keçirib. "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında münasibətlərin əsasları haqqında" Birgə Bəyanat, eləcə də imzalanmış digər sazişlər ölkələr arasında əlaqələrin hüquqi-normativ bazasını genişləndirib.

(Abbas Piriyev "Siyasi Strategiya və milli təhlükəsizlik problemi" BAKI-2002)

AFR-in xarici işlər nazirləri müxtəlif vaxtlarda üç dəfə Azərbaycanda səfərdə olublar. (www.mfa.gov.az)

2001-ci ilin mayında Almaniya xarici işlər naziri Yoşka Fişerin, Bundestaqın sədr müavini Antye Follmerin Azərbaycana gəlməsi qarşılıqlı münasibətlərdə yeni mərhələ hesab olunur. Həmin rəsmi şəxsləri böyük tərkibdə nümayəndə heyəti müşayiət edib. Fişer və Follmerin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanın müxtəlif nazirlik və qurumlarındakı görüşlərində iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Səfər zamanı Almaniya Federativ Respublikasının vitse - kansleri, xarici işlər naziri Yoşka Fişer, Bundestaqın sədr müavini Antye Follmer və onları müşayiət edən nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə görüşüb. Heydər Əliyev onlarla söhbətində Azərbaycanın Almaniya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb. O, alman şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən razı qaldığını, bunun davamlı olmasını istədiyini bildirib. Azərbaycan Prezidenti AFR - in Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müvafiq fəaliyyətinə ümid etdiyini deyib:"Ümidvarıq ki, Minsk qrupunun üzvü kimi Almaniya bizim üçün əsas məsələ olan Ermənistan - Azərbaycan münaqişəsinin həlli sahəsində - Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz torpaqlarının azad olunması və işğal edilmiş torpaqlardan qaçqın düşmüş azərbaycanlıların öz yerlərinə - yurdlarına qayıtması sahəsində bundan sonra fəaliyyətini daha da artıracaqdır."

Almaniyanın xarici işlər naziri Yoşka Fişer təmsil etdiyi ölkənin Dağlıq Qarabağ məsələsində imkanları daxilində kömək göstərəcəyini vəd edib.

O, 2004-cü ilin aprelində Əfqanıstandan qayıdarkən Azərbaycanda olaraq prezident İlham Əliyev və digər hökumət nümayəndələri ilə görüşlər keçirib. Bu görüşlərdə iqtisadiyyat, siyasət, təhlükəsizlik məsələləri müzakirə mövzusu olub. Azərbaycanın Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində iştirakı şəraitində baş verən bu səfər zamanı Fişeri AFR-in keçmiş müdafiə naziri, bundestaqın beynəlxalq əlaqələr komissiyasının sədri də müşayiət edib. (www.mediapress.media-az.com)

2004 - cü ilin mayında Azərbaycanda səfərdə olan Almaniya bundestaqının nümayəndə heyətinin başçısı Yoşka Fişerin son səfərinin Azərbaycan - Almaniya əlaqələrinin genişlənməsinə sürət verdiyini bildirib. (http://www.bizimasr.media-az.com/)

24-26 avqust 2004-cü ildə Prezident İlham Əliyev Almaniya Prezidentinin dəvəti ilə Almaniyaya rəsmi səfər edib. Səfər müddətində o, Almaniya Prezidenti Horst Köler və Federal kansler Gerhard Şröderlə görüşlər keçirib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı siyasi əlaqələrin vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Federal kansler Gerhard Şröder Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü həmişə olduğu kimi, bu gün də tanıyır və dəstəkləyir. O, həmçinin qeyd edib ki, ATƏT-in fəal üzvü olan Almaniya bu münaqişənin Minsk qrupu çərçivəsində tezliklə sülh yolu ilə ədalətli həll edilməsi üçün səylərini bundan sonra da artıracaqdır. (http://www.president.az/)

22-23 sentyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri olub.

14-16 fevral 2007-ci ildə Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya növbəti dəfə rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Almaniya parlamentinin aşağı palatasının - Bundesratın sədri Harald Rinqştorffla və Almaniyanın Kansleri Angela Merkellə görüşüb. Angela Merkellə görüşdə Azərbaycan ilə Almaniya, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan əlaqələrin inkişaf perspektivlərindən, ölkəmizdə gedən iqtisadi tərəqqidən, bütün sahələrdə iqtisadi islahatların uğurla həyata keçirilməsindən və demokratik proseslərdən söhbət açılıb. Bildirilib ki, iki ölkə arasındakı münasibətlər çox yaxşı səviyyədədir və Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı vacibdir. Bu istiqamətdə Azərbaycanın gördüyü işlər təqdirəlayiqdir. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulub, qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlər barəsində də fikir mübadiləsi aparılıb. Görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Kansleri Angela Merkelin birgə mətbuat konfransı olub. (http://www.president.az/ )

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il fevralın 19-da Prezident sarayında Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayeri qəbul edib.

Almaniya Federativ Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında əldə olunmuş razılaşmaya görə, 2008-ci il Almaniyada Azərbaycan ili elan edilib. Martın 26-da Almaniyada Azərbaycan ilinin rəsmi açılışı olub. Bu məqsədlə Azərbaycan mədəniyyət və turizm nazirinin rəhbərliyi ilə 120 nəfərlik nümayəndə heyəti Almaniyaya səfər edib. Mədəniyyət tədbirləri Berlində bir həftə davam edib. İl boyu isə Almaniyanın Münhen, Hamburq, Mayns, Ştutqart və digər iri şəhərlərində Azərbaycan mədəniyyəti təbliğ olunacaqdır. (www.xalqqazeti.com)

Tarixi arayış 10 iyul 2008 - cı ildə yeniləşdirilib.