Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviközü qəbul edərkən söhbətindən - Prezident sarayı, 11 yanvar 2002-ci il


Əhməd Ünal Çeviköz: Hörmətli Cümhur başqanım, Sizə etimadnaməmi 27 noyabrda təqdim etmişəm. Artıq ay yarıma yaxınlaşıbdır. Bu müddət ərzində Azərbaycan hökumətinin hörmətli nazirləri ilə tanışlıq görüşləri keçirmişəm. Onlar Azərbaycandakı inkişafı, hazırlanmaqda olan qanunlar barədə mənə məlumat verdilər. Mən də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin irəliləməsi üçün çalışmağa hazır olduğumu, bu sahədə başda zati-aliniz olmaqla mənə dəstək veriləcəyinə əmin olduğumu söylədim. Görüşdüyüm nazirlər də mənə dəstək verəcəklərini söylədilər. Bu da məni çox məmnun etdi.

Türkiyənin böyük elçisi kimi Azərbaycanda çalışmaq çox böyük şərəfdir. Amma gördüm ki, bu, mənim üçün həqiqətən şərəflə bərabər, həm asan, həm də zövqlü bir iş olacaqdır. Belə dəstək aldığım üçün çox məmnunam.

Cənab prezident, sağ olun. Bütün bunlarda Sizin çox böyük payınız vardır.

Heydər Əliyev: Mən heç başqa cür düşünə bilməzdim. Sizə bu qədər dəstək verilməsi məni heç təəccübləndirmir. Bunlar hamısı təbiidir. Bu, Azərbaycan ilə Türkiyə arasında olan dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələridir və hər bir nazir, yaxud başqa vəzifəli şəxs - təkcə onlar yox, bizim vətəndaşlarımızın əksəriyyəti - Türkiyəyə çox böyük məhəbbətlə, sevgi ilə münasibət göstərirlər. Onların hər biri Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etməsi üçün əlindən gələni etməyə hazırdır. Ona görə mən sizinlə görüşəndə də dedim ki, heç də narahat olmayın, sizin burada işiniz çox asan, qolay olacaqdır.

Mən o vaxt da demişdim, indi də deyirəm, əgər bir çətinliyiniz olsa, mən buradayam.

Əhməd Ünal Çeviköz: Çox təşəkkür edirəm.

Hörmətli Cümhur başqanım, bilirsiniz ki, 2002-ci il yanvarın 14-ü ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının onuncu ildönümüdür. Biz bunu Türkiyə-Azərbaycan əlaqələrinə layıq şəkildə keçirmək üçün bir proqram hazırlamışıq. Azərbaycan Atatürk Mərkəzi yanvarın 14-də Milli Elmlər Akademiyasında elmi konfrans təşkil edəcəkdir. Konfransda çıxış etmək üçün Türkiyədən də məruzəçilər gələcəklər.

Bu, ortaq bir elmi konfrans olacaq və biz orada Türkiyə-Azərbaycan əlaqələrinin on ilini dəyərləndirəcək, tarixi, sosial, iqtisadi, siyasi və hərbi əlaqələr barədə müzakirələr aparacağıq. Həmin gün axşam bu yubileyi təntənəli şəkildə qeyd etmək üçün bir mərasim keçirməyi nəzərdə tutmuşuq.

Zati-aliləri, vaxt tapıb həmin tədbirdə iştirak etsəniz bizi şərəfləndirər və məmnun edərsiniz.

Heydər Əliyev: Çox məmnunam. Mən bilirəm ki, ölkələrimiz arasında diplomatik əlaqələr qurulmasının onuncu ildönümüdür. Bu, bizim üçün çox əziz bir gündür. Çünki Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkədir və Azərbaycanla diplomatik əlaqə quran ilk ölkədir. Bu, bizim üçün çox əhəmiyyətlidir. Amma digər tərəfdən də bu, Türkiyədir, başqa dövlət deyil. Ona görə sizin proqramınızdan çox məmnunam.

Çox məmnunam ki, mənim təşəbbüsümlə və sərəncamımla yaranmış Azərbaycan Atatürk Mərkəzi artıq fəaliyyət göstərir. O vaxt mənə Beynəlxalq Atatürk Sülh mükafatı veriləndən sonra düşündüm ki, bunu etmək lazımdır və buna da böyük ehtiyac varmış.

Mən çox böyük bir professoru həmin mərkəzə başqan təyin etdim. O, bizim parlamentin deputatıdır. Orada başqa adamlar da var. Onlara çox qədim, gözəl bir bina vermişəm.

Əhməd Ünval Çeviköz: Hörmətli Cümhur başqanım, biz o binanı gördük, mərkəzin rəhbəri ilə birlikdə ziyarət etdik. Binanın təmiri ilə bağlı bir layihə hazırlanıbdır. İnşallah, bu layihəni altı ay müddətində başa çatdırmaq istəyirlər.

Heydər Əliyev: Onlara büdcədən vəsait ayırdım ki, oranı tezcə təmir etsinlər. Bina çox gözəl, çox qədim, memarlıq əsəri olan bir binadır. Mən vaxtilə, keçmişdə o binada olmuşam. O neçə vaxt idi boş qalmışdı. Kimlərsə onu əlinə keçirmək istəyirdi, mən qoymurdum, deyirdim ki, bu bina dövlətə lazım olacaqdır. Sonra da lazım olduqda Atatürk Mərkəzi yaranandan sonra düşündük ki, ona hansı binanı verək. Mənə bir neçə yerin ünvanını verdilər. Amma mən dedim ki, bu binanı verməliyik. Bildirdilər ki, bu bina bir az köhnəlibdir, xarablaşıbdır. Dedim, bu çətin məsələ deyil, vəsait verəcəyik, düzəldəcəklər. Vaxtilə bu binanı çox gözəl tikiblər. Çox yaxşıdır.

Əhməd Ünal Çeviköz: Bəli, çox gözəl binadır. Hazırda oranı təmir edirlər və altı ay ərzində bitirəcəklər. Atatürk Mərkəzi yaranandan bəri ilk fəaliyyətinə bazar ertəsi günü yanvarın 14-də keçiriləcək elmi konfransla başlayacaqdır. Bu da bizə çox böyük məmnunluq və şərəf verir.

Heydər Əliyev: Çox gözəl. Çalışaram ayın 14-də axşamkı proqramınızda - hər halda mən proqramıma baxaram, - olum. Çünki bu, bizim üçün əlamətdar bir gündür.

Əhməd Ünal Çeviköz: Cənab prezident, bizə böyük şərəf vermiş olarsınız.

Heydər Əliyev: Sizdə, Ankarada, İstanbulda yenə də qar yağır?

Əhməd Ünal Çeviköz: Türkiyə çox ağır bir dövr yaşadı. İstanbul, Ankara on ildə ilk dəfədir ki, belə ağır qış yaşayır. Qar artıq əriməyə başlayıbdır, yollar açılıbdır. Azərbaycana da bir az qar yağdı, iki gün yağdı, sonra kəsdi.

Çox şükür, hər şey normal vəziyyətə düşdü. İndi yollar açılıbdır, təyyarə də işə düşübdür. Bilirsiniz ki, İstanbuldan Bakıya iki gün təyyarə gələ bilmədi. Bu məni çox üzdü, insanların gediş-gəlişini ləngitdi. Ancaq sonra insanlar Azərbaycandan Ankaraya gedə bildilər.

Bilirsiniz ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında hərbi sahədəki işbirliyi ilə bağlı anlaşmanın hazırlanması başa çatdırıldı. Anlaşmanın mətni üzərində müzakirələr aparıblar və sonra onun imzalanmasının tarixi müəyyənləşdiriləcəkdir Türkiyə, Azərbaycan və Gürcüstan arasında hərbi sahədəki işbirliyi anlaşması qaçaqmalçılığa, terrorizmə qarşı birgə mübarizə aparmaq barədə, eyni zamanda, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin mühafizəsi ilə bağlı bir sıra məsələləri özündə əks etdirir. Biz düşünürük ki, bu çox faydalı bir anlaşma olacaqdır.

Heydər Əliyev: Biz bu gün Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının onuncu ildönümünü qeyd etməyə başladıq. Bu münasibətlə Türkiyənin böyük elçisi Azərbaycan prezidenti ilə görüşür. Bu tədbir bundan sonra da davam edəcəkdir.

Əhməd Ünal Çeviköz: Çox sağ olun.

"Azərbaycan" qəzeti, 12 yanvar 2002-ci il.