Azərbaycan Prezidenti Heydər Əliyevin Ukraynanın Ali Mükafatının - Yaroslav Mudrı ordeninin təqdim edilməsi mərasimində nitqi - Kiyev, Mariya Sarayı, 24 mart 1997-ci il


Çox hörmətli Leonid Daniloviç!

Hörmətli xanımlar və cənablar!

Bu hadisə məni son dərəcə həyəcanlandırmışdır. Lakin mən ilk növbədə ona sevinirəm ki, dostum, Ukrayna prezidenti çox hörmətli Leonid Daniloviç Kuçmanın dəvəti ilə Kiyevə, Ukraynaya gəlmişəm və biz Ukrayna-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün həll edilməsi tələb olunan məsələlərin müzakirəsinə başlamışıq.

Ukraynanın Ali Ordeni - Yaroslav Mudrı ordeni ilə təltif olunmağım və Ukrayna prezidenti Leonid Daniloviç Kuçma ordeni təqdim edərək Azərbaycan Respublikasının, Azərbaycan xalqının ünvanına və mənim ünvanıma çox səmimi sözlər deməsi mənim üçün böyük şərəf və şübhəsiz ki, son dərəcə xoş hadisədir.

Leonid Daniloviç, mən Sizə minnətdaram. Mənə göstərilən bu yüksək şərəf üçün Ukrayna dövlətinə təşəkkürümü bildirirəm və Sizi əmin edirəm ki, Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərini, geniş Ukrayna-Azərbaycan əməkdaşlığını inkişaf etdirmək, möhkəmləndirmək üçün indiyə qədər olduğu kimi, bundan sonra da əlimdən gələni edəcəyəm.

Başa düşürəm ki, bu orden mənim üzərimə çox şey qoyur və qardaş Ukraynanın belə yüksək mükafatına layiq olmaq üçün səylərimi əsirgəməyəcəyəm. Son vaxtlar Ukrayna ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir və bu işdə Ukrayna prezidentinin, hörmətli Leonid Daniloviç Kuçmanın böyük xidməti var. Şübhəsiz, bu əlaqələrin inkişafı üçün mən də lazımi tədbirlər görmüşəm və görürəm və mənim bu azacıq xidmətim indi belə yüksək qiymətləndirilmişdir.

Eyni zamanda hesab edirəm ki, bu mükafatla Ukrayna xalqı və Ükrayna prezidenti müstəqil Azərbaycan Respublikasına, Azərbaycan xalqına özlərinin xoş münasibətini, dostluq hisslərini ifadə edirlər. Mən bu mükafatı Ukrayna ilə Azərbaycan arasında inkişaf etməkdə olan dostluq münasibətlərinə aid edirəm.

Açığını deyirəm, mən Azərbaycan Respublikasının prezidenti vəzifəsində ilk dəfədir ki, mükafat alıram. Öz respublikamda indiyədək heç bir mükafat almamışam. Əlbəttə, bu təbiidir, mənim fikrimcə, prezident öz respublikasının mükafatı ilə təltif edilə bilməz. Mən başqa dövlətin, dost ölkə, dost dövlət olan Ukraynanın mükafatını da ilk dəfə alıram.

Bilirsiniz, bu, çoxlu mükafatlar aldığım həyatımda və böyük tərcümeyi-hahmda yeni bir səhifədir. Lakin bu mükafatın xüsusi əhəmiyyəti, xüsusi mənası var. Birincisi, ona görə ki, görkəmli Yaroslav Mudrının adını daşıyır, ikincisi, bu, qardaş Ukraynanın mükafatıdır, üçüncüsü isə, məni bu mükafata dostum, Ukraynanın hörmətli prezidenti Leonid Daniloviç Kuçma layiq görübdür.

Mən həddən artıq həyəcanlıyam, olduqca sevinirəm və Ukrayna-Azərbaycan münasibətləri ilə bağlı olan bu son dərəcə görkəmli hadisə üçün bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətli Leonid Daniloviç, hörmətli dostlar, sizi əmin etmək istəyirəm ki, Ukrayna ilə Azərbaycan arasında əlaqələrin inkişaf etməsi və dərinləşməsi üçün, Azərbaycanın indən belə də qardaş Ukraynanın sədaqətli dostu və müttəfiqi olması üçün hər şeyi edəcəyəm.

Çox sağ olun.