Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskudero ilə görüşdə söhbətindən - Prezident sarayı, 25 sentyabr 1999-cu il


Heydər Əliyev: Sizi xoş gördük. İki-üç gün bundan öncə biz Azərbaycanda, Bakıda böyük tədbirlər keçirdik, "Əsrin müqaviləsi"nin beş illiyini qeyd etdik. Siz də bu işlərdə, mərasimlərdə fəal iştirak etdiniz. Amerika Birləşmiş Ştatlarının şirkətlərinin də çoxu iştirak edirdilər, bura gəlmişdilər. Xüsusən prezident cənab Bill Klintonun təbrik məktubu mərasimi çox zənginləşdirdi. Çünki bu məktubda sadəcə təbrik deyil, bizim əldə etdiyimiz nailiyyətlərə verilən qiymət və gələcək işlər haqqında çox dəyərli sözlər ifadə olunmuşdur. Мən buna görə bir də təşəkkür edirəm.

Cənab səfir, şəxsən siz də çox gözəl çıxış etdiniz. Amerika Birləşmiş Ştatlarının hökumətini təmsil etdiniz. Bizim ölkəmizdə bu mərasim çox böyük maraq doğurmuşdur və çox ruh yüksəkliyi əmələ gətirmişdir. Şübhəsiz ki, bizim vətəndaşlarımızın əksəriyyəti beş il bundan öncə imzalanmış müqavilənin əhəmiyyətini bilirlər və bu beş il müddətində əldə olunan nailiyyətləri də bilirlər. Ancaq sentyabrın 20-də biz bu beş il müddətində əldə olunan nailiyyətlər haqqında ümumi sözlərlə yox, konkret faktlarla, konkret rəqəmlərlə, konkret göstəricilərlə bir daha vətəndaşlarımıza bildirdik ki, "Əsrin müqaviləsi" nədən ibarətdir, Azərbaycana nə kimi faydalar - həm siyasi, həm iqtisadi, həm də sosial faydalar veribdir və gələcəkdə Azərbaycan xalqı bu müqavilədən nə gözləyir. Bizim əsas məqsədimiz bu idi və hesab edirəm ki, biz buna nail olduq. Мən sizə öz təəssüratlarım haqqında sözlərimi dedim. Buyurun.

Stenli Eskudero:  Cənab prezident, yəqin ki, Siz təəccüblənməzsiniz - mən Sizin dediklərinizlə tam razıyam. Prezident Klintonun məktubunu izah etməyiniz, əlbəttə, çox düzgün, doğru izahdır. Bu isə о deməkdir ki, biz Azərbaycanı əvvəllər də dəstəkləmişik, indi də dəstəkləyirik və gələcəkdə də Azərbaycanın həm ərazi bütövlüyünü, həm də iqtisadi inkişafını dəstəkləyəcəyik.

Bu mənada, сənаb prezident, Siz gələcək haqqında danışarkən, əlbəttə, neft müqavilələrinin adlarını inamla çəkə bilərsiniz. Bu sözləri yalnız neft sahəsinə deyil, eyni zamanda qaz sahəsinə aid etmək istəyirəm. Bu yaxınlarda "Şahdəniz" yatağından səmt qazının tapılması о deməkdir ki, burada yeni müqavilələrin imzalanması gözlənilir. Bunu hələ praktik iş təsdiq etməsə də, seysmik məlumatlar təsdiq edir ki, burada böyük, hətta deyərdim ki, nəhəng qaz ehtiyatı, təbii ehtiyatlar vardır. Bu о deməkdir ki, ümumiyyətlə, Azərbaycan bu strukturları inkişaf etdirməlidir. Bunları inkişaf etdirmək üçün buraya şirkətlər dəvət ediləcək, bu işə cəlb olunacaqdır. Daha sonra layihəni həyata keçirməkdən ötrü qurğular lazım olacaq, qazın ixracı üçün kəmərlər tikilməsi gərək olacaqdır. Bu baxımdan Azərbaycan əvvəlcədən gələcəyi təmin olunmuş və qibtə ediləsi bir vəziyyətdədir.

Cənab prezident, bunların hamısı "Əsrin müqaviləsi"nin imzalanmasından başlandı. Bu, daha sonra güclü, nəhəng milli struktur adlandırılacaq böyük divarın ilk kərpici idi. Elə bilirəm ki, bu cür atalar sözləri Mərkəzi Asiya ölkələrində vardır. Мənсə, Qafqazda da belə bir atalar sözü var ki, "əgər böyük divar tikmək istəyirsənsə, birinci kərpicini düzgün qoy".

Heydər Əliyev:  Doğrudur, belə atalar sözü var.

Stenli Eskudero: Cənab prezident, deməliyəm ki, "Əsrin müqaviləsi"nin təməl daşı Sizin təşəbbüsünüzlə qoyularkən və Sizin göstərişlərinizlə Azərbaycan Dövlət Neft Şirkəti təməl daşını qoyarkən bu, düzgün qoyulmuşdur.

Mən avqust ayında və sentyabrın əvvəlində ABŞ-da olarkən bütün ölkə boyu səfərlərimdə Azərbaycanın xeyrinə çıxışlar etdim və gördüm ki, həqiqətən, biznes dairələrinin Azərbaycana gəlmək arzusu çox böyükdür. Həm Vaşinqtonda, həm Floridada, həm Hyustonda, Texas ştatında, həm də Alyaskada biznesmenlər Azərbaycana böyük maraq göstərirlər. Diqqətinizə xüsusi çatdırmaq istəyirəm ki, Alyaskada biznesmenlər, xüsusilə neft sahəsi ilə məşğul olanlar çox istəyirlər ki, noyabr ayında Bakıya gəlsinlər. Onlar ticarət nümayəndə heyətinin tərkibində Azərbaycana, Bakıya gəlib burada lazımi danışıqlar aparmaq və şəraiti yerində görmək istəyirlər. Amerika biznesmenləri daim buraya gəlməkdədirlər.

Heydər Əliyev:  Bu, çox yaxşı haldır. Biz bunu istəyirik.

Stenli Eskudero: Cənab prezident, Sizə onu da deməliyəm ki, biz - Amerika Birləşmiş Ştatları, eləcə də Minsk qrupunun digər üzvləri çox şadıq və çox sevinirik ki, Siz belə bir təşəbbüs irəli sürmüsünüz. İkitərəfli danışıqlar yalnız prezidentlər səviyyəsində deyil, bütün mümkün müxtəlif səviyyələrdə davam etdiriləcəkdir. Bu vasitə ilə Dağlıq Qarabağ məsələsinə, ümumiyyətlə, regiona sülh gətirmək məsələsinə yollar açılması gözlənilir. Eyni zamanda aydındır ki, bu narahat problemi həll etməkdən ötrü yalnız bu ölkələrin liderləri, yəni prezidentlər öz aralarında razılığa gələ bilərlər. Yalnız Siz Azərbaycana sülh gətirə bilərsiniz. Minsk qrupunda bizim rolumuz ondan ibarətdir ki, bu məsələnin həllini daha hamar edək, sürətləndirək. Elə bilirəm ki, çox keçməz, yaxın gələcəkdə Siz bizim tərəfimizdən bu sahəyə yönəlmiş fəaliyyətləri görərsiniz.

Cənab prezident, bilirsiniz ki, sentyabr ayının 29-da xanım Olbrayt hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Vaşinqtonda belə bir görüş keçirməyi planlaşdırır. Cənab prezident, deməliyəm ki, elə gecə vaxtı mən xanım Olbraytdan çox təcili teleqram aldım. O, həmin teleqramda sentyabrın 29-dan əvvəl nə edilə bilərsə, fikirlərini Sizinlə bölüşür və ümid edir ki, Siz bunların hamısını nəzərə alacaqsınız. Bəlkə də artıq bu mesajı oxumusunuz. Belə ki, dünən bu xəbəri Vaşinqtonda səfir Paşayevə ötürmüşük. Eyni zamanda xanım Olbraytın Sizə hörmətinin və valeh olmasının bir əlaməti kimi, istərdim bu şəkli Sizə təqdim edim. Bu, Dağlıq Qarabağ məsələsinin həllinə, enerji ehtiyatlarının inkişaf etdirilməsinə yönəlmiş səylərinizə onun hörmətidir və Bakı-Ceyhan kəmərinin tikilməsinə olan dəstəyinizin ifadəsidir.

Səfir ABŞ-ın dövlət katibinin məktubunu və xanım Olbraytın prezident Heydər Əliyevlə birlikdə çəkdirdiyi fotoşəkli dövlətimizin başçısına təqdim etdi.

Heydər Əliyev: Çox gözəl şəkildir. Мən çox məmnunam ki, bunun altında xanım Olbraytın özünün dəst-xətti ilə yazılar vardır. Xanım Olbrayt çox gözəl görünür. Amma Azərbaycan prezidenti də pis deyil. Bu diqqətə və şəklə görə təşəkkür edirəm.

Həqiqətən, aprel ayında mənim Vaşinqtonda həm NATO-nun 50 illik yubiley mərasimlərində iştirakını, həm də keçirdiyim çoxsaylı görüşlər, о cümlədən xanım Olbraytla görüşüm çox əhəmiyyətlidir və demək olar ki, Dağlıq Qarabağ məsələsinin həll olunmasına, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsinə yeni bir təkan verdi.

Мən bu məktuba görə təşəkkür edirəm. Мən artıq bu məktubun məzmunu ilə bu gün tanışam. Siz dediyiniz kimi, məktubun məzmununu bizim səfir Paşayevə vermisiniz və о da bizə çatdırıbdır. Mən səhər bunu almışam və tanış olmuşam. Ona görə məktub haqqında söhbət apara bilərik.

Мən hesab edirəm ki, dövlət katibi xanım Olbraytın buradakı fikirləri çox əhəmiyyətlidir və irəli sürdüyü təkliflər də çox əhəmiyyətlidir. Bu, onu nümayiş etdirir ki, Amerika Birləşmiş Ştatlarının hökuməti Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələsinə daha da çox əhəmiyyət verir və bu prosesə daha da ciddi girişir. Bir daha qeyd etmək istəyirəm, bunun əsasını aprel ayında Vaşinqtondakı bizim görüşlər təşkil edir.

Xanım Olbraytın təklifi ilə və onun səyləri nəticəsində Vaşinqtonda mənim, Azərbaycan prezidentinin Ermənistan prezidenti Koçaryanla görüşü də bu məsələnin həll olunmasında yeni bir mərhələdir. Bilirsiniz ki, ondan sonra qısa bir zamanda biz - prezident Koçaryan və mən üç dəfə təkbətək görüş keçirmişik: iki dəfə Cenevrədə, bir dəfə də Yaltada. Мən hesab edirəm, bu görüşlər çox məhsuldar olubdur. Şübhəsiz ki, danışıqlar asan getmir, çətin gedir. Çünki 12 il bundan öncə başlanmış və çox böyük faciələrə gətirmiş münaqişənin indi həll olunması ilə əlaqədar, bir-biri ilə müharibə aparmış iki dövlətin başçılarının görüşləri asan keçə bilməz. Ancaq mən deyə bilərəm ki, bu görüşlər ilk dəfə bəlkə müəyyən bir tərəqqi əldə etməyə ümid yaradıbdır.

Təbiidir, bizim danışıqlarımızın məzmunu hələ məxfi xarakter daşıyır. Biz əvvəldən belə razılığa gəlmişik. Çünki bu, çox ciddi bir prosesdir. Təbiidir ki, əgər biz son nəticəyə gələ bilsək, bunlar heç kəsdən gizlədilməyəcəkdir. Çünki bunları biz bəyan etməliyik və onların əsasında işlər görülməlidir. Sadəcə, mən onu bildirmişəm ki, kompromislərə getmək lazımdır. Əgər qarşılıqlı kompromislər olmasa heç bir nəticə əldə edilməyəcəkdir.

Prezident Koçaryan da belə fikirdədir. О da belə bəyanatlar veribdir. Hesab edirəm ki, bizim bu görüşlər bundan sonra davam etdiriləcəkdir. Eyni zamanda, biz son dəfə Cenevrədə görüşdüyümüz zaman belə razılığa gəldik ki, Yaltada bizim görüşümüzdən öncə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşsünlər. Belə görüş keçirilmişdir. Onların nəticəsi haqqında xarici işlər nazirləri bizə məlumat vermişlər.

Bundan sonra biz, prezidentlər görüşdük və danışıqlar apardıq. О vaxt biz, prezidentlər danışıq apararkən belə fikrə, belə razılığa gəldik ki, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində olduqları zaman Ermənistanın xarici işlər naziri və Azərbaycanın xarici işlər naziri bu görüşü davam etdirsinlər.

Mən çox məmnunam ki, bu prosesə Amerika Birləşmiş Ştatlarının hökuməti və Dövlət Departamenti də qoşulubdur. Bu, məni sevindirir. Çünki bu, danışıqlar prosesinin daha da uğurlu keçməsinə kömək edə bilər.

Məktubdakı bir çox fikirlər mənim tərəfimdən müsbət qiymətləndirilir. Мən də belə fikirdəyəm ki, biz çalışmalıyıq ki, noyabr ayının 18-19-da İstanbulda keçiriləcək ATƏT-in zirvə görüşünə yeni nəticə ilə gələ bilək. Ona görə də Amerika Birləşmiş Ştatlarının bu barədə öz xidmətlərini təqdim etməsi və prosesdə iştirak etməsi və əgər biz hansısa razılığa gələriksə, bunun üçün həm beynəlxalq aləmdə, həm də Azərbaycanda və Ermənistanda lazımi mühitin yaranmasında bizə kömək etməsi haqqında xanım Olbraytın məktubundakı fikirlər çox əhəmiyyətlidir.

Bilirsiniz ki, ATƏT-in sədri, Norveçin xarici işlər naziri bu yaxınlarda həm Ermənistanda, həm də Azərbaycanda olmuşdur. Мən onunla bu barədə çox ətraflı danışdım. ATƏT-i və onun Minsk qrupunu ciddi tənqid etdim.

Xatirinizdədir, ondan öncə - sentyabr ayının əvvəlində Amerika Birləşmiş Ştatları prezidentinin Dağlıq Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsi sizinlə bərabər görüşə gəlmişdi. О görüş zamanı da mən ATƏT-in Minsk qrupunu çox ciddi tənqid etdim və bəyan etdim ki, biz yeni təkliflər gözləyirik.

Sentyabrın əvvəlində Rusiyanın xarici işlər naziri Azərbaycana gəlmişdi. Onunla görüşümüzdə də bu məsələni çox geniş müzakirə etdik və onlardan da, yəni Minsk qrupunun həmsədrlərindən biri kimi, Rusiyadan çox böyük narazılığımız olduğunu ona bildirdim. Bir də qeyd edirəm ki, son bir ildə ATƏT-in Minsk qrupu dcmək olar, fəaliyyətsizdir. Bunu onunla izah etməyə çalışırlar ki, guya Ermənistan və Azərbaycan prezidentləri birbaşa görüşdüklərinə görə bu qrup öz fəaliyyətini dayandırıb və gözləyirlər ki, bu görüşlərin nəticəsi nə olacaqdır.

Мən bu gün də belə fikirdəyəm ki, biz bir neçə istiqamətdə fəaliyyət göstərməliyik. Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri Minsk qrupunun fəaliyyətini dayandırmamalıdır. Əksinə, hesab edirəm ki, bu görüşlər də olmalıdır, Minsk qrupu da öz fəaliyyətini davam etdirməlidir və biz başqa vasitələrdən də istifadə etməliyik. Мən ATƏT-in sədrindən xahiş etdim ki, Minsk qrupu tezliklə öz yeni təkliflərini versin. Biz bu təklifləri gözləyirik. Bu baxımdan - yəni о mənada ki, biz bütün vasitələrdən istifadə etməliyik, bir çox istiqamətlərdə fəaliyyət göstərməliyik, - bu baxımdan xanım Olbraytın təşəbbüsü, Nyu-Yorkda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirmək istəməsi və bununla əlaqədar mənə göndərdiyi məktubda şərh etdiyi fikirlər, hesab edirəm ki, çox əhəmiyyətlidir. Ona görə də mən bu gün yola düşmüş Azərbaycanın xarici işlər naziri Zülfüqarova lazımi göstərişlər vermişəm və o, bu məktubun məzmununu da bilir.

Hesab edirəm ki, orada, Amerika Birləşmiş Ştatlarında Azərbaycan çalışacaq ki, xanım Olbraytla çox səmərəli əməkdaşlıq etsin. Təşəkkür edirəm.

Stenli Eskudero: Cənab prezident, Siz də sağ olun. Çox şadam və məmnunam ki, Siz məktubun məzmunu ilə nazir Zülfüqarovu da tanış etmisiniz. Elə bilirəm ki, bu, Vaşinqtonda görüşün uğurla keçməsinə öz töhfəsini verəcəkdir.

Çox sağ olun, cənab prezident.

Heydər Əliyev: Sözümün axırında bir də bildirmək istəyirəm, - xahiş edirəm, hörmətli xanım Olbrayta çatdırasınız ki, biz məsələnin sülh yolu ilə həll olunması üçün indi daha da sürətli tədbirlər həyata keçirmək əzmindəyik.

Doğrudur, Ermənistan prezidenti Robert Koçaryanla mənim son görüşlərim Azərbaycanda bəzi təbəqələrdə birmənalı qəbul edilməyibdir. Bəziləri isə buna çox kəskin etirazla çıxış edirlər. Bəzi müxalifət qüvvələri isə artıq məsələnin həll edilməsinin mümkün olduğunu hiss edərək, sadəcə, aranı qarışdırmaq istəyirlər, Qarabağın azad olunması haqqında yürüşlər təşkil etmək istəyirlər, mitinq keçirmək istəyirlər. Halbuki onlara aydındır ki, Azərbaycanın dövləti, hökuməti və şəxsən prezident bu məsələlərlə demək olar ki, hər gün məşğul olur.

Hesab edirəm ki, biz indiyə qədər həm Minsk qrupunun böyük köməyi ilə, həm də Minsk qrupu həmsədrlərinin köməyi ilə, о cümlədən xüsusən Amerika Birləşmiş Ştatlarının köməyi ilə xeyli iş görmüşük. Doğrudur, məsələ indiyə qədər həll olunmaybdır. Bunun da səbəbləri vardır. Ancaq məsələnin həll edilməsi üçün çox işlər görülüb və biz mərhələyə xeyli yaxınlaşmışıq. Bizim bu tədbirlərimizin əleyhinə çıxan, yaxud da mitinqlər, nə bilim, yüruşlər keçirmək istəyən adamlar, sadəcə, hiss edirlər ki, biz məsələni həll edə bilərik. Onlar buna mane olmağa çalışırlar. Onlar da bilməlidir, hamı da bilməlidir ki, Azərbaycanın həyatı üçün ən vacib, ən əsas səbəb olan Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi dövlətin üzərinə düşübdür və buna dövlət məsuliyyət daşıyır. Heç bir siyasi partiya, yaxud ictimai təşkilat, yaxud da ki, hansısa bir qrup bu məsələnin həll edilməsində heç bir məsuliyyət daşımır. Biz məsuliyyəti öz üzərimizə götürmüşük və bu məsuliyyəti dərk edirik. Bu məsuliyyəti dərk edərək də məsələni həll etməyə çalışırıq.

Mən dəfələrlə bəyan etmişəm və bu gün də bildirmək istəyirəm ki, əgər kimsə bizim bu gördüyümüz işlərdən əlavə görülə biləcək işlər haqqında konkret təkliflər irəli sürə bilərsə, biz onu məmnuniyyətlə qəbul edərik və həmin adamlarla, yaxud qüvvələrlə məmnuniyyətlə əməkdaşlıq edərik. Amma cürbəcür qəzet məqalələrində, yaxud da küçələrdə, başqa yerlərdə heç bir məzmunu, mənası olmayan sözlərlə özlərini Qarabağ məsələsinin həll olunmasına daha da maraqlı hesab edənlər, heç bir təklifi, heç bir fikri olmayan adamlar, sadəcə, bizim işimizə mane olmaq istəyirlər. Şübhəsiz ki, biz bunlara yol verməyəcəyik. Ancaq biz hər bir dəyərli, səmərəli təklifi qəbul etməyə hazırıq.

Milli Məclisin payız sessiyasında - oktyabrın 1-dən sessiya işə başlayır, - xarici işlər naziri Amerika Birləşmiş Ştatlarından geri dönəndən sonra görülən işlər haqqında Milli Məclis üçün geniş məlumatla çıxış edəcəkdir. Milli Məclisin üzvləri həm bilmədikləri şeyləri araşdıra bilərlər, həm də öz təkliflərini verə bilərlər. Eyni zamanda, kim istəyirsə, - fərqi yoxdur ki, o, Milli Məclisin üzvüdür, ya üzvü deyil, - əgər prezidentə göndərmək istəmirlərsə Milli Məclisə, prezidentə bu barədə öz təkliflərini göndərə bilərlər. Əgər bu təkliflərin içərisində bizim üçün faydalı bir faiz də bir şey olsa, mən buna sevinəcəyəm.

Bu mənada xanım Olbraytın məktubunda bir fikir məni çox sevindirdi. Xanım Olbrayt yazır ki, əgər bu proses inkişaf edərsə və münaqişənin həll olunması məsələsində həlledilmə prosesi reallaşarsa, onda Amerika Birləşmiş Ştatları həm Azərbaycanda, Ermənistanda bunun üçün lazımi mühit yaranmasına öz səylərini göstərəcək, həm də beynəlxalq aləmdə öz səylərini göstərəcəkdir. Bu fikirlər, bu təkliflər bizim üçün çox əhəmiyyətlidir, vacibdir. Əvvəlcədən deyə bilərəm ki, bizim buna ehtiyacımız var və bu, bizə lazım olacaqdır. Çünki 12 il davam edən münaqişənin həll olunma prosesi heç də asan keçməyəcəkdir. Müxtəlif xarici və daxili qüvvələr Azərbaycanı daim belə vəziyyətdə qoymaq üçün, Ermənistanla Azərbaycan arasında sülh yaranmasına mane olmaq üçün, şübhəsiz ki, öz imkanlarından çox güclü istifadə edəcəklər. Ona görə də biz bu sahədə çox sıx əməkdaşlıq edəcəyik.

Məktuba görə bir daha təşəkkür edirəm. Hesab edirəm ki, bizim əməkdaşlığımız indi sürətlənibdir.

Stenli Eskudero: Cənab prezident, həqiqətən belədir. Elə bilirəm ki, məktub da bunu təsdiqləyir. Sağ olun.

Heуdər Əliуеv: Sağ olun.