Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Belçika Krallığının Baş naziri Jan Lük Dean ilə təkbətək görüşdəki söhbətindən - Prezident sarayı, 13 aprel 1998-ci il


Hörmətli Baş nazir!

Sizi səmimiyyətlə salamlayıram. Hesab edirəm ki, bizim bu görüşümüz Azərbaycan ilə Belçika arasında qarşılıqlı surətdə faydalı əlaqələrin daha da sıxlaşdırılmasında hər iki tərəf üçün çox faydalı olacaqdır.

Cənab Jan Lük Dean! ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı ilin dekabrında Lissabonda, NATO-nun və Avropa-Atlantika Əməkdaşlıq Şurasının 1997-ci ilin iyulunda Madriddə, Avropa Şurasının 1997-ci ilin oktyabrında Strasburqda keçirilmiş zirvə toplantılarında görüşlərimizi və danışıqlarımızı məmnunluqla xatırlayıram.

Ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığının hazırkı vəziyyətindən razı qaldığımı bildirirəm. Gənc müstəqil respublikamızda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlərin, islahatların müvəffəqiyyətlə aparılması nəticəsində böyük uğurlar əldə olunmuşdur. Öz iqtisadiyyatının dünya iqtisadiyyatı ilə daha sıx bağlanmasına çalışan Azərbaycan xarici ölkələrlə əlaqələrinin möhkəmlənməsinə xüsusi diqqət yetirir. Ancaq qarşımızda duran ən əsas vəzifə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş 20 faiz torpaqlarımızı azad etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, yerindən-yurdundan zorla qovularaq çadırlarda ağır vəziyyətdə yaşayan bir milyondan çox vətəndaşımızı öz yerlərinə qaytarmaqdır. Biz bu münaqişənin ATƏT-in Lissabon zirvə görüşündə qəbul edilmiş prinsiplər əsasında sülh yolu ilə aradan qaldırılmasına tərəfdarıq. Minsk qrupu həmsədrlərinin - Rusiyanın, ABŞ-ın, Fransanın irəli sürdükləri son təkliflə Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə iki mərhələdə həll etməkdən ibarətdir. Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik yaranmışdır, 1995-ci ildə demokratik Konstitusiya qəbul olunmuşdur, çoxpartiyalı sistem əsasında demokratik parlament seçilmiş, bazar münasibətləri yolunu seçmiş, özəlləşdirmə proqramını müvəffəqiyyətlə həyata keçirən Azərbaycanın iqtisadiyyatında qısa vaxtda böyük dönüş əldə edilmiş, torpaqlar şəxsi mülkiyyətə verilmiş, xarici sərmayələrin ölkəmizə böyük axını başlanmışdır. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi sahəsində tarixi müqavilələr imzalanmışdır.

"Lənkəran-dəniz", "Talış-dəniz" yataqlarının istismarında Belçikanın "Petrofina" şirkətinin böyük paya malik olmasının ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsində xüsusi əhəmiyyət daşıdığını bildirmək istəyirəm. Qədim "İpək yolu"nun bərpasına, Avropa-Asiya dəhlizinin daha səmərəli işləməsinə Azərbaycan böyük əhəmiyyət verir. Avropa Birliyinin TRASEKA proqramının həyata keçirilməsində respublikamız yaxından iştirak edir. Azərbaycanda demokratiya durmadan inkişaf edir, siyasi partiyaların fəaliyyətinə və fikir plüralizminə geniş meydan açılır. Biz bu prinsiplərin daha da möhkəmləndirilməsinə daim xüsusi diqqət yetiririk. Asiya və Avropanın qovşağında yerləşən müstəqil respublikamız Avropa təşkilatları ilə münasibətlərinin daha da canlandırılmasında və bu qitələrin ölkələrinin qarşılıqlı surətdə faydalı əlaqələrinin möhkəmləndirilməsində bundan sonra da həlledici rol oynamaq fikrindədir və buna böyük əhəmiyyət verəcəkdir.

Belçika şirkətlərinin respublikamıza marağını yüksək qiymətləndirirəm, ölkələrimizin əməkdaşlığının durmadan inkişaf etdirilməsinə Azərbaycanın da maraq göstərdiyini bir daha nəzərə çarpdırıram. Bir sıra sahələrdə əlaqələrin genişləndirilməsi üçün Azərbaycan və Belçika hökumətləri arasında bu gün imzalanacaq sənədlərin də böyük əhəmiyyət daşıdığını vurğulayır və əmin olduğumu bildirirəm ki, bu sazişlər dövlətlərimizin münasibətlərinin möhkəmləndirilməsində mühüm yer tutacaqdır.