Aparıcı neft şirkətlərinin və korporasiyalarının nümayəndələri ilə görüşdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin çıxışı - 17 avqust 1993-cü il


Hörmətli qonaqlar! Hörmətli neftçilər, alimlər və mətbuat işçiləri! Hamınızı səmimi-qəlbdən salamlayır və bu gün başladığınız böyük və çox mühüm əhəmiyyət kəsb edən işinizdə sizə uğurlar arzulayıram. Bugünkü toplantı müstəqil Azərbaycan Respublikasının neft yataqlarının bundan sonra istifadə olunması problemləri ilə əlaqədardır. Bildiyiniz kimi, Azərbaycan qədim neft diyarıdır və Bakıda neft çıxarılmasına hələ ötən əsrdən başlanmışdır. Tarixə nəzər salsaq böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan dünyada ilk dəfə neft hasil edən və dünyanın bir çox ölkələrinə neft məhsulları göndərən bir ölkə olmuşdur. İcazə verin, qısa da olsa, neft sənayesinin inkişaf mərhələləri haqqında bir neçə kəlmə söyləyim.

Azərbaycanda neft çıxarılmasına və emal olunmasına başlanan kimi Bakı dünyanın inkişaf etmiş ölkələrinin saysız-hesabsız neft şirkətlərinin diqqətini cəlb etmişdir. Məlumdur ki, Azərbaycanda neft çıxarılması, onun emalı ilk dövrdən həm Azərbaycanın iş adamlarının, həm də xarici şirkətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Bu dövrdə Bakı dünyada bir neft məkanı kimi şöhrət tapmışdı. Sonrakı dövrü götürsək, 1920-ci ildən sonra Azərbaycan nefti keçmiş sovetlər ölkəsinin inkişafında müstəsna rol oynamışdır. O dövrün nailiyyətləri də, çatışmazlıqları da sizin hamınıza yaxşı məlumdur. Biz indi Azərbaycanın neft sərvətlərindən istifadə olunmasının, necə deyərlər, üçüncü mərhələsinə keçmişik.

Əgər 1920-ci ilə qədərki dövrə nəzər salsaq, görərik ki, Azərbaycan nefti xarici ölkələrin iri şirkətləri tərəfindən istismar olunaraq daşınıb və xalq neftdən çox az mənfəət götürüb.

Əgər son 70 ildəki dövr haqqında danışsaq, yenə də fikirlər müxtəlifdir. Azərbaycanın neft sərvətləri bütün Sovet İttifaqını təmin edir və eyni zamanda, Azərbaycan Respublikasına, Azərbaycan xalqına böyük mənfəət gətirirdi. Burada həqiqət var və mənə elə gəlir ki, bunu inkar etməyə və bu barədə əsassız fikirlər söyləməyə lüzum yoxdur. Tarix hər şeyi öz yerinə qoyacaqdır. Ancaq məlumdur ki, bu dövrdə Azərbaycan keçmiş Sovet İttifaqında, bütün dünyada neft akademiyası kimi məşhur idi, Azərbaycanda dünya şöhrətli neftçilər - istehsalatçılar, neft ustaları, neft və geologiya sahəsində çalışan alimlər yetişmişlər. Onlar keçmiş Sovet İttifaqının digər regionlarında da fəaliyyət göstərərək neft yataqlarının kəşfiyyatında, istismarında və hasilatının təşkilində mühüm rol oynamışlar. Biz həmin illərdə daim böyük iftixar hissi ilə qeyd etmişik ki, Azərbaycanın neftçiləri - həm alimləri, həm də neft sənayesində çalışanlar böyük sovetlər ölkəsinin hər yerində fəaliyyət göstəriblər və öz təcrübələrini, bilik və bacarıqlarını yeni-yeni neft yataqlarının aşkara çıxarılmasına sərf ediblər və bununla da, Azərbaycan neftçilərinin şan-şöhrətini aləmə yayıblar.

Bütün dünyaya məlumdur ki, ilk dəfə dənizdə qara qızıl çıxarılması Azərbaycan neftçilərinin fəaliyyəti nəticəsində həyata keçmişdir. 1949-cu ildə Neft daşlarında ilk quyunun fontanından sonra dənizdə neft çıxarılması təcrübəsindən bütün dünya istifadə etmişdir. Bu sahədə Azərbaycan neftçilərinin xarici ölkələrdə fəaliyyəti tarixdən heç vaxt silinməyəcəkdir.

Sirr deyildir ki, Sovet İttifaqı 1920-1940-cı illərdə yeni bir dövlət kimi öz sənayesini məhz Azərbaycan, Bakı neftinin sayəsində inkişaf etdirə bilib. İkinci dünya müharibəsində Sovet İttifaqının döyüş qüdrətini təmin etmək üçün neft və neft məhsulları strateji rol oynayırdı və o vaxt ölkənin bu məhsullara olan ehtiyacının 75 faizdən çoxunu Bakı verirdi.

Bütün bunlar tarixi həqiqətdir. Ancaq illər ötdükcə tarixi daha düzgün anlayır, ona daha real qiymət veririk. Bir daha təkrar edirəm, əgər 1920-ci ilə qədərki dövrü biz xarici ölkələrin Azərbaycan neftini istismar etdiyi bir dövr kimi qəbul etmişiksə, əgər son 70 illik dövrü yaxın illərin mətbuatında belə qələmə verməyə çalışıblar ki, guya bu dövrdə Azərbaycan nefti vəhşicəsinə talan olunub, Azərbaycan xalqına, dövlətinə heç nə çatmayıbsa, indi biz yeni mərhələdəyik. Bu tarixi dövrlərə düzgün qiymət verərək lazımi nəticə çıxarmalı, ibrət dərsi alaraq işi düzgün təşkil etməliyik.

Mən bu sözlərlə heç də indi Azərbaycanda neft çıxarılmasının, bu sahədə elmi tədqiqatların inkişafına təsir göstərmək fikrində deyiləm. Mən, sadəcə olaraq, bir neçə məqamları yada salıram və məqsədim ondan ibarətdir ki, bu gündən işimizi daha da səmərəli quraq.

Bir həqiqət də ondan ibarətdir ki, son dövrdə, xüsusən 60-70-ci illərdə Azərbaycanın neft sənayesinin potensialı çox güclü inkişaf etmişdir. Neft sənayesi indi iri həcmli əsas fondlara malikdir, alimlərimiz, geoloqlarımız, neftçilərimiz quruda və dənizdə yeni-yeni zəngin neft yataqları aşkar ediblər. Bu sərvətlərdən istifadə olunması, şübhəsiz ki, birinci növbədə, Azərbaycan xalqının, müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafını təmin etmək üçün çox mühüm amildir.

Neft yataqları torpağın təkində olan zəngin sərvətlərdəndir. Azərbaycanın neft yataqları, dediyim kimi, bir əsrdən çoxdur ki, istifadə olunur, dünyanın bir çox ölkələrinə göndərilir. Ancaq yerin təkində neft sərvətləri hələ çoxdur və ondan səmərəli istifadə olunması indiki və gələcək nəsillərin müqəddəs borcudur. Neft sərvətimiz, ilk növbədə, müstəqil Azərbaycan Respublikasının inkişafı, xalqının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, vətəndaşların maddi rifahının yüksəldilməsi üçün istifadə olunmalıdır. Məhz buna görə də bugünkü toplantıda mən bu sözləri deməyi özümə borc bilirəm. Biz əgər bu gün bir sıra xarici ölkələrin şirkətləri ilə yeni əlaqələr qurub respublikanın neft yataqlarından daha səmərəli istifadə olunması mərhələsinə qədəm qoyuruqsa, deməli, hər addımımızı ölçüb-biçməliyik. Allahın, taleyin xalqa bəxş etdiyi bu zənginlikdən ağılla, düşüncə ilə istifadə olunmalıdır.

Şübhəsiz ki, neft yataqlarının istismarında iqtisadi marağı olan xarici ölkə şirkətlərinin mənafeyi təmin edilməlidir. Mən açıq deyirəm, Azərbaycan dövlətinin bu sahədə mövqeyi tam aydın, mənfəətlər isə qarşılıqlı olmalıdır. İlk növbədə, dövlətin, xalqın mənafeyinə üstünlük verilməlidir, eyni zamanda, xarici şirkətlərin iqtisadi mənafeyi ödənilməli və bu işlər qarşılıqlı fayda, qarşılıqlı anlaşma zəminində təşkil olunmalıdır.

Son illərdə Azərbaycanda baş verən proseslərdə, mətbuat səhifələrində, ayrı-ayrı ictimai-siyasi xadimlərin çıxışlarında belə fikirlər söylənilib ki, əsrlər boyu Azərbaycanın sərvətləri yabançı dövlətlər tərəfindən vəhşicəsinə, insafsızcasına dağıdılıb. Yəqin ki, belə hallar olub və bundan sonra biz buna yol verə bilmərik. Təəssüf ki, son dövrdə Azərbaycanın neft sənayesi səriştəsiz rəhbərlərin əlinə keçib və bu işlərdə dərin məsuliyyət duya bilməyən həmin adamların fəaliyyəti nəticəsində bəzi müqavilələrin hazırlanmasında səhvlərə yol verilib.

Məhz buna görə də biz iyun ayının 24-də xarici şirkətlərlə demək olar ki, bağlanmaq ərəfəsində olan müqavilələrin müvəqqəti olaraq dayandırılması qərarını qəbul etdik. Bu heç də o demək deyil ki, biz bu məsələləri daha dərindən araşdırmaq istəyirik. Təkrar edirəm, Azərbaycanın ən böyük sərvəti olan neft yataqlarının bundan sonra xalqın inkişafı naminə istifadə olunmasının daha səmərəli təşkilinə çalışırıq. Başqa heç bir məqsədimiz yoxdur və ola bilməz. Ona görə də 24 iyun tarixli qərarımızdan sonra xarici mətbuatda cürbəcür yazılar və ayrı-ayrı şirkətlər tərəfindən narazılıqlar bizim üçün anlaşılmaz oldu. Çalışdıq ki, onların hamısına izahat verək və belə güman edirik ki, anlaşılmazlığı aradan qaldıra bildik.

İndi biz bu məsələnin yeni mərhələsini başlayırıq. Qarşımızda mühüm məsələlər durur. Təəssüf ki, neft və qaz hasilatı son illər kəskin surətdə azalıb. Bunun müəyyən obyektiv səbəbləri var. Ancaq əsas səbəb işin yarıtmaz təşkili, neft sənayesinə lazımi diqqət verilməməsi, neft sənayesində potensial imkanlardan səmərəli istifadə olunmamasıdır. İndi Azərbaycanda ildə 10 milyon ton neft, 6 milyard kubmetr qaz çıxarılır. Mənim bildiyimə görə, 70-ci, 80-ci illərdə neftçilərimizin, geoloqlarımızın, alimlərimizin, elmi institutlarımızın birgə fəaliyyəti nəticəsində 20 böyük neft yatağı aşkar edilibdir. Bu neft yataqlarının zəngin potensialı var. Əgər onlardan səmərəli istifadə olunsaydı, indi Azərbaycanda neft və qaz çıxarılması üzrə göstəricilər nəinki azalmazdı, hətta artardı da.

Ancaq son dövrdə bir xoşagəlməz meyl meydana çıxıbdır. Tam məsuliyyət hissi ilə deyə bilərəm ki, bu meyl ondan ibarətdir ki, neftdən xəbəri olmayan, neft terminini bilməyən, neft sənayesindən bixəbər, meydanlarda qışqıran, çayxanada vaxt keçirən adamlar neftin taleyini həll edirlər. Bu adamlar neftdən necə istifadə olunmasını, neft sənayesini hansı yollarla inkişaf etdirməyi anlamırlar. Ona görə də neft sənayesi özbaşına buraxılıbdır. Təxirəsalınmaz əsas vəzifəmiz mövcud imkanlardan, bugünkü neft sənayesi potensialından istifadə edib neft və qaz çıxarılmasını artırmaq, neft sənayesini inkişaf etdirməkdir.

Təxminən son 2-3 ildə bəziləri belə fikir yayırlar ki, bizim neft ehtiyatlarımız çox zəngindir, biz xarici şirkətlərlə əlaqə yaradacağıq ki, onlar gəlib neftin çıxarılmasında, emalında və onun nəql olunub dünya bazarında satılmasında, bizə köməklik göstərəcək və bununla da, Azərbaycan çətin vəziyyətdən çıxacaqdır. Şübhəsiz, biz bu yolu inkar etmirik və bu yol neft sənayemizin inkişafı üçün müasir dövrdə əsas yollardan biridir. Ancaq neft istehsalını günbəgün, aybaay, ilbəil aşağı salıb gözləsək ki, 2-3 ildən sonra neft şirkətləri ilə bağlanan kontraktlar nəticəsində neftin istehsalı artacaq, sonra nefti satıb valyuta alacağıq. Azərbaycanı inkişaf etdirəcəyik, onda bəs bu iki-üç il ərzində xalqın vəziyyəti nə cür olacaq?

Ona görə də mən neft sənayesinin burada iştirak edən nümayəndələrinə, alimlərimizə və ümumiyyətlə, bütün neftçilərə demək istəyirəm ki, Azərbaycan neftçiləri öz əməyi, bacarığı, sənətinə sadiqliyi ilə bütün dünyada şöhrət tapıblar. Neftçilərimizin bugünkü nəsli tarixi nailiyyətlərdən, sələflərinin təcrübəsindən faydalanaraq, mövcud şəraitdə neft sənayesini qaldırmalı, neftçıxarma prosesini inkişaf etdirməli, neft və qaz hasilatını artırmalıdırlar. Açıq demək lazımdır, neft bəzi rəhbərlərin əlində yalnız kommersiya vasitəsinə çevrilib, belələri ancaq öz mənfəətlərini güdür. Bu, Azərbaycan xalqına xəyanətdir. Biz buna dözə bilmərik.

Mən salonda hörmətli alimlərimizi, Azərbaycanın adlı-sanlı neftçilərini görürəm. Bu adamların ömrü Azərbaycanın neft sənayesinin inkişafı ilə bağlıdır. Onların ömür yolları bizim hamımızın gözünün qabağındadır. 1950-60-cı illərdə, hətta 70-ci illərdə neft sənayesinə dövlət tərəfindən, bütün ictimaiyyət tərəfindən böyük diqqət vardı. Neftçilərin adı hörmətlə, şərəflə çəkilirdi və onlar böyük qayğı ilə əhatə olunmuşdular. Bəs indi? Hanı o şöhrət, hanı o qayğı? Naşı adamlar belə böyük sahəyə, böyük bir elmə, böyük bir sənayeyə rəhbərlik edə bilməzdilər. Məhz onlar bizi belə bir vəziyyətə gətirib çıxarıblar.

Mənim bu fikirlərimi Azərbaycan neftçiləri, alimləri, istehsalçıları və neftlə əlaqəli bütün adamlar düzgün qəbul elədilər və razılaşdılar ki, indi neft sənayesinin potensialından səmərəli istifadə olunmalıdır.

Qeyd etdim ki, neft sənayemizdə yeni bir mərhələ yaranıbdır. Təxminən XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərində Azərbaycanın neft yataqları əsasən Avropa şirkətləri tərəfindən istismar olunurdusa, sonrakı dövrdə neft dövlət sektoruna keçdi və indi də dövlətin əlindədir. Ancaq üçüncü mərhələdə biz yenidən xarici şirkətlərlə əlaqə qurub neft sənayesini inkişaf etdirməyə başlayırıq. Çalışmalıyıq ki, bu mərhələ müstəqil Azərbaycan Respublikası üçün faydalı olsun.

Unutmamalıyıq ki, neft Azərbaycanın tükənməz sərvətidir, amma bu heç də o demək deyil ki, neft tükənməzdir. Yox. Neft yataqlarının da müəyyən bir səddi var. Əgər biz neft yataqlarından elmi əsaslarla, ağılla, qənaətlə istifadə edə bilməsək, gələcək nəsillər bizi bağışlamaz. Ona görə də qısa bir mərhələdə böyük gəlir götürmək arzusuna uyan adamlar dərindən düşünməlidirlər. Elə etmək lazımdır ki, gələcək nəsillər də Azərbaycanın bu nadir sərvətindən kifayət qədər istifadə edə bilsinlər.

Ona görə də biz yeni mərhələdə xarici neft şirkətləri ilə əlaqə qurarkən bu əsas məsələni unutmamalıyıq. Ayrı-ayrı adamların bu proseslərdə öz şəxsi mənafelərini güdməsi bütün Azərbaycan xalqına, müstəqil Azərbaycan dövlətinin həm iqtisadiyyatına, həm milli qüdrətinə, həm də dövlətçiliyinə böyük zərbədir. Buna yol vermək olmaz və mən sizi əmin edirəm ki, bu vəzifəni tutduğum dövrdən belə bir mövqedəyəm və buna yol verməyəcəyəm.

Azərbaycanın dənizdə zəngin neft yataqları var: "Azəri", "28 Aprel" və s. Bu yataqların hamısı burada əyləşmiş alimlərimizin, geoloqlarımızın, neftçilərimizin böyük əməyi sayəsində kəşf olunub. İndi imkan vermək olarmı ki, yüz minlərlə adamın illər boyu çəkdiyi zəhmətin nəticəsindən ayrı-ayrı üzdəniraq işbazlar istifadə etsinlər? Buna yol vermək olmaz! Mən buna heç vaxt yol verməyəcəyəm.

Bu məsələlərə, bilirsiniz ki, 70-ci illərdə çox ciddi fikir verilib. 70-ci illərin sonunda Xəzərin dərin yerlərində neft yataqlarını kəşf edəndən sonra biz oradan neftin çıxarılması və nəqli işi ilə məşğul olduq. Məhz o vaxtlar, hələ Sovet İttifaqının tərkibində ikən, Azərbaycanda dərin özüllər zavodunun tikintisinə başladıq.

Yəqin burada oturanların çoxu bilmir, ancaq həmin zavodun məhz Azərbaycanda tikilməsi asan problem deyildi. Belə ki, biz SSRİ-nin təsərrüfat potensialına daxil idik, fəaliyyətimizdə sərbəst deyildik. Ancaq mən sizə çatdırmaq istəyirəm ki, o zaman bizim çox böyük və ardıcıl tədbirlərimiz nəticəsində Moskvada bu zavodun məhz Azərbaycanda tikilməsi qərara alındı. Azərbaycanda, ümumiyyətlə, sovetlər ölkəsində zavodu tikmək üçün avadanlıq yox idi. Avadanlıq almaq üçün SSRİ-nin valyuta fondundan 400 milyon dollar xərcləndi. Amerikadan avadanlıq və texnologiya alındı. Mənə belə məlumat verdilər ki, hətta hazırlanmış yeni müqavilələrdə zavodun istehsal etdiyi dərin özüllərdən istifadə etmək problemi qoyulmayıb, müəssisənin məhsulları kənarda qalıb.

Bu müqavilələr, gərək çox dolğun və düzgün yazılsın. Heç kəs heç kəsi aldatmağa çalışmasın, hərə gərək öz tərəfinin mənafeyini qorusun. Qarşılıqlı münasibətlər, qarşılıqlı iqtisadi əlaqələr ən yüksək səviyyədə olmalıdır. Güman edirəm ki, xarici ölkələrin neft şirkətlərinin burada iştirak edən nümayəndələri, mənim bu sözlərimi düzgün anlayacaq və düzgün qəbul edəcəklər. Bir daha deyirəm ki, Azərbaycan Respublikasının ən zəngin sərvəti olan neft yataqlarının xarici şirkətlərlə birgə istismarına müsbət yanaşıram. Ancaq bu münasibətlər və bu bağlaşmalar gərək ağıllı və səliqəli olsun. Müqavilələrin bu əsasda olmasını biz təmin edəcəyik, mən sizə dövlət tərəfindən zəmanət verə bilərəm.

Eyni zamanda qeyd etmək istəyirəm ki, əgər dünyanın böyük ölkələrinin neft şirkətləri Azərbaycanın neft yataqlarına maraq göstərirlərsə, güman edirəm ki, o ölkələrin dövlət dairələrini Azərbaycan Respublikasının bugünkü ictimai-siyasi vəziyyəti də maraqlandırmalıdır. Güman edirəm ki, neft şirkətlərinin əksəriyyəti təmsil olunduqları dövlət dairələri ilə sıx bağlıdırlar. Onların burada fəaliyyət göstərməsi bu dövlətlərin Azərbaycana olan münasibətinin daha da yaxşılaşacağına ümid verir.

Bu sözləri sizə çatdıraraq əlavə etmək istəyirəm ki, Azərbaycan Respublikası, müstəqil Azərbaycan dövləti bütün ölkələrlə qarşılıqlı faydalı əlaqələr qurmağı bundan sonra da davam etdirəcəkdir. Azərbaycan demokratik respublika kimi, sivilizasiyalı dövlət kimi bundan sonra inkişaf edəcəkdir. Azərbaycan Respublikasında bütün beynəlxalq hüquq normaları, beynəlxalq qanunlar tətbiq olunacaqdır. Azərbaycan Respublikasında insan hüquqları bundan sonra da qorunacaqdır, bu işlərə daha ciddi fikir veriləcəkdir. Heç kəsin şübhəsi olmasın ki, Azərbaycanın bir demokratik respublika kimi, bundan sonra inkişaf etməsinə kimsə mane ola bilər. Azərbaycan dünya demokratik ölkələri birliyinə daxil olmuş bir dövlətdir və siyasi plüralizmin və insan hüquqlarının qorunması prinsipləri əsasında bundan sonra da inkişaf edəcəkdir.

Güman edirəm ki, bu şərtlər Azərbaycan Respublikası neft şirkətinin xarici ölkələrin neft şirkətləri ilə əlaqələrinin qurulmasının əsas amillərindən biri olacaq.

Biz xarici ölkələrin burada təmsil olunan şirkətləri ilə iqtisadi əlaqələrimizin davam etməsinin tərəfdarıyıq və buna kömək edəcəyik. Bütün məsələlərə lazımi səviyyədə, yüksək elmi səviyyədə baxılmasına şərait yaradacağıq.

Sizin hamınıza işlərinizdə müvəffəqiyyət arzu edirəm və bugünkü toplantıdan sonra Azərbaycan Respublikasının neft şirkəti ilə xarici şirkətlərin əlaqələrinin daha da düzgün istiqamətdə inkişaf etməsinə əmin olduğumu bildirmək istəyirəm.