Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyədən Bakıya qayıdarkən Binə Hava Limanında jurnalistlərin suallarına cavabı - 2 noyabr 1999-cu il


Heydər Əliyev:  Siz dünən televiziyaya baxmısınız, keçirdiyim görüşləri görmüsünüz, yəqin ki, hər şeyi bilirsiniz.

Sual: Cənab prezident, keçirdiyiniz görüşlər haqqında nə deyə bilərsiniz?

Cavab: O qədər görüşlər keçirmişəm ki, onlar haqqında burada danışa bilərəm. Bunları televiziyada da görmüsünüz. Mən Türkiyənin prezidenti cənab Süleyman Dəmirəl ilə birlikdə dünən səhər ertədən Kocaelidə, İzmitdə, yəni baş vermiş zəlzələnin mərkəzində olmuşam, orada zəlzələdən zərər çəkmiş insanlarla görüşmüşəm, onlar üçün tikilmiş müvəqqəti evlərə baxmışam, çadırlarda insanları, onların vəziyyətini, dağıntıları görmüşəm. Orada çox görüşlər olubdur. Kocaeli Universiteti zəlzələ ilə əlaqədar dərs ilinə indiyə qədər başlamamışdı. Dünən onların dərs ilinə başlaması günü idi. Biz - prezident Süleyman Dəmirəl ilə orada iştirak etdik, ikimiz də nitq söylədik.

İki iş adamı orada zəlzələdən zərərçəkənlər üçün müvəqqəti evlər tikiblər. Amma onlar elə daimi evlər kimi də ola bilər. Biz bu evlərə də baxdıq. İctimaiyyətlə, yəni orada yaşayan insanlarla da görüşlər keçirdik.

Əlbəttə, faciə böyükdür, fəlakətdir, xeyli insan həyatını qeyb edib, vəfat edib, həlak olubdur, yaralılar çoxdur. Ancaq insanların ruhu yüksəkdir. Türkiyə Cümhuriyyəti, milləti, hökuməti, xalqı çox böyük işlər görürlər ki, zəlzələnin vurduğu zərərləri aradan götürsünlər, uçqunların yerlərində yeni evlər tiksinlər. Onların konkret proqramları var. Məsələn, bu ayın axırına qədər bir proqram var, - gərək çox adamlar hazır, yaxud müvəqqəti evlərə köçsünlər. Müvəqqəti evlər nə deməkdir? Müvəqqəti evin içində üç-dörd otaq, hamamı, suyu, televizoru, radiosu var. Mən gedib bunları gördüm. Həmin işləri bu ayın içərisində görəcəklər. Onların qarşıdakı iki-üç ay üçün də proqramları vardır. Çalışırlar ki, qışın soyuqlarına qədər çox işləri həyata keçirsinlər.

Bütün bu görüşlər mənim üçün çox əhəmiyyətli oldu. Onlar da çox sevindilər. Mən onlara yardım aparmışdım. Təxminən 100 min dollar dəyərində olan bu yardımı - gələn yardımların yığılması üçün orada onların mərkəzi vardır - təhvil verdim. Hamı bunu bilir. Sonra mən Ankaraya getdim. Orada Beynəlxalq Atatürk Sülh Mükafatının mənə təqdim edilməsi mərasimi oldu. Deyirlər ki, mərasim Türkiyənin 4-5 televiziya kanalı ilə yayılaraq buraya da çatıbdır. Siz bunları bilirsiniz.

Bu gün səhər isə mən terror nəticəsində yaralanmış, xəsarət almış, xəstəxanada müalicə olunan əsgərlərlə gedib görüşdüm. Onların əksəriyyəti Gülhanə Hərbi Tibb Xəstəxanasında müalicə olunur. Mən gedib onlarla görüşdüm. Orada təxminən 61 belə xəstə var idi. Mən demək olar ki, hamısı ilə görüşdüm, onlara ürək-dirək verdim, hədiyyələr verdim. Onların əksəriyyəti 20, 22, 23, 24, 25 yaşlı gənc insanlardır. Ancaq bu əsgərlərin hamısında böyük ruh yüksəkliyi var. Vətən uğrunda döyüşmüş bu insanların birinin ayağı, birinin qolu yoxdur, birinin gözü görmür. Başqa ağır xəsarətlər alanlar da var. Amma onların ruhları çox yüksəkdir. Çünki bunu vətən yolunda ediblər, qazi olublar və buna görə fəxr edirlər. Mən onları təbrik edərək, xəstəxanadan çıxandan sonra Azərbaycana gəlməyə dəvət etdim ki, gəlib ölkəmizdə dincəlsinlər.

Prezident Süleyman Dəmirəl ilə bizim həm Kocaelidə, həm də Ankarada çox danışıqlarımız olubdur. Biz daim bir yerdə olmuşuq. Bilirsiniz ki, dünən onun 75 yaşı tamam olurdu. Mən onu orada təbrik etdim. Ondan sonra o, məni öz ailəsinə dəvət etdi. Onun çoxlu qohumları, qardaşları, böyük bir ailəsi var. Mən və oğlum İlham şəhərdən kənarda onun ailəsi ilə bir yerdə olduq. Biz onun ad gününü bir yerdə, ailə şəraitində -yəni orada başqa bir tədbir keçirilmir - qeyd etdik.

Bu gün mənim Türkiyənin Baş naziri Bülənd Ecevitlə görüşüm, danışığım oldu. Yəni mən onların hamısı ilə dünən axşam görüşmüşəm. Çünki mükafat veriləndən sonra orada bir kokteyl var idi. Burada insanlar bir saat ayaqüstə bir-biri ilə görüşüb danışırlar. Ancaq bu gün xüsusi görüşümüz oldu. Biz çox ətraflı danışdıq, yaxşı söhbətlər etdik.

Türkiyə-Azərbaycan dostluğu yüksəklərdədir və bundan sonra da yüksək olacaqdır. Mənim də, onların da istəyi, arzusu budur. Beynəlxalq Atatürk Sülh Mükafatı da elə buna - görə Azərbaycana, onun müstəqil dövlətinə, xalqımıza və sülh yaratdığıma görə mənə verilmişdir.

Atatürkün sözləri var: "Yurdda sülh, cahanda sülh". Mən ilk dəfə 1993-cü ildə yurdda, yəni ölkənin içində sülh yaratmağa çalışdım və bunu yaratdım. Cahanda sülhün isə bir hissəsi Qafqazdadır. Ermənistanla Azərbaycan arasında gedən müharibəni, qan tökülməsini dayandırdım. Bunu Türkiyədə çox yüksək qiymətləndirirlər. Ona görə də məni belə bir yüksək mükafata layiq görüblər.

Sual: Cənab prezident, ATƏT-in İstanbul sammitinə qədər Robert Koçaryanla görüşünüz planlaşdırılırmı?

Cavab: Bilmirəm.

Sual: Cənab prezident, Bülənd Ecevitlə görüşünüzdə onun bu yaxınlarda Moskvaya olacaq səfərini dəyərləndirdinizmi?

Cavab: Bilirəm, gedəcək, biz bu barədə söhbət etdik. Sağ olun.