Almaniya Federativ Respublikasinin Prezidenti Zati-aliləri cənab Yohannes Rauya- Bakı şəhəri, 30 sentyabr 2000-ci il


Hörmətli cənab Prezident!

Almaniya Federativ Respublikasının milli bayramı - Alman Birliyi gününün 10-cu ildönümü münasibətilə Sizi və dost alman xalqını səmimi-qəlbdən təbrik edirəm.

Biz Almaniya Federativ Respublikasının müvəffəqiyyətlərini rəğbətlə izləyir, onunla dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafını yüksək qiymətləndiririk.

Birləşməsindən keçən illər ərzində Avropada və dünyada sülhün və tərəqqinin mühüm amilinə çevrilmiş vahid Almaniya Federativ Respublikası ilə Azərbaycan Respublikası arasında səmimi əməkdaşlıq və dostluq əlaqələri mövcuddur və əminəm ki, ölkələrimizin qarşılıqlı münasibətləri getdikcə genişlənib dərinləşərək xalqlarımızın rifahına xidmət edəcəkdir.

Cənab Prezident, Sizə cansağlığı və uğurlar, ölkənizə firavanlıq və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
 

"Azərbaycan" qəzeti, 3 oktyabr 2000-ci il.