Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkdilli ölkələrin və Tacikistanın dövlət başçıları şərəfinə təşkil edilmiş ziyafətdə nitq - Səmərqənd, 22 oktyabr 1996-cı il


Hörmətli prezidentlər, əziz qardaş və bacılar, xanımlar və cənablar!

Bu gözəl fürsətdən istifadə edərək, mən sizə öz dərin hörmətimi, Azərbaycan xalqının ehtiramını, qardaşlıq hisslərini çatdırıram. Özbək torpağında olduğumuz iki gündə biz boyük və faydalı iş gördük. Ən əvvəl onu demək istəyirəm ki, Özbəkistanda, dostlarımızın və qardaşlarımızın arasında yenidən ol­maq, özbək xalqının bütün sərvət və dəyərlərini yenidən görmək bizim hamımıza xoş idi, işimizin faydalılığı bundan ibarətdir ki, türkdilli dövlətlərin başçılarının IV görüşü münasibətlərimizin daha da möhkəmlənməsi və inkişaf etməsi ilə əlamətdar oldu. Şübhə yoxdur ki, türkdilli dövlətlərin Zirvə toplantısı çərçivəsində görüş və Özbək xalqının görkəmli oğlu Əmir Teymurun 660 illiyi münasibətilə keçirilən görüşlər əməkdaşlığımızı, dostluğumuzu daha da möhkəmlədəcəkdir. Mən prezident İslam Kərimovla tam razıyam ki, dostluğumuza bundan sonra heç nə xələl gətirməyəcək, onu heç kim poza bilməyəcəkdir.

Bəli, həqiqətən, onilliklər ərzində xalqlarımızın tarixi saxtalaşdırılmış, təhrif olunmuşdur. İndi müstəqilliyə malikik, indi biz öz strukturlarımızı inkişaf etdiririk, nəyimiz varsa, hamısı öz ixtiyarımızdadır. Lakin bizi tarixi keçmişimiz, tarixi və etnik köklərə, qaynaqlara, bir dil qrupuna, bir dinə, milli ənənələrə mənsubiyətimiz birləşdirir. Bu, dostluğumuzu, əməkdaşlığımızı möhkəmlədən və inkişaf etdirən zəmin və əsasdır.

Bu iki gündə biz qədim tarixi, özbək xalqının, bütün türkdilli xalqların zəngin, çox şan-şöhrətli tarixini yaddaşımızda bir daha canlandırdıq. Biz Əmir Teymurun məqbərəsini ziyarət etdik, Əmir Teymurun, onun kimi şəxsiyyətlərin gələcək nəsillərə, bizə miras qoyduqları görkəmli tarixi memarlıq abidələri ilə tanış olduq. Biz gözəl "Registan" kompleksinə, ən dəyərli, yüksək memarlıq abidələri çox yüksək qrupa mənsub arxitektura abidələrinə baxdıq.

Sizə deyə bilərəm ki, 50 il bundan əvvəl, Sənaye İnstitutunun arxitektura fakültəsində oxuyarkən mən "Registan" məqbərəsini və Şərqin, özbək xalqının digər qədim memarlıq abidələrini dərsliklərdən öyrənirdim. Lakin biz bu səcdəgahlarla bilavasitə tanış olduqda yeni bir qüvvə ilə hiss etdik ki, necə dərin köklərimiz, necə zəngin tariximiz var və bu tarix bizə, övladlarımıza miras qalmışdır. Bununla əlaqədar biz böyük Əmir Teymurun görkəmli tarixi xidmətlərini bir daha, dönə-dönə hiss etdik.

Lakin bununla bərabər, Özbəkistana indiki səfərimiz zamanı biz özbəklərin müasir nəsli tərəfindən Əmir Teymurun xatirəsi şərəfinə ucaldılmış gözəl, valehedici, əzəmətli muzeydə olduq. Biz bu abidənin, özbək qardaşlarımızın əlləri və ağıl-zəkası ilə, yaradılmış görkəmli memarlıq və heykəltəraşlıq əsərinin önünə gül-çiçək dəstələri qoyduq.

Biz Daşkəndin və Səmərqəndin digər görkəmli yerlərinə də baxdıq, "Registan"ın necə incə zövqlə və gözəl bərpa olunduğunu və bu tarixi abidələrin daha bir çox yüzilliklər, bir çox minilliklər ərzində qalması üçün nə qədər işlər həyata keçirildiyini gördük. Bunlar bu gün özbək xalqının yaratdıqlarıdır, bu gün Özbəkistanın dövlət xadimlərinin etdikləridir. Bunlar dövlətlərimizin müstəqilliyinin, o cümlədən də Özbəkistanm müstəqilliyinin konkret bəhrələridir.

Əlbəttə, bütün bunlarda müstəqil Özbəkistan dövlətinin, onun layiqli prezidenti, dostumuz İslam Kərimovun böyük xidməti var. Bu gün evə, - biz tezliklə təyyarə ilə yola düşəcəyik, - Özbəkistanın tarixinə, onun xalqına dərin hörmət və ehtiram hissi ilə qayıdırıq.

Əmir Teymurun xatirəsi qarşısında, görkəmli tarix abidələri yaradanların, ucaldanların və indiki nəsillərə miras qoyub gedənlərin xatirəsi qarşısında mən baş əyirəm, biz hamımız baş əyirik.

Biz bu gün yaradılmış abidələri də çox böyük məmnunluq hissi ilə qarşıladıq.

Mən bu uğurlar münasibətilə, bu nailiyyətlər münasibətilə Özbəkistan xalqını, müstəqil özbək dövlətini, dostumuz prezident İslam Kərimovu ürəkdən təbrik edirəm. Şübhə yoxdur ki, müstəqillik şəraitində özbək xalqının tarixinin bütün səhifələri bərpa olunacaqdır, Özbəkistan xalqı öz nurlu gələcəyinə doğru irəliləyəcəkdir.

Özbəkistan xalqına səadət və firavanlıq arzulayıram.

Özbəkistanın zəngin tarixi şərəfinə, Özbəkistanın qədim sivilizasiyası şərəfinə, dünya sivilizasiyasına yeni töhfələr şərəfinə, bugünkü müstəqil Özbəkistanın şərəfinə, Özbəkistan prezi­denti, dostumuz İslam Kərimovun şərəfinə badə qaldırıram. Sağ olun.