Marqareta af Uqlas ilə danışıqlar başa çatdıqdan sonra birgə mətbuat konfransında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin bəyanatı - 26 oktyabr 1993-cü il


Biz ATƏM-in indiki sədri xanım Uqlas başda olmaqla bu təşkilatın nüfuzlu nümayəndə heyətinin respublikamıza gəlişini böyük razılıqla qarşılamışıq. ATƏM-in fəaliyyəti baxımından Azərbaycan Respublikasını maraqlandıran bütün məsələlər barədə bu gün bizim kifayət qədər səmərəli danışıqlarımız olmuşdur. Biz keçmiş Sovet İttifaqı ərazisində yaranmış müstəqil dövlətlərin taleyi və fəaliyyəti ilə bağlı ATƏM-in mövqeyi ilə tamamilə razıyıq, xüsusən də ona görə ki, bu beynəlxalq təşkilat planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçilməsi, demokratiyanın inkişafı, insan hüquqlarının müdafiəsi problemlərinə, həmin dövlətlərin inkişafı üçün daha sivilizasiyalı şərait yaradılmasına böyük maraq göstərir.

Bügünkü danışıqlar zamanı biz bəyan etdik ki, mən bunu bir daha təkrar etmək istəyirəm, Azərbaycanın bu problemlərlə əlaqədar heç bir çətinliyi olmayacaqdır. Azərbaycan Respublikası demokratik inkişaf, sərbəst bazar iqtisadiyyatına keçmək yolu tutmuşdur, insan hüquqlarına və insan azadlıqlarına əməl olunması prinsiplərinə daim tərəfdardır. Bununla belə biz, əlbəttə, həmin islahatların həyata keçirilməsini dəstəklədiyinə və bu sahədə köməyinə görə ATƏM-ə minnətdar olacağıq.

Respublikamız üçün ən mürəkkəb, ən vacib problem onun ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, suverenliyini və bununla əlaqədar olaraq ölkənin ərazisində gedən müharibənin dayandırılmasını, işğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı birləşmələrinin çıxarılmasını təmin etməkdir.

Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarında yeni zonalar işğal edən Ermənistan silahlı birləşmələrinin sonuncu təcavüzkar hücumları ilə əlaqədar xanım Uqlasın bu gün səhər verdiyi bəyanata görə mən ona minnətdaram. Ermənistan silahlı birləşmələrinin yeni zonalar işğal etməsi faciəli nəticələrə gətirib çıxarmışdır. Ümidvaram ki, ATƏM-in sədrinin bu siyasi bəyanatı işğalçı qoşunların son vaxtlar tutduqları əraziləri onların dərhal tərk etməsində öz rolunu oynayacaqdır.

Mən bir daha təsdiq edirəm ki, Azərbaycanla Ermənistan silahlı birləşmələri arasında müharibə ilə bağlı məsələni biz dinc yolla aradan qaldırmağa çalışırıq. Biz sülh prosesinə, dialoqa, atəşin dayandırılmasına tərəfdar olaraq qalır və ATƏM-in fəal havadarlığına və köməyinə ümid bəsləyirik.

Biz həmçinin ümidvarıq ki, ATƏM və xanım Uqlas başda olmaqla bu təşkilatın mötəbər nümayəndə heyəti dincliklə nizamasalma prosesinin normal məcraya düşməsi üçün əlavə tədbirlər görəcəklər. Bununla bərabər, biz işğalçı qoşunların son vaxtlar tutduqları ərazilərdən dərhal çıxarılmasını və Azərbaycan torpaqlarının işğalçılardan təmizlənməsi üçün ardıcıl tədbirlər görülməsini tələb etmişik və edirik. Ümidvarıq ki, bügünkü danışıqlarımız həmin problemin həlli məqsədilə ATƏM-in yorulmaz fəaliyyətinin yeni mərhələsi üçün başlanğıc nöqtəsi olacaqdır.

Sual: İstər Birləşmiş Millətlər Təşkilatı, istərsə də ATƏM dəfələrlə qətnamələr qəbul etmiş və bu qətnamələrdə Ermənistan silahlı qüvvələrindən tələb olunmuşdur ki, ələ keçirdikləri Azərbaycan ərazilərindən çıxsınlar. Lakin qəribə bir vəziyyət yaranır: nə qədər çox bəyanatlar verilirsə, bir o qədər çox Azərbaycan torpaqları ilhaq edilir. Təcavüzkara təsir göstərmək üçün ATƏM-in hər hansı vasitələri - siyasi, iqtisadi vasitələri varmı?

Marqareta af Uqlas: Zənnimcə, biz hamımız başa düşürük ki, beynəlxalq təşkilatların imkanları barədə təsəvvürümüz olmalıdır. Yeri gəlmişkən, bu təkcə həmin münaqişəyə aid deyildir, bir çox digər elə misallar, münaqişələr var ki, burada bu hal rol oynayır. Lakin buna baxmayaraq, bu əsla o demək deyildir ki, biz ATƏM çərçivəsində, xüsusən də Minsk qrupu çərçivəsində səylərimizi davam etdirməliyik. Əksinə, Minsk qrupu siyasi dialoqu gücləndirmək üçün çox mühüm məclisdir. Mən əminəm ki, bu sahədə fəaliyyətimizi davam etdirmək və gücləndirmək lazımdır. Ümidvaram ki, mənim səfərim nəticəsində bu istiqamətdə səylər davam etdiriləcəkdir. Siz çox yaxşı başa düşürsünüz ki, ATƏM-in öz silahlı qüvvələri yoxdur, ATƏM siyasi dialoqun gücləndirilməsinə kömək edə biləcək siyasi təşkilatdır.

Bizim beynəlxalq təşkilat onun üzvlərinin istədikləri dərəcədə güclüdür. Buna görə də ATƏM-in sədri kimi, mən ürəkdən istərdim ki, ATƏM-in üzvü olan ölkələr Minsk prosesinin və Minsk qrupunun dialoq üçün səmərəli məclisə çevrilməsinə çalışsınlar.

Sual: Hazırda Azərbaycanda bir milyon qaçqın var. Onlara yardım göstərilməsi məsələsi ATƏM çərçivəsində müzakirə edilibmi?

Xanım Uqlas: Mən qaçqınların nümayəndələri ilə görüşəcəyəm. Onlarla rəhbərlik etdiyim nümayəndə heyətinin üzvləri də görüşürlər. Nümayəndə heyətinin tərkibinə İsveçin yardım agentliyinin nümayəndəsi daxildir.

Sual: ATƏM-in üzvü kimi Ermənistan bu təşkilatın üzvü olan dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Lakin məlumdur ki, Ermənistan parlamenti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında, habelə Qarabağa hərbi yardım göstərilməsi haqqında qərarlar və dövlətlərin ərazi bütövlüyünün Helsinki aktında qeydə alınmış prinsipini pozan bir sıra digər sənədlər qəbul etmişdir. Bu prinsipə əməl edilməsi barədə ATƏM-in müəyyən öhdəlikləri var. Bununla əlaqədar olaraq Siz ATƏM-in tərkibində Azərbaycanın gələcəyini necə görürsünüz?

Marqareta af Uqlas: Deməliyəm ki, tarix problemlərinə hörmətim olmaqla bərabər, mən ATƏM-in sədri kimi bu günün və gələcəyin məsələləri ilə məşğulam. Odur ki, bu problemə Ermənistanın münasibətilə bağlı məsələlərə sabah Yerevanda olanda toxunacağam.

Sual: Xanım Uqlas, azərbaycanlıları bir məsələ maraqlandırır- nə üçün dünya birliyi bu qədər vaxtda Qarabağ problemini tənzimləyə bilmir? Bu nə deməkdir-güclü dövlətlər balaca Ermənistan qarşısında acizdir, yoxsa Ermənistan Respublikası tərəfindən Azərbaycana qarşı təcavüz faktının təsdiq edilməsini istəmirlər?

Marqareta af Uqlas: Belə düşünürəm ki, başlıca problem hər iki tərəfin bu müharibəyə son qoymaq üçün kifayət qədər iradəsinin olmamasındadır. Məncə, nəticə etibarilə ən başlıca məsuliyyət o kəslərin üzərinə düşür ki, onlar bilavasitə müharibə aparır, onlar silaha sarılıblar.

Sual: Xanım Uqlas, Siz ATƏM-in ilk nümayəndəsi deyilsiniz ki, münaqişə zonasına gedir, bu problemin tənzimlənməsi üçün zəmanət verirsiniz, lakin nəticədə bunun üçün konkret olaraq heç nə edilmir. Bu gün Siz bəyanat verərək, zorakılığı pislədiniz. Necə bilirsiniz, gələcəkdə zorakılığa yol vermədən vəziyyəti sabitləşdirmək və münaqişəni nizama salmaq üçün hər hansı əməli tədbirlər görmək mümkündürmü? Axı insanlar, əsasən də uşaqlar və qadınlar əzab-əziyyət çəkirlər. Bu isə gərək ki, Sizi daha çox narahat edir və Sizə daha aydındır.

Marqareta af Uqlas: Mən sizin hisslərinizi, Azərbaycan xalqının keçirdiyi hissləri başa düşürəm və dinc əhalinin halına yanıram. Siz Minsk prosesi çərçivəsində ATƏM-in göstərdiyi səylərin hələlik heç bir nəticəsini görmürsünüz, buna baxmayaraq, mən belə düşünürəm ki, əgər dünya birliyi münaqişəyə arxasını çevirsəydi və onu tamamilə qulaqardına vursaydı, onda bu, vəziyyəti yaxşılığa doğru dəyişdirməzdi. Zənnimcə, ATƏM bundan sonra da bu məsələ ilə məşğul olmalı və hətta imkanlarımız məhdud olsa da, öz üzərinə müəyyən məsuliyyət götürülməlidir. Lakin mən bir daha nəzərə çarpdırıram: bundan ötrü hər iki tərəf siyasi danışıqlar prosesində iştirak etmək niyyətində olduğunu göstərməlidir.

Sual: Xanım Uqlas, hərbi əməliyyatlar yenidən gücləndirildikdən sonra yaxın vaxtlarda Minsk konfransının keçirilməsini mümkün hesab edirsinizmi və şəxsən siz cənab Raffaelli tərəfindən təklif olunan təzələnmiş cədvələ necə baxırsınız? Bildiyiniz kimi, həmin cədvəldə BMT Təhlükəsizlik Şurasının 822 və 853 nömrəli qətnamələrinin ziddinə olaraq, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması dəmir yollarının blokadasının götürülməsi ilə əlaqələndirilir.

Marqareta af Uqlas: Demək istəyirəm ki, mənim nümayəndə heyətimə səfirlər Seka, Mozberq və Kazimirov, yəni elə şəxslər daxildirlər ki, onlar Minsk prosesinin məsələləri ilə bilavasitə məşğul olurlar. Mən əminəm ki, onlar əvvəl-axır konkret nəticələrə gəlmək üçün öz səylərindən əl çəkmək niyyətində deyildirlər.

O ki qaldı sualın ikinci hissəsinə, sözü ATƏM-in baş katibi səfir Xolka vermək istərdim.

Səfir Xolk: Bildiyiniz kimi, bu cədvəl danışıqların çox mürəkkəb prosesindən sonra meydana gəlmişdir. Bu cədvəl çərçivəsində olduqca çox mühüm və mürəkkəb məsələləri nəzərə almaq lazım gəlmişdir. Məhz buna görə də cədvəlin yalnız bir tərkib hissəsini götürmək olmaz, onları vahid bir paket kimi əlaqəli şəkildə nəzərdən keçirmək gərəkdir. Təəssüflər olsun ki, indi təfsilata varmağa vaxtımız yoxdur.

Sual: Heydər Əliyeviç, necə bilirsiniz, hərbi əməliyyatların yenidən gücləndirilməsi Azərbaycanı Minsk qrupunun onun tərəfindən rədd olunan təzələnmiş cədvəlini qəbul etmək və Azərbaycan rəhbərliyini Azərbaycan-İran sərhədində Rusiyanın hərbi qüvvələr saxlaması ilə razılaşmaq məcburiyyətində qoymaq məqsədilə ətraflı, düşünülmüş və planlaşdırılmış tədbir deyilmi?

Heydər Əliyev: Mən bu variantı istisna etmirəm, çünki Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycanla Dağlıq Qarabağ arasında əldə olunmuş saziş əsasında atəşin dayandırılmasına çox sabit surətdə əməl edildiyi bir vaxtda hərbi əməliyyatların gücləndirilməsini başqa heç nə ilə izah etmək olmaz.

Sual: Heydər Əliyevic, Azərbaycan hökuməti Qarabağ münaqişəsinin nizama salınması məsələsində İran İslam Respublikasının hər hansı təşəbbüsünü qəbul etməyə hazırdırmı?

Heydər Əliyev: Biz İran İslam Respublikası tərəfindən hələlik heç bir təşəbbüs almamışıq. İran prezidenti cənab Haşimi-Rəfsəncani bu gün Bakıya gəlir. Baxaq, görək o nə kimi təkliflər irəli sürəcəkdir. İndi bu suala cavab vermək mümkün deyildir.

Sual: Xanım Uqlas, münaqişənin nizama salınmasında Rusiya Federasiyasının rolu, sizcə necədir?

Marqareta af Uqlas: Mən Rusiya Federasiyasına ATƏM-in çox mühüm üzvü kimi baxıram. Buna görə də ümidvaram, hətta bilirəm ki, Rusiya Federasiyası bu münaqişənin aradan qaldırılması üçün ATƏM çərçivəsində səmərəli və əməli işləməyi çox istəyir.

Sual: Xanım Uqlas, BMT Təhlükəsizlik Şurası tərəfindən 874 nömrəli qətnamə qəbul olunmasını Mario Raffaellinin Azərbaycan üçün bir çox cəhətdən məqbul olmayan təkliflərini Azərbaycana qəbul etdirmək məqsədilə ona təzyiq vasitəsi saymaq olarmı?

Marqareta af Uqlas: Xeyir.

Sual: Cənab Əliyev, bunu mümkün hesab edirsinizmi ki, öz ərazilərinizi qorumaq, ölkənin birliyini saxlamaq üçün nə vaxtsa hərbi yardım üçün Rusiya və İran kimi xarici ölkələrə müraciət etmək lazım gələcəkdir?

Heydər Əliyev: Hələlik ki, bu gün biz beynəlxalq təşkilatlara - BMT -yə, Təhlükəsizlik Şurasına, ATƏM-ə, Minsk qrupuna böyük ümidlər bəsləyirik və əlbəttə, öz respublikamızın qüvvələrinə və imkanlarına bel bağlayırıq. Əgər bütün bunlar heç bir nəticə verməsə, bu halda Azərbaycan Respublikası öz ərazi bütövlüyünü qorumaq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi qərarlar qəbul etmək hüququnu saxlayır.

"Azərbaycan" qəzeti, 27 oktyabr 1993-cü il.