Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Tyeri dö Monbrial ilə görüşdə söhbətindən - 4 sentyabr 2002-ci il


Heydər Əliyev: Sizinlə 1995-ci ildə Parisdə görüşmüşdük və o vaxt sizi Azərbaycana dəvət etmişdim. Nəhayət yeddi ildən sonra mənim bu dəvətimi həyata keçirirsiniz. Mən 1995-ci ildən sonra sizin ölkədə bir neçə dəfə olmuşam. Amma siz vaxt tapıb Azərbaycana gələ bilməmisiniz. Mən sizi tənqid etmirəm. Bilirəm ki, öz planlarınız var. Hər halda, hesab edirəm ki, keçmişi yada salmaq pis olmur.

Tyeri dö Monbrial: Cənab prezident, mən bilirdim ki, Sizin çox güclü, əfsanəvi yaddaşınız var. Bunu hamı bilir. Bundan əlavə qeyd edim ki, Sizin həm də çox incə yumor hissiniz var və onu bu gün bir daha nümayiş etdirirsiniz. Sizinlə birinci dəfə 1995-ci ildə görüşmüşük. O zaman Siz mənim bir təklifimi qəbul etdiniz. Mən bu şərəfə nail oldum. O zaman mənim təklifimlə Siz şam yeməyi zamanı fikir mübadiləsinə razı oldunuz. Bunu yaxşı xatırlayıram. Həmin görüşdən çox təsirləndim, Sizin şəxsiyyətiniz məni həddindən çox mütəəssir etdi.

İkinci dəfə isə 1997-ci ilin fevral ayı idi. Siz mənim institutumda mühazirə oxumağa razılıq verdiniz və Azərbaycanın xarici siyasəti və beynəlxalq vəziyyəti haqqında mühazirə oxudunuz. Bu da bütün dinləyicilərin çox böyük marağına səbəb oldu. Ümid edirəm ki, Siz yenə də tezliklə Fransaya, Parisə gələcəksiniz.

Heydər Əliyev: Həmin görüş 1997-ci ilin fevralında yox, yanvar ayında idi.

Tyeri dö Monbrial: Cənab prezident, Sizin doğrudan da əfsanəvi yaddaşınız bir daha təsdiqini tapır.

Mən üç gündür Azərbaycandayam. Amma elə bir təsir içərisindəyəm ki, sanki çoxdandır buradayam. 1993-cü ildən bəri Azərbaycanda gördüyünüz işlərin hamısını çox böyük heyranlıqla təsdiq etməliyəm. Sizin qarşınızda duran vəzifənin nəhəngliyini və mürəkkəbliyini çox gözəl dərk edirəm. Əlbəttə, çətinliklərin bir hissəsi də qarşılaşdığınız qaçqınlar problemindən əmələ gəlir. Amma məsuliyyətlə deməliyəm, burada olduğum müddətdə bir daha əmin oldum ki, Azərbaycanda bütün bu məsələləri həll etmək üçün çox yüksək peşəkarlığa malik insanlar var. Onlar qarşılarında duran vəzifələri həyata keçirmək üçün çalışırlar.

Cənab prezident, məni qəbul etdiyinizə görə Sizə bir daha ürəkdən təşəkkürümü bildirirəm. Hətta düşünürəm, bəlkə burada bir qədər də qalım. Sizə söz verirəm ki, Azərbaycana bir də qayıdacağam.

Heydər Əliyev: İnşallah. Sizin Azərbaycana gəlməyinizdən çox məmnunam. Mənə məlumat veriblər ki, siz burada bir neçə yerdə olmuş, görüşlər keçirmisiniz. Səfir Eleonora xanım da sizi daim müşayiət edir. Mən başa düşdüm ki, sizi o qədər sevir ki, müşayiət etməyi şəxsən öz üzərinə götürübdür.

Tyeri dö Monbrial: Cənab prezident, Sizə deyim ki, əgər dünyanın bütün böyük ölkələrinə Xanım Hüseynova kimi səfirlər təyin etsəniz, Azərbaycanın təbliğat məsələsi çox yüksək səviyyədə olacaqdır.

Heydər Əliyev: İş bundadır ki, ikinci beləsi yoxdur. Çox təşəkkür edirəm ki, bizim səfirimiz haqqında belə xoş sözlər deyirsiniz. Həqiqətən, bizim səfirimiz orada Azərbaycanı layiqincə təmsil edir.

Məni sevindirən odur ki, siz gəlib Azərbaycanı öz gözlərinizlə gördünüz. Doğrudur, bu qısa müddətdə hər şeyi görmək mümkün deyil. Ancaq gördükləriniz, habelə keçirdiyiniz görüşlər, güman edirəm, sizdə Azərbaycan haqqında düzgün təəssürat yaradıbdır. Bizim xarici siyasətimizdə əsas məqsədlərdən biri hər yerdə, təkcə ölkənin rəhbərliyində yox, həm də müxtəlif təbəqələrində Azərbaycan haqqında doğru, düzgün, obyektiv, ədalətli təəssürat yaratmaqdır.

Fransa ilə Azərbaycanın əlaqələri çox yüksək dostluq münasibətləri xarakteri daşıyır. Sizə bildirmək istəyirəm ki, 1993-cü ildə Azərbaycana prezident seçiləndən iki ay sonra mənim xarici ölkəyə ilk səfərim Fransaya olubdur. Mən bunu prezidentlik bioqrafiyasında xüsusi qeyd edirəm. O vaxt sizin ölkənizin prezidenti mərhum Mitteran idi. Cənab Mitteran ilə keçmişdə, mən Moskvada işlədiyim zaman bir neçə görüşümüz olmuşdu və yaxın tanışlığımız var idi. O, mənim prezident seçilməyimə dərhal münasibət göstərmişdi və məni dəvət etmişdi. Mən 1993-cü ilin oktyabr ayında prezident seçildim, dekabr ayında artıq Fransada rəsmi səfərdə idim.

O vaxt prezident Mitteranla orada, Yelisey sarayında Azərbaycanla Fransa arasında ilk sənədləri imzaladıq. Ondan sonra da bu dostluq əlaqələri davam edibdir və inkişaf edibdir. Prezident Şirak ilə bizim dərhal çox yaxşı əlaqələrimiz yarandı. Mən onunla dostluq əlaqələrimi xüsusi qiymətləndirirəm, buna çox əhəmiyyət verirəm. Təkcə bu deyil, ümumiyyətlə, Fransa ilə Azərbaycan arasında ümumi maraqlar çoxdur. Buna görə də biz əməkdaşlıq edir, Fransanın iri neft şirkətləri Azərbaycanda bizim müqavilələrdə böyük pay alıblar, burada işləyirlər, investisiya qoyurlar və beləliklə, bizim iqtisadi əlaqələrimiz də çox inkişaf edibdir.

Prezident Şirak Ermənistan - Azərbaycan münaqişəsinin həll olunmasında xüsusi səylər göstərir, Parisdə onun iştirakı ilə iki prezidentin - Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirildi. Doğrudur, biz hələ də münaqişənin aradan qaldırılmasına nail ola bilməmişik. Amma çalışırıq. Mən bu barədə Fransanın fəaliyyətini xüsusi qeyd edirəm.

Siz bizim elm adamları ilə, yaradıcı adamlarla tanış oldunuz. Bugünkü Azərbaycanın Avropa səviyyəsinə nə qədər yaxın olduğunu, güman edirəm, gördünüz. Bu da qeyri-adi bir haldır ki, Avropaya aid olan bir ölkə kimi Azərbaycan bu qədər inkişaf edib, Avropaya yaxınlaşıbdır. Mən Avropa dəyərlərinin Azərbaycanda bərqərar olmasını deyirəm. Biz Fransa ilə münasibətlərimizə xüsusi əhəmiyyət veririk. Bu münasibətləri bundan sonra da inkişaf etdirəcəyik.

Sizin institutunuz bu barədə bizə çox yardım edə bilər. Siz mənim orada olan görüşümü dediniz. Mən Azərbaycan haqqında çox şeyləri bəyan edəndə bəziləri bunu təəccüblə qarşılayırdılar. Çünki bunu bilmirdilər. Biz bu işi davam etdirməliyik. Güman edirəm ki, siz buradakı təəssüratlarınız haqqında öz institutunuzda, elmi mərkəzinizdə geniş məlumat verəcəksiniz. Sizin verdiyiniz məlumatlar mənim orada dediklərimdən daha çox təsir bağışlaya bilər. Ümidvaram ki, siz bunu edəcəksiniz.

Tyeri dö Monbrial: Əlbəttə, mən bunu mütləq edəcəyəm. Yalnız öz əməkdaşlarım, institutum qarşısında yox, başqa yerlərdə də.

Burada çoxlarına demişəm ki, bundan sonra mənim ürəyimdə Azərbaycanın xüsusi yeri olacaqdır, özü də mən deyirəm, başımda yox, məhz ürəyimdə olacaqdır.


"Azərbaycan" qəzeti, 5 sentyabr 2002-ci il.

Tarixi arayış

Azərbaycan - Avropa