Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Siyasi Tədqiqatlar Mərkəzinin nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 17 iyul 2000-ci il


Heydər Əliyev:  Hörmətli dostlar, səfirlər, hörmətli qonaqlarımız, mən sizi görməkdən çox məmnunam. Azərbaycana ziyarətinizi də çox məmnuniyyətlə qəbul edirəm. Çoxdandır ki, buraya gəlmirsiniz. Yaxşı ki, vaxt tapa bilmisiniz, gəlmisiniz.

Dostum Süleyman Dəmirəl mənə bu mövzu barəsində məlumat vermişdi. Bildirmişdi ki, belə bir təşəbbüs var, görüşmək istəyirlər. Mən də dedim ki, hər vaxt hazıram. İndi sizi dinləyirəm.

Özdəm Sanberk (Türkiyə Xarici İşlər Nazirliyinin keçmiş müşaviri və Londondakı səfiri, Türkiyə İqtisadi və Sosial Tədqiqatlar Fondunun direktoru): Cənab prezident, hər şeydən öncə, hörmətli Süleyman Dəmirəlin salamlarını, hörmət və ehtiramını Sizə yetirmək istəyirəm.

Onu da bildirmək istəyirəm ki, bizim nümayəndə heyəti rəsmi heyət deyildir. Cənab Maykl Emerson və Rumıniyanın keçmiş xarici işlər naziri cənab Sergiu Çelak Brüsseldə Avropa Birliyi nəzdində fəaliyyət göstərən tədqiqatlar mərkəzinin həmsədrləridir. Amma bu mərkəz Avropa Birliyinə tabe deyildir. Hörmətli Nihad Gökyigit iş adamı, "Tekfen Holdinq" şirkəti idarə heyətinin sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq birliyinin işçi şurasının üzvüdür. Mənim direktoru olduğum fond da hökumətimizə tabe deyildir. Qərarları hökumətlər qəbul edir, biz isə öz fikirlərimizlə onlara yardımçı olmağa çalışırıq.

Qafqaz Türkiyənin təhlükəsizliyi baxımından çox önəmli bölgədir. Azərbaycan isə Türkiyə üçün qardaş ölkədir. Nəyə görə Qafqazda qeyri-sabit vəziyyət var? Ona görə ki, burada beynəlxalq hüquq normaları pozulmuşdur. Ermənistan beynəlxalq hüquq qaydalarını kobud şəkildə tapdalayaraq, Azərbaycan ərazisinin bir qismini işğal etmişdir, bir milyon azərbaycanlını öz yurd-yuvasından didərgin salmışdır. Dünya həm bunu, həm də beynəlxalq hüququn tapdalandığını unutmuşdur. Bunlar barədə biz danışmasaq, kim danışacaqdır? Ermənistanın Azərbaycana qarşı işğalçılığı eynən İraqın Küveytə qarşı işğalçılığı kimidir.

Biz beynəlxalq hüquq normalarına dönmədən əməl olunmasını istəyirik. İndi görürük ki, Qafqazda sabitliyi bərpa etmək üçün münasib şərait yaranmaqdadır. 1999-cu ilin dekabrında Helsinkidə Türkiyəyə Avropa Birliyinə tam üzv olmaq imkanı verildi. Bu, əlbəttə, çox mühüm hadisədir, çünki Türkiyə Avropa Birliyinin bərabər hüquqlu üzvü olanda onun qonşuları - Qafqaz, o cümlədən Azərbaycan Avropa Birliyi ilə bir növ həmsərhəd olacaqlar.

2000-ci il yanvarın 15-də hörmətli Dəmirəl "Qafqazda sabitlik paktı" təşəbbüsünü irəli sürdü. Bundan əvvəl isə Azərbaycan prezidenti hörmətli Əliyev ATƏT-in İstanbul zirvə görüşündə çox mühüm nitq söylədi. Ondan sonra böyük ölkələrin, o cümlədən Rusiyanın, Amerikanın, Avropa Birliyinin ölkələrinin liderləri də Qafqazda sabitlik barədə fikirlərini açıqladılar.

Avropa Siyasi Tədqiqatlar Mərkəzi bütün bu bəyanatlardan ilham alaraq təkliflər hazırlamışdır. Türkiyə olaraq biz təkliflərin bəzilərini qəbul edirik, bəziləri ilə isə razı deyilik. Ancaq bu təkliflərdən araşdırmalar üçün istifadə edilə bilər. Burada xüsusi vurğulanmalı cəhət odur ki, bu təşəbbüs Minsk qrupunu əvəz edə bilməz. Türkiyə Azərbaycanın razılaşmadığı heç bir həll variantını qəbul etməz.

Türkiyə münaqişədə yaranmış indiki vəziyyətlə, yəni status-kvo ilə razılaşmır. Hazırkı vəziyyət bu şəkildə davam edə bilməz. Ancaq heç bir iş görməsək, onda bu vəziyyət olduğu kimi qalar. Möhtərəm prezident, ona görə də Sizdən xahiş edirik ki, bizim fikirlərimizi məhz bu prizmadan dəyərləndirəsiniz. Bu çərçivədə həm cənab Dəmirəlin, həm də Avropa Siyasi Tədqiqatlar Mərkəzinin təklifləri var. Bunlar bir-birini tamamlaya bilər. Ancaq bu tədqiqatları davam etdirməyimiz üçün, cənab prezident, bizə rəhbərlik etməyinizi, yol göstərməyinizi arzulayırıq. Buraya da elə bu məqsədlə gəlmişik.

Möhtərəm prezident, digər bir arzumuz da budur ki, Azərbaycanda fəaliyyət göstərən bu tipli qeyri-hökumət təşkilatları, habelə Xarici İşlər Nazirliyinin əməkdaşları, elmi ictimaiyyətin nümayəndələri bizimlə əlaqə yaratsınlar. Türkiyəyə və Brüsselə gəlsinlər, birgə əməkdaşlıq edək.

İndi isə hörmətli Nihad Gökyigit öz fikirlərini söyləyər.

Nihad Gökyigit: Möhtərəm prezident, mən biznes aləminin nümayəndəsiyəm, ancaq, necə deyərlər, həddimi aşıb bu siyasi işlərə qarışdım. Məqsəd isə budur ki, bu məsələləri xalq daha yaxşı başa düşsün. Əgər xalq bu təşəbbüsləri anlasa, dəstəkləsə, onda siyasətçilərin də işi yaxşı gedər.

Biznes dünyası sabitlik tələb edir. Bütün çətinliklərə baxmayaraq, biznes öz işini davam etdirir. Ancaq işlərin genişlənməsi üçün sabitlik əsas şərtdir. Biznes və sabitlik bir-birini qarşılıqlı surətdə tamamlayan amillərdir.

Cənubi Qafqazdakı enerji dəhlizinə sərmayə qoyuluşu davam edəcəkdir. Amma enerji sektoru əsas olmaqla, bir çox digər layihələr də - hava və dəniz limanları, yollar və s. gündəlikdədir. Avropa Birliyi də bu dəhlizə böyük əhəmiyyət verir. Ona görə də mən, bayaq dediyim kimi, həddimi aşaraq bu məsələlərə girişdim. Biznes dünyasının özünəməxsus həyəcanı və dinamikası var.

Dünən biz Tbilisidə Gürcüstan prezidenti cənab Şevardnadze ilə görüşdük, bu gün isə Bakıda - cənab Əliyevin hüzurundayıq. İş adamı olaraq biz də siyasət aləminə öz töhfəmizi vermək istəyirik.

Maykl Emerson (Avropa Siyasi Tədqiqatlar Mərkəzinin həmsədri): Cənab prezident, bizim sənədlərimizin türk dilində icmalı da var, onları Sizə təqdim edirik. Kitabımda isə onun haqqında rus dilində məlumat var. Həmin sənədlərin ilk altı maddəsi bizim təkliflərimizin məğzini əks etdirir.

Keçən ilin noyabrında ATƏT-in zirvə görüşündə Sizin söylədiyiniz nitqi diqqətlə öyrəndik. Eyni zamanda digər çıxışlarla da, xüsusilə prezident Dəmirəlin, prezident Şevardnadzenin və prezident Koçaryanın çıxışları ilə tanış olduq. Ondan sonra bizim işimizə güclü təkan ATƏT-dən gəldi. ATƏT bizdən daha ətraflı iş cədvəli hazırlanmasını, həmin çıxışlarda qaldırılmış fikirlərin həyata keçirilməsi sahəsində fəaliyyət proqramı yaradılmasını istədi.

Biz tədqiqatlarımız sayəsində gəldiyimiz nəticələri ümumiləşdirdikdə üç əsas məsələyə diqqət yönəldirik. Bu üç əsas məsələ bilavasitə Cənubi Qafqazla əlaqədardır. Sonrakı üç məsələ isə Cənubi Qafqazın ətrafında olan ölkələrin də bu işə qoşulmasını tələb edir. Cənubi Qafqaz üçün önəmli əhəmiyyəti olan birinci üç məsələ bunlardır: münaqişələrin həll olunması, regionun ölkələri arasında əməkdaşlıq və bunun sonradan inteqrasiyaya çevrilməsi, Cənubi Qafqazda təhlükəsizlik təminatlarının hazırlanması.

Biz çalışmışıq ki, özlüyündə hər biri önəmli əhəmiyyət daşıyan bu məsələlər arasında ardıcıllığın necə formalaşdırılmasına, onların bir-biri ilə əlaqəsinin olub-olmamasına da müəyyən aydınlıq gətirək. Hesab etdik ki, bu məqsədlərin içərisində ən önəmlisi münaqişələrin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasıdır. Beləliklə, biz bütün bu təklifləri hazırlayarkən o ehtimallara əsaslandıq ki, əgər Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda həll olunmasa da, Ermənistanla Azərbaycan arasındakı bu münaqişənin həllində yaxın vaxtlarda tərəqqi əldə ediləcəkdir.

Biz münaqişədən sonrakı dövr üçün rejimin necə olacağı barədə fikirlərimizi açıqlamışıq və eyni zamanda bu sahədə görüləcək işləri də müəyyənləşdirmişik.

Təklif etdiyimiz proqram çərçivəsində birinci mərhələdə Cənubi Qafqaz ölkələri arasında dövlətlər və hökumətlər səviyyəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tuturuq. Sonrakı mərhələlərdə isə regionun Avropa strukturları ilə inteqrasiya olunmasının və əməkdaşlığının formalarını müəyyənləşdirmək nəzərdə tutulur. Şübhəsiz ki, bu zaman Türkiyənin Avropa Birliyinə qəbul edilməsi məsələsini də unutmur, bunun əhəmiyyətini də nəzərə alırıq.

Regionun dövlətləri üçün təhlükəsizlik təminatlarına gəldikdə isə, demək istəyirəm ki, biz bu barədə düşünürük. İlkin dövrdə NATO-nun təhlükəsizlik barədə öhdəlikləri olmasa da, fikirləşirik ki, regionun dövlətləri üçün ATƏT-dən xüsusi təhlükəsizlik təminatları alaq və bunları yazılı sənəd halına salaq.

Proqramımızın ikinci bölməsində isə tövsiyə edirik ki, Rusiya, Şimali Qafqaz və Avropa Birliyi arasında əməkdaşlıq mexanizmləri də işlənib hazırlansın.

Biz növbəti mərhələlərdə hazırda Azərbaycanın da üzv olduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsindən də kənara çıxaraq, Qara Dəniz-Qafqaz-Xəzər dənizi regionu ölkələri arasında əməkdaşlıq forumunun yaradılması tövsiyələri ilə çıxış edirik.

Nəhayət, regionun neft və qaz ehtiyatlarından daha sürətlə və səmərəli istifadə olunmasına dair təkliflərimiz var. Mən həmin mövzu üzərində dayanmayacağam, çünki bu sahədə Sizin böyük təcrübəniz var.

Cənab prezident, bildirmək istəyirəm ki, Cənubi Qafqazda sabitlik paktı ilə əlaqədar proqram üzərində işlərimiz və Qərb dövlətlərinin rəhbərləri ilə danışıqlar belə deməyə əsas verir ki, ümumən Qərb dövlətlərinin rəhbərləri səviyyəsində də bu məsələyə böyük dəstək vardır. Sizin liderliyiniz sahəsində bu layihənin həyata keçirilməsi mümkündür. Ona ediləcək texniki yardımlar da mümkündür. Lakin növbəti addımların nədən ibarət olacağını biz aydınlaşdırmalıyıq. Hesab edirik ki, bunları aydınlaşdırmaqdan öncə, şübhəsiz, Sizin kimi dövlət başçılarının təklifləri və konkret layihələri ilə də tanış olmağımız, ümumiləşdirmələr aparmağımız lazımdır. Yəni biz birlikdə Qərb dövlətlərini inandıraq ki, belə bir proqramın həyata keçirilməsi mümkündür və bu, regiona səmərə gətirəcəkdir.

Cənab prezident, dünən prezident Şevardnadze ilə keçirdiyimiz görüş zamanı o, təşəbbüs göstərərək bildirdi ki, həm hökumət orqanlarını, dövlət strukturlarını, həm də qeyri-dövlət strukturlarını təmsil edən nümayəndələrdən, mütəxəssislərdən ibarət işçi qrupu yaradacaq ki, bizim təqdim etdiyimiz təkliflərlə maraqlansın və bizimlə yaxından əməkdaşlıq etsin. O, belə bir məsələ də qaldırdı ki, Azərbaycan və Ermənistan prezidentləri də bu cür addım atsalar, müvafiq işçi qrupları yaratsalar, biz birlikdə Avropa strukturları ilə əməkdaşlıq edərək çox mürəkkəb məsələlər barəsində ümumi anlaşmaya gəlib çıxa bilərik.

Sergiu Çelak: Cənab prezident, mənim danışmağa, demək olar, sözüm qalmadı. İyunun 14-də mən və Maykl Emerson ATƏT-in təklifi ilə onun Vyanadakı səfirlərinə bu layihəni təqdim etdik.

Bu layihə ATƏT-in üçlüyünün - onun əvvəlki, hazırkı və gələcək sədrlərinin təşəbbüsü ilə həyata keçirilir. Onlar Norveç, Avstriya və Rumıniyanı təmsil edirlər.

Etdiyimiz tədqiqat nəticəsində ATƏT-in hazırkı sədri təşkilatın regiondakı mövcud strukturlarına belə bir tapşırıq verdi ki, yerli hökumətlərlə əlavə danışıqlar aparıb bu təklifə münasibətlərini və onların əlavə təkliflərini araşdırsınlar, beləliklə, layihəni daha irəli aparmaq yolları ilə ciddi məşğul olsunlar.

Hesab edirik ki, birinci addım kimi, biz bu ilin sentyabrında seminar keçirməliyik. Həmin seminar zamanı Maykl Emerson və mən bu layihənin təqdimatını edəcəyik. Bu seminarı ATƏT həm təşkil edəcək, həm də maliyyələşdirəcəkdir.

Biz başa düşürük ki, ATƏT zəif təşkilatdır. Amma bəzən zəifliyin özündə də xeyirli cəhət olur. Bəzən zəiflik adamı daha çox diplomatik olmağa, yəni güc yox, ağıl işlətməyə məcbur edir. Biz bu layihəyə müstəqil alimlər kimi qoşulmuşuq. Cənubi Qafqazda sabitlik paktı üzərində çalışan digərləri də bizim kimi müstəqil alimlərdən ibarətdir.

Cənab prezident, bizim bu işimizə Sizin dostunuz və bu dostluğu daim fəxrlə vurğulayan, yad edən Terri Adams tərəfindən də böyük dəstək aldıq.

Bizim aldığımız bütün siqnallar onu deməyə əsas verir ki, bu cür ciddi məsələləri həll etmək üçün zaman da yetişməkdədir. Daha ciddi fəaliyyət göstərmək üçün Minsk qrupuna bir təkan lazımdır. Həm sabitlik paktının həyata keçirilməsi, həm də bunun üçün ən birinci şərtlərdən olan münaqişələrin aradan qaldırılmasından ötrü regionun dövlətlərindən və onların rəhbərlərindən əlavə təkana, əlavə dəstəyə ehtiyac vardır.

Biz sabitlik paktını münaqişənin həllinin əvəzi kimi görmürük. Sadəcə olaraq, biz belə bir fikri bölüşürük ki, Siz bu münaqişələri aradan qaldırdıqdan sonra və ona paralel olaraq regionun gələcək taleyi necə olacaq, hansı addımlar atılacaqdır. Bu barədə düşünmək lazımdır və sabitlik paktı da o məqsədlərə xidmət edəcəkdir. Mən həmkarım və dostum səfir Sanberk ilə tamamilə razıyam ki, müəyyən məsələlər olacaq ki, biz razılaşacağıq, bəzi məsələlərdə isə fikir ayrılığımız olacaqdır. Maykl Emerson və mən ayrı-ayrı ölkələri təmsil etmirik. Hətta vətəndaşı olduğumuz ölkələri də təmsil etmirik. Biz sadəcə, bütün səylərin birləşdirilməsinə və ümumi bir sənədin ortaya çıxarılıb əlavə fikir mübadiləsi aparılmasına səy göstərmişik. Şübhəsiz ki, son qərarı yalnız və yalnız Siz verəcəksiniz.

Heydər Əliyev: Mən çox məmnunam ki, siz hamınız Qafqaz, xüsusən Cənubi Qafqaz üçün çox vacib olan bir problemlə məşğulsunuz. Son 12 ildir ki, Cənubi Qafqazda sabitlik pozulubdur. Bu, birinci növbədə 1988-ci ildə Ermənistanın Azərbaycana torpaq iddiası etməsi nəticəsində başlanmış müharibə və digər tərəfdən, Gürcüstanda Abxaziya, Osetiya münaqişələrinin yaranması ilə əlaqədardır. İkincisi isə Şimali Qafqazda, Çeçenistanda yaranmış vəziyyət və orada gedən müharibə ilə əlaqədardır.

Bütün bunlar hamısı Qafqazda sabitliyi pozubdur. Təbiidir ki, Qafqazda yaşayanlar, ətrafımızdakı ölkələr bu regionda sabitliyin bərpa olunmasını istəyirlər. Çünki bu, bizim həyatımızın bütün sahələri üçün lazımdır. Bu baxımdan bir qeyri-dövlət təşkilatı, elmi araşdırmalar mərkəzi kimi sizin bu işlə məşğul olmağınız çox təqdirəlayiq haldır.

ATƏT-in ötən ilin noyabr ayında keçirilən İstanbul zirvə görüşündəki nitqimdə - siz bunu bilirdiniz - Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik paktının yaranması haqqında təklif irəli sürdüm, bu problemin aradan qaldırılmasında maraqlı olan bütün ölkələri bu məsələnin həll olunmasına dəvət etdim.

Türkiyənin hörmətli prezidenti cənab Süleyman Dəmirəl o vaxt daha da geniş bir təkliflə çıxış etdi. Bildiyimə görə, iki-üç ay bundan öncə o, dünyanın Qafqazla əlaqədar 14 ölkəsinin dövlət başçılarına Qafqazda sülh, təhlükəsizlik və sabitlik yaradılması ilə əlaqədar məktublar göndərib öz fikirlərini açıqlamışdır. Belə bir məktubu mən də almışam. Bu məsələ ilə əlaqədar mən hörmətli Süleyman Dəmirəllə bir neçə dəfə telefon danışığı aparmışam. Hörmətli Süleyman Dəmirəl mənə dedi ki, onun yazdığı bu məktublara bütün dövlət başçıları müsbət münasibət göstəriblər.

Beləliklə, məlumdur ki, bütün ölkələr - yəni bu bölgəyə marağı olan ölkələr Qafqazda, o cümlədən Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, sabitliyin yaranmasını istəyirlər və bu sahədə öz səylərini artırmağa hazırdırlar. Ona görə də mən sizin bu sahədəki fəaliyyətinizi və təşəbbüsünüzü dəstəkləyirəm.

Siz də bildirdiniz, mən də demək istəyirəm ki, bu, o qədər də asan problem deyildir, ancaq eyni zamanda, asandır. Çünki bu proqramı, nəzərdə tutulan təklifləri həyata keçirmək üçün bir şərt var. Bu da birinci növbədə, Cənubi Qafqazdakı münaqişələrə son qoymaqdan ibarətdir.

Bilirsiniz ki, 12 il bundan öncə başlanmış Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin 20 faizini işğal edibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıbdır və artıq 7-8 ildir ki, çadırlarda ağır vəziyyətdə yaşayırlar.

Müharibə gedib, qanlar tökülübdür. Ancaq biz 1994-cü ilin may ayında, altı il bundan əvvəl müharibəni dayandırmışıq. Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanıbdır. Altı ildən çoxdur ki, müharibə getmir, qan tökülmür, atəşkəs rejimi davam edir. Amma eyni zamanda, münaqişə aradan qaldırılmayıbdır. Yəni atəş kəsilən zaman - 1994-cü il mayın 12-dəki vəziyyət indiyə qədər davam edir.

Bir daha bildirirəm ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal edilmiş bu ərazilərdə yaşamış bir milyon azərbaycanlı qaçqın və köçkün vəziyyətindədir.

Biz altı ildən çoxdur ki, ATƏT-in Minsk qrupunun və Minsk qrupu həmsədrlərinin - Rusiyanın, Amerika Birləşmiş Ştatlarının, Fransanın və başqa ölkələrin, beynəlxalq təşkilatların vasitəsilə sülhə nail olmaq istəyirik. Sülh əldə etmək üçün Ermənistan silahlı qüvvələri gərək işğal olunmuş Azərbaycan torpaqlarından çıxsınlar, ölkəmizin ərazi bütövlüyü bərpa edilsin, bir milyondan çox vətəndaşımız öz yerinə-yurduna qayıtsın.

Ancaq biz buna nail ola bilmirik. Çünki Ermənistan qeyri-konstruktiv mövqe tutur. Ermənistan bu torpaqları işğal etməyindən istifadə edərək, Azərbaycana mənsub olan Dağlıq Qarabağa dövlət müstəqilliyi statusu əldə etmək istəyir. Belə olan halda Azərbaycanın ərazisinin bir hissəsi olan Dağlıq Qarabağ müstəqillik alaraq ölkəmizin ərazisindən çıxır, yəni Azərbaycan öz torpaqlarının bir hissəsini itirir. Ermənistan bəyan edir ki, bu halda o, Dağlıq Qarabağın ətrafında işğal etdiyi rayonları azad etməyə hazırdır. Biz isə bu şərtlərlə razı ola bilmərik. Çünki beynəlxalq hüquq normaları, ATƏT-in prinsipləri vardır. Heç bir ölkə ərazi bütövlüyünün, sərhədlərinin pozulmasına yol verməz. Ona görə də münaqişə indiyədək həll olunmayıbdır.

Gürcüstanda da Abxaziya, Osetiya münaqişələri həll edilməyibdir. Gürcü millətindən olan insanlar Abxaziyadan zorla çıxarılıbdır. Amma Gürcüstandakı münaqişə daxili xarakter daşıyır, ölkənin daxilindədir. Azərbaycanda isə münaqişə iki müstəqil dövlətin arasında olan münaqişədir. Bu münaqişə Ermənistan ilə Azərbaycan, yəni Birləşmiş Millətlər Təşkilatının üzvü olan iki müstəqil dövlət arasında gedən müharibədir və münaqişədir.

Ona görə də bütün bu proqramları, hörmətli Süleyman Dəmirəlin təklifini, ATƏT-in İstanbul zirvə görüşündə mənim irəli sürdüyüm təklifi və sizin arzu, istəklərinizi həyata keçirmək üçün gərək Ermənistan Azərbaycan torpaqlarını azad etsin, bir milyondan artıq vətəndaşımız öz yerinə-yurduna qayıtsın, Dağlıq Qarabağa isə, - dəfələrlə bəyan etdiyimiz və ATƏT-in Lissabon zirvə görüşündə öz əksini tapdığı kimi, - Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilə bilər.

Əgər biz bunlara nail ola bilməsək, Cənubi Qafqazda heç bir sabitlikdən söz gedə bilməz. Ermənistan prezidenti Robert Koçaryanla mənim aramda keçən il bilavasitə bir neçə görüş olmuşdu. Bu görüşlər zamanı biz çalışmışdıq ki, bir qədər irəliyə gedək, məsələni həll edək. Hər ikimiz, yəni Azərbaycan prezidenti və Ermənistan prezidenti belə bir fikir irəli sürmüşdük ki, bunun üçün gərək hər iki tərəf kompromisə getsin. Mən kompromisə getməyə hazır olduğumu bildirdim. Ermənistan prezidenti də bunu bildirdi. Amma təəssüflər olsun ki, oktyabrın 27-də Ermənistanda baş vermiş terror hadisəsindən sonra bizim bu danışıqlar kəsildi.

Bilirsiniz ki, o vaxt Ermənistan parlamentinin sədri, baş nazir və bir neçə deputat terroristlər tərəfindən qətlə yetirilmişlər.

ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri dünən və bu gün Ermənistandadır, axşam Azərbaycana gələcəkdir. Onun səfəri ATƏT-in sədri kimi Ermənistanın və Azərbaycanın fikirlərini öyrənib, bu məsələni həll etmək məqsədi daşıyır. Mən bu yaxınlarda Avstriyada rəsmi səfərdə olarkən o, bu barədə fikirlərini mənə deyib. Mən bilmirəm, o, buradan hansı məlumatlarla qayıdacaqdır. Hər halda, biz kompromislərə getməyə hazırıq. Amma gərək Ermənistan da kompromislərə getsin və bu kompromislərin müəyyən çərçivəsi olmalıdır. Əgər bu məsələ həll olunmasa, bütün bu proqramların heç birisi real deyildir.

Cənubi Qafqazda Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə çox yaxşı əməkdaşlıq vardır. Gürcüstan ilə Ermənistan arasında da bütün sahələrdə yaxşı əməkdaşlıq vardır. Amma Cənubi Qafqazın üç dövlətinin indi birlikdə əməkdaşlıq etməsi mümkün deyildir. Mən dostum cənab Nihad Gökyigitin bu barədə fikirləri ilə razı ola bilmərəm. Bu, yeni fikir deyildir. Bir çox ölkələr bizə belə təkliflər veriblər və Ermənistan da bizə təklif irəli sürür ki, gəlin iqtisadi əlaqələri davam etdirək, ticarət edək, onda qarşılıqlı inam yarana bilər və biz sülhə nail olmağa daha da yaxınlaşa bilərik.

Ermənistan bizə belə təkliflər veribdir. Başqa dövlətlərin də belə təklifləri vardır. Görürəm ki, sizin bu proqramınızda da belə fikirlər vardır. Hörmətli Nihad Gökyigit hesab edir ki, bu işlər paralel getməlidir. Mən bununla razı deyiləm. Biz bununla heç vaxt razı ola bilmərik. Nə üçün? Çünki Azərbaycan torpaqlarının 20 faizi işğal altında olduğu, bir milyondan çox vətəndaşımız çadırlarda yaşadığı, Azərbaycanla Ermənistan arasında sülh olmadığı halda, biz Ermənistanla heç bir əməkdaşlıq edə bilmərik.

Mən bilirəm ki, Ermənistanın iqtisadi vəziyyəti ağırdır, onun belə əməkdaşlığa ehtiyacı vardır. Biz etiraz etmirik. Amma sülh yaratmaq lazımdır. Sülh yaranandan sonra bu əməkdaşlıq avtomatik olacaqdır. Sülh yaranmadığı halda, bir-biri ilə münaqişədə olan iki ölkə hansı əməkdaşlıq edə bilər? Biz istəsək də, buna millətimiz yol verə bilməz. Amma iş burasındadır ki, mən də bunu heç vaxt istəmərəm.

Bilirsiniz ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər bağlıdır, heç bir diplomatik və ticarət əlaqələri yoxdur. Ermənistan çalışır ki, Türkiyə ilə iqtisadi əməkdaşlıq etsin. Dostum cənab Gökyigit də bu barədə bəzi təşəbbüslərdə olubdur. Mən vaxtilə ona öz etirazımı bildirmişəm.

Amma Türkiyə cümhuriyyətinin siyasəti belədir ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayana, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından çıxmayana, bir milyondan çox vətəndaşımız öz yerinə-yurduna qayıtmayana qədər Türkiyə Ermənistanla sərhədini açmayacaq, heç bir ticarət etməyəcək və heç bir yolu açmayacaqdır. Türkiyənin dövlət və hökumət başçıları bunu dəfələrlə bəyan ediblər.

Türkiyənin doqquzuncu prezidenti hörmətli Süleyman Dəmirəl bu fikri dəfələrlə bəyan edibdir. Türkiyənin yeni prezidenti hörmətli Əhməd Necdət Sezər bu günlərdə Azərbaycanda rəsmi səfərdə olduğu zaman yenə də belə bir bəyanat veribdir. Türkiyənin sərhəd yerlərində, məsələn, Qars bələdiyyə başkanı və başqaları bu siyasəti anlamayaraq belə fikirlər söyləyirlər ki, "Qapıları açın, biz ticarət edək". Amma mənim dostum Süleyman Dəmirəl bu yaxınlarda Qarsda olduğu zaman onlara yaxşı cavab verib, deyibdir ki: "Bir neçə qəpik-quruşdan, xırda ticarətdən ötrü biz azərbaycanlı qardaşlarımızın mövqeyini qurban verə bilmərik".

Siz də bizim mövqeyimizi burada açıq bilməlisiniz. Ermənistan-Azərbaycan münaqişəsi həll edilən, sülh yaranan, Azərbaycanın işğal olunmuş torpaqları azad edilən kimi, sülh, təhlükəsizlik və sabitlik paktının yaranması tamamilə real olacaqdır. Bu olmasa - fantaziyadır.

Amerika Birləşmiş Ştatları beş-altı ay bundan öncə belə bir təklif irəli sürmüşdür ki, Cənubi Qazqaf iqtisadi forumu yaransın. Bu, nə deməkdir? Demək, Gürcüstan, Azərbaycan, Ermənistan bir iqtisadi forum yaradır və orada iqtisadi əməkdaşlıq edir. Biz bu təklifə də etiraz etdik və buna razı olmadıq.

Sizin başladığınız iş çox yaxşıdır. Siz bilməlisiniz ki, hansı məsələ realdır, hansı məsələ real deyildir. Mən təşəkkür edirəm ki, siz qeyri-dövlət təşkilatının üzvlərisiniz, alim və çox təcrübəli insanlarsınız. Məsələn, mən bilirəm ki, Özdəm Sanberk çox təcrübəli bir siyasətçi, diplomatdır. Cənab Emerson da belədir. Rumıniyanın keçmiş xarici işlər naziri Sergiu Çelak da təcrübəli bir insandır. Cənab Nihad Gökyigit deyir ki, mən biznes adamıyam, siyasətə qarışmıram. Amma o, çox təcrübəli bir adamdır və mənim də yaxın dostumdur.

Sizin bu təcrübəniz, hərəkətləriniz bizə çox lazımdır. Bir daha deyirəm ki, mən Sizin bütün bu təşəbbüsünüzü dəstəkləyirəm. Amma öz fikirlərimi də Sizə bildirirəm. Sizə təşəkkür edirəm.

Nihad Gökyigit: Cənab prezident, bu barədə bir fikrimi Sizə bildirmək istəyirəm. Biz Ermənistanla əlaqələr qurmadıq, əməkdaşlıq etmirik və etməyəcəyik.

Heydər Əliyev: Çox yaxşı etmisiniz ki, əlaqələr qurmamısınız.

Nihad Gökyigit: Biz Azərbaycanın da, Ermənistanın da qarşılaşdığı çətinlikləri öyrənirik. Biz ermənilərə dəfələrlə bildirmişik ki, görürsünüz, xarici iş adamları Azərbaycanla sıx əlaqələr qurur, orada böyük işlər görürlər.

Heydər Əliyev: Bəli. Görürsünüz, biz Bakı-Supsa neft kəmərini işə saldıq.

Nihad Gökyigit: Mən bir daha deyirəm ki, biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığı davam etdirəcəyik.

Heydər Əliyev: Davam etdirin.

Nihad Gökyigit: Ermənistanla əlaqələr qurmaq barədə Türkiyənin düzgün xarici siyasəti vardır. Biz dövlətimizin siyasətinə tabeyik - o nə desə, onu etməliyik.

Heydər Əliyev: Bəli, siz Türkiyənin xarici siyasətinə tabe olun.

Nihad Gökyigit: Bəli, biz bu siyasətə tabeyik, bu siyasətdən heç vaxt kənara çıxmarıq. Mənim demək istədiklərim bunlardır. Biz bu sahədəki fəaliyyətimizi davam etdirəcəyik.

Heydər Əliyev: Çox gözəl. Təşəkkür edirəm.

"Azərbaycan" qəzeti", 18 iyul 2000-ci il.