Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Finlandiyanın Avropa işləri və xarici ticarət naziri Ole Norrbakı qəbul etmişdir - Prezident sarayı, 28 may 1998-ci il


Qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı Heydər Əliyev cənab Norrbakın respublikamıza səfərindən məmnun qaldığını bildirdi və Azərbaycan ilə Finlandiya arasında ticarət əlaqələrinin daha da möhkəmləndirilməsinin vacib olduğunu nəzərə çarpdırdı.

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi və görkəmli dövlət xadimi, prezident Heydər Əliyevin anadan olmasının 75 illiyi münasibətilə respublikamızın rəhbərini Finlandiya hökuməti və öz adından səmimi qəlbdən təbrik edən nazir onun ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini söylədi.

Müstəqillik günü münasibətilə mayın 27-də "Respublika" sarayında keçirilən təntənəli mərasimdə iştirak etdiyini, prezident Heydər Əliyevin dərin məzmunlu nitqini diqqətlə dinlədiyini vurğulayan cənab Norrbak Azərbaycan incəsənət ustalarının konsertindən də məmnunluqla söhbət açdı.

Ölkələrimiz arasında ticarət əlaqələrinin daha da sıxlaşdırılması üçün geniş imkanlar olduğunu nəzərə çarpdıran qonaq Azərbaycan Respublikası Ticarət Nazirliyinin nümayəndə heyətinin Finlandiyaya səfər etməsinə ehtiyac duyulduğunu bildirdi.

Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu və iqtisadi islahatların müvəffəqiyyətlə həyata keçirilməsi sahəsində əldə edilmiş böyük uğurları görməkdən çox məmnun qaldığını vurğulayan nazir Finlandiyanın iş adamlarının və bir çox nüfuzlu şirkətlərinin ölkəmizlə daha sıx əlaqələr qurmağa və respublikamıza sərmayələr qoymağa hazır olduğunu söylədi.

Ölkələrimiz arasında siyasi sahədə əlaqələrin hazırkı vəziyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı Heydər Əliyev Finlandiya prezidenti Marti Axtisaari ilə keçirdiyi görüşlərdən və apardığı danışıqlardan geniş bəhs etdi və cənab Axtisaarini respublikamıza rəsmi səfərə dəvət etdiyini xatırlatdı, 1994-1996-cı illərdə Minsk qrupunun həmsədrlərindən biri olmuş Finlandiyanın Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması ilə əlaqədar gördüyü işlərdən razılıqla söhbət açdı.

Finlandiyanın keçmiş prezidentləri Urho Kekkonenin, Mauno Koyvistonun vaxtilə Bakıya gəldiklərini və onlarla keçirdiyi görüşləri məmnunluqla xatırlayan prezident Heydər Əliyev Azərbaycan ilə Finlandiya arasında müəyyən tarixi əlaqələrin olmasını müsbət hadisə hesab etdiyini bildirdi.

Finlandiyanın sənaye mallarının keçmiş SSRİ-də böyük şöhrət qazandığını söyləyən respublikamızın rəhbəri dedi ki, indi müstəqil dövlət olan Azərbaycan bu ölkə ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir.

Cənab Norrbak Bakıda "Finlandiya evi"nin yaradılması sahəsində görülmüş işlər barədə prezident Heydər Əliyevə ətraflı məlumat verdi. O dedi: Cənab prezident, biz tam əminik ki, müstəqil Azərbaycan Respublikası sizin müdrik rəhbərliyiniz altında tezliklə dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcəkdir.

Respublikamızın rəhbəri bu ölkənin nüfuzlu şirkətlərinin Azərbaycana böyük maraq göstərməsini bir daha yüksək qiymətləndirdi və Bakıda "Finlandiya evi"nin açılmasını dəstəklədiyini bildirdi.

AzərTAc

 

"Azərbaycan" qəzeti, 30 may 1998-ci il.