"İran İslam İnqilabının 20-ci ildönümü münasibətilə "Gülüstan" sarayında keçirilən rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi" (Bakı, 9 fevral 1999-cu il) sənədinə tarixi arayış


Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra cənub qonşusu İran İslam Respublikası ilə münasibətlərini bəzi çətinliklərə baxmayaraq inkişaf etdirib. Azərbaycan - İran münasibətlərində müxtəlif dövrlərdə müəyyən çətinliklər yaradan məsələlər Xəzərin statusu və İranın Azərbaycanın Qərbin neft şirkətləri ilə əməkdaşlığından narazılığına görə yaranıb.

Qarşılıqlı əməkdaşlıq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İrana münasibətdə müvafiq xarici siyasəti ilə daha da genişlənib.

Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi 1992-ci ildə İranda səfərdə olub. Həmin səfər blokada vəziyyətində olan Naxçıvanın enerji və s. sahələrdə təchizatını yaxşılaşdırmaq məqsədi daşıyıb.

1993-cü ildə Azərbaycanın prezidenti olduqdan sonra Heydər Əliyev 1994, 1996, 1997, 2002-ci illərdə İrana səfərlər edib. (www.mfa.gov.az) Həmin səfərlər nəticəsində Azərbaycanla İran arasında siyasi, iqtisadi, mədəni, elm və s. sahələrdə çoxsaylı sazişlər bağlanıb. Hal-hazırda da iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq lazımi səviyyədə davam edir.

9 fevral 1999-cu ildə İran İslam İnqilabının 20-ci ildönümü münasibətilə "Gülüstan" sarayında keçirilən rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev təbrik nitqində Azərbaycanın İranı dost ölkə hesab etdiyini, ümumilikdə bu dövlətlə münasibətlərdən razı qaldığını bildirib. Azərbaycan Prezidenti İranın Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində düzgün siyasət yeritdiyini bəyan edib: "İran İslam Cümhuriyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan indiyə qədər çox düzgün və prinsipial mövqe tutmuşdur. Biz həmişə məmnuniyyətlə qeyd edirik ki, İran Ermənistanın Azərbaycana qarşı təcavüzünü daim pisləmiş və mövqeyini heç vaxt dəyişməmişdir."

Göstərilən çətinliklərə baxmayaraq, Azərbaycanla İranın müxtəlif sahələrdə əməkdaşlığı ardıcıl davam edir.

Azərbaycan prezidenti İlham Əliyev 2005-ci ilin yanvarında İrana səfər edib. Səfər zamanı tərəflər arasında sərhəd, maliyyə, mədəniyyət, hidroenergetika və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan növbəti müqavilələr bağlanıb. Ümumilikdə İran və Azərbaycan arasında imzalanmış sazişlərin sayı yetmişə yaxındır. (www.axisglobe.com/www.mfa.gov.az). Yanvarın 24-də Tehranda İran Prezidentinin sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi arasında təkbətək görüş olmuşdur.

2005-ci ilin sonunda və 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad dəfələrlə görüşüblər. 2005-ci ilin dekabrında Mahmud Əhmədinejad İran qazının Azərbaycana nəql edilməsinin açılışında iştirak etmək üçün Naxçıvanda olub. Həmin görüş zamanı o, İlham Əliyevlə birlikdə enerji sahəsində əməkdaşlığa dair bəyannamə imzalayıb. (www.axisglobe.com)

Dövlət başçılarının növbəti görüşü 2006-cı ilin iyununda İqtisadi Əməkdaşlıq Təşkilatının Bakı toplantısında keçirilib. Bütün bu görüşlərdə hər iki prezident Azərbaycan və İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu bəyan ediblər.

2006-cı il 19-21 iyun tarixlərində İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirlərinin Bakıda keçirilmiş 33-cü Sessiyasında iştirak etmək üçün İran İslam Respublikasının Xarici İşlər Naziri Mənuçöhr Mottəki Azərbaycan Respublikasında səfərdə olub (www.mfa.gov.az). 19 iyun 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında İran İslam Respublikasının xarici işlər naziri Mənuçöhr Mottəkini qəbul edib. Mənuçöhr Mottəki İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasının Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi və uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Görüş zamanı Azərbaycan-İran ikitərəfli münasibətləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

10 avqust 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında İran İslam Respublikası Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mehdi Səfərinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Söhbət zamanı Azərbaycan-İran münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin əlaqələrimizin genişləndirilməsində xüsusi rol oynadığı vurğulanıb və bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

21 avqust 2007-ci ildə İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycanda səfərdə olub. Prezident sarayında rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçıları indiki səfərin əhəmiyyətinə toxunaraq bildiriblər ki, bu, əlaqələrimizin daha da genişlənməsi işinə xidmət edəcəkdir. Görüşdə Azərbaycan-İran əməkdaşlığının gələcəkdə də genişlənəcəyinə əminlik vurğulanıb.

16 oktyabr 2007 Prezident İlham Əliyev Tehranda, "Sədabad" sarayının "Hafiziyyə" korpusunda Xəzəryanı dövlət başçılarının ikinci zirvə toplantısında iştirak edib. Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın görüşü olub.Prezidentlər siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hər iki tərəfin mənafeyinə uyğun şəkildə uğurla inkişaf etdiyini vurğulayıblar. Bildirilib ki, əlaqələr həm də regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Xəzərətrafı ölkələrin dövlət başçılarının zirvə toplantısı sahilyanı dövlətlər arasında əlaqələri genişləndirməklə yanaşı, bölgədə əməkdaşlığa da töhfə verir.

Tarixi arayış 17 iyul 2008-cı ildə yeniləşdirilib.