Hörmətli xanımlar və cənablar!
Mən Norveçin baş naziri hörmətli xanım Brundtlandın dəvəti ilə dost ölkəyə rəsmi səfərə gəlmişəm. Mənimlə birlikdə bizim nümayəndə heyəti də buradadır. Biz dünən danışıqlar aparmışıq. Qeyd etməliyəm ki, danışıqlarımız çox səmərəli keçdi. Danışıqlar nəticəsində Norveç ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün bir neçə sənəd imzalamışıq.
Azərbaycanda Norveç ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk. Norveç Azərbaycanın müstəqilliyini tanıyan dünya dövlətlərindən biridir. O vaxtdan bəri də Norveç Azərbaycanla iqtisadi əməkdaşlıq etməyə maraq göstəribdir. Norveçin "Statoyl" şirkəti və digər şirkətləri Azərbaycana gəlib və artıq bizimlə əməkdaşlığa başlayıblar.
Bununla bərabər bizi Norveçlə sıx əməkdaşlığa cəlb edən amil budur ki, Norveç Avropanın inkişaf etmiş dövlətlərindən biridir, iqtisadiyyat sahəsində böyük nailiyyətlər qazanıb. Norveç demokratik islahatlar aparılması sahəsində də çox böyük nailiyyətlərə malikdir. Norveç tam demokratik prinsiplər əsasında öz dövlətini qurub və cəmiyyətini formalaşdırıbdır. Bunların hamısı bizim üçün çox cəzbedici hallardır, bizim üçün çox maraqlıdır. Bunlar həm də müstəqil Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurmaq üçün təcrübədir. Bu amillər Norveçlə əlaqələrimizin daha çıx olması ilə indən sonra da inkişaf etməsi baxımından bizim üçün əhəmiyyətə malikdir.
Biz dünən baş nazir xanım Brundtland ilə bu məsələlər ətrafında geniş fikir mübadiləsi, danışıqlar aparmışıq. Bu danışıqların nəticəsində, bir tərəfdən, Norveç ilə Azərbaycan arasında əlaqələrin daha sürətlə inkişaf etdirilməsi haqqında ümumi rəyə gəldik və bununla bərabər, danışıqlarımız zamanı beynəlxalq aləmdə gedən proseslər, dünya prosesləri haqqında, o cümlədən, dünyanın ayrı-ayrı regionlarında gedən proseslər, baş vermiş və uzun müddət davam edən hərbi münaqişələr, bu münaqişələrin aradan qaldırılması haqqında fikir mübadiləsi apardıq və fikirlərimiz uyğun gəldi. Bundan başqa bir çox digər məsələlər barəsində də fikirlərimiz və dünyagörüşlərimiz üst-üstə düşür. Bu isə gələcək əməkdaşlığımız üçün yaxşı əsasdır.
Azərbaycan Qafqazda yerləşir. Təəssüflər olsun ki, Qafqazda bir neçə hərbi münaqişə mövcuddur, o cümlədən Dağlıq Qarabağ ilə əlaqədar Ermənistanla Azərbaycan arasında münaqişə dünyanın ən ağır, eyni zamanda təhlükəli münaqişələrindən biridir. Bu münaqişə Azərbaycan Respublikasına, Azərbaycan xalqına çox böyük zərər və zərbələr vurmuşdur. Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur, işğal edilən bu ərazilərdən Azərbaycanın bir milyon nəfərdən artıq vətəndaşı öz yer-yurdlarından zorla çıxarılmışdır. Onlar didərgin düşmüş və çox ağır vəziyyətdə çadırlarda yaşayırlar. Bu, bizim həm iqtisadi vəziyyətimizi, həm də ümumi vəziyyətimizi olduqca gərginləşdirmişdir. Mən xanım Brundtlandla bu barədə də çox geniş fikir mübadiləsi aparmışam və ona bildirmişəm, sizə də bəyan edirəm ki, Azərbaycan Ermənistanla münaqişəni sülh yolu ilə aradan qaldırmaq istəyir, məhz buna görə də biz iki il bundan öncə Eermənistanla Azərbaycan arasında atəşin kəsilməsi haqqında saziş imzalamışıq. Biz bu sazişə indiyədək əməl edirik və onun bundan sonra da saxlanmasına çalışacağıq. Biz bu atəşkəs rejiminin davam etdiyi vaxtda danışıqlar aparırıq. Danışıqlar nəticəsində hərbi əməliyyatlara və ümumiyyətlə, münaqişəyə son qoymaq istəyirik. Biz Azərbaycanla Ermənistan arasında daimi sülh olmasına tərəfdarıq.
Sülhə nail olmaq üçün hər bir ölkə, o cümlədən Ermənistan da beynəlxalq hüquq normalarına əməl etməlidir. Bu baxımdan biz sülh əldə etmək üçün çox güzəştli, konstruktiv təkliflər irəli sürmüşük. Təkliflər ondan ibarətdir ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələri çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır, işğal edilmiş torpaqlardan didərgin düşmüş, zorla çıxarılmış Azərbaycan vətəndaşları o torpaqlara, öz yer-yurdlarına qayıtmalıdırlar. Dağlıq Qarabağ probleminin həll olunmasının əsas prinsipi, əsas yolu bundan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və biz Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa, burada yaşayan təxminən 100 min erməniyə yüksək muxtariyyət statusu verməyə hazırıq. Bu yüksək muxtariyyət statusu yalnız və yalnız Azərbaycan dövlətinin tərkibində ola bilər və heç zaman bu status Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə zərər vurmamalıdır.
Azərbaycan öz müstəqilliyinin beşinci ilini yaşayır. Dövlət müstəqilliyi Azərbaycan xalqı üçün tarixi bir hadisədir. Bu, bizim üçün əbədidir. Müstəqil Azərbaycan dövləti öz həyatını demokratik prinsiplər əsasında qurur. Azərbaycanda demokratik hüquqi dövlət qurulur və bütün demokratik prinsiplər ölkəmizdə bərqərar edilir. Azərbaycan ötən ilin noyabr ayında referendum yolu ilə ilk demokratik konstitusiyasını qəbul edib və eyni zamanda ild dəfə Azərbaycan parlamentinə çoxpartiyalı sistem əsasında ilk demokratik seçkilər keçirilibdir. Bunların hamısı Azərbaycanın demokratiya yolu ilə getməsi üçün çox yaxşı əsaslar yaradıbdır. Biz demokratiya yolu ilə gedirik. İqtisadiyyatımız dünyaya açıqdır. İqtisadiyyatda bazar iqtisadiyyatı prinsipləri əsasında islahatlar aparırıq. Özəlləşdirmə proqramı qəbul edilib və həyata keçirilir. Bunların hamısı zəngin təbii sərvətləri olan Azərbaycanı qısa müddətdə dünyanın ən yüksək inkişaf etmiş dövlətlərindən birinə çevirəcəkdir.
Sizin gözəl ölkənizdə, gözəl Oslo şəhərində biz özümüzü çox yaxşı hiss edirik. Bizə böyük qonaqpərvərlik göstərilir. Bizim görüşlərimiz, danışıqlarımız səmimilik və mehribanlıq şəraitində keçir. Bütün bunlar onu göstərir ki, Norveç-Azərbaycan əlaqələrinin çox gözəl gələcəyi var və biz bu gələcəyə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Təşəkkür edirəm.
Sual: Prezident Heydər Əliyev indi öz bəyanatında "Statoyl" ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında əməkdaşlığın genişləndiyini qeyd etdi. Bununla əlaqədar belə bir sual: Xəzər dənizi şelfində yeni neft yataqlarının, o cümlədən "Şahdəniz" yatağının işlənməsində "Statoyl" şirkətinin iştirakı nəzərdə tutulurmu?
Heydər Əliyev: Bəli, nəzərdə tutulur. Bu məsələ ilə əlaqədar indi biz fəal danışıqlar aparırıq.
Sual: Neft hasilatının artırılması onun nəqlinin genişləndirilməsini nəzərdə tutur. Məlum olduğu kimi, Azərbaycan nefti xaricə Rusiya və Gürcüstan ərazisi ilə nəql ediləcəkdir. Neft kəmərlərinin və Norveç təşkilatları ilə əməkdaşlığın başqa variantları da hazırlanırmı?
Heydər Əliyev: Bəli, siz düz deyirsiniz ki, ilkin neftin Rusiya ərazisi ilə Qara dəniz sahilindəki Novorossiysk limanına və Gürcüstan ərazisi ilə yenə də Qara dəniz sahilindəki Supsa limanına ixracı üçün boru kəmərləri çəkilməsi haqqında Rusiya və Gürcüstan ilə sazişlər bağlamışıq. Lakin bununla eyni zamanda konsorsiumun layihəsində Azərbaycan neftinin ixracı üçün böyük bir neft kəmərinin çəkilməsi nəzərdə tutulur. Biz bu məsələdə Norveç təşkilatları ilə əməkdaşlıq edirik və edəcəyik.
Sual: Bilmək istərdik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in və BMT-nin rolunu nədə görür və sizin Norveçin baş naziri ilə apardığınız danışıqlar zamanı ATƏT-in sülhyaratma qüvvələrində Norveç əsgərlərinin iştirakı məsələsi müzakirə edildimi?
Heydər Əliyev: Biz Ermənistanla Azərbaycan arasında münaqişənin aradan qaldırılması üçün ATƏT-in Minsk qrupunun imkanlarından istifadə edirik və bundan sonra da edəcəyik. ATƏT-in Minsk qrupu məhz bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün yaradılmışdır. Doğrudur, Minsk qrupu və onun vasitəsilə apardığımız işlər istənilən nəticəni indiyədək verməyib. Ancaq biz bu vasitədən indən sonra da istifadə edəcəyik. Böyük Sülh Sazişinin əldə olunması və onun həyata keçirilməsi bölgəmizə beynəlxalq sülhü mühafizə qüvvələri gətirilməsini nəzərdə tutur. Baş nazir xanım Brundtland ilə görüş zamanı o, Azərbaycan jurnalistlərinin suallarına cavab verərək bildirdi ki, hələ 1994-cü ilin dekabrında Budareştdə ATƏT-in Zirvə toplantısında Norveç bəyan etmişdi ki, əgər sülh müqaviləsi əldə olunarsa və bizim bölgəyə ATƏT-in sülhməramlı qüvvələri göndərilərsə, onda Norveç bu qüvvələrin tərkibinə qoşun hissələri göndərməyə hazırdır.
Sual: Siz artıq xatırlatdınız ki, neft konsorsiumunun layihəsində böyük neftin ixracı üçün neft kəməri çəkilməsi nəzərdə tutulur. Lakin siz demədiniz ki, bu neft kəməri haradan keçəcək və onun son məntəqəsi harada olacaqdır. Bu, birinci sualımdır. İkinci sualım: şübhə yoxdur ki, konsorsium öz fəaliyyətində Qafqazda, o cümlədən də Çeçenistandakı narahat vəziyyəti nəzərə alır. Bu, nə dərəcədə nəzərə alınır?
Heydər Əliyev: Əvvəlcə böyük neft kəməri barədə. Təbii ki, bütün variantlar nəzərdən keçirilib öyrənilir. Bu məsələ barəsində indi qəti qərar yoxdur. Buna görə də müəyyən fikir söyləmək hələ tezdir. Hər halda konsorsiumun layihəsində böyük neft kəmərinin çəkilişi nəzərdə tutulur. Biz bu kəmərin çəkilişinə və istismarına nail olmağa çalışacağıq.
O ki qaldı Şimali Qafqazda vəziyyətə, biz Şimal istiqamətində neft kəməri çəkilməsi haqqında Rusiya ilə danışıqlar aparıb bu barədə saziş bağladıqda bu neft kəmərinin marşrutunda mümkün ola biləcək çətinlikləri nəzərə almışıq. Lakin bununla yanaşı, onu da nəzərə almışdıq ki, bu çətinlikləri aradan qaldırmaq mümkündür.
Sual: Cənab Prezident, bilmək istərdim ki, "Şahdəniz" yatağı haqqında bağlanacaq müqavilə ilə əlaqədar vəziyyət necədir, bu sahədə danışıqlar başa çatmaqdadırmı? "Şahdəniz" yatağının istismarında iştirak edəcək şirkətlərin siyahısı müəyyənləşdirilibmi? Əgər müəyyənləşdirilibsə, bunlar hansı şirkətlərdir? "Şahdəniz" layihəsinin maliyyələşdirilməsində Ümumdünya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının hər hansı iştirakı gözlənilirmi?
Heydər Əliyev: "Şahdəniz" yatağının müştərək işlənməsi haqqında danışıqlar sona çatır. Güman edirəm ki, yaxın vaxtlarda bu barədə müqavilə imzalanacaqdır. Bu neft yatağına dünyanın bir sıra şirkətləri böyük maraq göstərirlər. Biz onlarla danışıqlar aparırıq. Lakin mən danışıqlar nəticəsində bu layihədə hansı şirkətlərin iştirak edəcəyi barədə məlumat vermək istəmirəm. Sadəcə olaraq bildirmək istəyirəm ki, bu neft yatağında lap əvvəldən "Statoyl" və "Britiş Petroleum" çox zəhmət çəkmişlər və təbii ki, bu layihədə iştirak edirlər.
Layihənin maliyyələşdirilməsinə gəldikdə isə, bu məsələni adətən konsorsiuma daxil olan şirkətlərin özləri həll edirlər. Əgər onlar gəlib hər hansı layihəyə daxil olurlarsa, deməli, maliyyə problemlərini əvvəlcədən nəzərə alır və həll edirlər. Ola bilər ki, onlar Ümumdünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, digər bankların köməyindən istifadə etsinlər. Təşəkkür edirəm.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Norveçə rəsmi səfəri (24-27 aprel 1996-cı il)