Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Əhməd Necdət Sezərə - Bakı şəhəri, 15 yanvar 2002-ci il


Hörmətli cənab prezident!

Əziz dostum, qardaşım!

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələr qurulmasının 10-cu ildönümü münasibətilə Sizi və dost Türkiyə xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan müstəqilliyinin ilk olaraq qardaş Türkiyə Respublikası tərəfindən tanınmasını yüksək qiymətləndirirəm və bundan qürur duyuram.

Qədim tarixi köklərlə bir-birinə bağlı olan ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətləri ötən on il ərzində daim inkişaf etmiş və möhkəmlənmişdir.

Əminəm ki, dövlətlərimiz arasındakı strateji tərəfaşlıq və müttəfiqlik münasibətləri daha da genişlənərək, xalqlarımızın rifahına xidmət edəcəkdir.

Ümidvaram ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə nail olmaq üçün Türkiyə dövləti öz səylərini bundan sonra da davam etdirəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Türkiyə xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 16 yanvar 2002-ci il.