"Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq haqqında sənədlərin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" (Bakı, 7 oktyabr 1995-ci il) sənədinə tarixi arayış


Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası dünyanın bütün ölkələri ilə, xüsusən yaxın coğrafi ərazidə yerləşən dövlətlərlə dinc və mehriban qonşuluq münasibətlərinə əsaslanan xarici siyasət xətti yürütməyə başlayıb. Bu siyasi kursda Rusiya Federasiyası ilə münasibətlər xüsusi yer tutur. Müstəqil dövlət quruculuğu prosesində Rusiya ilə əlaqələri inkişaf etdirmək Heydər Əliyevin xarici siyasət kursunda müstəqil istiqamət kimi həyata keçirilib. SSRİ dağıldıqdan sonra iki müstəqil dövlətə çevrilən RF və Azərbaycan Respublikası arasında qarşılıqlı faydalılığa əsaslanan münasibətlərin qurulmasında hər iki dövlət maraqlı olub və bu qarşılıqlı milli maraqlara cavab verən əlaqələr hazırda da uğurla davam etdirilir.

6 oktyabr 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyası Baş nazirinin müavini A.A.Bolşakovun rəhbərlik etdiyi nümayəndə heyətini Prezident sarayında qəbul edib. Danışıqlar nəticəsində iki dövlət arasında iqtisadi əməkdaşlığın real vəziyyəti və perspektiv imkanları müzakirə obyekti olub. Görüşün sonunda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq, elm, təhsil və texnika sahələrində münasibətləri tənzimləyəcək hüquqi sənədlər imzalanıb.

Rusiya-Azərbaycan münasibətləri bu əsas üzərində inkişaf edərək Azərbaycan Prezidenti Heydər Əliyevin 2- 4 iyul 1997-ci il tarixli Rusiyaya ilk rəsmi səfəri çərçivəsində iki ölkə arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilənin imzalanması ilə nəticələnib.

Sənədlərin imzalanma mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev iki dövlət arasındakı münasibətlərin daha geniş spektrini əhatə edəcək sənədlərin işçi qrupları tərəfindən hazırlanmaqda olduğunu və Azərbaycan dövlətinin RF ilə iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bəyan edib. O, öz çıxışında deyib: "Mən belə hesab edirəm ki, bu, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında həyatın bütün sahələrində iqtisadi, elmi-texniki əməkdaşlığın intensiv inkişafını təmin etmək üçün birgə səylərlə həyata keçirməli olduğumuz böyük işin yalnız bir hissəsidir".

9-10 yanvar 2001-ci ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərə gəlməsi ilə iki ölkə arasında siyasi-iqtisadi münasibətlərin inkişafına təkan verib və iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsası qoyulub. Adı çəkilən səfər çərçivəsində iki ölkə arasında münasibətlərin genişləndirilməsini nəzərdə tutan Bakı Bəyannaməsi imzalanıb. Azərbaycan-Rusiya münasibətlərində bu mərhələnin digər yadda qalan hadisəsi 5-7 fevral 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri olub. (http://www.president.az/)

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üzrə Hökumətlərarası Birgə Komissiya fəaliyyət göstərir. Bu komissiyanın təşkilatçılığı ilə 22-25 fevral 2006-cı ildə Bakıda II Azərbaycan-Rusiya İqtisadi Forumu keçirilib.(http://www.mfa.gov.az/)

İki ölkə arasında iqtisadi münasibətlər 1997-ci ildən başlayaraq bu günə kimi artan xətt üzrə inkişaf etməkdədir. Bu cür inkişaf isə öz başlanğıcını iki ölkə arasında qurulan sağlam siyasi-iqtisadi münasibətlərdən götürür. Həmin dövrdən başlayaraq Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşları arasında ilk beşliyə daxil olub. 2006-cı ildə isə bu ölkə Azərbaycan neftinin əsas ixracatçısı olan İtaliyadan sonra ikinci yerdə qərarlaşıb.

2006-cı ildə Azərbaycanın əsas ticarət tərəfdaşları

(min ABŞ dolları) (
www.azstat.org)
 

Ölkələr

Əmtəə dövriyyəsi

%

Idxal

%

Ixrac

%

Ticarət balansı

Ölkələr üzrə

11639796,5

100,0

5267639,5

100,0

6372157,0

100,0

1104517,5

İtaliya

2970011,1

25,5

124602,9

2,4

2845408,2

44,7

2720805,3

Rusiya

1525843,5

13,1

1181584,1

22,4

344259,4

5,4

-837324,7

Türkiyə

773185,0

6,6

385040,2

7,3

388144,8

6,1

3104,6

Rusiya investisiyalarını Azərbaycana cəlb edən bu ölkənin ilk şirkəti "LUKoil" olub. Onun Azərbaycanda uğurlu fəaliyyətindən nəticə çıxaran digər şirkətlər də bu işi davam etdirib və 2006-cı ildə milli iqtisadiyyata cəlb edilən xarici investisiyaların həcminə görə Rusiya ilk beşlikdə yer alıb.

Azərbaycan iqtisadiyyatına tətbiq edilən xarici investisiyalar

(mlyn. ABŞ dolları) (www.azstat.org)

 

2000

2001

2002

2003

2004

2005

2006

Cəmi xarici investisiya

927

1091.8

2234.9

3371

4575.5

4893.2

5052.8

o cümlədən:

Maliyyə kreditləri

262.9

192

223

238.3

293

698.4

983.5

Neft sənayesinə

546.1

820.5

1693

2972.4

4088.1

3799.9

3422.3

Birgə və xarici investisiyalı müəssisələr

118

79.3

318.9

45.4

104.2

230.5

368.4

ondan:

Türkiyə

31.6

11.8

55.6

17.1

80.1

96.2

136.6

ABŞ

11.2

16.9

41.4

4.9

8.4

24.8

70

İran

2.9

-

2.7

-

-

1.2

17.5

Almaniya

1.7

1.2

1.7

-

2.1

21.5

17.4

Rusiya

-

1.4

0.7

1.2

1.8

5.1

4.6

İki ölkə arasında qarşılıqlı maraq kəsb edən iri iqtisadi layihələrdən biri də Azərbaycan neftinin xarici bazarlara ixrac etmək məqsədilə yenidən qurulan Bakı-Novorossiysk neft kəməridir. Qeyd edək ki, bu kəmərlə 2006-cı ildə 4,6 milyon ton xam neft ixrac edilib. 2007-ci ilin on bir ayı ərzində isə bu rəqəm 2,1 milyon ton olub. (http://www.az-sustoms.net/)

Azərbaycan Respublikası və Rusiya Federasiyasının regionları arasında iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmək məqsədilə 29 sənəd, o cümlədən Moskva şəhəri ilə 12, Həştərxanla 5, Dağıstan və Sankt-Peterburqla 3, Sverdlovsk vilayətilə 2, Kalmıkiya və Tatarıstan respublikaları, Moskva və Saratov vilayətlərilə 1 sənəd imzalanıb. (http://www.mfa.gov.az/) Bu sənədlər Rusiyanın adı çəkilən regionlarında Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının reallaşdırılması işini asanlaşdırmağı nəzərdə tutur. Azərbaycanla Rusiyanın Moskva, Sankt-Peterburq, Saratov, Həştərxan vilayətləri, Kalmıkiya, Dağıstan, Tatarıstan respublikaları arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanda Dağıstan və Tatarıstan, Ural iqtisadi regionunun nümayəndəlikləri fəaliyyət göstərir. (http://www.trend.az/)

15-16 fevral 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfər edib və səfər çərçivəsində Rusiya Prezidenti V.Putinlə görüşüb. Sonra hər iki dövlət başçısının iştirakı ilə Rusiyada Azərbaycan ilinin təntənəli açılış mərasimi olub. Qeyd edək ki, 2006-cı il isə Azərbaycanda Rusiya ili kimi qeyd edilib. (http://www.president.az/)

Tarixi arayış 25 yanvar 2008-ci ildə yeniləşdirilib.