Xanımlar və cənablar! ATƏT-in Lissabon sammitinin iclası yenicə başa çatmışdır. Azərbaycan nümayəndə heyəti bütün məsələlər haqqında Lissabon sammitinin qərarlarından razıdır. Biz belə hesab edirik ki, Avropada təhlükəsizlik və əməkdaşlıq işində daha bir böyük addım atılmışdır.
Mən sizinlə görüşə Azərbaycanla, bütün regionumuzla bilavasitə bağlı olan məsələdə Azərbaycanın mövqeyini açıqlamaq üçün gəlmişəm.
Sizə məlumdur ki, Ermənistanla Azərbaycan arasında münaqişə artıq səkkiz ildir davam edir. Bu münaqişəyə Ermənistan Respublikası Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ilhaq edib Ermənistana birləşdirmək məqsədilə başlamışdır. Münaqişəni aradan qaldırmaq üçün hələ 1992-ci ildə ATƏT çərçivəsində Minsk qrupu yaradılmışdır. Azərbaycan tərəfi bu münaqişənin dincliklə aradan qaldırılması mövqeyində durur. 1994-cü ilin mayında atəşin dayandırılması haqqında saziş imzalanmışdır. Bizim tərəfimizdən ona indiyədək əməl edilir. Təbiidir ki, biz ATƏT-ə böyük ümidlər bəsləmişik və bəsləyirik.
ATƏT-in Lissabon görüşünün hazırlanması prosesində biz öz təkliflərimizi verdik ki, onlar Ermənistan-Azərbaycan münaqişəsi məsələsi barədə Lissabon sammitinin bəyannaməsində öz əksini tapsın. Məsələn, biz buna nail olmağa çalışırdıq ki, ATƏT-in ona üzv olan bütün ölkələrə, o cümlədən də Azərbaycana aid əsas prinsipləri ATƏT-in sənədlərində dəqiq qeyd edilsin. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulmuş, ərazimizin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş və zəbt edilmiş, bu torpaqlardan bir milyondan çox azərbaycanlı zorakılıqla didərgin salınmışdır. Onlar respublikamızın bölgələrində çox ağır şəraitdə, çadır şəhərciklərində yaşayırlar. Biz belə hesab edirik ki, ATƏT-in başlıca prinsiplərindən birini əsas tutaraq, Azərbaycanın ərazi bütövlüyünün tanınması münaqişəni aradan qaldırmaq üçün zəmin ola bilər. Azərbaycana qarşı təcavüz törədən Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir və bu da təbii olaraq danışıqlar prosesini çətinləşdirir.
ATƏT-in Minsk qrupunun Helsinkidə noyabrın 19-22-də keçirilmiş axırıncı iclasında Minsk qrupunun həmsədrləri tərəfindən təqdim olunmuş layihədə Ermənistan - Azərbaycan münaqişəsini aradan qaldırmağın formulu göstərilir. Buna oxşar layihəni ATƏT-in fəaliyyət göstərən sədri cənab Flavio Kotti bu ilin hələ fevralında irəli sürmüşdü. Bu layihə üç maddədən ibarətdir: Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü, Azərbaycan Respublikası tərkibində Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə əsasında muxtariyyət və özünüidarə statusu verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat verilməsi. Bu layihə Azərbaycan tərəfini tamamilə razı salmasa da, Helsinkidə Minsk qrupunun görüşündə Ermənistan tərəfindən rədd olunmuşdur. Həmin layihə ATƏT-in Lissabon sammiti bəyannaməsinin layihəsinə 20-ci maddə kimi daxil edilmişdir. Lakin erməni tərəfi ATƏT-in əsas prinsiplərinin ziddinə gedərək, bu maddəyə konsensus verməmişdir. Buna görə sammitin hazırlanması dövründə keçirilmiş görüş və söhbətlər zamanı, onun keçirilməsi prosesində Azərbaycan Respublikası Lissabon sammiti bəyannaməsinin bütün mətni üçün konsensus verməkdən imtina etməli olmuşdur.
Bu, ATƏT-in üzvlərində böyük narahatlığa səbəb oldu, çünki belə halda sammit hər hansı bir sənəd qəbul edilmədən başa çatardı. Siz bilirsiniz ki, ATƏT-də konsensus prinsipi var. Odur ki, Azərbaycan Respublikası bu hüquqdan istifadə edərək, sammitin bütün sənədinə, bütün bəyannaməsinə konsensus vermədi. Buna görə də dünən, bu gün və hətta srağagün ATƏT-in üzvü olan ölkələrin dövlət başçıları, nümayəndə heyətlərinin təmsilçiləri Azərbaycan nümayəndə heyəti ilə intensiv danışıqlara başladılar. Onlar bizdən xahiş edirdilər ki, sammitin bəyannaməsinin bütün mətni ilə əlaqədar öz etirazlarımızı geri götürək. Lakin biz öz mövqeyimizi izah etdik. Bütün görüş və söhbətlər zamanı müsahiblərimiz bizim hərəkətlərimizin qanunauyğun olduğunu vurğulayırdılar. Biz isə öz tərəfimizdən izah edirdik ki, hərəkətlərimiz ATƏT-in prinsiplərinə tamamilə uyğundur. Azərbaycanın ərazi bütövlüyünü Ermənistan tərəfindən tanınmasından imtina edilməsi ATƏT-in əsas prinsiplərindən imtina etmək deməkdir.
Dünən və bu gün bizimlə aparılmış intensiv danışıqlar zamanı ATƏT-in üzvü olan ölkələrin, Minsk qrupunun, Avropa Birliyinin nümayəndələri, ATƏT-in fəaliyyət göstərən sədri tələblərimizin ödənilməsi üçün müxtəlif alternativ variantlar təklif edirdilər. Azərbaycan nümayəndə heyəti sammitin əsas sənədinə son iclasadək konsensus vermədi. Bu iclasda belə bir təklif irəli sürüldü ki, ATƏT-in fəaliyyət göstərən sədri cənab Flavio Kotti ATƏT-in bütün üzvləri - sammit iştirakçıları adından bəyanat verəcək və bu sənəddə Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair həmin üç prinsipi təsdiq edəcəkdir. Mən dedim ki, bu halda biz sammitin əsas sənədinə qarşı öz etirazımızı geri götürməyə hazır olacağıq. Belə də oldu. Son iclasda ATƏT-in fəaliyyət göstərən sədri cənab Flavio Kotti bəyanat verdi və dedi ki, Dağlıq Qarabağ münaqişəsinə dair hər hansı bir razılıq əldə edilmədiyinə görə təəssüflənir və hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına həmin üç prinsip əsasında nail olmaq mümkündür, yəni Azərbaycanın ərazi bütövlüyünün tanınması, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat verilməsi prinsipləri əsasında cənab Flavio Kottinin bəyanatında göstərilmişdir ki, bu prinsipləri və bəyanatı, bir ölkə istisna olmaqla, bütün sammit iştirakçıları - ATƏT-in üzvləri dəstəkləyirlər. Başqa sözlə desək, fəaliyyət göstərən sədrin bu bəyanatı Ermənistandan savayı, bütün sammit iştirakçılarının - ATƏT üzvlərinin iradəsinin ifadəsi olmuşdur.
Təbii ki, belə bir bəyanatla, bu məsələdə Azərbaycanın mövqeyinin müəyyən dərəcədə dəstəklənməsi ilə əlaqədar mən Lissabon sammitinin əsas sənədinə qarşı Azərbaycanın etirazlarını geri götürdüm, yəni bu sənədin qəbul edilməsi üçün konsensus verdim. Biz ondan razıyıq ki, Flavio Kottinin bu bəyanatı, Ermənistan istisna olmaqla, ATƏT-in bütün üzvləri adından verilmişdir. Biz həmçinin ondan razıyıq ki, bu bəyanatın dəstəkləndiyi barədə Avropa Birliyi adından çıxış edilmişdir. Rusiya Federasiyasının nümayəndə heyətinin başçısı, Rusiyanın baş naziri cənab Çernomırdin, Minsk qrupunun həmsədri, Finlandiya prezidenti cənab Ahtisaari və bəzi digər nümayəndə heyətlərinin üzvləri çıxış edərək bu bəyanatı dəstəklədilər.
Sammit, bax, beləcə, əsas sənədin qəbul edilməsi ilə başa çatdı. Biz ondan razıyıq ki, ATƏT-in sammiti Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün ATƏT-in əsas prinsiplərini, xüsusən Azərbaycanın ərazi bütövlüyünün tanınması baxımından bir daha dəstəklədi.
Bilirəm, sammitin əsas bəyannaməsinin layihəsi barədə mövqeyimizlə əlaqədar mətbuatda belə xəbərlər olmuşdur ki, guya Azərbaycan əsas sənədin qəbul edilməsinə əngəl törədir. Buna görə də nə üçün belə etdiyimizi aydınlaşdırmağı lazım bildim. Bu bizim qəti mövqeyimiz idi. Biz öz mövqeyimizdən yalnız ona görə geri çəkildik ki, fəaliyyət göstərən sədrin adından, sammitin bütün üzvləri - iştirakçıları adından məqbul bəyanat verilmişdi. Fəaliyyət göstərən sədr bəyan etmişdir ki, onun rəsmi yazılı bəyanatı ATƏT-in Lissabon sammiti sənədlərinin tərkibinə daxil edilir.
Demək istədiklərim bunlardır. İndi isə suallarınıza cavab verməyə hazıram.
Sual: Cənab prezident, Siz bu gün səhər Böyük Britaniyanın xarici işlər naziri Malkolm Rifkind ilə görüşdünüzmü? Bu görüş barədə bir neçə kəlmə deyə bilərsinizmi?
Cavab: Bəli, bu gün səhər mən Böyük Britaniya Krallığının xarici işlər naziri cənab Rifkindlə görüşdüm. Demək olar, bütün görüşümüz, sizə danışdığım məhz həmin məsələlərə həsr edildi. Cənab Rifkind məni inandırmağa çalışırdı ki, sammitin əsas sənədinin qəbul olunmasına konsensus vermək lazımdır. Mən isə cənab Rifkində bu məsələdə mövqeyimizi, mülahizələrimizi şərh etdim. Deməliyəm ki, görüşdüyüm digər həmkarlarım kimi, cənab Rifkind də mövqeyimizin qanunauyğun və əsaslı olduğunu təsdiqlədi.
Sual: Rusiya hökuməti Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına hazırdırmı?
Cavab: Bəli, Rusiya Federasiyası nümayəndə heyətinin başçısı Rusiyanın baş naziri cənab Çernomırdin bu gün sammitin son iclasında çıxış edərək, ATƏT-in fəaliyyət göstərən sədri cənab Kottinin bəyanatını tamamilə dəstəklədi və bildirdi ki, o, belə hesab edir ki, münaqişənin tezliklə aradan qaldırılmasına fəaliyyət göstərən sədrin bəyanatında göstərilmiş məhz həmin prinsiplər əsasında nail olmaq mümkündür. Deməli, o bildirmişdir ki, onlar bu məsələ ilə gələcəkdə də məşğul olacaqlar.
Sual: Cənab prezident, əgər Ermənistan öz ərazisi ilə Azərbaycan neftinin dünya bazarlarına nəql olunmasına icazə versə, bundan o, beynəlxalq meydanda bir şey qazanacaqmı?
Cavab: Bilirsinizmi, bu sual çox mücərrəd sualdır. Azərbaycandan neftin dünya bazarlarına nəql edilməsinə dair layihələrimiz, planlarımız var. Lakin bu, Ermənistanla qətiyyən bağlı deyildir. Başa düşmürəm, siz bu məsələləri nə dərəcədə əlaqələndirmək istəyirsiniz. Mən burada qarşılıqlı əlaqələr görmürəm.
Sual: Cənab prezident, əvvəlcə bütün Azərbaycan jurnalistləri adından Sizi Lissabon sammitində qazandığınız parlaq diplomatik qələbə münasibətilə təbrik etmək istərdim. Çünki biz hamımız onun şahidi olduq ki, Ermənistan tam diplomatik tənhalıqda və təklikdə qaldı. Bununla əlaqədar belə bir sualım var: Lissabon sammitinin qərarları danışıqlar prosesini canlandırmağa və Qarabağ probleminin dincliklə tənzimlənməsində müvəffəqiyyətə təsir göstərəcəkmi və hansı dərəcədə? Yəni bundan sonra Ermənistan tərəfindən hər hansı irəliləyiş və güzəştlər gözləmək olarmı?
Cavab: Hesab edirəm ki, danışıqlar prosesi davam etdiriləcəkdir. Mən sammitdə çıxışım zamanı belə bəyanat verdim. Ermənistan Respublikasının prezidenti də bu cür bəyanat verdi. ATƏT-in fəaliyyət göstərən sədrinin bütün ATƏT üzvləri adından verdiyi bəyanat isə, onun dediyi kimi, ATƏT-in Lissabon sammitinin sənədidir və problemin dincliklə tənzimlənməsi üçün, təbii olaraq, danışıqlar prosesinin canlandırılması üçün çox yaxşı əsasdır.
Sual: Cənab prezident, dünən Levon Ter-Petrosyan sammitdə çıxışında dedi ki, Azərbaycanda-Bakıda, Sumqayıtda, Gəncədə, "Erməni qırğınları" Dağlıq Qarabağın təhlükəsizliyini təmin etməyə imkan vermir. Bu, doğrudanmı belədir? O qırğınlara görə kim - Azərbaycan Respublikası, yoxsa keçmiş Sovet İttifaqı məsuliyyət daşıyır?
Cavab: Prezident Ter-Petrosyanın dünən sammitdəki çıxışında dediyi sözlər yeni sözlər deyildir. Bu sözləri onlar, eləcə də Ter-Petrosyan bir neçə dəfə demişlər və dünən də bir daha təkrar etdilər. O zamanlar olmuş məsələlərin dəqiqliyinə varmadan demək istəyirəm ki, belə ittihamlar əsassızdır, həqiqətdən kənardır. Biz Ermənistanda azərbaycanlılara qarşı olmuş soyqırımı haqqında və Dağlıq Qarabağda, Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar haqqında ondan da çox faktlar və dəlillər gətirə bilərik. Kimin və hansı ölkənin, hansı dövlətin həmin qırğınlara görə məsuliyyət daşıması indi bizim bu məsələlərin həlli üçün əhəmiyyətli deyildir. Hesab edirəm ki, biz irəliyə baxmalıyıq və Azərbaycan-Ermənistan münaqişəsinin aradan qaldırılması üçün bu gün Lissabon sammitində bəyan olunmuş prinsiplər əsasında danışıqlar aparıb sülh əldə etməliyik.
Sual: Sammitdən əvvəl Azərbaycan ilə Ermənistan birbaşa danışıqlar aparmışlar və cənab Ter-Petrosyanın başqa liderlərlə görüşlər zamanı söylədiyi sözlərdən belə başa düşdük ki, bu danışıqlar Azərbaycan tərəfinin təqsiri üzündən dayandırılmışdır. Azərbaycan tərəfi bu birbaşa danışıqları nə üçün kəsmişdir?
Cavab: Prezident Ter-Petrosyan düz demir. Bu, birinci dəfə deyil ki, onlar ictimaiyyətə yalan məlumatlar verirlər. Azərbaycanla Ermənistan arasında ikitərəfli, yəni hər iki prezidentin nümayəndələrinin apardıqları birbaşa danışıqlar davam edir və son dəfə noyabrın 7-də Parisdə olmuşdur. Biz bu danışıqları kəsməmişik, bundan sonra da davam etdirəcəyik. Dünən axşam mən prezident Levon Ter-Petrosyanla görüşən zaman hər ikimiz eyni fikirdə olduq ki, danışıqlar davam etdirilməlidir. Danışıqları aparan Azərbaycan prezidentinin nümayəndəsi Vəfa Quluzadəyə və Ermənistan prezidentinin nümayəndəsi Libaridyana dünən axşam orada birbaşa göstərişlər verilibdir.
Daha sual yoxdur? Sağ olun.
ERMƏNİSTAN-AZƏRBAYCAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ