Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın "Con Vinq ənd Çarli Uilson" şirkətinin prezidentləri ilə görüşdə söhbətindən - Hyüston, "Vinham Varvik" oteli, 2 avqust 1997-ci il


Hörmətli cənab Vinq!

Hörmətli cənab Uilson!

Xoş sözlərinizə görə təşəkkür edirəm.

Mən çox məmnunam ki, Amerikada bizim dostlarımızın sayı günbəgün, aybaay, ilbəil artır. Həm ABŞ hökuməti, həm də Amerika ictimaiyyəti Azərbaycanı daha yaxşı tanıyır və ölkəmizin reallığını dərk edir. Cənab Uilson, Siz bu dostlarımız arasında xüsusi yer tutursunuz. Mən Sizin xidmətlərinizi qiymətləndirirəm. Siz ədalətli və cəsarətli insansınız. Ona görə də Siz Konqresdə cəsarətli addımlar atdınız və Azərbaycana dəstək verdiniz. Biz bunu heç vaxt unutmayacağıq. Biz Sizi Azərbaycanın yaxın dostu hesab edirik. Güman edirəm ki, bu dostluğumuz daimi olacaqdır.

ABŞ-da ilk rəsmi səfərdə olduğum bu günlərdə keçirdiyim görüşlərdən, apardığım danışıqlardan məmnun qaldığımı bildirərək deyirəm: bu görüşlərin hamısında mən buna çalışmışam və artıq Amerikada görürlər ki, Azərbaycan çox ədalətli, sülhsevər bir ölkədir. Azərbaycan Amerika ilə səmimi əməkdaşlıq etmək istəyir. Mən çox razıyam ki, bizim bu arzularımız Amerikanın istəkləri ilə üst-üstə düşdü. Prezident Bill Klinton və mən dünən Ağ evdə Azərbaycan ilə ABŞ-ın tərəfdaşlığı haqqında tarixi əhəmiyyət daşıyan sənəd imzaladıq. Biz bir çox digər sənədlər də imzaladıq, ancaq tərəfdaşlıq haqqında Birgə bəyanat xüsusi əhəmiyyətə malikdir və bu sənədin imzalanması mərasimində prezident Bill Klinton çox dəyərli nitq söylədi. Bu bəyanatda Sizin mübarizə apardığınız məsələ - 907-ci düzəlişin aradan götürülməsi haqqında prezident Bill Klintonun öhdəliyi də öz əksini tapıbdır.

Cənab Uilson, mən Sizin - ABŞ-dakı bir sıra qəzetlərin, ictimai siyasi hərəkatların və digər dairələrin nümayəndələri Azərbaycanın bölgədə necə böyük strateji əhəmiyyətə malik bir ölkə olduğunu yalnız indi dərk etməyə başlayıblar, - fikrinizə tərəfdaram, bu sahədə görülən işləri müsbət qiymətləndirirəm və bundan sonra da davam etdirilməsinin vacib olduğunu bildirirəm. Azərbaycanın haqq işinin dünya ictimaiyyəti tərəfindən müdafiə edilməsi sahəsində daha geniş fəaliyyət göstərməyə ehtiyacı vardır. Respublikamızın energetika sahəsinin yenidən qurulması ilə bağlı təkliflərinizi razılıqla qarşılayıram və bildirirəm ki, onların həyata keçirilməsi ölkəmizin iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.

Bazar münasibətləri yolunu seçmiş Azərbaycanın qapılarının xarici ölkələrin iş adamları üçün daim açıq olduğunu bir daha nəzərə çarpdıraraq bildirirəm ki, sizin şirkətlə də bir çox sahələrdə daha geniş əlaqələr qurulması hər iki tərəf üçün böyük fayda verəcəkdir.

Ermənistanın ölkəmizə təcavüzü nəticəsində yaranmış Ermənistan-Azərbaycan münaqişəsi və onun fəlakətli nəticələri - ölkəmizin ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, bir milyondan artıq vətəndaşımızın yerindən-yurdundan qovularaq ağır vəziyyətdə çadırlarda yaşaması, çoxsaylı maddi mədəniyyət abidələrimizin məhv edilməsi respublikamız üçün ən ağrılı problem olaraq qalır. Əlbəttə, münaqişənin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupu çərçivəsində müəyyən işlər görülür. Mən ümidvaram ki, respublikamızla geniş əməkdaşlıq edən Amerika şirkətləri xalqımızın haqq işinin müdafiə olunmasında daha fəal iştirak edəcəklər.

Nəzərə çatdırıram ki, respublikamızla sıx əlaqələr qurmaq arzusunda olan bütün iş adamlarını Azərbaycanda həmişə gözləyirlər.

Görüşümüzdən məmnun qaldığımı bildirirəm və Sizə ölkəmiz haqqında kitablar bağışlayıram.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2003, 11-ci cild, səh.269-271