Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın Kolumbiya Universitetinin Harriman İnstitutunda çıxışı - 28 sentyabr 1994-cü il


İlk öncə məni dəvət etdiyinizə görə, sizinlə görüşərək bəzi fikir və mülahizələrimi bölüşdürmək imkanına görə məşhur Harriman İnstitutunun rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Axı, sizin institut və əlbəttə, buraya toplaşanlar keçmiş Sovet İttifaqının öyrənilməsi, yəni sovetologiya sahəsində mütəxəssislərdir. Ona görə də vaxtilə Sovet İttifaqının tərkibində olmuş Azərbaycan Respublikası, yəqin, sizin üçün maraq doğurur. Məni isə sizin Azərbaycan, onun bu günkü həyatı, müstəqil Azərbaycan Respublikasının hansı yolla getməsi barədə nə bildiyiniz maraqlandırır.

Təxminən üc il əvvəl, Sovet İttifaqı dağılanda dövlət istiqlaliyyəti qazanmış Azərbaycan bütün bu illər ərzində öz müstəqilliyini möhkəmləndirməyə, dövlət həyatını, ictimai və iqtisadi həyatın yeni prinsiplərini bərqərar etməyə çalışır. Ölkə demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaq əzmindədir.

Burada bütün sistemin, o cümlədən iqtisadi və sosial sahələrin demokratikləşdirilməsindən söhbət gedir. Bu baxımdan bizim strateji xəttimiz ölkənin dünya iqtisadi sisteminə daha yaxından inteqrasiya edə bilməsi üçün bazar iqtisadiyyatına, sərbəst iqtisadiyyata keçməyi nəzərdə tutur. Bu yol Azərbaycan üçün, eləcə də keçmiş Sovet İttifaqının indi müstəqil dövlət olan respublikaları üçün asan yol deyildir. Burada bir sosial-iqtisadi sistemdən başqasına keçməkdən yeni, tamamilə başqa bir dövlət qurmaqdan, yeni iqtisadi sistem yaratmaqdan və təbii ki, 70 il ərzində Sovet İttifaqının sosialist sisteminin, sosialist iqtisadiyyatının tərkibində olarkən formalaşmış psixologiyanın aradan qaldırılmasından söhbət gedir. Azərbaycanda bütün bunları çətinləşdirən bir də odur ki, altı il əvvəl Dağlıq Qarabağda başlanmış münaqişə müharibəyə cevrilmiş və Azərbaycan Respublikasına, Azərbaycan xalqına çox - böyük zərər vurmuşdur. Bu müharibə, təbii ki, erməni xalqına da çoxlu müsibətlər və bəlalar gətirmişdir. Yəqin təsəvvur edirsiniz, müharibə şəraitində ölkənin dövlət həyatında, sosial-siyasi, iqtisadi həyatında əsaslı dəyişikliklər aparmaq son dərəcə çətindir. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan tutduğu yolla inamla irəliləyir və öz ölkəsinin istiqlaliyyətini axıradək qorumaq, siyasi, iqtisadi sahələrdə, dövlət quruculuğunda ardıcıl islahatlar aparmaq, mülkiyyət formalarının kökundən dəyişdirilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlığa sərbəstlik verilməsi ilə bağlı olan bazar iqtisadiyyatı prinsiplərini bərqərar etmək niyyətindədir. Respublika bu yoldan dönməyəcəkdir.

Ölkədə demokratiyanın bir çox elementi bərqərar olmuşdur. Azərbaycanda qırxdan artıq partiya var, mətbuat, söz, şəxsiyyət azadlığı təmin edilmişdir. Azərbaycan çoxmillətli dövlətdir, milliyyətindən, dilindən və dinindən asılı olmayaraq bütün vətəndaşlar bərabər hüquqa malikdirlər. Şəxsiyyət azadlığının təmin olunmasına, insan hüquqlarının, vicdan azadlığının qorunmasına böyük əhəmiyyət verilir. Azərbaycan tutduğu yolla irəlilədikcə bütün bu prinsiplər dönməz xarakter alacaqdır.

Bunlar Azərbaycanın dünya ictimai-siyasi sisteminə yaxından qovuşmasına və beləliklə dünyanın inkişaf etmiş ölkələrinin demokratiya təcrübəsindən bəhrələnməsinə, dünya iqtisadiyyatına daxil olmasına, Dünya Birliyində özünun layiqli yerini tutmasına imkan verəcəkdir. Xarici siyasətdə respublika dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmək xətti götürmuşdur və bu sahədə xeyli iş görülmüşdur. Dünya sivilizasiyasının nailiyyətləri, ümumbəşəri dəyərlər respublikanın həyatının bütün sahələrində əksini tapır. Təbii ki, bütün bunlar Azərbaycan xalqının tarixinə, milli ənənələrinə, çoxəsrlik tarixi ərzində onun topladığı mənəvi, mədəni dəyərlərə əsaslanır.

Azərbaycan dünya üçün açıqdır və bu siyasət bütün sahələrdə həyata keçirilir. Azərbaycanın iqtisadiyyatına xarici investisiyaların cəlb olunması stimullaşdırılır və Azərbaycan özünun zəngin təbii sərvətləri, böyük iqtisadi potensialı ilə xarici şirkətlərin bir çoxunda maraq doğurmalıdır.

Azərbaycanın neft yataqlarının birgə işlənməsi barədə sentyabrın 20-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti ilə Amerika və Avropanın səkkiz şirkətinin daxil olduğu konsorsium arasında imzalanmış böyük müqavilə Azərbaycan Respublikasının bu istiqamətdəki qəti mövqeyinin aydın təzahürüdür. Həmin müqavilə bir çox ölkədə, o cümlədən Amerika Birləşmiş Ştatlarında böyük maraq doğurur və informasiya orqanlarının məlumatından göründüyü kimi, ümumən razılıqla qarşılanır. Bir çoxları bunu "Əsrin müqaviləsi" adlandırır və onlar tamamilə haqlıdırlar, çünki bu, həqiqətən nadir sənəddir. Bu müqavilə iki şirkət və ya iki ölkə arasında bağlanmamışdır. Onu bir tərəfdən Azərbaycan Dövlət Neft Şirkəti, digər tərəfdən dünyanın ən iri neft şirkətləri - Amerikanın "AMOKO", "Pennzoyl", "Yunokal", "Makdermot" şirkətləri, Böyük Britaniyanın "Britiş Petroleum", Norvecin "Statoyl", Rusiyanın "LUKoyl", Səudiyyə Ərəbistanının "Delta" şirkətləri, Türkiyənin neft şirkəti imzalamışdır. Səciyyəvi haldır ki, sənədin imzalanmasına neft şirkətlərinin mənsub olduqları ölkələrin dövlət orqanlarının bilavasitə aidiyyatı var. Bu, onu deməyə əsas verir ki, müqavilənin respublikamız üçün iqtisadi əhəmiyyəti ilə yanaşı, Azərbaycan, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Norvec, Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı arasında sıx əlaqələr yaradılması baxımından da böyük əhəmiyyəti var.

Müqavilə imzalananadək bir necə il danışıqlar getmişdir. Lakin son nəticədə o imzalanmışdır və həm Azərbaycan tərəfi üçün, həm də konsorsiumdan ötrü faydalı olacaqdır. Bu müqavilənin bizdən ötrü əhəmiyyəti bir də ondadır ki, biz Azərbaycanın xarici investisiyalar üçün açıq olmasını, Azərbaycan Respublikasının müstəqilliyini və xalqımızın həyatı və fəaliyyəti, o cümlədən özünun təbii ehtiyatlarından istifadə etməsi ilə bağlı məsələləri sərbəst həll etməyə qadir olmasını nümayiş etdiririk. Respublika böyük iqtisadi potensiala - təbii ehtiyatlara, sənaye və kənd təsərrufatı potensialına malikdir. Bir sözlə, Azərbaycanda iqtisadi əməkdaşlıq üçün geniş imkanlar vardır. Neft müqaviləsi birgə iqtisadi əməkdaşlıq etmək üçün digər iri şirkətlərin də Azərbaycana uz tutmasına şərait yaradacaqdır.

Şübhəsiz ki, xarici investorlar ölkənin daxilindəki siyasi duruma böyük əhəmiyyət verirlər. Bütün çətinliklərə baxmayaraq, Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Ölkə üçün ən çətin problem altı il ərzində davam edən müharibədir. Bu müddətdə həm Ermənistan tərəfi, həm də Azərbaycan onun perspektivsizliyinə, bu məsələni sülh yolu ilə həll etməyin zəruriliyinə əmin olmuşlar. Qeyd olunmuşdur ki, Azərbaycan sülh təşəbbüsu ilə çıxış etmişdir və indi də bu mövqedə durur. Bütün bu altı il ərzində ilk dəfədir ki, üzünmüddətli atəşkəsə nail olunmuşdur və o, dord aydan artıq davam edir. Azərbaycan bu imkandan möhkəm sülhə nail olmaq və münaqişəyə tamamilə son qoymaq üçün istifadə etməyə çalışır. Azərbaycana çox böyük maddi və mənəvi zərər dəyməsinə baxmayaraq, biz sülh təklif edirik.

Yəqin sizə məlumdur, bu müharibə nəticəsində Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizini işğal etmişlər. Buraya Dağlıq Qarabağın - Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və həmin keçmiş vilayətin hüdudlarından kənarda olan daha yeddi rayonumuzun ərazisi daxildir. İşğal edilmiş həmin ərazilərdən bir milyondan çox azərbaycanlı qovulmuşdur və indi onlar son dərəcə ağır vəziyyətdə çadır şəhərciklərində yaşayırlar. Bu şəhərciklərdə ərzaq çatışmır, xəstəliklər yayılır, bir çox başqa sosial problemlər də qarşıya çıxır. Ona görə də Azərbaycan sülh təklifi verərkən tələb edir ki, Ermənistan silahlı birləşmələrinin işğal etdiyi ərazilər azad olunsun və həmin yerlərin sakinləri öz yurdlarına qayıda bilsinlər. Əslində işğal olunmuş rayonlarda və şəhərlərdə hər şey tamamilə dağıdılmış, yandırılmışdır. İlkin hesablamalara görə, müharibə nəticəsində respublikaya təxminən 16 milyard Amerika dolları miqdarında maddi zərər dəymişdir. Sülh müqaviləsi yalnız Ermənistan silahlı birləşmələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarıldıqdan sonra bağlana bilər.

Şübhəsiz ki, bundan sonra Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyi məsələsini həll etmək, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini müzakirə etmək mümkündür.

Azərbaycanın dəfələrlə irəli sürdüyü və beynəlxalq təşkilatlarda baxılan bütün bu təkliflər beynəlxalq hüquq normalarına uyğun olaraq respublikamızın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etməyin zəruriliyi ilə bağlıdır. Müharibə regionda vəziyyəti son dərəcə gərginləşdirmiş və Azərbaycan ilə Ermənistan arasında qarşıdurmaya gətirib çıxarmışdır. Bütün bunları aradan qaldırıb sülh bağlamaq olar, gələcəkdə isə Azərbaycan ilə Ermənistan arasında mehriban qonşuluq münasibətləri üçün şərait yaratmaq mümkündür. Azərbaycan Respublikası münaqişənin sülh yolu ilə həll edilməsi barədə dəfələrlə təkliflər vermişdir. Bizim fikrimizcə, beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına, ATƏM-ə və onun Minsk qrupuna daxil olan ölkələr, habelə dünya siyasətinə böyük təsir göstərən ölkələr regionumuzda qan tokulməsinə son qoymaq və həm Azərbaycan, həm də erməni xalqlarının həyatı üçün sülh şəraiti təmin etməkdən ötrü səylərini birləşdirməlidirlər. Müharibə ilə əlaqədar olaraq böyük itkilərə, ağır vəziyyətə baxmayaraq, mən gələcəyə nikbinliklə baxır və hesab edirəm ki, müstəqil Azərbaycan Respublikası bütün bu çətinlikləri aradan qaldırmaq və öz müstəqil gələcəyini təmin etmək iqtidarındadır.

Azərbaycan xalqı öz milli istiqlaliyyətini əldə etmişdir. Azərbaycan müstəqil dövlətdir və Dünya Birliyinə daxil olmuşdur. Odur ki, biz öz dövlətimizin müstəqilliyini də, öz xalqımızın milli azadlığını da qoruyacaq və möhkəmləndirəcəyik.

Harriman İnstitutu əməkdaşlarının Qara dəniz hövzəsində yerləşən dövlətlərin, o cümlədən də Azərbaycanın öyrənilməsinə dair sosial proqramlar hazırlamaq niyyətində olduqları barədə məlumata cavab olaraq bəyan edirəm ki, bu niyyəti alqışlayır və respublika belə bir proqramın işlənməsində yaxından iştirak etməyə hazırdır.   

Sonra Azərbaycan prezidenti ona göstərilən diqqətə görə təşəkkür etmiş, suallara cavab verməyə hazır olduğunu bildirmişdir.

Sual: Məlumdur ki, ATƏM-in vasitəçiliyi nəticəsiidə atəşkəs əldə edilmişdir. Bu da məlumdur ki, Rusiya təkid edir ki, bölgəyə gələcək sülhyaratma qüvvələri əsasən Rusiya qüvvələrindən ibarət olsun. Bundan əlavə, Rusiya bu yaxınlarda imzalanmış neft muqaviləsi ilə əlaqədar narazılığını bildirir, hərçənd konsorsiuma Rusiya Şirkəti də daxildir. Rusiyanın çəkiləcək neft kəmərinin marşrutu məsələsi ilə əlaqədar da etirazı var. Rusiya israr edir ki, bu neft kəməri onun ərazisindən keçsin... Rusiyanın Azərbaycanda və btövlükdə Zaqafqaziyada oynadığı rol barədə fikrinizi bilmək istərdik.    

Cavab: Birinci çıxış edən başqalarını bu barədə sual vermək imkanından məhrum etdi. Sual kompleks xarakter daşıdığına görə, mən də ona kompleks şəkildə cavab verirəm. Bu ölkələrin həyatında Rusiyanın nə kimi rol oynadığını bilmirəm, Rusiya MDB-nin tərkibindədir, buraya isə keçmişdə Sovet İttifaqı respublikaları olmuş 12 müstəqil dövlət daxildir. Şubhə yoxdur ki, Rusiya istər öz iqtisadi potensialına, istər əhalisinin sayına, istərsə də ərazisinə görə aparıcı dövlətdir. Əlbəttə, Rusiya böyük rol oynayır. Azərbaycan ilə Ermənistan arasında cari il mayın 12-də əldə olunmuş və bu günədək davam edən barışıq dediklərimə sübutdur. Bəli, bu, gərgin danışıqlarımızın, ən əvvəl, bilavasitə Ermənistan ilə Azərbaycan arasında danışıqların, ATƏM-in Minsk qrupunun vasitəçiliyinin, eləcə də Rusiya Federasiyasının fəal vasitəçiliyinin nəticəsidir.

Ermənistan ilə Azərbaycan arasında münaqişənin tamamilə aradan qaldırılması, sülhyaratma qüvvələrindən istifadə edilməsi məsələsində ATƏM-in Minsk qrupu ilə Rusiya arasında müəyyən ziddiyyətlər var. Lakin mən belə düşünürəm ki, bu, hələ işin başlanğıcıdır. Buna görə də indi müəyyən bir qiymət vermək istəməzdim. Azərbaycan öz mövqelərində möhkəm durmuşdur. Biz Azərbaycanın ərazi bütövlüyünu təmin etməli, müharibəyə son qoymalı, insanlara sülh şəraitində yaşamaq imkanı verməliyik. Biz bundan ötrü beynəlxalq təşkilatların imkanlarından istifadə etməyə həmişə çalışmışıq və bu gün də çalışırıq. Bu məsələ ilə ATƏM-in və onun Minsk qrupunun fəal məşğul olduğuna görə biz onlara böyük ümidlər bəsləyirik. Lakin biz, əlbəttə, Təhlükəsizlik Şurasının üzvü olan böyük dövlətlərə də ümidlə müraciət edirik ki, bu məsələdə onlar da yaxından iştirak edəcəklər. Mən bu barədə Rusiya prezidenti Boris Yeltsinlə də dəfələrlə danışmışam. Mən bu barədə Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonla da görüş zamanı danışmışam. O ki qaldı müqaviləyə, bu müqavilədə Rusiyanın "LUKoyl" şirkəti də iştirak edir və o, sanballı paya malikdir. Bu məsələ barəsində Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən hər hansı bir bəyanat verilməsi yalnız təəccüb doğurur... Axı bu müqavilənin bağlanması haqqında danışıqlar üç ildən çox davam etmiş, Xəzərin Azərbaycana aid bölgəsində neft yataqlarının birgə istismarına dair 1993-cu ilin oktyabrında Rusiya və Azərbaycan hökumətləri arasında saziş imzalanmışdır. "LUKoyl" şirkətini bu konsorsiuma daxil etmək məsələsi də məhz onda həll olunmuşdur. Elə müqavilənin hazırlandığı bütün dövrdə, xüsusən hazırlığın yekun mərhələsində biz Rusiya tərəfindən heç bir etiraz almadıq. Mən hesab edirəm ki, muqavilə imzalanmışdır və o, yaşayacaq və fəaliyyət göstərəcəkdir.

Boru kəmərinin marşrutu məsələsi həm konsorsiumun özünun, həm də Azərbaycan Respublikasının müzakirə mövzusudur. Böyük layihələrin həyata keçirilməsinə manecilik törətmək cəhdləri həmişə olur, bu cəhdlər indi də istisna deyildir. Zənnimcə, bu boru kəməri Azərbaycan Respublikasının milli mənafelərinə cavab verən, iqtisadi sərfəliliyi ilə fərqlənən və konsorsiuma daxil edilmiş neft şirkətlərinin marağına uyğun olan marşrutdan keçəcəkdir.

Sual: Sizcə, Xəzər dənizinin yurisdiksiyası kifayət qədər aydındırmı, yoxsa Xəzəryanı dövlətlərin iştirakı ilə danışıqlar aparılmalıdır?

Cavab: Ən əvvəl deyim ki, burada olan cənab Cek Metloku salamlamağıma şadam. O, keçmiş Sovet İttifaqında məşhur adamdır, Amerika Birləşmiş Ştatlarının çox şohrətli səfiridir. O, Azərbaycanda da məşhurdur.

Xəzər dənizinin hüquqi prinsiplərini müəyyənləşdirən heç bir beynəlxalq sənəd yoxdur. Keçmiş Sovet İttifaqında Xəzər ölkənin bir növ daxili dənizi sayılırdı, hərçənd SSRİ-dən başqa İran da onun sahillərində yerləşir. Dənizdəki neft yataqlarının istismarı ilə əlaqədar o vaxtlar Sovet İttifaqı ilə İran arasında heç bir ziddiyyət olmamışdır. Xəzərdə iri neft yataqları 45 il bundan əvvəl kəşf edilmiş və bu yataqlar o dövrdən bəri Azərbaycan alimləri, neftçiləri tərəfindən işlədilir. Bu yataqlar Xəzərin Azərbaycan sahilinə yaxındır. Sovet İttifaqı parçalandıqdan və onun tərkibinə daxil olmuş respublikalar müstəqillik əldə etdikdən sonra Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiya dənizdə işləri davam etdirmişlər. Təbiidir ki, hərə, necə deyərlər, öz sahəsində. Əgər indi Xəzər dənizinin hansısa bir hüquqi statusunu hökmən müəyyənləşdirmək məsələsi qaldırılarsa, bu, əlbəttə, müzakirə mövzusu ola bilər. Lakin belə düşünürəm ki, Xəzər dənizinin sahillərində yerləşən dövlətlərdən heç birisi başqa dövlətə hökm etmək, öz iradəsini qəbul etdirmək hüququna malik deyildir.

Xəzər dənizinin Azərbaycana aid bölgəsi şərti olaraq çoxdan müəyyən edilmişdir. Sovet İttifaqı parçalandıqdan və həm Azərbaycan, həm də Türkmənistan müstəqillik əldə etdikdən sonra neftçilərimiz Xəzərin Türkmənistan sahillərinə yaxın olan yataqlardan çıxıb getmişlər. İndi həmin yataqlarda işləri Türkmənistan neftçiləri aparırlar. Həm də nə bizim onlara iddiamız var, nə də onların bizə. Buna görə də biz müqaviləni həyata keçirəcəyik. Əgər kimsə Xəzər dənizinin statusuna baxılmasını çox istəyirsə, biz buna hazırıq, lakin bu, imzalanmış muqavilənin həyata keçirilməsinə mane olmaq üçün heç kimə haqq vermir.

Sual: Konqres tərəfindən 1993-cu ildə qəbul olunmuş və Azərbaycana dövlət səviyyəsində humanitar yardım göstərilməsini qadağan edən duzəliş barəsində siz nə fikirdəsiniz?

Cavab: Təəssüflənirəm ki, bizim bölgəmizdə vəziyyət barəsində, xüsusən Azərbaycanda vəziyyət barəsində Amerika Birləşmiş Ştatlarında kifayət qədər tam və obyektiv informasiya yoxdur. Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında yaxşı münasibətlər yaranmışdır, biz bu münasibətlərin daha çox möhkəmlənməsi istiqamətində addımlar atırıq. Biz ABŞ-ın Azərbaycandakı səfirliyi ilə daim əlaqə saxlayırıq, Amerika Birləşmiş Ştatlarının rəhbər xadimləri ilə bir sıra görüşlər olmuşdur. Bütün bunları biz qiymətləndirir və dövlətlərarası münasibətlərimizin daha da inkişaf etdirilməsi imkanı kimi nəzərdən keçiririk. Lakin çox istərdik ki, Amerika Birləşmiş Ştatlarının həm ictimaiyyəti, həm də kütləvi informasiya vasitələri Ermənistan ilə Azərbaycan arasında münaqişənin səbəbləri və vəziyyəti barədə, Azərbaycanda real vəziyyət barədə obyektiv informasiyaya malik olsunlar. Bəlkə də, Amerika Birləşmiş Ştatları ictimaiyyətinin birtərəfli məlumat alması ölkənizdə bizim kifayət qədər imkanlarımızın olmaması ilə bağlıdır... Mən sizdən, yüksək nüfüzlü institutun əməkdaşlarından xahiş edirəm ki, Azərbaycan haqqında həqiqəti yayasınız. Biz bundan artıq heç nə istəmirik.

Biz sizin hər birinizlə görüşməyə hazırıq, hər birinizi Azərbaycanın qonağı kimi qəbul edərik, təki siz həyatımızla tanış ola biləsiniz, obyektiv informasiya ala biləsiniz.

Mən burada professor Svyatixovski ilə görüşməyimə şadam və onu salamlayıram. O, Azərbaycanda özünun məhz obyektivliyi, ədalətliliyi və doğruçuluğu ilə məşhurdur. İstərdik ki, Azərbaycanın ABŞ-da belə dostları çox olsun.

O ki qaldı Konqresin Azərbaycan barəsində qəbul etdiyi maddəyə, zənnimcə, sübuta yetirməyə ehtiyac yoxdur ki, bu, ədalətsiz, qeyri-humanist qərardır. Mənim Konqresi günahlandırmağa əsaslarım yoxdur, lakin hesab edirəm ki, bu qərarın lehinə səs vermiş olan Konqres uzvləri hadisələrin real vəziyyətini sadəcə olaraq bilməmişlər, kimsə onları aldatmışdır. Təcavüzə məruz qalan, ərazisinin 20 faizi işğal olunan Azərbaycan barəsində bu cur qərar qəbul etmək ona qarşı ayrı-seçkilik deməkdir. Mən öz torpağında qaçqınlara çevrilən azərbaycanlılardan danışdım. Konqresin bu cür qərar qəbul etməsi üçün formal əsas bu olmuşdur ki, guya Azərbaycan Ermənistan Respublikasını blokadada saxlayır. Halbuki Azərbaycanın özü blokada vəziyyətindədir.

Deməliyəm ki, sərhədimizin 120 kilometri erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir, bu sərhəd boyunca isə kommunikasiya xətləri - dəmir yolu, şose yolları keçir. Azərbaycanın İranla  sərhədinin həmin hissəsinə erməni silahlı birləşmələri nəzarət edirlər. Vəziyyət belə olan halda, biz kommunikasiyaları necə təmin edə bilərik? Axı onlar bizim əlimizdə deyildir. Onu da demək istəyirəm ki, Azərbaycanın Şimal ilə, yəni Rusiya ilə əlaqəsini təmin edən dəmir yolu Çeçenistanla baş verən hadisələr nəticəsində iki aydan çoxdur bağlıdır, buna görə də əslində bütün respublikamız blokada vəziyyətindədir. Konqresin qərarının nə dərəcədə ədalətli olduğu barədə siz özünuz nəticə çıxara bilərsiniz. Sizdən bir xahişim var ki, ABŞ-ın bir çox dövlət xadimlərinin ədalətsiz hesab etdikləri bu qərarın ləğv olunmasında bizə kömək göstərəsiniz.

Sual: Avropa-Asiya konfederasiyaları yaradılması haqqında Qazaxıstanın təklifi ilə əlaqədar MDB strukturlarının yenidən qurulması məsələsində Azərbaycanın mövqeyi necədir?

Cavab: Müstəqil Dövlətlər Birliyi kimi, MDB tam şəkildə hələ formalaşmamışdır. Bəzi proseslər gedir ki, onlar da qeyri-müəyyənlik şəraiti yaradır. Buna görə də belə birlik formasından əməli nəticələr əldə etmədən strukturların yenidən qurulması ilə məşğul olmağa başlamaq, məncə, hələ tezdir. Siz bilirsiniz ki, Azərbaycan MDB-nin tərkibinə cəmi bir ildir, ötən ilin sentyabrında daxil olmuşdur. Biz MDB-də iştirakımızın əməli nəticələrini hələ hiss etməmişik. Odur ki, indi birliyin hər hansı digər formasını yaratmağa başlamaq zənnimcə, məqsədəuyğun deyildir. Hələ gərək baxıb görəsən ki, bu birlik nə verir. Çıxışımın sonunda görüşun təşkilatcılarına təşəkkür edirəm. Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında bütün istiqamətlərdə və bütün sahələrdə münasibətlərin möhkəmlənəcəyinə əmin olduğumu bildirirəm və görüşün iştirakçılarına onların böyük və nəcib fəaliyyətində uğurlar arzulayıram.