Azərbaycan - İslam Konfransı Təşkilatı münasibətləri


                                                                                                                          

İslam Konfransı Təşkilatının yaranma tarixi: İKT 57 üzv dövlətdən ibarət olan hökumətlərarası təşkilatdır. Təşkilatın əsas məqsədi, üzv ölkələrdəki xalqların və həmçinin, dünyada bütün müsəlman əhalisinin firavanlığına və inkişafına nail olmaqdır. İKT 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılıb. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İKT yanında müşahidəçi statusuna malikdirlər. İKT 1975-ci ildə BMT yanında müşahidəçi statusu alıb. Baş Məclisin 36-cı sessiyasında "BMT ilə İKT arasında əməkdaşlıq haqqında" qətnamə qəbul edilib.

İKT-nin ali orqanı dövlət və hökumət başçılarının konfransıdır. İcraçı orqanı isə Baş katiblikdir. Baş katibliyin iqamətgahı Qüds İsrail işğalından azad edilənədək müvəqqəti olaraq Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin İKT ilə bağlı siyasəti: Azərbaycan Respublikası İKT-yə 1991-ci ildə təşkilatın dövlət və hökumət başçılarının Dakar sammitində qəbul edilib. İKT Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilatdır. 1991-ci ildə İKT-nin nümayəndə heyəti Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycanda səfərdə olub, BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr aparıb.

İKT Xarici İşlər Nazirlərinin 1993-cü ildə Kəraçidə keçirilmiş XXI toplantısında Ermənistan əlehinə qətnamə qəbul olunub.

BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan İKT ilə münasibətlərin inkişaf etdirilməsi, bu təşkilatın siyasi - iqtisadi imkanlarından istifadə olunması baxımından Prezident Heydər Əliyevin yeritdiyi siyasət xüsusi qeyd olunmalıdır.

1994-cü ilin may ayından etibarən Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verilib. Ər-Riyaddakı Səfirlik vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanıb.

12 dekabr 1994-cü ildə İKT-nin Mərakeşdə VII zirvə görüşü keçirilib. Prezident Heydər Əliyev bu zirvə görüşündə iştirak etmək üçün Mərakeşin Kasablanka şəhərinə yola düşüb. Zirvə görüşündə Azərbaycanın dövlət başçısı nitq söyləyib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasında işğal etdikləri Dağlıq Qarabağ regionunda və ona bitişik yeddi digər rayonda ən qədim mədəniyyət abidələrini məhv etdiklərini diqqətə çatdıran Azərbaycan Prezidenti bidirib: "...Bütün məscidlər dağıdılmış, müsəlman məzarları təhqir olunmuş, Qurani-Kərimin nüsxələri yandırılmışdır. Ən qədim müsəlman sivilizasiyasının bütün izləri yer üzündən silinir..." İslam Konfransı Təşkilatının Kasablanka zirvə toplantısının yekun iclasında Asiya dövlətləri adından təbrik nitqini də Prezident Heydər Əliyev söyləyib. Zirvə görüşündə Ermənistan və Azərbaycan arasındakı münaqişə ilə əlaqədar və Azərbaycan Respublikasına iqtisadi yardım barədə qətnamə qəbul olunub. Qətnamədə Ermənistanın Azərbaycana qarşı təcavüzü qəti şəkildə pislənir, mülki azərbaycanlı əhaliyə qaşı törədilmiş hərəkətlər insanlığa qarşı cinayət hesab edilir, BMT qətnamələrinin yerinə yetirilməsi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb olunur. Digər qətnamə isə beynəlxalq təşkilatları Azərbaycana təcili humanitar və maliyyə yardımı göstərməyə çağırır.

Azərbaycan Prezidenti Heydər Əliyev Kasablanka Zirvə Toplantısı başa çatdıqdan sonra mətbuat üçün bəyanat verib, zirvə görüşündə qəbul olunan qətnamələri yüksək qiymətləndirib.

1996-cı ilin dekabrında Cakartada keçirilmiş İKT Xarici İşlər Nazirlərinin 24-cü Konfransı və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İKT dövlət və hökumət başçılarının 8-ci Zirvə görüşündə siyasi qətnamənin adının dəyişdirilərək daha da gücləndirilməsi və "Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında" başlığı ilə ilk dəfə qəbul edilməsi bu məsələyə dair Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayıb.

8 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İKT-nin VIII zirvə görüşündə iştirak etmək üçün Tehrana səfər edib. Səfər çərçivəsində Prezident Heydər Əliyev İslam Konfransı Təşkilatının Baş katibi İzzəddin Laraki ilə görüşüb. Görüş zamanı Prezident Heydər Əliyev İslam Konfransı Təşkilatının VIII zirvə görüşündə Azərbaycanın problemlərinə dair xüsusi qərar qəbul ediləcəyinə ümidvar olduğunu bildirib.

İzzəddin Laraki də öz növbəsində bildirib ki, "...Azərbaycanın qarşılaşdığı problem həmçinin bizim problemimizdir. Hər şeyə dözmək olar, ancaq torpağın qəsbkarlıqla zəbt edilməsinə dözmək olmaz. Siz əmin olun ki, İslam Konfransı Təşkilatı bütünlüklə Sizin tərəfinizdədir...".

11 dekabr 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev İslam Konfransı təşkilatının üzvü olan ölkələrin rəhbərlərinin Tehranda keçirilənVIII zirvə görüşündəki nitqində bildirib: "...1993-1996-cı illərdə Rusiya Ermənistana qeyri-qanuni, gizli bir milyard dollar dəyərində silah, sursat və hərbi texnika göndəribdir. Bundan əlavə bu il avqust ayının 29-da Rusiya ilə Ermənistan arasında güclü hərbi əməkdaşlıq bəndləri olan müqavilə bağlanmışdır. Beləliklə, təcavüzkar Ermənistan dövləti hərbi cəhətdən güclənərək nəinki Azərbaycan üçün, regionumuzun bütün dövlətləri üçün ciddi bir təhlükə yarada bilər...".

İKT-nin Tehran sammitində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında və Azərbaycan Respublikasına iqtisadi yardım barədə növbəti qətnamələr qəbul edilib. Qətnamədə yenidən Ermənistanın Azərbaycana qarşı təcavüzü qəti şəkildə pislənir, mülki azərbaycanlı əhaliyə qaşı törədilmiş hərəkətlər insanlığa qarşı cinayət hesab edilir, BMT qətnamələrinin yerinə yetirilməsi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb olunur. İkinci qətnamə isə İKT-yə üzv dövlətləri və digər beynəlxalq təşkilatları Azərbaycana təcili humanitar və maliyyə yardımı göstərməyə çağırır.

İKT-nin 12-13 noyabr 2000-ci il Doha (Qətər) və 16-17 oktyabr 2003-cü il Putracaya (Malaziya) sammitlərində Azərbaycan xarici işlər naziri səviyyəsində təmsil olunub. Bu sammitlərdə də İKT tərəfindən Azərbaycanın ədalətli mövqeyi müdafiə olunub, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın ərazi bütövlüyünə hörmət olunması, BMT qətnamələrinin yerinə yetirilməsi və s. tələb edən sənədlər qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İKT ilə bağlı siyasəti: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İKT ilə əməkdaşlığı daha da gücləndirib.

2004-cü ildə İKT-nin Gənclər Forumunun təsis yığıncağı Azərbaycanda keçirilib. 7-8 dekabr 2005 ci ildə İKT-nin Məkkədə üçüncü fövqəladə zirvə toplantısı baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib. İslam Konfransı Təşkilatının Məkkədə keçirilmiş üçüncü fövqəladə zirvə toplantısında Prezident İlham Əliyev nitq söyləyib: "...İslam Konfransı Təşkilatı dünyada sülhün və əmin-amanlığın bərqərar olması naminə ardıcıl səylər göstərir... Eyni zamanda, biz beynəlxalq terrorizmi İslam dini ilə əlaqələndirənlərə qəti etirazımızı bildiririk. Belə bir tezis tamamilə səhvdir, əsassızdır və qəbuledilməzdir...". Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın Baş naziri Abdulla Əhməd Badavi, Pakistan Prezidenti Pərviz Müşərrəf, Rusiya Prezidentinin Uzaq Şərq federal dairəsində səlahiyyətli nümayəndəsi Kamil İşakov, İKT-nin baş katibi Ekmələddin İhsanoğlu, Türkiyə Böyük Millət Məclisinin sədri Bülənd Arınç və digər rəsmi şəxslərlə vacib görüşlər keçirib.

19-21 iyun 2006-cı ildə Bakıda İKT Xarici İşlər Nazirlərinin 33-cü sessiyası öz işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev sessiyada iştirak edib. Prezidenti İlham Əliyev sessiyada nitq söyləyib: "...Azərbaycanın ərazi bütövlüyü, Ermənistan istisna olmaqla, bütün dünya tərəfindən tanınır. Birləşmiş Millətlər Təşkilatı bu məsələyə dair dörd qətnamə qəbul edibdir. O qətnamələrdə deyilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Fəqət bu qətnamələr icra olunmur...". Sessiyada Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında növbəti qətnamə qəbul olunub. Əvvəl qəbul olunmuş qətnamələrdə olduğu kimi bu sənəddə də Ermənistanın işğalçı hərəkətləri pislənir, Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etmələri tələb olunur. Sessiyada eyni zamanda Azərbaycan Respublikasına iqtisadi yardım haqqında və Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında qətnamə də qəbul olunub. 33-cü sessyiada təşkilata sədrlik Azərbaycana keçib. 4 oktyabr 2006-cı ildə İSESCO-nun prezidenti Osman əl-Tuveycri Azərbaycana səfər edib. Osman əl-Tuveycri tərəfindən Mehriban Əliyevaya təhsilin və sivlizasiyalararası dialoqun inkişafında xidmətlərinə görə İSESCO-nun xoşməramlı səfiri adı verilib və xoşməramlı səfir nişanı təqdim olunub.

2007-ci il aprelin 27-də İKT-nin baş katibi E.İhsanoğlu "Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu" adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəlib. Bu tarixdə YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva və İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Heydər Əliyev Fondu ilə İSESKO arasında əməkdaşlıq haqqında Protokol imzalayıblar.İki qurum arasında 5 il müddətinə əməkdaşlığın əsas prinsiplərini tənzimləyən Protokol elm, mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişafını, birgə layihələrin işlənib həyata keçirilməsini, fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur. 13-14 mart 2008-ci ildə Seneqalın paytaxtı Dakar şəhərində İKT-nin XI zirvə görüşü keçirilib. Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri təmsil edib. Azərbaycanın xarici işlər naziri çıxışında üzv dövlətləri həmin gün BMT Baş Məclisində səsverməyə çıxarılan və Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərini azad etməyə çağıran qətnamənin qəbulu üçün səs verməyə çağırıb. Qeyd edək ki, əksəriyyəti İKT üzvü olan ölkələrin səs verməsi ilə qətnamə BMT-də qəbul olunub. 2008-ci ilin aprel ayında İKT Gənclər Forumu İdarə Heyətinin Küveytdə keçirilmiş VI sessiyasında Leyla Əliyeva forumun mədəniyyətlər və sivlizasiyaların dialoqu məsələləri üzrə birinci baş əlaqələndiricisi seçilib.

23 may 2009-cu ildə Dəməşqdə (Suriyada) İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin 36-cı iclası öz işinə başlayıb. İclasda İslam Konfransı Təşkilatının Baş katibi Ekməlləddin İhsanoğlu bildirib ki, Azərbaycan hökuməti Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına qarşı müqaviməti davam etdirir və bu işğalın dayandırılması üçün BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini həyata keçirmək lazımdır.

2009-cu ildə Bakı şəhəri İslam Mədəniyyətinin paytaxtı elan olunub. 2009-cu ilin fevrala ayının 17-də mədəniyyət ilinin təntənəli açılışı olub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və İSESKO-nun Baş katibi Osman əl-Tuveycri iştirak edib. İl ərzində Azərbaycanda mədəniyyəti bütün dünyaya təqdim edilib. Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi sivilizasiyalararası dialoqun daha da gücləndirilməsinə xidmət edib.

11 Noyabr 2009-cu ildə Bakıda İslam Konfransı Təşkilatının (İKT) 40 illiyinə həsr olunmuş "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfrans keçirilib. İKT Baş katibi Ekmələddin İhsanoğlu Azərbaycanın böyük sivilizasiyalar arasında əməkdaşlıq sahəsində simvola çevrildiyini bildirib. İKT - nin Baş katibi qeyd edib ki, bu, Azərbaycanın yerləşdiyi coğrafi məkan, həm də burada müxtəlif mədəniyyətlərin qovuşması ilə əlaqədardır.

18-20 may 2010-cu ildə İslam Konfransı Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirlərinin Düşənbədə iclası keçirilib. Tədbirin sonunda Düşənbə Bəyannaməsi qəbul edilib. Bəyannamədə eyni zamanda İKT üzv dövlətləri Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənib, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həllinə çağırış öz əksini tapıb. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslamın mədəni və müqəddəs abidə və tikililərin dağıdılması və təhqir edilməsi və Azərbaycan Respublikasına iqtisadi yardım adlı qətnamələr qəbul olunub. Qətnamələrdə növbəti dəfə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan torpaqlarında İslam tarixinə aid olan abidələrin dağıdılması pislənir, Ermənistanın Azərbaycana təcavüzünün nəticələrini aradan qaldırmaq üçün Azərbaycan dövlətinə iqtisadi və texniki yardım edilməsi nəzərdə tutulur və dünya ictimaiyyətinə həmin məsələlərə diqqət yetirməklə bağlı müraciət edilir.

Ümumi tarixi arayış 16 iyun 2010-cu ildə tərtib olunub.