Hörmətli cənab səfir!
Hörmətli xanımlar və cənablar!
Bu gün Amerika Birləşmiş Ştatlarıvə Azərbaycan üçün həqiqətən çox əlamətdar bir gündür. Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən sonra ona beynəlxalq dəstək lazım idi. Bu beynəlxalq dəstəyi də dünyanın müxtəlif dövlətləri, xüsusən aparıcı dövlətlər göstərməli idi. Azərbaycan xalqı bunu gözləyirdi. Biz bu gün, on il keçəndən sonra çox böyük məmnuniyyət və iftixar hissi ilə deyə bilərik ki, yeni yaranmış müstəqil Azərbaycan dövləti o vaxt belə dəstəyi aldı. Bir çox dövlətlər dərhal Azərbaycanın müstəqilliyini tanıdıqlarını elan etdilər. Onlardan biri də Amerika Birləşmiş Ştatları oldu.
O vaxtdan indiyə qədər Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında yaranmış əlaqələr davamlı surətdə inkişaf edib və bu gün yüksək səviyyədədir. Ancaq mən də cənab səfir kimi, bir-iki dəqiqə o dövrü, o anları, o ili xatırlamaq istəyirəm. On il bundan öncə Azərbaycan müstəqilliyini yenicə əldə etmişdi. Ancaq şiddətli müharibə gedirdi, iqtisadi böhran çox dərinləşmişdi. Azərbaycanda, Bakıda hakimiyyətsizlik hökm sürürdü, silahlı dəstələr insanların rahat yaşamasına imkan vermirdilər, cinayətkarlıq artmışdı. Belə bir dövrdə, belə bir zamanda müstəqil dövlət kimi, Azərbaycan ilk addımlarını atırdı. Belə bir dövrdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələr qurulmuşdu. Burada qeyd edildiyi kimi, ilk dəfə Bakıda, Azərbaycanın paytaxtında Amerikanın səfirliyi öz qapılarını açmışdı.
Mən o vaxt Bakıda deyildim, Naxçıvanda yaşayırdım. Ancaq təbii ki, mən Azərbaycanın problemləri ilə, Azərbaycanın dərdləri ilə yaşayırdım. Ancaq Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda problemlər, dərdlər Bakıdan da, Azərbaycanın başqa bölgələrindən də çox idi. Biz bu problemlərin həll olunması, bu dərdlərin aradan qaldırılması ilə məşğul idik. Mən böyük minnətdarlıq hissi ilə xatırlayıram ki, o vaxt, Amerika Birləşmiş Ştatları öz səfirliyini Azərbaycanda açan kimi, Naxçıvana xüsusi diqqət yetirmişdir və burada adı çəkilən cənab Robert Fin dərhal Naxçıvana gəlmişdi. Ondan sonra Amerika Birləşmiş Ştatlarının Azərbaycanda ilk səfiri cənab Dik Mays Naxçıvana gəlmişdi. Sonra mən gəlib Bakıda, həmin "İnturist"mehmanxanasındakı səfirlikdə onlarla görüşmüşdüm. Bizim dərhal əlaqələrimiz yaranmışdır. Bu əlaqələr də, təbiidir ki, Azərbaycan–Amerika Birləşmiş Ştatları əlaqələrinin tərkib hissəsi idi, bir hissəsi idi.
Biz o ağır illəri yaşadıq. Azərbaycanda yaranmış hərc-mərcliyin, ondan sonra baş vermiş vətəndaş müharibəsinin qarşısını aldıq, Azərycanda tədricən ictimai-siyasi sabitliyi təmin etməyə başladıq. Ancaq bunlar asan olmadı. Biz bir çox müqavimətlərlə rastlaşdıq. O cümlədən terror aktları və 1994-cü ilin oktyabr ayında, 1995-ci ilin mart ayında Azərbaycanda silahlı dövlət çevrilişi cəhdləri ilə rastlaşdıq. Bu gün həmin mart hadisələrindən düz 7 il keçir. O vaxt Azərbaycanın müqəddəratı həll edilirdi. Müstəqilliyinin qalıb-qalmaması həll olunurdu. Çünki o qüvvələr Azərbaycan dövlətçiliyinə qarşı qalxmışdılar. Əgər azğın silahlı dəstələr o vaxt öz niyyətlərinə nail ola bilsəydilər, Azərbaycan dağılacaqdı. Mən bunu qətiyyətlə deyirəm. Biz o günləri yaşadıq, müharibəni dayandırdıq.
Yeddi ildən artıqdır ki, atəşkəs rejimində yaşayırıq. Sosial, iqtisadi, siyasi böhrana son qoyduq və indi Azərbaycanda bütün sahələrdə inkişaf təmin olunubdur. O, bu gün də davam edir. Cənab səfirin dediyi kimi, Azərbaycan bu on il müddətində öz müstəqilliyini qoruyub saxlayıb, iqtisadi cəhətdən, siyasi cəhətdən və bütün başqa əlamətlərinə görə güclü bir dövlətə çevrilibdir. On il ərzində biz Amerika Birləşmiş Ştatlarıilə əlaqələrimizi daim inkişaf etdirmişik. Bu əlaqələr genişlənir, dərinləşir və demək olar ki, bütün sahələri əhatə edir. Bu əlaqələrin inkişaf etməsinin səbəbi təkcə bizim istəyimiz, arzumuz deyil, eyni zamanda Amerika Birləşmiş Ştatları hökumətinin də Azərbaycan ilə əlaqələri genişləndirmək, inkişaf etdirmək niyyətləridir.
11 sentyabr hadisələri, Amerika Birləşmiş Ştatlarında törədilmiş dəhĢətli terror aktları bütün dünyanı lərzəyə gətirdi. O cümlədən, təbiidir ki, Azərbaycanda bizi də çox hiddətləndirdi və həyəcanlandırdı. Biz beynəlxalq terrorizmə qarşı, bu cür qəddar terrorizmə qarşı dərhal etiraz səsimizi qaldırdıq. Beynəlxalq terrorizmə qarşı mübarizədə Amerika Birləşmi Ştatları ilə bir alyansda, bir koalisiyada olmağımızı dərhal bəyan etdik və ondan sonrakı günlərdə, aylarda bu sahədə bizim üzərimizə düşən vəzifələri tamamilə yerinə yetiririk. 11 sentyabr hadisələrindən sonra Amerika Birləşmi Ştatları ilə Azərbaycan arasındakı əlaqələr daha da yüksək səviyyəyə qalxıbdır və xüsusi əhəmiyyət kəsb edir. Əvvəlki illərdə hər iki tərəf bəyan etdi ki, bizim əlaqələrimiz strateji tərəfdaşlıq əlaqələridir. Bu, təsdiq olunub və onu daha da genişləndirmək məramı Amerika Birləşmiş Ştatları tərəfindən bildirilibdir. Biz də buna tam razılığımızı bildirmişik.
Mən dünən Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Corc Buşun məktubunu aldım. O, bu gün mətbuatda dərc olunubdur. Bu məktubda prezident Buş 11 sentyabr hadisələrindən sonra Azərbaycanın Amerikaya göstərdiyi dəstəyi bir daha yüksək qiymətləndirdiyini bildirir və eyni zamanda Qafqazda, onun ətrafında sülh, əmin-amanlıq, təhlükəsizlik naminə bizimlə, Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsinin zəruri olduğunu bəyan edir. Prezident cənab Buşun məktubunda Azərbaycana göstərilən münasibətə, ölkəmizin fəaliyyətinə verilən qiymətə görə təşəkkür edirəm və bildirmək istəyirəm ki, məktubda yazılan bütün fikirlərlə tam razıyam.
Beləliklə, biz əlaqələrimizin on illiyini tamamlayırıq və irəliyə çox nikbinliklə birgə addımlayırıq. Bu on il müddətində çox şey dəyişibdir. Amerika Birləşmiş Ştatlarının səfirliyi "İnturist"mehmanxanasının kiçik otaqlarından indi böyük bir binaya köçübdür və bütün ətrafı əhatə edir. Əgər əvvəllər səfir mehmanxanada xırda bir otaqda yaşayırdısa, indi belə bir imarətdə yaşayır və bu qədər qonaqları dəvət etməyə də imkanı var. Bunlar hamısı on ildə bizim əlaqələrimizin inkişaf etməsinin təzahürüdür.
Biz bu il diplomatik əlaqələrimizin on illiyini qeyd edərkən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin fəaliyyətini xüsusi qeyd edmək istərdim. Demək istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının səfirliyi bu on il müddətində Amerika Birləşmiş Ştatlarının milli maraqlarının qorunması və təmin olunması üçün çox iş görübdür.Amma bununla bərabər Amerika-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün çox səylər qoyubdur, çox iş görübdür.
Mənbu gün Amerika Birləşmiş Ştatlarının Azərbaycandə ilk səfiri cənab Dik Maysı xatırlayıram. Eyni zamanda ondan sonrakı səfirlərlə, səfirliyin bütün işçilərinə, xüsusən Amerika Birləşmiş Ştatlarının bu gün Azərbaycandakı Fövqəladə və Sələhiyyətli səfirinə öz təşəkkürümü bildirirəm.
Beş ildən sonra biz əlaqələrimizin on beş illiyini qeyd edəcəyik. On ildən sonra iyirmi illiyini qeyd edəcəyik və bu davam edəcəkdir. Ona görə də mən sizin hamınıza uğurlar arzulayıram.