ABŞ-ın Klivlend klinikasında müalicəsini başa çatdıraraq "Omni" hotelində istirahət edən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin televiziya vasitəsilə xalqımıza müraciəti - 17 may 1999-cu il


Əziz həmvətənlər, bacılar, qardaşlar, dostlar!

Sizi Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərindən salamlayıram. Bir müddətdir ki, sizdən ayrı düşmüşəm, çox darıxıram. Bilirəm ki, Vətəndə, Azərbaycanda da məndən ötrü darıxanlar çoxdur.

Mən vətəndaşlarımızdan indiyə qədər çoxlu teleqramlar, məktublar - həm təbrik məktubları, həm də mənə dəstək vermək, dayaq durmaq fikirləri ilə dolu olan məktublar alıram.

Bilirəm ki, xalqımız mənim xəstəliyimlə əlaqədar narahatdır. Mənə göstərdiyiniz bu qayğıya, diqqətə görə hamınıza təşəkkür edirəm, çox sağ olun.

Mənim müalicəm artıq sona çatır. Bir neçə gündür ki, hoteldə, mehmanxanadayam, burada həkimlərin nəzarəti altındayam və tezliklə Vətənimizə, məmləkətimizə qayıdacağam.

Burada məni çox yüksək səviyyədə müalicə ediblər, çox yaxşı qayğı, diqqət göstərirlər. Həm bu klinikanın bütün heyəti, mənim müalicəmlə məşğul olan həkimlər, həm onun rəhbərliyi - hamısı mənə daim qayğı göstərirlər və mənim tezliklə sağalmağım üçün çalışırlar.

Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton mənim buradakı müalicəmi daim nəzarət altında saxlayır, telefonla danışmışıq, mənə çox ürək-dirək veribdir. O da, mən də ümid etmişik ki, mən tezliklə sağlamlığımı bərpa edəcəyəm və bizim ölkələrimiz arasında indiyə qədər apardığımız müştərək işlər bundan sonra da daha uğurla davam edəcəkdir.

Çox məmnunam ki, mənim burada, xəstəxanada, indi də hoteldə olduğum dövrdə ölkəmizdə insanlar rahat yaşayır, ictimai-siyasi sabitlik bərqərardır, heç bir problem yoxdur. Məmnunam ki, mənim hökumətim, Milli Məclis, Nazirlər Kabineti, Prezidentin Aparatı, nazirlər, yerli icra orqanlarının hamısı öz işi ilə məşğuldur. Bunlar hamısı bir daha onu göstərir ki, biz Azərbaycanda qanun-qayda yarada bilmişik, ölkəmizdə sabitlik təmin edilibdir və hər kəs öz işi ilə məşğul olaraq öz vəzifəsini yerinə yetirir. Bu günlər mən ölkədə olduğumdan bəlkə də daha çox çalışanlara, Vətənimizin bu günü və gələcəyi üçün öz səylərini əsirgəməyənlərə təşəkkür edirəm.

Mən inanıram ki, bizim respublikamızın gələcəyi çox gözəldir. Mən burada olduğum zaman çox düşüncələr etmişəm, çox şeylər haqqında düşünmüşəm. İnanıram ki, biz qarşımızda duran vəzifələrin hamısını yerinə yetirəcəyik, hamısının öhdəsindən gələcəyik və ölkəmiz, xalqımız üçün ən əsas məsələ olan Ermənistan-Azərbaycan münaqişəsinə son qoyacağıq. Mən buna tam inanıram.

Mən burada olarkən ölkəmiz, insanlar haqqında çox düşünürəm, xüsusən yerindən-yurdundan didərgin düşmüş, çadırlarda ağır vəziyyətdə yaşayan soydaşlarımız haqqında çox düşünürəm.

Əziz dostlar, mən sizi xüsusi salamlayıram. Mən bilirəm ki, sizin vəziyyətiniz ağırdır. Ancaq qara günün ömrü gödəkdir. Hesab edirəm ki, bu günlər arxada qalacaqdır. Sizə xüsusi təşəkkür edirəm ki, siz mənimlə çox maraqlanırsınız, mənim tezliklə Vətənə dönməyimi arzulayırsınız.

Mənim əziz dostum, qardaşım, Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəl bu gün mənə yenidən telefon etdi. Çox səmimi, mehriban söhbətimiz oldu. Bildirmək istəyirəm ki, mən burada olarkən prezident Süleyman Dəmirəl mənə daim qayğı, diqqət göstərir, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının nə qədər etibarlı, sarsılmaz olduğunu bir daha nümayiş etdirir.

Mən bundan çox məmnunam.

Bu gün prezident Süleyman Dəmirəl məni buradan yola düşərkən Türkiyəyə gəlməyə dəvət etdi, gəlib Türkiyədə bir az dincəlməyimi xahiş etdi. Mən bu qardaşlıq dəvətini böyük minnətdarlıq hissi ilə qəbul etdim. Yəqin ki, yolüstü bir müddət Türkiyədə olacağam, ondan sonra isə Vətənə gələcəyəm.

Mən indi ölkəmizdə sabitliyin, rahatlığın olmasından bir daha, həddindən ziyadə razıyam. Bütün bu işləri təşkil edənlərə, yaradanlara, hər bir vətəndaşımıza öz hörmət, ehtiramımı bildirirəm.

Bu günlər mən bir daha düşündüm ki, bizim xalqımızın birliyi yaranıbdır və indi heç kəs bu birliyi sındıra bilməz, heç kəs onu poza bilməz. Bizim hamımızın borcumuz, vəzifəmiz bu birliyi, həmrəyliyi daha da yüksəklərə qaldırmaq və ölkəmizi daha da yüksəltməkdir. Mən inanıram ki, biz bunlara nail olacağıq.

Mən sizin hamınıza cansağlığı arzu edirəm. Hər birinizə işinizdə uğurlar, ailə səadəti arzulayıram. Arzu edirəm ki, heç biriniz heç vaxt xəstələnməyəsiniz, heç biriniz heç vaxt xəstəxanaya düşməyəsiniz. Sizə bunları arzulayıram. Sağ olun, tezliklə görüşlərə qədər. Sağ olun.

"Azərbaycan" qəzeti, 19 may 1999-cu il

Tarixi arayış