Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - ulyahəzrət kraliça II Yelizavetanın ad günü münasibətilə "Həyat Recensi-Naxçıvan" mehmanxanasında bu ölkənin Bakıdakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda Azərbaycan prezidenti Heydər Əliyevin nitqi - 20 iyun 2001-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən Böyük Britaniya və Şimali İrlandiya kraliçasının təvəllüd günü, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı günü münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm və dost ölkənin bütün vətəndaşlarına sülh, əmin-amanlıq və rifah arzulayıram.

Azərbaycan ilə Böyük Britaniyanın əlaqələrinin tarixi o qədər də böyük deyildir. Yəni ölkəmizin dövlət müstəqilliyinin əldə olunması ilə Azərbaycanla Böyük Britaniya arasında da diplomatik əlaqələr yaranıb və sonra isə qısa müddətdə bu əlaqələr sürətlə inkişaf edibdir.

Biz bu ilin sonunda Azərbaycanın dövlət müstəqilliyinin onuncu ildönümünü bayram edəcəyik. Deməli, eyni zamanda, Azərbaycan ilə Böyük Britaniya arasında yaranmış dövlətlərarası əlaqələrin də onuncu ildönümü olacaqdır.

Mən bu gün qeyd etməliyəm ki, Böyük Britaniya Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra ölkəmizlə diplomatik əlaqələr qurmuş və Azərbaycana böyük maraq göstərmiş ilk Qərb ölkələrindən biridir.

Mən bu gün Böyük Britaniyanın hökumətinin dəvəti ilə 1994-cü ilin əvvəlində bu ölkəyə rəsmi səfərimi xatırlayıram. O səfər zamanı ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi və gələcək layihələrin həyata keçirilməsi üçün görülmüş böyük işləri xatırlayıram. Məmnunam ki, ondan sonra bu əlaqələr ardıcıl surətdə inkişaf edib və indi yüksək səviyyədədir. Bu əlaqələr həm siyasi, iqtisadi, həm mədəni, humanitar sahələri, həm də bütün başqa sahələri əhatə edərək, ölkələrimiz arasında sıx münasibətlər yaradıbdır.

Təbiidir ki, dövlətlərarası əlaqələrin inkişaf etməsi üçün iqtisadi əməkdaşlığın yaranmasının və o sahədə istənilən nailiyyətlərin əldə edilməsinin böyük əhəmiyyəti var. Bu baxımdan mən qeyd etmək istəyirəm ki, Böyük Britaniya Azərbaycanla iqtisadi əlaqələrdə, ölkəmizə investisiyanın gəlməsində maraqlı olan, Azərbaycana ən böyük həcmdə sərmayə qoyan ölkədir. Bu, əsasən neft və qaz sektoruna aiddir. Ancaq təkcə bu sektorda yox, indi artıq iqtisadiyyatın başqa sektorlarında da bizim əməkdaşlığımız inkişaf etməkdədir.

Bilirsiniz ki, Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarının işlənilməsi və təbii ehtiyatların hasil olunması sahəsində 30-dan çox şirkət fəaliyyət göstərir. Bunlar 14 ölkəni təmsil edirlər. Lakin bunların içərisində "Bi-Pi" liderlik edir. Deməli, Böyük Britaniya liderlik edir. Güman edirəm ki, bu liderliyi bundan sonra da əlindən verməyəcəkdir.

Biz 1994-cü ilin sentyabr ayında Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənilməsi və neft hasilatına dair ilk müqaviləni - "Əsrin müqaviləsi"ni imzalayarkən bu günə qədər "Bi-Pi" şirkətinə rəhbərlik edən hörmətli Con Braun 11 şirkətin adından çıxış etdi və xatirimdədir ki, mənə gözəl, olduqca gözəl, indiyə qədər heç görmədiyim büllur bir vaza təqdim etdi. Doğrudur, sonra onu evə aparanda salıb sındırdılar. Ancaq bunu bilən kimi onun eynisini mənə bir daha gətirib verdilər.

O vaxt biz bu müqaviləni imzalayanda buna inananlar da çox idi, inanmayanlar da vardı. Ancaq Azərbaycan xalqının hamısının arzusu ondan ibarət idi ki, bu müqavilə real olsun, həyata keçirilsin, öz nəticələrini versin. O inanmayanların və bizim bu işlərimizin getməsinə mane olanların, necə deyim, acığına müqavilə uğurla həyata keçirilir, öz nəticələrini verir. 1997-ci ildə ilkin neft alınıbdır, artıq iki marşrutla ixrac olunur.

İndi artıq əsas ixrac kəmərinin - Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına başlanılır. "Bi-Pi"nin xoşbəxtliyi ondadır ki, ikinci müqavilədə - "Şahdəniz" yatağının işlənilməsi ilə bağlı müqavilədə də həm liderlik edir, həm də onların bəxti gətirdi ki, orada gözlənildiyindən çox qaz ehtiyatı kəşf olunubdur. Təbiidir ki, bu sərvət hasil olunacaq, xarici ölkələrə, birinci növbədə Türkiyəyə ixrac ediləcəkdir.

Bu günlərdə "Bi-Pi"nin prezidenti hörmətli Con Braun Azərbaycana gələcəkdir. Biz gələcək işlərin proqramını müzakirə edəcəyik. Onlar görəcəkləri işlər haqqında bizə, hökumətimizə, dövlətimizə geniş məlumat verəcəklər. Güman edirəm ki, bunların hamısı ictimaiyyətə də məlum olacaqdır. Çox məmnunam ki, qarşıda gözəl perspektivlər vardır. Böyük Britaniya, "Bi-Pi" və başqa şirkətlər də bu məsələlərə çox böyük əhəmiyyət verirlər.

Ölkələrimiz arasındakı əlaqələrin sürətlə inkişaf etməsində 1998-ci ildə Böyük Britaniya hökumətinin dəvəti ilə mənim Böyük Britaniyaya rəsmi səfərim xüsusi rol oynayır. O vaxt biz baş nazir hörmətli Toni Bleyerlə və hökumətin başqa üzvləri ilə çox ətraflı danışıqlar apardıq, çox maraqlı söhbətlərimiz oldu. Hər iki tərəf də bəyan etdi ki, bizim əlaqələrimiz gələcəkdə daha da genişlənəcəkdir.

Hörmətli Toni Bleyer və onun partiyası son seçkilərdə yenidən uğur qazandı, hökuməti təşkil etdilər. Hətta xatirimdədir, bu ayın əvvəlində Azərbaycanda keçirilən beynəlxalq neft və qaz sərgisində Böyük Britaniyanın hökumət üzvlərindən heç kəs iştirak edə bilməmişdi. Baş nazir hörmətli Toni Bleyer mənə göndərdiyi məktubda bunun məhz seçkilərlə əlaqədar olduğunu bildirmişdir.

Mən cənab Toni Bleyerin yenidən Böyük Britaniyanın baş naziri seçilməsi münasibətilə göndərdiyim təbriklərə əlavə olaraq, bu gün - Böyük Britaniyanın milli bayramı günü onu və onun partiyasını bir daha təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, bizim əməkdaşlığımız daha da sürətlə inkişaf edəcəkdir.

Bu ayın əvvəlində Bakıda beynəlxalq neft və qaz sərgisinin açılışı münasibətilə cənab Toni Bleyerin mənə göndərdiyi məktubda təkcə təbrik sözləri yox, eyni zamanda Böyük Britaniya ilə Azərbaycan arasında olan əlaqələrin gələcək perspektivləri və inkişaf yolları haqqında çox dəyərli fikirlər söylənmişdir. Baş nazir Toni Bleyerin bu məktubunu mən çox böyük məmnuniyyətlə qəbul etdim və onun orada ifadə etdiyi fikirlərin hamısına razı olduğumu bildirdim. Eyni zamanda ona göndərdiyim məktubda bunların hamısını təsdiq edərək bizim gələcək əməkdaşlığımız üçün fikirlərimizin eyni olduğunu bildirmişəm. Bu məktub, yəni baş nazir Toni Bleyerin məktubu xüsusi əhəmiyyət kəsb edir. Çünki orada bizim əməkdaşlığımızın, xüsusən iqtisadi və başqa sahələrdə əlaqələrimizə aid çox konkret fikirlər irəli sürülübdür. Azərbaycanın Avropa Şurasına qəbul olunması münasibətilə baş nazir Toni Bleyerin təbriki və müsbət fikirləri də bizi ruhlandırır. Onların bizə verdiyi dəstəyə görə təşəkkür edirəm. Baxmayaraq ki, Böyük Britaniyadan olan bəzi deputatlar orada kiçik məsələlərlə bizə əngəllər yaratmaq istəmişdilər.

Müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün ən əsas məsələ Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulması, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında sülh yaranmasıdır.

Bu məsələnin həll olunması üçün Böyük Britaniya hökumətinin bizə yardımı, daha da güclü fəaliyyəti çox lazımdır. Mən məmnunam ki, baş nazir Toni Bleyerin adını çəkdiyim məktubunda göstərilir ki, əgər Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, Böyük Britaniya və onun Avropa Birliyindəki tərəfdaşları Azərbaycanın işğal olunmuş torpaqlarında bərpa işlərinin aparılmasında və yerindən-yurdundan didərgin düşmüş insanların həyatının yaxşılaşmasında lazımi yardım edəcəklər. Düşünürəm ki, əgər baş nazir Toni Bleyer belə fikirlər irəli sürürsə, deməli, o, bu məsələnin həll olunacağına inanır. Əgər inanırsa, deməli, bu məsələnin həll olunmasına kömək etməlidir. Onda həm Böyük Britaniyanın, həm də Avropa Birliyinin Azərbaycana lazım olan köməyi, təbiidir ki, bizim üçün çox əhəmiyyətli olacaqdır.

Bir sözlə, ölkələrimiz, dövlətlərimiz, xalqlarımız arasındakı əlaqələr bizi sevindirir. Ancaq hesab edirəm ki, bu əlaqələr daha da genişləndirilməli və inkişaf etdirilməlidir. Azərbaycan dövləti buna nail olmaq üçün öz üzərinə düşən vəzifələrin hamısını bundan sonra da yerinə yetirəcəkdir.

Hörmətli cənab səfir, mən sizi, Böyük Britaniya hökumətini, ölkənizin vətəndaşlarını bu bayram münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm və sizin xalqınıza xoşbəxt gələcək arzulayıram.


"Azərbaycan" qəzeti, 21 iyun 2001-ci il.