Türkiyə Respublikasının Böyük Millət Məclisinin sədri zati-aliləri cənab Hikmət Çətinə - Bakı şəhəri, 28 oktyabr 1998-ci il


Hörmətli cənab sədr! 

Türkiyə Respublikasının Milli bayramı - Respublika gününün 75 illiyi bəşəriyyət tarixində şanlı və əlamətdar bir hadisədir. Türk aləminin öndəri Mustafa Kamal Atatürkün 75 il öncə böyük mərdlik və şücaətlə yaratdığı müstəqil və demokratik Türkiyə Respublikası bu gün dünyanın ən nüfuzlu, ən mütərəqqi dövlətlərindən biri kimi bütün Şərq xalqları üçün gözəl bir örnək olmuşdur.

Cümhuriyyətin yaranmasından keçən 75 ildə qəhrəman, cəsur və zəhmətsevər türk xalqı böyük nailiyyətlər əldə etmiş, dünya sivilizasiyasına yeni-yeni dəyərli töhfələr vermişdir.

Türkiyə Respublikasında hüquqi və dünyəvi dövlətin qurulmasında, demokratiyanın, vətəndaş cəmiyyətinin inkişafında, insan haqlarının qorunmasında əsası 1920-ci ildə dahi Atatürk və onun silahdaşları tərəfindən qoyulmuş Türkiyə

Böyük Millət Məclisinin rolunu xüsusi qeyd etmək istərdim. Türkiyə Böyük Millət Məclisi 78 ildir ki, uğurla fəaliyyət göstərir, Türkiyənin dünya miqyasında layiqli yer tutması üçün çox böyük işlər görmüş, mühüm xidmətlər göstərmişdir. Bütün bunlar Millət Məclisinin böyük öndərin ideyalarına sədaqətinin əyani sübutudur.

Azərbaycan xalqını, müstəqil Azərbaycan Respublikasını Türkiyə və türk xalqı ilə dərin kökləri olan milli-mənəvi yaxınlıq, əbədi və müştərək tale birliyi bağlayır. Mən fəxrlə bəyan edirəm ki, Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq əlaqələri bütün sahələr üzrə uğurla inkişaf edir, siyasi və iqtisadi maraqları üst-üstə düşür və bir-birini tamamlayır.

Əmin olduğumu bildirirəm kı, bizim dövlətlərimiz və xalqlarımız arasında olan dostluq, qardaşlıq və əməkdaşlıq nıünasibətləri, parlamentlərimiz arasında sıx əlaqələr bundan sonra daha da dərinləşəcək və genişlənəcəkdir. Sizi, Böyük Millət Məclisinin bütün üzvlərini, bütün qardaş türk xalqını bu böyük bayram münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və səadət arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.