Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Moskvada işgüzar səfərdə - 23 sentyabr 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sentyabrın 23-də Moskvaya işgüzar səfərə gəlmişdir.

Azərbaycan dövlətinin başçısını «Vnukovo–2» hava limanında Rusiya Xarici İşlər nazirinin birinci müavini Vyaçeslav Trubnikov və Rusiya Federasiyasının digər yüksək vəzifəli rəsmi şəxsləri, habelə Azərbaycan Rеspublikаsı Baş nazirinin birinci müavini Abbas Abbasov, Xarici İşlər naziri Vilayət Quliyev, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və ölkəmizin Moskvadakı Fövqəladə və Səlahiyyətli səfiri Ramiz Rizayev qarşıladılar.

Azərbaycan Prezidenti Heydər Əliyev hava limanından maşın karvanının müşayiəti ilə Vorobyovıye qorıda onun üçün ayrılmış iqamətgaha yola düşdü.

 

* * *

Moskvada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sentyabrın 23-də Kremldə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü oldu.

Ali qonağı hörmətlə, ehtiramla qarşılayan, onun dəvətini qəbul edib Moskvaya işgüzar səfərə gəldiyinə görə Prezident Heydər Əliyevə minnətdarlığını bildirən Prezident Vladimir Putin Rusiya ilə Azərbaycan arasında münasibətlərin intensiv inkişaf etməsindən çox məmnun qaldığını bildirdi.

Prezident Heydər Əliyevin bu il Rusiya Federasiyasına etdiyi hər üç səfərin ölkələrimizin bütün sahələr üzrə qarşılıqlı surətdə faydalı əlaqələrinin daha da möhkəmləndirilməsində xüsusi rol oynadığını nəzərə çatdıran cənab Vladimir Putin Xəzərin dibinin bölgüsünə, təhsil məsələlərinə dair sazişlərin və imzalanacaq bəzi digər sənədlərin Azərbaycan–Rusiya əməkdaşlığının daha da sıxlaşdırılmasına yeni təkan verəcəyinə ümidvar olduğunu söylədi.

Prezident Vladimir Putin rus mədəniyyətinin, rus dilinin dəstəklənməsinə göstərdiyi böyük diqqət və qayğıya görə Azərbaycan Prezidenti Heydər Əliyevə bir daha minnətdarlığını bildirdi.

Rusiya Federasiyasına səfərə dəvətə, yüksək qonaqpərvərliyə və səmimi sözlərə görə Prezident Vladimir Putinə təşəkkür edən Prezident Heydər Əliyev Azərbaycan–Rusiya münasibətlərinin intensiv inkişaf prosesinin bünövrəsinin Rusiya dövləti başçısının 2001-ci il yanvarın 9-da, yeni əsrin başlanğıcında Azərbaycana etdiyi ilk rəsmi səfərlə qoyulduğunu nəzərə çatdırdı. Məhz həmin səfərdən sonra ölkələrimizin bütün istiqamətlərdə – iqtisadiyyat, elm, təhsil və digər sahələrdə münasibətləri durmadan inkişaf edir və daha da genişlənəcəkdir.

Bu səfər zamanı Moskvada imzalanacaq sənədlərin böyük əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı Heydər Əliyev Xəzərin statusu məsələsinin həllində Rusiyanın, Azərbaycanın və Qazaxıstanın eyni mövqedə olmasını bir daha yüksək dəyərləndirdi.

Xəzərdəki zəngin neft və qaz yataqlarının işlənilməsi sahəsində görülən işlərdən bəhs edən Prezident Heydər Əliyev yaxın gələcəkdə Rusiya sektorunda da yüksək nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirdi.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə prezidentlər Azərbaycan–Rusiya münasibətlərinin perspektivləri, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, regionda vəziyyət, beynəlxalq terrorizmə qarşı mübarizə və hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə geniş fikir mübadiləsi apardılar.

 

AzərTAc