Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ədirnə bələdiyyəsinin sədri cənab Həmdi Sədəfçiyə Qırxpınar ağası cənab Mustafa Şahinə təbriki - Bakı şəhəri, 18 iyul 1998-ci il


Hörmətli bələdiyyə sədri!

Hörmətli ağa!

Böyük tarixi ənənələrə malik Qırxpınar yağlı güləşi üzrə 637-ci yarışların başlaması münasibətilə sizi ürəkdən təbrik edirəm. Yarışda iştirak edən mindən artıq pəhləvanı salamlayır, onlara və yarışın təşkilatçılarına uğurlar arzulayıram.

Mühüm rəsmi səfərə yola düşdüyüm üçün bu yarışları ziyarət etmək imkanım olmadı. Ümid edirəm ki, əziz dostum və qardaşım, Türkiyə prezidenti cənab Süleyman Dəmirəl ilə birlikdə növbəti yarışları yaxından izləyə biləcəyəm. Qəhrəman atalarımızın milli idmanı olan yağlı güləşin bütün türk dünyasına yayılması işində sizə müvəffəqiyyətlər diləyirəm. Bu yolda böyük xidmətlər göstərmiş dostum, Qırxpınar ağası Ağa Hüseyn Şahinin də tezliklə müalicəsini bitirib, sağ-salamat Qırxpınara dönməsini ürəkdən arzu edirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.