Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti Leonid Kuçma ilə təkbətək görüşü - İstanbul, Azərbaycan prezidentinin iqamətgahı – «Çırağan» hoteli, 25 iyun 2002-ci il


Yenidən görüşmələrindən məmnunluq bildirən prezidentlər Azərbaycan–Ukrayna əlaqələrinin inkişafından razılıqla söhbət açdılar.

Ölkələrimiz arasında mövcud olan dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verdiklərini vurğulayan dövlət başçıları qeyd etdilər ki, bu münasibətlər beynəlxalq, regional təşkilatlarda ölkələrimizin qarşılıqlı fəaliyyət və dəstəyində özünü bilavasitə büruzə verir.

Azərbaycan və Ukraynanın qarşısında duran problemlərdən, vəzifələrdən söhbət açan prezidentlər ölkəmizin ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına yönəldilmiş nizamlama prosesi barədə fikir mübadiləsi apardılar.

Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının nəqlində ölkələrimizin əməkdaşlığının strateji əhəmiyyət kəsb etdiyini vurğulayan dövlət başçıları bu layihələrin həyata keçirilməsində Azərbaycan və Ukraynanın qarşılıqlı fəaliyyəti ilə bağlı məsələləri nəzərdən keçirdilər.

Ənənəvi mehribanlıq və səmimiyyət şəraitində keçən söhbət zamanı ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər də müzakirə edildi.

AzərTAc