"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Varna-Poti-‎Batumi-İliçovsk bərə keçidinin təntənəli açılış mərasimində nitqi" ‎‎(Gürcüstan, Poti, 17 aprel 1999-cu il ) sənədinə tarixi arayış


Azərbaycan Prezidenti Heydər Əliyev 17 aprel 1999-cu ildə Azərbaycan ‎Respublikasının Prezidenti Heydər Əliyev Bakı-Supsa neft ixrac boru kəmərinin və ‎Supsa yerüstü terminalının istifadəyə verilməsi mərasimində iştirak etmək ‎məqsədilə Gürcüstanın Poti şəhərində işgüzar səfərdə olub. Həmin gün ‎Azərbaycan Prezidenti Heydər Əliyev Gürcüstan və Ukrayna prezidentləri ilə ‎birlikdə Varna-Poti-Batumi-İliçovsk bərə keçidinin təntənəli açılış mərasimində də ‎iştirak edib.

Mərasimdə Gürcüstan prezidenti Eduard Şevardnadze, Azərbaycan prezidenti Heydər ‎Əliyev, Ukrayna prezidenti Leonid Kuçma, Avropa Komissiyası nümayəndə ‎heyətinin başçısı Korelius Vittebrod, Özbəkistan Baş nazirinin müavini Lerik ‎Əhmədov, Poti şəhərinin meri Akaki Qorciani çıxış ediblər.

‎Varna-Poti-Batumi-İliçovsk bərə keçidi Avropa Birliyi tərəfindən ‎maliyyələşdirilən TRASEKA (Trans-Europe-Caucasus-Asia) proqramı ‎çərçivəsində, "Böyük İpək yolu"nun bərpasını nəzərdə tutan nəhəng layihənin ‎tərkib hissəsini təşkil edir. Bu barədə ölkələr arasında razılıq 1996-cı ildə əldə ‎edilib. Bu bərə keçidinin işə düşməsi ilə Qara dənizdə yerləşən Varna ‎‎(Bolqarıstan), İliçovsk (Ukrayna), Batumi və Poti (Gürcüstan) limanları arasında ‎yüklərin sürətli daşınmasını təşkil edən lokal nəqliyyat sistemi fəaliyyətə başlayıb. ‎Bu nəqliyyat sistemi həm də Qara dəniz vasitəsilə Avropadan Asiyaya və əks ‎istiqamətdə yüklərin daşınmasını təşkil edən TRASEKA qlobal nəqliyyat ‎sisteminin mühüm tərkib hissələrindən birinə çevrilib. Qeyd edilməlidir ki, bu ‎nəqliyyat infrastrukturunun fəaliyyətə başlamasında 1998-ci ilin sentyabrında ‎Bakıda keçirilən beynəlxalq konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin ‎‎həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən "Avropa-‎‎Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat ‎‎haqqında çoxtərəfli əsas saziş" (Əsas Saziş) adlanan mühüm sənədin böyük rolu ‎olub. Bu ‎sənədin ərsəyə gəlməsində Azərbaycan Respublikasının Prezidenti ‎Heydər ‎Əliyevin əvəzsiz xidmətləri olub. Belə ki, bu sənəd TRASEKA proqramı ‎çərçivəsində ölkələrin nəqliyyat infrastrukturunun müştərək və müasir standartlar ‎səviyyəsində inkişaf etdirilməsi sahəsində hüquqi baza yaradıb.

‎Qeyd edək ki, bu lokal nəqliyyat sisteminin işə düşməsini və rentabelliyini zəruri edən əsas amil Azərbaycanın zəngin karbohidrogen ehtiyatları olub. XX əsrin sonu və XXI əsrin əvvəllərində Avropanın enerji təhlükəsizliyinin ciddi xarakter alması alternativ enerji mənbələrinin bu regiona cəlb edilməsinə kəskin ehtiyac yaratdı. Avropa Birliyi ölkələri bu məqsədlə maliyyə resursları ayıraraq Qara dəniz vasitəsilə Azərbaycan neftinin Avropaya çatdırılmasını təmin edən Bakı-Supsa neft kəmərinin tikintisini dəstəklədi. Layihəyə əsasən Bakı-Supsa neft kəməri vasitəsilə Qara dənizə çatdırılan Azərbaycan nefti Varna-Poti-Batumi-İliçovsk bərə keçidinin köməyi ilə Avropanın bir çox ölkələrinə çatdırılır. Bu boru kəməri vasitəsilə yalnız 2006-cı ildə 5,6 milyon tondan çox Azərbaycan nefti dünya bazarlarına ixrac edilib. (http://www.az-sustoms.net/)

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev Varna-Poti-Batumi-‎İliçovsk bərə keçidini "Böyük İpək yolu proqramının mühüm vəsiləsi" kimi ‎xarakterizə edib.

‎Qeyd edək ki, adları çəkilən iri layihələrin icra edilməsində 1994-cü ildə Bakıda imzalanan "Əsrin müqaviləsi" əsas rol oynayıb. Belə ki, bu müqavilə çərçivəsində hasil ediləcək Azərbaycan neftinin dünya bazarlarına çıxarılması olduqca aktual idi. Buna görə də ilk olaraq 1998-ci ildə Bakı-Novorossiysk neft boru kəməri istifadəyə verildi. Lakin onun illik ötürmə imkanının məhdud olması, yeni alternativ neft boru kəmərlərinə ehtiyac yaratdı. Beləliklə də Bakı-Supsa neft kəməri istifadəyə verildi. Lakin bu kəmərin də ötürmə imkanı Azərbaycanda artan neft hasilatının tələblərini ödəmək iqtidarında deyildi. Buna görə də əsas ixrac boru kəmərinin inşası daha da ciddi xarakter aldı və Bakı-Tbilisi-Ceyhan (BTC) marşrutu ilə illik ötürmə qabiliyyəti 50 milyon ton neftdən çox olan yeni neft kəmərinin çəkilməsi qərara alındı. 2002-ci ilin sentyabrında BTC-nin Bakıda təməlqoyma mərasimi keçirildi və kəmər 2006-cı ilin ortalarında istifadəyə verildi. BTC kəmərinin istifadəyə verilməsi SSRİ dağıldıqdan sonra bu regionda həyata keçirilən ən böyük layihədir. Kəmər həm də adları yuxarıda çəkilən neft kəmərlərinin əsas missiyasına - Avropa ‎Birliyi tərəfindən dəstəklənən TRASEKA layihəsinin icrasına da əsaslı dəstək kimi səciyyələndirilir. Həmin layihə çərçivəsində həyata keçirilən işlər ancaq neft boru kəməri ilə məhdudlaşmadı. Bu layihələr sırasına 2007-ci ilin əvvəllərində istifadəyə verilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri də qoşuldu və kəmər vasitəsilə ötürülən Azərbaycan qazı həmin ilin sonlarında Yunanıstana qədər gedib çatdı. (http://www.trend.az/)

Bunun ardınca İpək Yolu istiqamətində tamamilə yeni bir layihənin əsasının qoyulması ideyası yenə də Azərbaycan Respublikasından gəldi. Bu da Avropadan Asiyaya və əks istiqamətdə yüklərin təhlükəsiz və ucuz daşınmasını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşasına start verilməsi oldu. Həmin layihə Azərbaycan və Gürcüstan dəmir yolu sistemlərinin qonşu Türkiyə Respublikası ilə qovuşmasını nəzərdə tutur. (http://www.president.az/)

Tarixi arayış 25 yanvar 2008-ci ildə yeniləşdirilib.