Ankarada Azərbaycan səfirliyi ücün tikilmiş binanın təntənəli açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 26 iyun 2002-ci il


Türkiyə Cümhuriyyətinin prezidenti əziz dostum, hörmətli Əhməd Necdət Sezər!

Hörmətli dostlar, qardaşlar, xanımlar və cənablar!

Sizin hamınızı Azərbaycan Respublikasının Türkiyədə, Ankarada səfirlik binasının açılması münasibətilə təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu gözəl bina Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin daha sürətlə inkişaf etməsində və Ankarada Azərbaycanın xarici siyasətinin təbliğ olunmasında, başqa diplomatik missiyalar ilə əlaqələr qurmasında böyük uğurlar gətirəcəkdir.

Bilməlisiniz ki, Azərbaycan dövlət müstəqilliyi əldə edən anda onun müstəqilliyini ilk tanıyan Türkiyə Cümhuriyyəti olmuşdur. Türkiyə Cümhuriyyəti o andan Azərbaycanla həmişə bir olmuş, gənc müstəqil bir dövlət kimi Azərbaycana addım atmaq, yerimək, yaşamaq, inkişaf etmək sahəsində lazım olan bütün işlərdə öz yardımını göstərmişdir və göstərir. İndi bizim dünyanın bir çox ölkələrində səfirliklərimiz var. Ancaq sizə açıq deyim, biz gənc dövlətik, o qədər də vəsaitimiz yoxdur. Ona görə də bir çox ölkələrdə biz hələ də daimi səfirliyimizi aça bilməmişik. Bu səbəbdən də biz öz diplomatik fəaliyyətimizi həyata keçirmək üçün bəzi dövlətlərin, o cümlədən Türkiyənin ayrı-ayrı ölkələrdəki səfirliklərindən istifadə edirik.

Bu, xaricdə birinci səfirlik binasıdır ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra tikib, inşa edib və bu gün biz açılışa toplaşmışıq. Ona görə bu, bizim ücün böyük hadisədir. Ümid edirəm ki, gələcək illərdə Azərbaycan səfirlikləri olan bütün ölkələrdə öz binalarını tikəcəkdir. Ancaq Azərbaycanın Türkiyədəki, Ankaradakı səfirliyinin binası yenə də birincidir. Necə ki, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan birinci ölkədir, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliyinin birincisi Ankaradadır.

Mən bizim qardaş, dost Türkiyə Cümhuriyyətinin hökumətinə, dövlətinə və bizə bu işdə yardım edənlərin hamısına təşəkkür edirəm. Eyni zamanda, bu gün buraya toplaşmış bizim dostlarımıza da çox təşəkkür edirəm. Mən çox məmnunam ki, bu hadisə münasibətilə Türkiyə Cümhuriyyətinin prezidenti başda olmaqla, baş nazirin müavini hörmətli Dövlət Baxçalı, Türkiyə Silahlı Qüvvələri Baş qərargahının rəisi, başqa nazirlər, millət vəkilləri və çox tanınmış digər şəxslər də buradadırlar. Biz bunun əhəmiyyətini anlayırıq. Bu, sadəcə, gəlib bu binanı görmək, ya da bu mərasimdə iştirak etmək deyildir. Bu, Türkiyənin bütün dövlət orqanlarının hamısının Azərbaycana olan dostluq, qardaşlıq münasibətinin təzahürüdür. Mən bunlara görə də sizə təşəkkür edirəm.

Biz buraya, bu binaya daxil olanda divarda Azərbaycanın Türkiyədə ilk səfiri, elçisi işləmiş İbrahim Əbilovun portretini gördük və burada, Türkiyədə səfir təyin olunması ilə əlaqədar ona verilmiş etimadnaməni gördük. Burada bir cəhətə fikir vermək istəyirəm.

Azərbaycan ilk dəfə 1918-ci ildə öz müstəqilliyini elan etdi, Azərbaycanda Xalq Cümhuriyyəti yarandı. Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərdi və bu, Şərq aləmində, müsəlman aləmində ilk demokratik respublika idi. Ancaq o vaxt Sovet Rusiyasının ordusu Qafqaza gəldi və Azərbaycanın ilk müstəqil dövlətini dağıtdı. Ondan sonra Azərbaycanda sovet hakimiyyəti yarandı. Amma sovet hakimiyyəti yaranan zaman ilk iki ildə sosialist-kommunist ideologiyası ilə yaşayan insanlar, bəlkə də o ideologiya ilə yaşamayan, amma buna məcbur olanlar Azərbaycanı müstəqil saxlamaq istəyirdilər. Artıq 1921-ci ildə Azərbaycanda sovet hakimiyyəti var idi. Sovet hakimiyyəti vaxtı yeganə səfir İbrahim Əbilov Azərbaycan Respublikasından Türkiyəyə göndərilibdir.

Tarixçilər bunu yaxşı bilir. Bu barədə çox böyük kitablar yazılıbdır ki, İbrahim Əbilov Mustafa Kamal Atatürkün yaxın dostu olubdur, onunla çox yaxşı əməkdaşlıq edibdir və hələ o vaxt Azərbaycanın Türkiyə ilə əlaqələrini yaratmağa çalışıblar. Təbii ki, sonrakı dövrdə bunlar pozulubdur. Ancaq illər keçdi, on illər keçdi, 1991-ci ildə Sovetlər İttifaqı dağıldı, Azərbaycan öz dövlət müstəqilliyini əldə etdi və indi 11-ci ildir ki, Azərbaycan xalqı öz müstəqil dövlətində yaşayır, öz taleyinin sahibidir, öz torpaqlarının sahibidir.

İndi gənc dövlət kimi bizim problemlərimiz var, onları həll edirik. Ancaq uğurlarımız da var. Mənim əziz dostum, hörmətli cümhur başqanı Əhməd Necdət Sezərin təşəbbüsü və onun başçılığı ilə dünən İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşü çox yüksək nəticələr verdi. Beş ildir ki, "Üç dənizin əfsanəsi" konfransı, Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi haqqında konfrans keçirilir və biz yenə də hörmətli dostum Əhməd Necdət Sezərin başçılığı ilə o konfransda iştirak etdik, istədiyimiz sözləri dedik.

Bildirdik ki, əgər beş il, yaxud on il bundan öncə Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi - siz ona Ağ dəniz deyirsiniz - ölkələrinin əlaqələri əfsanə idisə, indi bu əfsanə deyildir. Azərbaycanın, Türkiyənin və Gürcüstanın apardığı böyük işlər nəticəsində Azərbaycanda hasil olan neft, özü də böyük miqdarda hasil olan neft iki boru ilə ixrac edilir. Bakı-Novorossiysk Qara dənizə çıxır, tankerlər yenə də Bosfor boğazından keçir. Bakı-Supsa Gürcüstan limanına gedir. Oradan tankerlər yenə də Qara dənizdən, Bosfor boğazından keçir. Ancaq ən böyük layihə Bakı-Tbilisi-Ceyhan layihəsidir.

Biz 1994-cü ildən bu layihənin həyata keçirilməsi üçün çalışırdıq və bu gün də çalışırıq. Ancaq indi bu, reallıqdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinin inşasına başlanır. İnşaat işləri 2005-ci ildə qurtaracaq. İki min kilometrdən artıq boru xətti Xəzər dənizindən Aralıq dənizinə, Ceyhana uzanacaq, Xəzər nefti, Azərbaycan nefti Aralıq dənizinə, Ağ dənizə axacaq və biz o günü də görəcəyik. Mən dünən bunu dedim, bu gün də əziz dostum Əhməd Necdət Sezərin hüzurunda deyirəm ki, biz o vaxt sizinlə birlikdə və digər cümhur başqanları ilə oraya, Ceyhana gedəcəyik və bu işin bitməsini bayram edəcəyik.

Mən bununla onu demək istədim ki, bizim problemlərimiz çoxdur. Biz bəzən çox çətin problemlərlə məşğuluq. Məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə. Ermənilər torpaqlarımızın 20 faizini işğal ediblər. İşğal olunmuş torpaqlardan bir milyondan çox Azərbaycanlı zorla çıxarılıb, on ildir çadırlarda yaşayırlar. Təsəvvür edin, 8-9 il bundan öncə çadırda doğulmuş uşağın doğum yeri çadırdır, səhradır. Bizim belə bir ağır problemimiz var.

Ermənistan ilə sülh danışıqları aparırıq. Amma onlar vaxtilə müəyyən səbəblərdən Azərbaycan torpaqlarını işğal etdiklərinə görə, üstünlüklər əldə etdiklərinə görə və bəzi dünya dairələrində erməni lobbiləri tərəfindən dəstək aldıqlarına görə konstruktiv mövqe tutmurlar və biz məsələnin sülh yolu ilə həllinə nail ola bilmirik. Bu, bizim ən böyük problemimizdir. Amma bunu da həll edəcəyik, digər problemləri də həll edəcəyik.

Mən bunları deyərkən həmişə düşünürəm ki, Türkiyə Cümhuriyyəti ilə əbədi, sarsılmaz dostluğumuz, qardaşlığımız bütün bu problemlərin həll olunmasında bizim üçün böyük bir dayaqdır. Bunlara görə mən bir daha təşəkkür edirəm. Sizin hamınıza cansağlığı arzu edirəm. Qardaş türk xalqına, Türkiyə Cümhuriyyətinə yeni-yeni uğurlar arzulayıram.

Futbol haqqında demişəm, bu gün Türkiyə futbolçuları qazanacaq, ondan sonra Almaniya ilə finalda oynayacaq və finalda qazanacaqdır. Mən bunu istəyirəm.

Səfirliyə xatirə olaraq bir rəsm əsəri verirəm. Götürün, burada yerləşdirin. Sağ olun, təşəkkür edirəm.