Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Silahlı Qüvvələri quru qoşunlarının təlim və doktrina komandanı general-polkovnik H.Baha Tüzünərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 5 aprel 2000-ci il


Heydər Əliyev: Hörmətli general cənab Tüzünər!

Hörmətli generallar, qonaqlar!

Mən sizi Azərbaycanda salamlayıram. Bizim ölkəmizə xoş gəlmisiniz! Türkiyə ilə Azərbaycan arasında müdafiə məsələləri sahəsində əməkdaşlığın səmərəli olduğunu bir daha qeyd edirəm.

Biz Türkiyə ilə Azərbaycanın əlaqələrini həmişə yüksək tuturuq, həmişə buna yüksək qiymət veririk və bütün sahələrdə bunu özümüz üçün çox əhəmiyyətli hesab edirik. Biz çox məmnunuq ki, bu əlaqələrin içərisində ölkələrimizin müdafiə məsələləri ilə əlaqədar və xüsusən müdafiə nazirlikləri arasında dostluq, əməkdaşlıq əlaqələri yaranıbdır. Bu əlaqələr də təbiidir ki, qarşılıqlı surətdə faydalıdır, amma Azərbaycan üçün çox əhəmiyyətlidir. Çünki Azərbaycan gənc, müstəqil dövlətdir - həm dövlətini qurur, həm də dövlətinin bütün təsislərini yaradır, o cümlədən öz Milli Ordusunu da yaradır.

Milli Ordu yaratmaq qısa bir zamanda əldə oluna bilməz. Ona görə də biz gördüyümüz işləri, təbiidir ki, özümüz qiymətləndiririk. Ancaq hesab edirik ki, hələ çox işlər görülməlidir ki, bizim Milli Ordumuz yüksək standartlar səviyyəsinə gəlib çatsın. Ona görə də sizin ordunun təcrübəsindən istifadə etmək və sizinlə əməkdaşlıq etmək, bir də qeyd edirəm, bizim üçün çox əhəmiyyətlidir. Bu baxımdan sizin Azərbaycana ziyarətinizi mən bəyənirəm, qiymətləndirirəm və güman edirəm ki, bu ziyarətiniz həm əməkdaşlığımızın inkişaf etdirilməsi üçün, həm də Azərbaycanda ordu quruculuğu işlərində məsləhətlər, tövsiyələr verilməsi üçün çox səmərəli olacaqdır. Sizə təşəkkür edirəm.

H.Baha Tüzünər: Hörmətli dövlət başqanım, sağ olun. Qiymətli vaxtınızı ayırdığınız və bizi qəbul etdiyiniz üçün öncə Sizə çox təşəkkür edirəm. Türkiyə ilə Azərbaycan arasında mövcud işbirliyi anlaşması çərçivəsində təlim və doktrina komandanı kimi Bakıya gəlmişəm. Daha əvvəl həyata keçirilən qarşılıqlı təlim işbirliyi çərçivəsində əlaqələrimizi daha da inkişaf etdirmək, bir-birimizi tanımaq, təcrübəmizdən istifadə edərək nöqsan tərəflərimizi qarşılıqlı surətdə aradan qaldırmaq məqsədi ilə buradayıq.

Azərbaycan ordusunun modernləşdirilməsi, inkişaf etməsi bizim ən böyük arzumuzdur. Qardaş Azərbaycanın güclənməsi, rifah içərisində yaşayan bir dövlət olması hamımızın ən böyük diləyidir. Bu diləyimizin yaxın gələcəkdə gerçəkləşəcəyinə ümid edirik. Burada olduğumuz zaman qarşılıqlı görüşlər keçirdik, gələcəkdə nə kimi işlər görə biləcəyimizi müzakirə etdik. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Çox sağ olun.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Mən bizə xüsusən təhsil sahəsində verilən yardımlara görə sizə bir daha təşəkkür edirəm. Mənim salamlarımı, hörmət və ehtiramımı dostum, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi cənab Hüseyn Kıvrıkoğluya çatdırmağınızı xahiş edirəm. Ümumiyətlə, mənim Türkiyədə olan dostlarımız hamısına. Orada mənim dostlarım çoxdur, o cümlədən orduda da, generalların işərisində də.

Gördüyünüz işlərə görə sizə bir daha təşəkkür edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 6 aprel 2000-ci il.