"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klintonun Xəzəryanı bölgə üzrə xüsusi nümayəndəsi səfir Riçard Morninqstarı qəbul edərkən söhbətindən (Prezident sarayı, 22 fevral 1999-cu il)" sənədinə tarixi arayış


1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə Qərb ölkələrinin, o cümlədən Amerika Birləşmiş Ştatlarının böyük neft şirkətləri arasında ilk böyük müqavilə "Əsrin müqaviləsi" imzalanıb. Bununla da Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün yeni imkanlar yaranıb. Azərbaycan və ABŞ neft şirkətlərinin əməkdaşlığı məhz bu müqavilədən başlanır. Bu əməkdaşlığa böyük əhəmiyyət verən ABŞ hökumətinin qərarı ilə həm də ABŞ prezidentinin Xəzəryanı bölgə üzrə xüsusi nümayəndəsi postu təsis olunub.

22 fevral 1999-cu il Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ Prezidentinin Xəzəryanı bölgə üzrə xüsusi nümayəndəsi səfir Riçard Morninqstarı qəbul edib. Görüş zamanı Transxəzər boru kəməri məsələsi müzakirə mövzusu olub. Hər iki tərəf Türkmənistanın mövqeyində yaranan müsbət dəyişiklikləri müsbət qarşılayıb. Riçard Morninqstar Heydər Əliyevə ABŞ enerji naziri Bill Riçardsonun məktubunu çatdırıb və onun da tezliklə Azərbaycana gəlmək arzusunda olduğunu bildirib. Heydər Əliyev 1999-cu il oktyabrın 29-da Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Əsas İxrac Boru Kəmərinin çəkilməsinə dair Ankara bəyənnaməsi imzalanandan sonra Bakı-Ceyhan boru xəttinin tikilməsi üçün hazırlıq işləri ilə bağlı xeyli iş görüldüyünü bildirib.

18 avqust 1999-cu il tarixində energetika naziri Bill Riçardsonun başçılıq etdiyi nümayəndə heyəti yenidən Azərbaycana səfər edib. Prezident Heydər Əliyevlə görüş zamanı Xəzərin enerji potensialı və gələcək əməkdaşlıq müzakirə olunub.

20 aprel 2009-da Riçard Morninqstar yeni yaradılmış "Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndə" vəzifəsinə təyin olunub. Bu vəzifənin yaradılması da ABŞ-ın bölgəyə diqqətinin daha da artmasını və bölgənin ölkə üçün əhəmiyyətini bir daha sübut edir. Riçard Morninqstar yeni vəzifəsində bölgəyə və Azərbaycana bir neçə dəfə səfər edib.

8 may 2009-cu il tarixdə Praqada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar ilə görüşüb. Görüşdə "Cənub dəhlizi - Yeni İpək yolu" sammitinin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Azərbaycan ilə ABŞ arasında energetika sahəsində həyata keçirilən uğurlu əməkdaşlıq, eyni zamanda, regional səviyyədə də enerji əməkdaşlığının genişlənməsinə xidmət edir. Görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olunub.(http://www.yeniazerbaycan.com/news/8935.html)

27 avqust 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın rəhbərlik etdiyi nümayəndə heyətilə yenidən görüşüb. Görüş zamanı ABŞ və Azərbaycan arasında enerji sahəsi üzrə əməkdaşlıq, Avropa enerji təhlükəsizliyi və regional əməkdaşlıq müzakirə olunub. Səfər zamanı Morninqsar eyni zamanda Nabucco layihəsi barədə də fikirlərini bildirərək Azərbaycanın iştirakını yüksək qiymətləndirdiyini bildirib.

Tarixi arayış 30 oktyabr 2009-cu il tarixdə tərtib olunub.