Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-a səfərdən vətənə qayıdarkən İstanbulda Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəllə görüşdən sonra jurnalistlərə bəyanatı - 1 oktyabr 1994-cü il


Əziz qardaşım, dostum, Türkiyə Cümhuriyyətinin hörmətli prezidenti Süleyman Dəmirəl!

Mən Amerikadan Azərbaycana dönərkən sizinlə görüşmək üçün bir-iki saatlıq burada dayandım. Bildiyiniz kimi, mən Azərbaycandan Amerikaya gedəndə də, Vətənə qayıdanda da "Türk Hava Yolları" şirkətinin təyyarəsindən istifadə etmişəm. Bu təyyarə çox rahatdır.

Bu fürsətdən istifadə edərək sizinlə görüşməyimdən çox məmnunam. Mənimlə görüşərək bir çox məsələ barəsində fikir mübadiləsi etmək üçün vaxt ayırdığınıza görə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, sizinlə danışıqlarımız çox əhəmiyyətli və səmərəlidir. Siz danışıqlarımızın məzmununu mətbuat nümayəndələrinə çatdırdınız. Amerika Birləşmiş Ştatlarına səfərim zamanı gördüyüm işlərə verdiyiniz qiymət üçün təşəkkür edirəm, çox məmnunam. Doğrudan da, Amerika Birləşmiş Ştatlarında Azərbaycanın indiki vəziyyətini anlatmaq və Ermənistanın Azərbaycana təcavüzünün qarşısını almaqdan ötrü tədbirlər həyata keçirilməsi üçün bəzi işlər görə bildim. Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonla, digər ölkələrin dövlət başçıları, dövlət adamları ilə danışıqlar apardım və hesab edirəm ki, bu, çox faydalı oldu. Bütün bu görüşlərimiz, danışıqlarımız barədə əziz dostum, qardaşım Süleyman bəylə bizim ətraflı söhbətimiz oldu. Məmnunam ki, Süleyman bəy bu barədə fikirlərini sizə çatdırdı.

Azərbaycanda baş verən son hadisələr şübhəsiz ki, xalqımızı narahat etmişdir. Ancaq bilməlisiniz ki, bunlar bizim iradəmizi qıra bilməz. Biz Azərbaycanın müstəqilliyini qoruyub saxlamışıq və bundan sonra da qoruyacağıq. Azərbaycanda baş verən son hadisələr böyük, ağır cinayətlərdir. Bu, ayrıca bir şəxsin öldürülməsi, yaxud cinayətkarların təcridxanadan qaçması demək deyildir. Bu cinayətlər Azərbaycan Respublikasının müstəqilliyinə qarşı təcavüzdür, ölkənin daxilində sabitliyi pozmağa yönəldilmiş əməllərdir. Bütün bunlar həm Azərbaycanın daxilində, həm də onun hüdudlarından kənarda ölkəmizə düşmən olan qüvvələrin birgə fəaliyyətinin nəticəsidir. Bir daha qeyd edirəm ki, onların məqsədi Azərbaycanın müstəqilliyinə son qoymaqdır. Çünki Azərbaycanın müstəqilliyi çox ölkələri narahat edir. Biz öz müstəqilliyimizi nə qədər çox müdafiə ediriksə, buna qarşı təxribatlar bir o qədər güclənir.

Lakin bunlar bizi qorxutmur, sarsıtmır. Azərbaycan xalqı bizim tutduğumuz yolu daim müdafiə edir, dəstəkləyir və əminəm ki, bundan sonra da dəstəkləyəcəkdir. Azərbaycan tutduğu müstəqillik yolu ilə gedir və gedəcəkdir, istiqlaliyyətini heç vaxt əldən verməyəcəkdir. Bunu mən dəfələrlə Azərbaycanda da demişəm, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi sessiyasının yüksək tribunasından da dedim və Süleyman bəy, sizin hüzurunuzda da deyirəm.

Qoy Türkiyədəki qardaşlarımızın hamısı da bilsin ki, Azərbaycan öz müstəqilliyi uğrunda indiyədək nə qədər mübarizə aparmışdırsa, bundan sonra daha çox mübarizə aparacaqdır. Çünki müstəqilliyi qazanmaq nə qədər çətin idisə, onu qoruyub saxlamaq daha çətindir. Biz bunu başa düşürük və işimizi də bu baxımdan qururuq.

Azərbaycanda baş verən son hadisələrlə əlaqədar müxtəlif şayiələr yayılır. Bunlar heç kimi narahat etməsin. Biz Azərbaycanın daxilində sabitliyi qorumağa qadirik, mətinliyimiz, dəyanətimiz var. Buna əmin ola bilərsiniz. Mənim Amerikaya səfərimdən öncə, sentyabrın 20-də Bakıda böyük bir tarixi hadisə baş verdi: Azərbaycandakı neft yataqlarının işlənməsi barədə xarici ölkələrin iri neft şirkətləri ilə 30 il müddətinə müqavilə imzalandı. Bu, tarixi müqavilədir və onu haqlı olaraq "Əsrin müqaviləsi" adlandırırlar. Müqaviləni altı ölkənin şirkətləri imzalamışdır. Bu sənəd tərəflər üçün qarşılıqlı surətdə faydalı olmaqla yanaşı, Azərbaycanın istiqlaliyyətinin qorunub saxlanmasına da kömək edən amildir. Hesab edirəm ki, müqaviləni həyata keçirərkən Azərbaycanın müstəqilliyini daha da təmin edəcəyik.

Müqavilənin imzalanması barədə uc ildən çox idi ki, danışıqlar gedirdi. Ona maneçilik törədən adamlar, qüvvələr, hətta ölkələr də var idi. Lakin onların cəhdləri baş tutmadı. Bu müqavilənin imzalanması bir daha göstərdi ki, Azərbaycan xalqı öz taleyinin sahibidir, ölkənin işlərini özü həll edir və kənar qüvvələrin təzyiqinə baxmayaraq, müstəqil şəkildə belə böyük bir müqaviləni imzalayır.

Müqavilənin önəmli bir cəhəti də neft şirkətləri konsorsiumunda Türkiyənin iştirak etməsidir. Bu, bizim üçün çox əhəmiyyətlidir və güman edirəm ki, bunun sayəsində əməkdaşlığımız daha sürətlə inkişaf edəcəkdir. Müqavilənin əsas cəhətlərindən biri gələcək neft kəmərinin marşrutu ilə bağlıdır. Şübhəsiz ki, biz neft kəmərinin Türkiyə ərazisindən keçməsini istəyirik. Biz bu istiqamətdə birgə səy göstərəcəyik. Süleyman bəy ilə də bunu müzakirə etmişik. Biz neft kəmərinin Türkiyə ərazisindən keçməsini önəmli sayırıq. Çünki bu, həm kəmərin təhlükəsizliyini təmin edəcək, həm də ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcəkdir.

Türkiyənin Azərbaycanı daim müdafiə etməsi, ona diqqət yetirməsi təbiidir. Çünki Azərbaycan üçün Türkiyə ən yaxın dost və qardaş ölkədir. Türkiyə də Azərbaycanı belə bir ölkə və xalq kimi qəbul edir. Dostluğumuz və qardaşlığımız daimi, əbədidir və biz bunun belə olması üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Süleyman bəy, mənə göstərdiyiniz ehtirama görə sizə təşəkkür edir, Azərbaycanın bu ağır günündə, cinayətlər baş verən bir vaxtda ölkəmizə yaxından diqqət yetirməyinizdən məmnun qaldığımı bildirirəm.