Bill Klinton: Hörmətli cənab Prezident, xoş gəlmisiniz. Sizinlə Ağ evdə yenidən görüşməyimdən çox məmnunam.
Sizinlə bu ilin yanvarında Davosda keçirdiyimiz görüşləri, apardığımız danışıqları yüksək dəyərləndirirəm. Aramızda illər ərzində yaranmış sıx əməkdaşlığın yaxın dostluğa çevrilməsindən böyük məmnunluq duyuram. Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında qurulmuş strateji tərəfdaşlıq böyük əhəmiyyət daşıyır. Əminəm ki, ölkələrimizin bütün sahələrdəki qarşılıqlı surətdə faydalı əlaqələri bundan sonra daha da genişlənəcəkdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün Sizinlə prezident Robert Koçaryan arasında aparılan birbaşa danışıqlar Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənir. Münaqişənin tezliklə aradan qaldırılması üçün şəxsi səylərimi artırmağa və ATƏT-in Minsk qrupunda Amerika Birləşmiş Ştatlarının fəaliyyətini gücləndirməyə hazır olduğumu bildirirəm.
Ümidvaram ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin birqərar olunmasına, region dövlətlərində demokratiyanın inkişafına, onların arasında iqtisadi əməkdaşlığın genişlənməsinə kömək edəcək və bu, regionda yaşayan xalqların rifahının yüksəlməsinə dəyərli töhfə verəcəkdir.
Xəzərin Azərbaycan sektorundakı zəngin enerji ehtiyatlarının dünyanın aparıcı neft şirkətləri ilə birgə işlənilməsi sahəsində Sizin liderliyinizlə görülən işlər tarixi əhəmiyyət daşıyır. Keçən ilin noyabrında İstanbulda Bakı-Ceyhan əsas ixrac boru kəməri barədə sazişin imzalanması mərasimində iştirakımı məmnuniyyətlə xatırlayıram. Bakı-Ceyhan və Transxəzər boru kəmərləri kimi nəhəng layihələrin həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayır. Bu layihələri reallaşdırmaq üçün görülən işlərin sürətləndirilməsi vacibdir.
Heydər Əliyev: Cənab Klinton, Sizinlə Ağ evdə növbəti dəfə görüşməyimdən çox məmnun olduğumu bildirirəm. Sizinlə şəxsi dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Hazırkı işgüzar səfərə dəvətə və qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Ötən il Klivlenddə cərrahiyyə əməliyyatı keçirdiyim zaman mənə göstərilən diqqət və qayğıya görə dərin təşəkkürümü bildirirəm.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün prezident Robert Koçaryanla danışıqlar oldu. Sülh prosesinin davam etməsi daim diqqətimdədir. Danışıqların uğurla başa çatması üçün göstərdiyiniz şəxsi səylərə və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirirəm. İstərdim Minsk qrupunda ABŞ həmsədr kimi öz səylərini artırsın.
Bakı-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsi barədə ötən ilin noyabrında İstanbulda imzalanmış sazişi tarixi hadisə kimi dəyərləndirirəm. Bu mərasimdə ABŞ prezidentinin iştirak etməsi, sazişə imza atması, həmin sənədin həyata keçirilməsi üçün çox əhəmiyyətli Bakı-Ceyhan neft və Transxəzər qaz kəmərlərinin tikintisi üçün görülən işlər yüksək səviyyədə gedir. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsində və ölkəmizin iqtisadiyyatının digər sahələrində Amerikanın 100-dən çox şirkəti fəaliyyət göstərir.
Azərbaycan ilə Amerika arasında strateji tərəfdaşlıq münasibətləri xüsusi əhəmiyyət daşıyır. ABŞ-ın işgüzar dairələrinin respublikamızda qarşılıqlı surətdə faydalı iş görməsi və sərmayə qoyması üçün bundan sonra da hər cür şərait yaradılacaqdır.
ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi ədalətsiz 907-ci düzəlişin ləğv olunmasına xüsusi diqqət yetirilməsi vacibdir.
Bill Klinton: Hörmətli cənab prezident, Sizinlə keçirdiyimiz bu görüş fövqəladə əhəmiyyətli və olduqca səmərəli bir görüşdür.
Heydər Əliyev Ağ evdəki Ruzvelt otağının fəxri qonaqlar kitabına öz ürək sözlərini yazdı:
"Ağ evin Ruzvelt otağını ziyarət etmək mənim üçün böyük şərəfdir. ABŞ prezidentinin iqamətgahında səmərəli görüşmək arzusundayam. Prezident Bill Klinton ilə görüşümü, danışıqlarımı çox əhəmiyyətli hesab edirəm, səbirsizliklə gözləyirəm.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev,
15 fevral 2000-ci il"