Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatları senatının Enerji və Təbii Sərvətlər Komitəsinin sədri Cef Binqəmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü - Prezident sarayı, 26 mart 2002-ci il


Qonaqları səmimiyyətlə qarşılayan Azərbaycan Prezidenti Heydər Əliyev bu nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətli olduğunu bildirərək, ölkəmizin neft strategiyasının uğurla həyata keçirildiyini və bunun gələcəkdə də davam etdiriləcəyini, Azərbaycanın Xəzər dənizinin neft və qaz ehtiyatlarını dünya üçün açdığını, respublikamızın neft hasilatı ilə bağlı çox zəngin təcrübəsi olduğunu, müstəqillik əldə etdikdən sonra bu sahədə xeyli irəliləyişə nail olunduğunu vurğuladı. Xəzərin Azərbaycan sektorunda dünyanın bir çox ölkələrinin neft şirkətləri ilə müqavilələr imzalandığını bildirən Prezident Heydər Əliyev bu sahədə konkret nəticələr əldə edildiyini də söylədi. Azərbaycan prezidenti dedi ki, biz 1994-cü ildə «Əsrin müqaviləsi»ni imzalayanda bu, dünyada böyük əks-səda doğurmuşdu, buna bir möcuzə kimi baxırdılar. Biz müqavilədə nəzərdə tutulmuş işləri vaxtında gördük və 1997-ci ildə ilkin neftin hasilatına başladıq. Bizim gördüyümüz işlər Xəzərin necə zəngin ehtiyata malik olduğunu göstərdi.

İndi Xəzərin Qazaxıstan, Rusiya və Türkmənistan sahillərində də bu işlər görülür. Lakin sahilyanı ölkələr üçün Xəzərin imkanlarını biz açmışıq, bu işin pioneri bizik. Dövlətimizin başçısı əsas ixrac neft kəməri olacaq Bakı–Tbilisi–Ceyhan kəmərinin reallaşması üçün çox işlər görüldüyünü, Gürcüstanla, Türkiyə ilə sazişlər imzalandığını, artıq əməli işlərə başlandığını, habelə Azərbaycan qazının Türkiyəyə ixrac olunması haqqında həmin ölkə ilə, habelə Gürcüstanla sazişlər bağlandığını bildirdi.

Amerika Birləşmiş Ştatları Senatının enerji və təbii sərvətlər komitəsinin sədri Cef Binqəmən Azərbaycanda neft və qaz hasilatı, ixrac boru kəmərinin çəkilişi ilə bağlı bir sıra məsələlər barədə müzakirələr aparmaq üçün səfərin əhəmiyyətli olacağını söylədi.

Azərbaycanın neft strategiyasının uğurla həyata keçirildiyini vurğulayan qonaq Amerika Birləşmiş Ştatlarının neft şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsindən məmnunluq duyduğunu ifadə etdi. Azərbaycanda Neft Fondunun yaradılmasını yüksək qiymətləndirən qonaq onun gələcək fəaliyyəti ilə də maraqlandı.

Keçid dövrünü yaşayan ölkəmizin çoxlu iqtisadi problemlərlə qarşılaşdığını, eyni zamanda bir milyondan artıq qaçqın-köçkünün yaşayışını təmin etmək üçün vəsait tələb olunduğunu vurğulayan Prezident Heydər Əliyev bildirdi ki, ölkəmizdə yaradılan Neft Fondu xalqımızın gələcəyi üçün nəzərdə tutulmuşdur. Ondan yalnız ən zəruri hallarda istifadə edə bilərik. Ancaq hələlik onu qoruyuruq.

Xəzər dənizinin statusu ilə bağlı problemin hələ də gündəlikdə durduğunu, bu məsələ ilə bağlı Rusiyanın, Qazaxıstanın, Azərbaycanın konkret razılığa gəldiklərini və sənədlər imzaladıqlarını bildirən Prezident Heydər Əliyev dedi ki, biz bu barədə danışıqları davam etdiririk.

Biz hələ 1994-cü ildən bəyan etmişik ki, dənizin dibi yalnız sektorlar prinsipi əsasında bölünə bilər. Ona görə də lap əvvəldən öz sektorumuz çərçivəsində işləyirik. Dövlətimizin başçısının fikrincə, bu problem də həll olunacaqdır. Azərbaycanın neft strategiyasının çox böyük gələcəyi var və bununla bağlı çoxillik proqram da hazırlanmışdır.

Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatları şirkətlərinin respublikamızın qeyri-neft sektorunda da səmərəli fəaliyyət göstərdiklərini xatırladaraq dedi ki, ölkəmizdə ABŞ şirkətlərinə həmişə xüsusi münasibət göstərilmişdir və gələcəkdə də belə olacaqdır. Amma Amerika şirkətləri də burada işə daha cəsarətlə girişməlidirlər.

Söhbət zamanı digər məsələlərə də toxunuldu.