Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Livanın Baş Naziri Rafiq əl-Həririnin şərəfinə verilmiş rəsmi ziyafətdə çıxışı - Prezident sarayı, 11 fevral 1998-ci il


Hörmətli Baş nazir!

Hörmətli nazirlər!

Hörmətli qonaqlar!

Livan Respublikasının hörmətli Baş nazirinin bu gün Azərbaycan Respublikasına ilk rəsmi ziyarəti başlayıbdır. Bu hadisə Azərbaycan-Livan çoxəsrlik tarixi əlaqələrində əlamətdar bir hadisədir.

Cənab Baş nazir, sizə təşəkkürümü bildirirəm ki, mənim dəvətimi qəbul edib, Azərbaycana rəsmi ziyarətə gəlmisiniz. Bu gün biz sizinlə çox səmərəli, məzmunlu və çox əhəmiyyətli danışıqlar aparmışıq. Hörmətli Baş nazir, sizinlə təkbətək danışığımızda biz bir çox məsələləri - həm Azərbaycan-Livan əlaqələrinə aid olan, həm dünya, beynəlxalq vəziyyətlə əlaqədar, həm də indi Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olan məsələləri müzakirə etdik.

Mən çox məmnunam ki, bu təkbətək görüş zamanı fikir mübadiləmiz, danışıqlarımız bir çox məsələlər üzrə bizim eyni dünya baxışlarımızı, fikirlərimizi təsdiq etdi. Bu, bizim ölkələrimiz, xalqlarımız arasındakı dostluğun və əməkdaşlıgın gələcəyi üçün çox əhəmiyyətlidir. Nümayəndə heyətlərimizin danışıqları zamanı biz ölkələrimiz arasında olan münasibətləri təhlil etdik və mən sizə Azərbaycanın son illərdəki və bugünkü vəziyyəti haqqında çox ətraflı məlumatlar verdim. Mən çox məmnunam ki, siz Azərbaycanın bugünkü vəziyyətini düzgün və obyektiv qiymətləndirirsiniz, Azərbaycana qarşı Ermənistan tərəfindən edilmiş bu təcavüzü pisləyirsiniz və hər bir ölkə kimi, Azərbaycanın da ərazi bütövlüyünün pozulmasının əleyhinə olduğunuzu bildirdiniz. Mən sizə bildirdim ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək istəyir və biz bu sahədə öz səylərimizi bundan sonra da davam etdirəcəyik. Məlumdur ki, Livan ilə Ermənistan arasında sıx əməkdaşlıq əlaqələri vardır. Biz bu barədə sizinlə ətraflı danışdıq. Mən çox məmnun olduğumu bildirmək istəyirəm ki, siz Ermənistan- Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində öz səylərinizi də təklif edirsiniz. Mən güman edirəm ki, Livanın və cənab Baş nazir, şəxsən sizin bu barədə imkanlarınız var, əgər bu imkanlarınızı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında həll olunmasına sərf edə bilsəniz, biz sizə çox minnətdar olarıq.

Livan ilə Azərbaycan arasında bu gün ilk dəfə hökumətlərarası çox mühüm əhəmiyyət kəsb edən sazişlər imzalandı. Bu, iqtisadi əlaqələrimizin irəliyə aparılması üçün ilk addımlardır. Mən bunu yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bizim müştərək səylərimiz nəticəsində gələcəkdə çoxsaylı müqavilələr imzalamaq imkanı əldə edəcəyik. Mən Azərbaycan xalqının, dövlətinin Livan xalqına olan hörmət və ehtiramını bir daha bəyan edirəm. Biz son 20 il ərzində sizin bölgədə baş verən prosesləri daim diqqətlə izləmişik və ölkənizdə getmiş prosesləri, baş vermiş çətinlikləri, bəzi faciələri də ürək ağrısı ilə izləmişik.

Mən 1972-ci ildə sizin ölkənizi ziyarət etmişəm. Ölkənizin gözəlliyinə və iqtisadi zənginliyinə, paytaxtınız Beyrut şəhərinin gözəl binalarına, memarlıq abidələrinə heyran olmuşam. O vaxt hamı deyirdi ki, Livan, Beyrut Şərq aləminin cənnətidir. Livan həqiqətən cənnətə bənzər bir ölkədir. Sonrakı illərdə Beyrutda yə Livanda böyük müharibələr getdiyi vuruşmalar nəticəsində dağıntılar baş verdiyi zaman şəxsən mən bunları çox təəssüf və əzab hissi ilə izləmişdim. Allaha şükürlər olsun ki, o illər artıq arxada qalıbdır. İndi Livanda ictimai-siyasi vəziyyət sabitdir və Livan öz iqtisadiyyatını inkişaf etdirir. Bizə məlumdur ki, sizin ölkənin eyni zamanda yarası da - işğal edilmiş torpağınız var, həm də həll olunası çətin probleminiz də vardır. Biz allah-təaladan arzu edirik ki, bütün bu problemlərinizin həll olunmasında sizə yardım etsin. Mən tam ümidvaram ki, siz bütün bu problemlərin həll edilməsinə nail olacaqsınız. Livanda baş vermiş müharibənin, vətəndaş müharibəsinin dağıntılarının qısa müddətdə aradan götürülməsi, Beyrut şəhərinin və Livanın ərazisində dağıdılmış yerlərin qısa müddətdə bərpa olunması, Livanın bugünkü iqtisadi vəziyyəti onu göstərir ki, Livan xalqı fədakardır və Livanda çox dəyərli ictimai-siyasi xadimlər yaşayır.

Cənab Baş nazir, mən bu münasibətlə sizin fəaliyyətinizi xüsusi qeyd etmək istəyirəm. Hörmətli dostum, siz dünyada məşhur bir insansınız. Sizin həyat yolunuz, gördüyünüz işlər, xalqınıza sədaqətlə xidmət etməyiniz təkcə Livanda yox, dünyada məlumdur. Cənab Baş nazir, Livanın bu çətin problemlərinin həll olunmasında sizın xüsusi xidmətləriniz vardır. Ancaq siz təkcə Livanda yox, dünyanın bir çox ölkələrində xeyirxah işlər görmüsünüz və görməkdə davam edirsiniz. Mən Səudiyyə Ərəbistanında səfərdə olarkən, Məkkə, Mədinəni ziyarət edərkən orada Quranın buraxıldığı çox böyük bir kitabxananı ziyarət etdim. Bu gün mənə məlum oldu ki, bizim üçün müqəddəs bir ocağın yaranmasında sizin xüsusi xidmətləriniz vardır. Turistlər, gəzməyə gələnlər, orada sərbəst yaşayanlar üçün Livan çox gözəl bir yerdir. Ancaq hökuməti idarə etmək, çətin proseslərin öhdəsindən gəlmək üçün Livan çox ağır bir yerdir. Mən belə düşünürəm.

Cənab Baş nazir, siz 1992-ci ildən beş ildən artıqdır ki, Baş nazir vəzifəsini həyata keçirərək, Livan Respublikasında, parlament respublikasında ali icra orqanına başçılıq edərək çox işlər görmüsünüz. Livan eyni zamanda demokratik bir ölkədir, onun dövlət quruculuğu demokratiya prinsipləri əsasında qurulubdur. Əgər bu ağır işlərin öhdəsindən layiqincə gələ bilməsəydiniz, siz Livanda bu qədər müddətdə Baş nazir vəzifəsində ola bilməzdiniz. Belə bir ölkədə, belə bir vəzifədə yalnız və yalnız xalqına, millətinə, ölkəsinə sədaqətlə xidmət edən insan uğur qazana bilər. Biz sizi belə tanıyırıq. Bütün bunlara görə də şəxsən mən sizə öz hörmət və ehtiramımı bildirirəm. İnanıram ki, Livan ilə Azərbaycan arasında əlaqələr bundan sonra sürətlə inkişaf edəcəkdir, biz xalqlarımızın dostluğunu daha da möhkəmləndirəcəyik.

Mən sizin hamınıza cansağlığı və səadət arzulayıram. Livan xalqına sülh, əmin-amanlıq, Livanın ərazi bütövlüyünün bərpa olunmasını arzulayıram. Cənab Baş nazir, bütün işlərinizdə sizə uğurlar arzulayıram. Dost Livan ölkəsinin, Livan xalqının və Livanın görkəmli lideri olan Baş nazir cənab əl-Həririnin şərəfinə. Livanın prezidenti, bizim dostumuz İlyas Həravinin şərəfinə. Sizin hamınızın şərəfinə. Sağ olun.