Özbəkistan Respublikasının prezidenti zati-aliləri cənab İslam Kərimova - Bakı şəhəri, 25 yanvar 2003-cü il


Hörmətli İslam Əbdüqəniyeviç!

Sizi yubileyiniz - anadan olmağınızın 65 illiyi münasibətilə təbrik edirəm.

Özbəkistanın dövlət müstəqilliyinin təşəkkülü və möhkəmlənməsi Sizin adınızla bağlıdır.

Siz mürəkkəb və məsuliyyətli dövrdə xalqınıza başçılıq edərək, hər cür çətinlikləri və maneələri inad və qətiyyətlə dəf edir, ölkənizi demokratik dəyişikliklər və dünya birliyinə inteqrasiya yolu ilə inamla irəli aparırsınız.

Azərbaycan və Özbəkistan xalqlarını çoxəsrlik dostluq telləri birləşdirir. Əminəm ki, əməkdaşlığımızın bütün sahələrində qarşılıqlı surətdə faydalı birgə fəaliyyətimiz münasibətlərimizi daha da möhkəmləndirərək bundan sonra da xalqlarımızın rifahına, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edəcəkdir.

Əziz İslam Əbdüqəniyeviç!

Şəxsi münasibətlərimizi, görüş və söhbətimizdəki səmimiyyət, aramızdakı qarşılıqlı anlaşma və etimadı yüksək qiymətləndirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 30 yanvar 2003-cü il.