Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstanın müdafiə naziri general-leytenant David Tevzadze ilə görüşü - Prezident sarayı, 11 aprel 2002-ci il


Azərbaycan Prezidenti Heydər Əliyev qonağı salamlayaraq bildirdi ki, Azərbaycana dost olan dövlətin Müdafiə nazirinin səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəkdir. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr qardaşlıq əlaqələridir və müstəqillik illərində daha da inkişaf etmişdir. Azərbaycan prezidenti vurğuladı ki, ölkələrimiz arasında münasibətlərin regionda xüsusi xarakteri var. Hər iki ölkə böyük hərbi imkanlara malik olmasa da, hərbi əməkdaşlığı da inkişaf etdirmək lazımdır. Hər iki ölkə öz ərazisində ağır münaqişələrlə – Azərbaycan Dağlıq Qarabağ, Gürcüstan isə abxaz münaqişələri ilə qarşılaşmışdır və bütün bunlar hərbi quruculuq prosesinə çox mane olur.

Gürcüstanın Müdafiə naziri səmimi qəbula görə Prezident Heydər Əliyevə təşəkkür edərək, Gürcüstan Prezidenti Eduard Şevardnadzenin salamını ona yetirdi. David Tevzadze Azərbaycana rəsmi səfərinin nəticələrini səmərəli hesab etdiyini bildirdi.

O dedi ki, regional təhlükəsizlik məsələlərinə dair danışıqlar aparıldı, regionda sabitlik yaradılmasında hər iki tərəfin imkanları, Azərbaycan və Gürcüstan ərazilərindən keçəcək boru kəmərlərinin təhlükəsizliyi məsələsi müzakirə edildi. Bu boru kəmərlərinin mühafizəsi ölkələrimizin müdafiə nazirliklərinə həvalə edilmişdir və həmin vəzifələrin yerinə yetirilməsi hərbi əməkdaşlığın inkişafı üçün əsas olacaqdır. Bu əməkdaşlığa hava məkanına nəzarət, kadr hazırlığı sahəsində toplanmış təcrübə mübadiləsi də daxildir. Azərbaycanın bir sıra hərbi təhsil müəssisələrində olmuş Müdafiə naziri burada təlimin keyfiyyətini yüksək qiymətləndirdi. David Tevzadze bildirdi ki, Gürcüstan zabitlərinin təhsil almaq üçün Bakıya göndərilməsi imkanını azərbaycanlı həmkarı ilə müzakirə etmişdir.

Prezident Heydər Əliyev onun salamını və xoş arzularını Prezident Eduard Şevardnadzeyə yetirməyi Gürcüstanın Müdafiə nazirindən xahiş etdi. Dövlətimizin başçısı dedi ki, Azərbaycan ilə Gürcüstan arasında münasibətlər daha çox hər iki ölkənin prezidentləri arasındakı şəxsi münasibətlərlə müəyyən olunur.

Bu münasibətlər böyük tarixə malikdir və vaxtilə ölkələrimiz arasında dostluğun möhkəmlənməsi və inkişafı işində mühüm rol oynamışdır və indi də oynayır. Prezident Heydər Əliyev vurğuladı ki, bu dostluq gürcü və Azərbaycan xalqları arasında dostluğun təcəssümüdür.

Dövlətimizin başçısı bildirdi ki, Gürcüstan, kadrlar hazırlanması sahəsi də daxil olmaqla, Azərbaycanın imkanlarından istifadə edə bilər.