Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının nüfuzlu konqresmenlərinin bir qrupu ilə görüşdə söhbətindən - Vaşinqton, Kapitoli binası, 27 aprel 1999-cu il


Görüşdən əvvəl Nümayəndələr palatasının xarici əlaqələr komitəsinin və Konqresin işçi qrupunun üzvü Piter Kinqin Amerikanın humanitar yardımı üzərində qadağanın ləğvi haqqında qanun layihəsini yenidən Konqresə təqdim etməsi barədə təcili bəyanatı yayıldı. Bəyanatda deyilir:

"Qafqazdakı xarici siyasətimiz Amerikanın milli maraqlarına pis xidmət edir. İslam təməlçiliyinin və terrorçuluğunun qarşısını almağa əlavə olaraq, Amerika Birləşmiş Ştatları davam etməkdə olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də qərəzsiz yanaşmalıdır. Bu işi səmərəli görmək üçün biz münaqişəyə qatılmış bütün tərəfləri ümumi işə tam cəlb etməli və onlarla əlaqə şərtlərini açıq saxlamalıyıq. Yer üzünün strateji cəhətdən çox mühüm olan bu guşəsində Amerika Birləşmiş Ştatlarının siyasəti təəssüf ki, indiyədək birtərəfli olmuşdur. Bir milyon qaçqını olan Azərbaycan dünyada terrorçuluğu dəstəkləməyən yeganə dövlətdir ki, ona Amerika tərəfindən yardım göstərilməsi qadağan edilmişdir. Bu vəziyyəti düzəltmək lazımdır. Belə bir addım bizim milli mənafelərimizə uyğundur. Milli mənafelərimiz isə Amerika Birləşmiş Ştatlarının xarici siyasətini müəyyən edən yeganə meyar olmalıdır. Bununla əlaqədar olaraq mən prezident Əliyevin səfəri ilə eyni vaxtda, Azərbaycana humanitar yardım göstərilməsi üzərindən qadağanın dərhal götürülməsi haqqında qanun layihəsini təkrarən təqdim edirəm".

Çet Edvards(konqresmen): Cənab prezident, icazə verin, "Soyuq müharibə"nin başlandığı bir dövrdə dünyaya göz açmış bir şəxs kimi, bu gün Sizinlə, keçmiş Sovet İttifaqının rəhbərlərindən biri ilə görüşməkdən nə qədər böyük şərəf duyduğumu izhar edim. Heç zaman ağıma da gəlməzdi ki, mən Sizinlə, Sovet İttifaqının rəhbəri ilə sülh şəraitində, dostluq mühitində görüş keçirə bilərəm.

Heydər Əliyev: Təşəkkür edirəm. Mən özüm də bunu təsəvvür edə bilməzdim.

Çet Edvards: Mənim iki balaca oğlum var. Eşitmişəm ki, Sizin də altı nəvəniz var. Əminəm ki, Sizin göstərdiyiniz liderlik və bizim yardımçı olmaq istəyimiz sayəsində mənim övladlarım və Sizin nəvələriniz daha dinc, daha firavan, daha təhlükəsiz dünyada yaşayacaqlar.

Heydər Əliyev: Mənim də Qafqazda, Azərbaycanda çalışdığım odur ki, bundan sonra heç vaxt müharibə olmasın, heç vaxt qan tökülməsin, münaqişə baş verməsin. Ona görə də, - baxmayaraq ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin iyirmi faizini işğal edibdir, işğal olunmuş torpaqlarda aparılmış etnik təmizləmə nəticəsində Azərbaycanın bir milyon vətəndaşı zora çıxarılıbdır, çadırlarda yaşayırlar, - beş il bundan öncə mən müharibəni dayandırmışam, Ermənistanla Azərbaycan arasında atəşkəs rejimi yaratmışam və məsələnin sülh yolu ilə həll olunmasına çalışıram.

Mən çalışıram ki, bizim bölgədə və dünyada daim sülh olsun, sizin uşaqlarınız, mənim nəvələrim, bütün dünyanın uşaqları heç bir fəlakət, müharibə görməsinlər. Siz "Soyuq müharibə"ni görmüsünüz. Amma mən İkinci dünya müharibəsini görmüşəm, onun nə qədər dəhşətli olduğunu, nə qədər insanların tələf olduğunu gözümlə görmüşəm. Ona görə də gərək biz heç vaxt müharibənin yenidən baş verməsinə yol verməyək.

Çet Edvards: Cənab prezident, Sizin məqsədlərinizə nail olmağınız üçün, sülhü bərqərar etmək, ölkələrimiz arasında enerji məsələləri üzrə əməkdaşlığı daha da inkişaf etdirmək üçün nə edə bilərik?

Heydər Əliyev: Çox şey edə bilərsiniz. Amerika böyük, qüdrətli dövlətdir. Görürsünüz, Amerika Balkanda-Yuqoslaviyada etnik təmizləmənin qarşısını almaq üçün ədalətsizliyə qarşı çıxaraq nə qədər ciddi tədbirlər həyata keçirir, sülh yaratmaq üçün raketlərdən, bombalardan istifadə edir, atəş açır. Ancaq eyni zamanda, nə üçün Amerika bizim Qafqaz regionunda bu səlahiyyətlərdən istifadə etmir?

Çet Edvards: Cənab prezident, 907-ci maddənin ləğv olunması barədə konqresmen Kinqin bu gün yenidən irəli sürdüyü təşəbbüsün həyata keçirilməsi üçün biz daha çox işləməliyik ki, Konqresin digər üzvlərini, öz həmkarlarımızı Azərbaycandakı vəziyyətlə, o münaqişə ilə daha yaxından tanış edək və düzgün qərar qəbul etmələri üçün onları daha çox məlumatlandıraq.

Heydər Əliyev: Mən çox məmnunam. Ancaq konqresmen Kinq deyə bilərmi ki, bugünkü təşəbbüsünü nə cür həyata keçirir?

Piter Kinq: Mən 907-ci maddənin ləğvi barədə əvvəl qaldırdığım təşəbbüsü bu gün Konqresin sessiyasında yenidən irəli sürmüşəm. Zənnimcə, çox önəmli əhəmiyyəti var ki, bu layihəni Konqresin hər iki partiyadan olan üzvləri dəstəkləsinlər. Hesab edirəm ki, bu, bir partiyaya məxsus iş olmamalıdır. Bu, Amerika Birləşmiş Ştatlarının milli mənafelərinə xidmət edən bir iş olduğu üçün hər iki partiyanın dəstəyinə layiqdir.

Heydər Əliyev: Siz bunu harada irəli sürdünüz?

Piter Kinq: Qanun layihəsini artıq qeydiyyatdan keçiriblər. İndi onun həyata keçməsini təmin etmək üçün gərək bir çox başqa konqresmenlər də qanun layihəsini imzalasınlar və layihənin təşəbbüskarı kimi çıxış etsinlər. Əsas məqsədimiz isə bu addımı məhz Sizin bu gün Kapitoliyə gəlməyiniz münasibətilə atmaq, bununla bir vaxta salmaq idi.

Heydər Əliyev: Hörmətli cənab Kinq, mən sizə təşəkkür edirəm. Siz bu sahədə həqiqətən çox cəsarətli fəaliyyət göstərirsiniz. 1997-ci ildə sizin təşəbbüsünüz 907-ci maddənin aradan götürülməsi üçün çox tutarlı bir addım olmuşdur. Bu təşəbbüsü yenidən qaldırmaq bizim üçün çox əhəmiyyətlidir. Təşəbbüsü bu gün həyata keçirmək, bu gün qaldırmaq bizim üçün daha da qiymətlidir.

Piter Kinq: Sağ olun, cənab prezident. Bildirmək istəyirəm ki, bu sahədə tərəqqi əldə etmişik. 907-ci maddə ilə bağlı keçirilən müzakirələrin ab-havası da dəyişməkdədir. Əgər iki-üç il bundan öncə bütün çıxışlar yalnız erməni tərəfinin mənafeyinə uyğun idisə, indi müzakirələrdə hər iki tərəfi dəstəkləyən səslər eşidilir. Mənə elə gəlir ki, biz bu mübarizəmizi, savaşımızı davam etdirməliyik.

Heydər Əliyev: Mən sizinlə tamamilə razıyam. Bizdə olan məlumatlar da sizin dediyiniz sözləri təsdiq edir. Bu, sevindirici bir haldır. Xatirimdədir ki, Nümayəndələr palatasında bu təklifin müzakirəsi zamanı əvvəlkinə nisbətən çox səs verilmişdir. Mənə deyilənə görə, təklifin qəbul olunması üçün 20-30 səs çatmamışdır.

Piter Kinq: Doğrudur. Onu da əlavə etmək istəyirəm ki, səsvermədə bir sıra konqresmenlər iştirak etməmişdilər. Bunun da səbəbi heç də Azərbaycanla bağlı deyildi. Sadəcə, onların ayrı işləri olduğu, başqa yerdə olduqları üçün səsvermədə iştirak etməmişlər. Bir daha vurğulamaq istəyirəm ki, 907-ci maddənin ləğv olunması üçün səslər Azərbaycanın tərəfində, bizim tərəfimizdədir.

Heydər Əliyev: Əlavə edim ki, yəni təkcə Azərbaycanın yox, həm də ədalətin tərəfindədir.

Çet Edvards: Cənab prezident, Azərbaycan xalqına ünvanlayaraq bir məlumat vermək istəyirəm. Bizim dövlət quruluşumuz elədir ki, burada dəyişikliklərə nail olmaq bir az uzun zaman tələb edir. Məsələn, 907-ci maddənin qəbul olunması erməni tərəfini çox canfəşanlıqla müdafiə edən beş-altı nəfər konqresmenin xidməti sayəsində mümkün olmuşdur. İstər bir gün olsun, istər bir ay, bir il olsun, biz Sizə söz veririk ki, əməyimizi sərf edəcəyik, yorulmadan çalışacağıq ki, bu gün buraya - Sizin görüşünüzə gəlmiş konqresmenlərlə birgə səy göstərərək 907-ci maddəni ləğv edək, bu işə eyni sadiqlik göstərək.

Ayk Skelton(konqresmen): Mən Azərbaycana səfər edərkən 907-ci maddə ətrafında apardığımız müzakirələri çox gözəl xatırlayıram. Bu gün Sizin görüşünüzə gələn şəxslər bilirlər - biz Konqresdə müzakirələr zamanı səylər qoyduq, maddənin ləğv edilməsinə çox yaxın olduq. Amma təəssüf ki, buna nail ola bilmədik. Mənə belə gəlir ki, ən düzgün yol 907-ci maddəni ləğv etməkdir və bunun üçün əlimizdən gələni edəcəyik.

Cənab Edvards çox düzgün dedi, Amerikada qanunvericilik prosesi bir az ləng gedir. Amma Sizinlə görüşlərimiz zamanı bizə söylədiyiniz fikirlər tam yadımızdadır və yenə deyirəm, hesab edirik ki, ən düzgün qərar 907-ci maddəni ləğv etməkdir.

Sözümün axırında bir şeyi demək istəyirəm: bizi Azərbaycana bir də dəvət edin. Çünki biz oraya səfərimizdən çox məmnun qaldıq.

Heydər Əliyev: Mən sizi, hamınızı dəvət edirəm. Özü də bir dəfə yox, bir neçə dəfə. Yəni bu, açıq, davamlı dəvətdir. Nə vaxt imkanınız olsa, onda səfər edə bilərsiniz.

Çet Edvards: Cənab prezident, bilirik ki, Sizin vaxtınız çox məhduddur. Lakin bugünkü görüşümüzdə ABŞ Nümayəndələr Palatası Müdafiə Komitəsinin üç nəfər ən aparıcı üzvü iştirak edir. Ona görə xahiş edərdik ki, İrana göndərilən və nüvə silahı istehsalında istifadə məqsədi daşıyan məhsulların, bu yaxınlarda Balkan yarımadasına göndərilməyə cəhd göstərilən və Amerika əsgərlərinin həyatını təhlükədə qoya biləcək MİQ təyyarələrinin tutulub saxlanılması sahəsində rəhbərliyiniz altında görülən işlər - Amerikanın milli təhlükəsizliyi baxımından çox önəmli əhəmiyyəti olan məsələlər barədə məlumat verəsiniz.

Heydər Əliyev: Sualınıza cavab verməzdən əvvəl bir neçə kəlmə demək istəyirəm. Bilirsiniz ki, Konqresdən və sizdən əsas xahişimiz və müraciətimiz 907-ci maddə ilə əlaqədardır. Sizə məlumdur və hörmətli konqresmen indi bildirdi ki, 907-ci maddənin qəbul edilməsi cəmi beş-altı nəfər ermənipərəst konqresmen tərəfindən irəli sürülmüş təklif nəticəsində olmuşdur.

Artıq məlumdur və hamınız da bilirsiniz ki, bu, ədalətsiz qanundur. Çünki bu qanunun əsasını təşkil edən odur ki, guya Azərbaycan Ermənistanı blokadaya alıbdır. Bu, tamamilə yalandır. Həyat da göstərdi və indi burada bu xəritədə də görə bilərsiniz ki, Ermənistan Azərbaycanın ərazisinin böyük bir hissəsini işğal edibdir. Azərbaycandan Ermənistana gedən dəmir yolunun İranla sərhəddə olan böyük bir hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Beləliklə, bu qanunun qəbul edilməsi üçün əsas tutulan iddia tamamilə yalandır. Ona görə də bu qanun ləğv olunmalıdır.

İkinci tərəfdən, son beş-altı il içərisində Amerika Birləşmiş Ştatlarında hamı, o cümlədən Konqres də artıq inanıb ki, Azərbaycan Qafqaz bölgəsində müstəqil siyasət aparır və Qafqazda Amerika Birləşmiş Ştatlarının iqtisadi və başqa maraqlarının təmin olunması üçün çox böyük işlər görür. İşğal edilmiş torpaqlarımızdan bir milyondan artıq azərbaycanlı Ermənistan silahlı qüvvələri tərəfindən etnik təmizləməyə məruz qalaraq, Azərbaycanın başqa yerlərinə köçməyə məcbur olub və indi çadırlarda yaşayırlar.

Azərbaycan belə ağır vəziyyətdə olduğu halda, Amerika Konqresi də Azərbaycana qarşı qadağa qoyub və onun vəziyyətini daha da ağırlaşdırıbdır. Amerika Birləşmiş Ştatları Konqresin qərarı ilə Ermənistana 100 milyon dollardan çox birbaşa yardım göstərir.

Azərbaycan Amerika Birləşmiş Ştatları ilə iqtisadi əlaqələri genişləndir, biz böyük neft müqavilələri imzalamışıq. Bu müqavilələr ilə Azərbaycana 50 milyard dollar həcmində investisiya gəlir. Bu müqavilələrin əksəriyyətində Amerika Birləşmiş Ştatlarının şirkətləri iştirak edirlər. Bu gün burada, bu binada biz "Eksson", "Mobil", "Monkrift oyl" şirkətləri ilə üç müqavilə imzaladıq. Həmin müqavilələrin ümumi investisiya həcmi 10 milyard dollardır.

Son üç ildə Amerika şirkətləri Azərbaycana 1 milyard dollardan çox investisiya qoyublar. Bu investisiya ilbəil artacaqdır. Demək, Amerika kapitalı Azərbaycanda yerləşir və Amerika Birləşmiş Ştatları Azərbaycan neftindən böyük fayda götürəcəkdir. Bu, bizim Amerika Birləşmiş Ştatları ilə etdiyimiz əməkdaşlıq və Amerikanın bu əməkdaşlıqdan götürdüyü faydalardır.

Ermənistan Amerika üçün nə edir? Heç bir şey! Amma ildə 100 milyon dollar yardım alır. İndi gəlin baxaq ki, Ermənistan və Azərbaycan Amerika Birləşmiş Ştatları ilə əlaqədar Qafqazda hansı mövqedə durubdur. Azərbaycan öz müstəqilliyini qoruyur, Rusiyanın təzyiqi altındadır. Ancaq Ermənistanda Rusiyanın hərbi bazası yerləşibdir. Rusiya son vaxtlar o bazaya çox yeni silahlar -S-300 raketləri və MİQ-29 təyyarələri gətiribdir. Rusiyada bəyan edirlər ki, Ermənistandakı hərbi baza NATO-nun əleyhinə yönəldilibdir.

Amerika Birləşmiş Ştatları Xəzər dənizindəki neft ehtiyatlarından istifadə olunmasına çox maraq göstərir, Mərkəzi Asiyadan, Xəzər dənizindən, Qafqazdan Qərbə çəkilən neft - qaz kəmərlərinə çox böyük maraq göstərir. Biz bunları təmin edirik. Amma Ermənistan heç bir şey etmir. Ona görə də belə bir vəziyyətdə Ermənistana yardım etmək, Azərbaycana qarşı ədalətsiz münasibət göstərmək, qadağa qoymaq - mən hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarına, Konqresə bu qədər ədalətsizlik yaraşmır.

Ona görə 907-ci maddənin aradan götürülməsi üçün sizin çox güclü dəlilləriniz var. Amma ermənipərəst konqresmenlərin əlində heç bir dəlil yoxdur. Mən arzu edirəm ki, siz bu dəlillərdən istifadə edəsiniz.

Konqresmen Kinq bu gün çox gözəl təşəbbüs göstərib və 907-ci maddənin ləğv olunması barədə təklif veribdir. Mən təşəkkür edirəm və sizə müraciət edirəm ki, hamınız toplaşın, bu layihənin həyata keçirilməsini təmin edin. Mən bir də deyirəm: Biz Azərbaycanda, Qafqazda şimalda Rusiya təzyiqinin, qərbdə Ermənistan təcavüzünün qarşısında durmuşuq. Siz bunu qiymətləndirməlisiniz.

Qafqaz Amerika Birləşmiş Ştatları üçün çox perspektivli əhəmiyyəti olan bir regiondur. XXI əsrdə Amerika Birləşmiş Ştatları Qafqaza daha da güclü gəlməyə məcbur olacaqdır - həm iqtisadi cəhətdən, həm də siyasi cəhətdən. Azərbaycan isə bu işləri təmin edir. Bu barədə sizə deyəcəyim bu qədər.

Çet Edvards: Öncə bildirmək istəyirəm ki, Sizin ölkənizin prezidentliyinə necə seçilməyinizə bir daha əmin oldum. Siz çox inandırıcı çıxışlar edirsiniz.

İcazə verirsinizsə, Siz çıxış edərkən salona daxil olan daha iki hörmətli konqresmenimizi təqdim edim. Maykl Kapuana və Vik Snayder

Heydər Əliyev: Çox sağ olun, mən sizi salamlayıram.

Çet Edvards: Cənab prezident, Siz çox gözəl çıxış etdiniz, bizi başa saldınız. İcazə verin deyim ki, sizin səfiriniz burada, Konqresdə çox işlər görübdür. O, təkbaşına bir ordunun işini görübdür.

Servester Reyes (konqresmen): Mənim sualım yoxdur. Amma istəyirəm fürsətdən istifadə edib, bizim komitənin yüksək rütbəli üzvlərindən biri olan konqresmen Skeltonun, rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində keçən ilin yanvarında Azərbaycana səfərim zamanı bizə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirim.

Xatırlayırsınızsa, o vaxtkı görüşümüzdə biz bəyan etdik ki, Sizin Vaşinqtona səfəriniz çox əhəmiyyətlidir. Hesab edirik ki, Vaşinqtona indiki səfərinizin 907-ci maddənin ləğv olunması üçün böyük əhəmiyyəti var. Ona görə də bu gün burada olmağınıza görə Sizə təşəkkürümüzü bildirmək istəyirik.

Çet Edvards: Cənab prezident, vaxtınızın məhdudluğunu nəzərə alaraq, 907-ci maddə ilə bağlı Sizə əlavə suallar verməyəcəyik. Bildirmək istəyirəm ki, biz Sizin tərəfinizdəyik. Burada iştirak edən konqresmenlər birgə səylər göstərərək, 907-ci maddənin ləğvi barədə konqresmen Kinqin bu gün yenidən irəli sürdüyü qanun layihəsini dəstəkləyəcəklər.

Heydər Əliyev: Sağ olun. Sizi maraqlandıran İrandır. İran Azərbaycanın cənubda olan böyük qonşusudur. Bilirsiniz ki, İranda təxminən 30 milyon azərbaycanlı yaşayır. Onların əksəriyyəti İranın şimal hissəsində, yəni Azərbaycan Respublikasına həmsərhəd hissədə yaşayır. Ona görə İranla insani əlaqələrimiz genişdir.

Biz çalışırıq ki, İranla çox yaxşı münasibətlərimiz olsun. Amma Amerika Birləşmiş Ştatları ilə dostluğumuz, əməkdaşlığımız, İsrail ilə geniş müsbət əlaqələrimiz İranı çox narahat edir. Biz öz müstəqil siyasətimizi aparırıq. Bizim müstəqil siyasətimiz şimalda olan Rusiyanın da xoşuna gəlmir. Xüsusən Amerikanın, Qərbin neft şirkətlərinin Xəzər dənizinə gəlməsi Rusiyada böyük etirazlar doğurur. Regionda biz Rusiyanın, İranın və Ermənistanın sıx əməkdaşlığını müşahidə edirik.

Biz nüvə silahının yayılmasının əleyhinəyik. Yuqoslaviya, Balkan böhranı başlayan zaman biz Rusiyanın böyük bir təyyarəsini Bakıda saxladıq. O təyyarə Balkanlara gedirdi və içində MİQ təyyarələri var idi. Biz əllidən artıq Rusiya vətəndaşını orada saxladıq, təyyarəni həbs etdik və nəzərdə tutulmuş aksiyanın qarşısını aldıq. Şübhəsiz ki, sonra təyyarəni Rusiyaya verdik, təslim etdik. Ancaq MİQ təyyarələrini Qazaxıstana qaytardıq. Çünki onlar Qazaxıstana məxsus idi. Mən bu barədə prezident Nazarbayevlə telefonla danışdım. Onlar bəyan etdilər ki, təyyarələri başqa yerə göndərməyəcəklər.

Biz bu cəsarətli, qətiyyətli addımları atmaqla özümüzə qarşı yeni etirazlar doğurduq. Amma eyni zamanda biz müstəqil dövlətimizin müstəqil siyasətini ardıcıl surətdə həyata keçiririk. Düşünmürük ki, bu, bizə zərər gətirəcək, ya gətirməyəcəkdir. Mənə belə gəlir ki, sizin sualınıza geniş cavab verdim.

Çet Edvards: Cənab prezident, icazə verin, burada iştirak edən bütün konqresmenlərin adından bildirim ki, biz Sizin liderliyiniz altında cəsarətli addımları çox yüksək qiymətləndiririk.

Bizə göstərdiyiniz liderlikdən bəhrələnərək, nümunə götürərək Konqresdə 907-ci maddənin ləğvinə həsr olunan müzakirələr zamanı eyni liderlik göstərəcəyik. Gərgin iş cədvəlinizdən vaxt ayırıb bizimlə görüşə gəldiyiniz üçün Sizə bir daha təşəkkür edir və bu görüşü özümüz üçün şərəf saydığımızı bildiririk. İki böyük dövlətimiz arasında münasibətləri gələcəkdə də inkişaf etdirmək arzusundayıq.

Heydər Əliyev: Sağ olun. Azərbaycana bu qədər diqqət göstərdiyinizə və bu görüşə toplaşdığınıza görə hamınıza təşəkkürümü bildirirəm. Bu gün bir daha bildirmək istəyirəm ki, Azərbaycanın prezidenti kimi, mən Amerika Birləşmiş Ştatlarına və onun Konqresinə çox böyük hörmət bəsləyirəm. Azərbaycana qarşı ədalətsiz 907-ci maddənin qəbul olunmasına baxmayaraq, mən hesab edirəm ki, Konqresi həm Amerika üçün, həm də Dünya Birliyi üçün, sülhün qorunması, demokratiyanın inkişafı üçün çox dəyərli işlər görür. Konqresdə sizin kimi ədalətli, müstəqil fikirli və cəsarətli konqresmenlər var. Bu bizi ruhlandırır və inandırır ki, konqres Azərbaycana qarşı yaranmış qeyri-obyektiv vəziyyətin də aradan qaldırılmasına nail olacaqdır.

907-ci maddənin ləğv olunması üçün bu gün yenidən təşəbbüs göstərdiyinə görə konqresmen Kinqə xüsusi təşəkkür edirəm. Ümidvaram ki, siz hamınız yeni layihənin ətrafında sıx toplaşacaq, onu dəstəkləyəcək və nəhayət, layihənin qəbul edilməsinə nail olacaqsınız. Bu hisslərlə sizdən ayrılır, görüşümüzdən çox məmnun olduğumu bildirirəm

Sizin hamınızı yenidən-yenidən Azərbaycana dəvət edirəm. Azərbaycanın qapıları sizin üçün açıqdır. Azərbaycanda həmişə dostluq, mehribanlıq, qonaqpərvərlik görəcəksiniz. Sağ olun.