Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə - Bakı şəhəri, 31 avqust 1999-cu il


Hörmətli Nursultan Nazarbayev!

Sizi, ölkənizin neftçilərini və bütün qardaş Qazaxıstan xalqını şanlı yubiley - Qazaxıstan neftinin yüz illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Keçən əsrin axırlarında Ural-Emba hövzəsində ilk quyulardan neft çıxarılmasına başlanması Qazaxıstan sənayesinin modernləşdirilməsinin əsasını qoyan mühüm tarixi hadisə olmuşdur.

Bu dövr ərzində ölkənizin neftçiləri genişmiqyaslı kəşfiyyat işləri aparılmasında, neft yataqlarının istifadəyə verilməsində çox böyük təcrübə toplamışlar və onların şanlı ənənələri beynəlxalq partnyorları tərəfindən yüksək qiymətləndirilir.

Şadam ki, xalqlarımızın və ölkələrimizin çoxəsrlik qardaşlıq və dostluq münasibətləri Azərbaycan və Qazaxıstan neftçilərinin sıx əməkdaşlığında da öz əksini tapmışdır.

Azərbaycan neftçiləri uzun illər Xəzər dənizinin Qazaxıstan şelfinin öyrənilməsi ilə məşğul olmuşlar. Bir çox Azərbaycan alimləri və mütəxəssisləri indiyədək Qazaxıstanın müxtəlif yataqlarında və mədənlərində çalışırlar.

Ölkələrimizin dövlət müstəqilliyi qazanması keyfiyyətcə yeni siyasi və iqtisadi münasibətlərin meydana gəlməsinə, qarşılıqlı surətdə faydalı əməkdaşlığın və qarşılıqlı yardımın inkişafına səbəb olmuşdur. Dövlət müstəqilliyini möhkəmləndirmək, demokratik islahatlar və bazar islahatları həyata keçirmək, beynəlxalq birliyə inteqrasiya olunmaq, xarici investisiyaları cəlb etmək sahəsində baxışların və maraqların üst-üstə düşməsi yeni minilliyin astanasında ölkələrimizə xüsusi rol oynayır.

Dünya bazarına energetika ehtiyatları çıxarılmasında səylərimizin birləşdirilməsinin və qarşılıqlı yardımın, kommunikasiya və ticarət əlaqələri infrastrukturunu inkişaf etdirməyin böyük əhəmiyyəti vardır. Bu, Asiya ilə Avropa arasında yeni nəqliyyat xəttinin yaradılmasına gətirib çıxarmışdır. Transxəzər neft kəmərinin çəkilməsi layihəsi işlənməkdədir.

Qədim tarixi İpək yolunun bərpa edilməsi məsələsi reallığa çevrilmişdir. Qazaxıstan neftinin Aktau limanından tankerlərlə Bakıya daşındığı, buradan isə dəmir yolu ilə Gürcüstan ərazisindən keçməklə Qara dəniz sahilindəki Batumi limanına çatdırıldığı tranzit dəhlizi buna misal ola bilər. 1996-cı ilin axırlarından indiyədək həmin yol ilə beş milyon tona qədər neft daşınmışdır.

Xəzər hövzəsinin neft yataqlarının işlənilməsi gələcəyin iqtisadi strategiyasını yaratmaq istiqamətində ən mühüm vəzifədir. Bu, XXI əsr naminə, gələcək nəsillər naminə görülən işdir. Hörmətli Nursultan Nazarbayev, əminəm ki, Sizin uzaqgörən və müdrik rəhbərliyinizlə əməksevər Qazaxıstan xalqının səyləri sayəsində müstəqil Qazaxıstanın iqtisadiyyatı daha da çiçəklənəcəkdir.

Sizə və Qazaxıstan xalqına sülh, səadət və əmin-amanlıq arzulayıram.

 

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti