Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ Prezidentinin və dövlət katibinin Xəzər hövzəsinin enerji məsələlərinə dair xüsusi nümayəndəsi səfir Con Vulfla söhbətindən - 9 noyabr 2000-ci il


Heydər Əliyev: Cənab Vulf!

Hörmətli səfirlər!

Mən sizi ürəkdən salamlayıram. Azərbaycana yenidən xoş gəlmisiniz. Mən sizinlə görüşümdən çox məmnunam. Güman edirəm ki, bizim görüşüb-danışmağımıza həmişə ehtiyac var və danışmaq üçün məsələlər də vardır. Buyurun.

Con Vulf: Cənab prezident, çox sağ olun.

Bu gün Bakıda keçirilən beynəlxalq konfransda çıxış edərkən dedim ki, mən sizin ölkənizə bu səfərimdən ikili hisslər keçirirəm. Bir tərəfdən məmnunam ki, ölkənizə bundan əvvəlki 8-10 səfərim zamanı Siz məni qəbul etmisiniz və bu görüşlər mənim səfərlərimin zirvəsi olubdur və bundan da həmişə məmnun qalmışam. O biri tərəfdən təəssüflənirəm ki, bu, mənim Azərbaycana sonuncu səfərim olacaqdır. Yəqin eşitmisiniz, prezident Klinton fikrində mənim üçün başqa bir vəzifəni nəzərdə tutubdur. Amma mən tam əminəm ki, bu vəzifədən ayrılıb başqa vəzifəyə keçsəm də, ABŞ mənim cavabdeh olduğum sahədəki siyasəti bundan sonra da davam edəcəkdir, yaxın dostum, hörmətli xanım Conz bu işi davam etdirəcək, ABŞ prezidentinin və dövlət katibinin Xəzər hövzəsinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsində fəaliyyətə başlayacaqdır.

Sizin bölgəniz xanım Conz üçün yad region deyildir. O, burada özünü qərib hesab etmir. Çünki bundan əvvəl o, ABŞ-ın Qazaxıstandakı səfiri vəzifəsində çalışıbdır. Xanım Conz bu regionu yaxşı tanıyır. O, xarici siyasət sahəsində də peşəkar işçidir.

Cənab prezident, mən prezident Klintonun Sizə xoş salamlarını gətirmişəm. O, bu həftənin əvvəlində Sizdən məktub aldığına görə çox məmnun oldu. Prezident Klintona Sizin ünvanladığınız məktubda toxunduğunuz məsələlər, xüsusilə boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması üçün əməkdaşlığın genişləndirilməsi sahəsində əlavə səylər göstərilməsi məsələlərində biz Sizinlə tam razıyıq və bu barədə əlavə fəaliyyət göstərməyə ehtiyac vardır. Cənab prezident, düzdür, Siz bu məsələlərlə məndən də çox məşğul olsanız da, öz payıma deyim ki, mən də enerji məsələləri ilə 18 ay ərzində məşğul oldum və bu bir il altı aylıq dövrdən sonra geriyə baxıb əldə etdiyimiz tərəqqini görəndə, bir daha Sizin konsepsiyanız olan Şərq-Qərb dəhlizinin reallaşdırılması və regiondakı nəhəng layihələrin həyata keçirilməsi sahəsində verdiyiniz dəstəyə, göstərdiyiniz liderliyə görə Sizə təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm.

Hesab edirəm ki, biz birlikdə həm Azərbaycanın, həm də regionun iqtisadi dirçəlişi və inkişafı üçün müvafiq strukturlar hazırlayırıq və bir növ regionun gələcəyinin memarlığını müəyyən edirik.

Ümidvaram ki, mətbuat nümayəndələri bu otağı tərk etdikdən sonra bu böyük strategiyanın spesifik cəhətləri barədə Sizinlə əlavə fikir mübadiləsi aparmaq imkanımız olacaqdır.

Heydər Əliyev: Hörmətli cənab Vulf, birinci növbədə prezident Klintondan mənə gətirdiyiniz salama görə təşəkkür edirəm. Mən çox yüksək qiymətləndirirəm ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin bütün sazişlərinin imzalanması münasibətilə prezident cənab Bill Klinton öz fikirlərini bildirmiş və mənə təbrik məktubu göndərmişdir. Mən də onu təbrik etdim. Çünki bu, bizim birgə işimiz sayəsində olmuşdur. Təbrik məktubunda bir neçə məsələləri də irəli sürdüm. Çünki bundan sonra görəcəyimiz işlər üçün onlar çox vacibdir.

Çox məmnunam ki, siz dediyiniz kimi, prezident Klintonla mənim fikirlərim, yəni Amerika Birləşmiş Ştatları hökuməti ilə Azərbaycan dövlətinin fikirləri eyni istiqamətdədir. Siz isə, təbiidir ki, bizimlə bərabər 18 ay burada çox iş gördünüz. Düzdür, neçə ay olduğunu mən saymamışam, amma biz bir yerdə çox iş gördük.

İndiki işinizdən getməklə bağlı keçirdiyiniz hissləri mən anlayıram. Ancaq eyni zamanda, hesab edirəm, çox məmnun olmalısınız ki, sizinlə biz nəhayət, Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında İstanbulda böyük bir sazişi imzaladıq və axır ki, Azərbaycanda, Gürcüstanda və Türkiyədə son sazişlər imzalandı. Bu işi biz bir yerdə başa çatdırdıq. Cənab Vulf, bütün bu nailiyyətlərin əldə olunmasında şəxsən sizin xidmətləriniz vardır. Mən bunu qiymətləndirirəm. Əgər Amerika Birləşmiş Ştatlarının başqa istiqamətlərdəki təşkilatları ilə də bizim əməkdaşlığımız bu səviyyəyə qaldırılsa, çox yaxşı olardı. Bizim bu sahədəki əməkdaşlığımız, hesab edirəm ki, nümunədir. Biz bundan sonra da bu əlaqələrimizi davam etdirəcəyik. Yəni sizin işiniz davam edəcəkdir. Öz həmkarınız xanıma, necə deyərlər, çox böyük nəticələri olan işi verirsiniz. Güman edirəm ki, hörmətli xanım da sizin gördüyünüz işlərlə, ümumiyyətlə, son altı ildə bizim gördüyümüz işlərlə tanış olduğuna görə əmin ola bilər ki, əməkdaşlığımız daim çox uğurlu olacaqdır.

Gələcək işlərinizdə sizə uğurlar arzulayıram və sizinlə əməkdaşlığımızı heç vaxt unutmayacağam. Vaxt olar, yenə də bizim yollarımız kəsişər, bunu bilmək olmaz. Gələcəkdə hər şey ola bilər.

Con Vulf: Cənab prezident, amma bir şeyi yəqinliklə bilirəm ki, 2004-cü ildə Sizi ya Bakıda, ya da Ceyhanda mən özüm görəcəyəm.

Heydər Əliyev: Həm Bakıda, həm də Ceyhanda bir yerdə olacağıq.

Con Vulf: Amma elə edəcəyik ki, neft buradan oraya getsin, oradan bura qayıtmasın.

Heydər Əliyev: Mütləq. Oradan buraya neft gələ bilməz.

Bu prosesdə iştirak edən bütün adamların, şəxslərin hamısının Bakı-Ceyhan neft kəməri istifadəyə veriləndə keçiriləcək böyük təntənədə iştirak etməyə haqqı var. Bu təntənəyə isə mən inanıram.

Gələcək işlərinizdə sizə bir daha uğurlar arzulayıram.

Hörmətli xanım Conz da, dediyiniz kimi, bizim regionla çox yaxşı tanışdır. Bakı-Ceyhan məsələsində bir problem var, prezident Bill Klinton da ona öz məktubunda toxunmuşdur. Güman edirəm ki, o problemin həll olunmasında xanım Conz daha da müvəffəq ola bilər. Çünki o, Qazaxıstanda işləyibdir. Mən sizə də bu işdə uğurlar arzulayıram.

Elizabet Conz: Çox sağ olun, təşəkkür edirəm.