Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTac-ın) kollektivinə təbriki - Bakı şəhəri, 29 fevral 2000-ci il


Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynamış Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) 80 illiyi tamam olur. 1920-ci il mart ayının 1-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranmış Azər TAc fəaliyyətə başladığı gündən xalqımızın azadlıq arzularının carçısına çevrilmiş, onun ictimai-siyasi amallarının, milli-mənəvi dəyərlərinin və müstəqil dövlətçilik qayğılarının yorulmaz təbliğatçısı missiyasını yerinə yetirmişdir. AzərTAc Xalq Cümhuriyyətinin süqutundan sonra da öz fəaliyyətini davam etdirmiş və sovet quruluşu çərçivəsində xalqımızın SSRİ və dünya səviyyəsində tanıdılmasında, Azərbaycanda həyata keçirilən quruculuq işlərinin işıqlandırılmasında öz önəmli rolunu oynamışdır.

1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyir. Müstəqilliyimizin daha da möhkəmləndirilməsində, ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edən köklü islahatların, baş verən mütərəqqi dəyişikliklərin, Ermənistanın respublikamıza qarşı hərbi təcavüzü ilə yaranmış mürəkkəb sosial-iqtisadi və insani problemlərin açılmasında, beynəlxalq aləmə yayılmasında AzərTAc-ın fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Son illər AzərTAc-ın fəaliyyətində xüsusi dönüş yaranmış, onun maddi-texniki bazasının gücləndirilməsi, işinin təkmilləşdirilməsi və daha operativ, səmərəli təşkili üçün mühüm tədbirlər görülmüşdür. Lakin elmi-texniki tərəqqinin media üçün, xüsusən elektron informasiya vasitələrinin hüdudsuz inkişafı üçün yaratdığı bütün imkanlar hər gün yeniləşməni və dünya elminin bu sahədəki nailiyyətlərinin geniş tətbiqini tələb edir.

Odur ki, AzərTAc-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər, dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır. Bu gün Azərbaycan dövləti ölkə konstitusiyasında təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm prinsiplərinə sadiq qalaraq, kütləvi informasiya vasitələrinin inkişafı üçün hərtərəfli şərait yaratmış və bu sahədəki səylər bundan sonra da dönmədən davam etdiriləcəkdir.

Əmin olduğumu bildirirəm ki, bütün imkanlardan istifadə edərək agentliyin kollektivi gənc, müstəqil dövlətimizin möhkəmlənməsi və çiçəklənməsi naminə Azərbaycan həqiqətlərinin ölkə ictimaiyyətinə və beynəlxalq aləmə çevik və dolğun şəkildə çatdırılmasında yüksək peşəkarlıq nümayiş etdirəcək, vətənimizə və xalqımıza sədaqətlə xidmət edəcəkdir.

80 illik yubileyi münasibətilə AzərTAc-ın bütün kollektivini səmimi-qəlbdən təbrik edir, öz müqəddəs və şərəfli missiyalarının yerinə yetirilməsində yeni-yeni uğurlar arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış